Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-9/2024 22.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən X14 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, X14 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə iki hissədən ibarət ümumilikdə 1.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN- 0162 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onlar həmin torpaq sahəsindən 2008-ci ilədək istifadə etmişlər, yəni həmin torpaq sahəsinə taxıl əkmiş, 2 ton taxıl götürmüşlər. Həmin taxılı satıb ailəsini dolandırmışdır. Lakin 2008-ci ildə Sədərək- Naxçıvan magistralında "xxxx" MMC tərəfindən aparılmış təmir tikinti işləri ilə əlaqədar mülkiyyətində olan 162C nömrəli 5720 kv.m torpaq sahəsini onun etirazına baxmayaraq əvvəl qazaraq münbit torpaq qatı götürülmüş və sonra köhnə asfalt qırıntısını həmin torpaq sahəsinə tökülmüşdür. O həmin torpaq sahəsindən 2 ton taxıl götürürmüş, həmin torpaq sahəsindən bir ildə 1100 manat qazanc əldə etmişdir. 2008-ci il tarixdən, bu günədək 15000 manat zərər dəymişdir. Torpaq sahəsinə tökülmüş asfalt qırıntılarının təmizlənməsi ilə bağlı tələb etsə də bu tələbi müəyyən səbəblərdən təmin olunmamışdır. Bununla da onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq mərhum olunmuşlar. Ona görə də məhkəməyə ərizə ilə müraciət etməyə məcbur olmuşdur. İddiaçı 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh MMC-dən X14 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, xahiş etdiyi hissədə X14 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş Kəngərli rayon Xok kəndi ərazisində yerləşən 162C nömrəli torpaq sahəsinin yararsız hala salınmasını tam şəkildə göstərdiyini, iddia tələbini dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsində “Arkoz İnşaat Şirkəti" MMC-dən X14 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə “Arkoz İnşaat Şirkəti" MMC-dən X14 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi X15 21 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, icraatda İddiaçı (bundan sonra “İddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “Cavabdeh”) qarşı mülkiyyətində olan torpaq sahəsinin yararsız hala salınması ilə əlaqədar kompensasiya ödənilməsi tələbinə dair 2(078)-878/2023 nömrəli mülki iş mövcuddur. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”) 373-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ümumi iddia müddətini ötürmüşdür. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmçinin, MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “2008-ci Sədərək-Naxçıvan magistralında "xxxx" MMC tərəfindən aparılmış təmir-tikinti işləri ilə əlaqədar mülkiyyətimizdə olan 162C nömrəli 5720 kv.m torpaq sahəsini mənim etirazıma baxmayaraq əvvəl qazaraq münbit torpaq qatı götürülmüş və sonra köhnə asfalt qırıntısı həmin torpaq sahəsinə tökülmüşdür”. Bununla da iddiaçı, 2008-ci ildə əmlakına zərərin vurulması ilə hüququnun pozulduğunu etiraf etdiyindən, iddia müddətinin axımı məhz həmin tarixdən başlanır. Belə olduğu halda, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən iddia verilənədək 15 (on beş) il müddət keçdiyindən, İddiaçı 10 illik ümumi iddia müddətini ötürmüş hesab edilir. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin plenum qərarı, xx.xx.2023) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunur ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətində olan torpaq sahəsinin yararsız hala salınması ilə əlaqədar kompensasiya ödənilməsi tələbinə dair 2(078)-878/2023 nömrəli mülki iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X16 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə izahat təqdim edərək qeyd etmişdir ki, icraatda olan 2(078)-9/2024 saylı iş üzrə təyin edilən məhkəməbioloji ekspertizasının keçiriləcəyi yer və vaxt barədə məlumat verilməmişdir. Belə ki, AR Mülki Prosessual Məcəllənin 99.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Lakin onların ekspertizanın keçirilməsində iştirakları təmin olunmamışdır. 1) Ekspert rəyində istifadə edilən metodlar öz əksini tapmamışdır: “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin (ekspertlərinin) rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri öz əksini tapmalıdır. Hazırki iş üzrə tərtib edilən ekspert rəyində iddia edilən torpaq qatının qazılaraq götürülməsinin aydınlaşdırılmasında hansı metodlardan istifadə edilməsi barədə heç bir məlumata yer verilmədiyindən, nəticənin düzgünlüyünə haqlı olaraq şübhə yaranmış olur. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat’ın 3.5.4-cü maddəsinə əsasən ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmalı və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməlidir. 2) AR Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rəy ilə ekspert rəyi arasında ziddiyyət vardır: Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin rəyində qeyd olunmuşdur ki, torpaq sahəsində bitkilərin qida maddələri ilə təmin olunma normasının çox aşağı vəziyyətdə olduğu təsdiq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının keçirilməsi nəticəsində isə ekspert öz rəyində qeyd etmişdir ki, Sözügedən ərazinin münbit əkin qatı və strukturu pozulduğundan kənd təsərrüfat məhsullarının istehsalı üçün tam yararsızdır. Nəticə etibari ilə, ekspert rəyi kifayət qədər əsaslı olmadığından, həmçinin ekspert rəyləri arasında ziddiyyət olduğundan ekspert rəyinin nəzərə alınmamasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X4 və X1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında X14 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə iki hissədən ibarət ümumilikdə 1.12 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verildiyini, bu barədə JN-0162 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı verildiyini, həmin torpaq sahəsindən 2008-ci ilədək istifadə etdiklərini, yəni həmin torpaq sahəsində taxıl əkdiklərini, 2 ton taxıl götürürdüklərini, həmin taxılı satıb ailəsini dolandırdığını, lakin 2008-ci ildə Sədərək-Naxçıvan magistralında "xxxx" MMC tərəfindən aparılmış təmir tikinti işləri ilə əlaqədar mülkiyyətlərində olan 162C nömrəli 5720 kv.m torpaq sahəsinin onun etirazına baxmayaraq əvvəl qazaraq münbit torpaq qatının götürüldüyünü, sonra köhnə asfalt qırıntısının həmin torpaq sahəsinə töküldüyünü, həmin torpaq sahəsindən 2 ton taxıl götürdüyünü, həmin torpaq sahəsindən bir ildə 1100 (min yüz) manat qazanc əldə etdiyini, 2008-ci il tarixdən bu günədək 15000 (on beş) min manat zərər dəydiyini, torpaq sahəsinə tökülmüş asfalt qırıntılarının təmizlənməsini tələb etsə də, bu tələbin müəyyən səbəblərdən təmin olunmadığını, bununla da özünün və ailəsinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq məhrum olunduğunu, ona görə də qarşı tərəf Cavabdeh MMC-dən kompensasiya tələb etdiyini, Naxçıvan-Sədərək yolu çəkilən zaman asfalt qırıntıları töküldüyünü, torpağına sırf Cavabdeh tərəfindən ziyan vurulmasını təsdiq edəcək sübutu olmadığını, hamının bunu bildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X16 izahatında iddianı qəbul etmədiklərini, çünki iddiaçı tərəfindən qeyd edilən zərərin Cavabdeh tərəfindən vurulmasının sübuta yetirilmədiyini, ərizədə də qeyd etdikləri hadisədən 15 il keçdiyini, yəni iddia müddətinin keçdiyini, bu barədə məhkəməyə göndərilmiş ərizənin nəzərə alınmasını, iddia müddətinin tətbiq edilməsini istədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-0162 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon X14 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvləri olan X6, X9, X10 və X1 1.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Kəngərli rayon İcra Hakimiyyəti Xok kənd İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Kəngərli rayon, Xok kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Kəngərli rayon Xok Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gəmiqaya MMC şirkəti yolları təmir edərkən İddiaçı mülkiyyətində olan 162C nömrəli pay torpağının 5720 kvm ərazisinin münbit torpaq qatını qazıb götürərək həmin torpaq sahəsini tamamilə əkinə yararsız hala salmışdır. İş materiallarında olan X17, X11, X18 və X12 tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı torpaq islahatı keçirilərkən verilmiş pay torpağı, Naxçıvan-Sədərək yol çəkilişi zamanı "xxxx" MMC tərəfindən qazılaraq torpağı götürülüb tikinti üçün işlədilmiş və həmin torpaq tamamilə əkinə yararsız hala salınmışdır. İş materiallarına əlavə olunmuş və Naxçıvan MR Kəngərli rayon Xok kənd İN tərəfindən verilmiş 23 avqust 2017-ci il tarixli, AZ-İ seriyalı, 702425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 avqust 2017-ci il tarixdə diabetik koma səbəbi ilə Kəngərli rayon, Xok kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 avqust 2017-ci il tarixdə 13 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və Naxçıvan MR Şərur rayon Xok kənd İN tərəfindən verilmiş 10 mart 2004-cü il tarixli, AZ-İ seriyalı, 067642 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X8 arasında 10 mart 2004-cü il tarixdə nikahın bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydiyyat aparılmış və nikah bağlanması zamanı arvad özünə ərinin soyadını, yəni “Allahverdiyeva” soyadını seçmişdir. İddiaçı mülkiyyətində olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salınıb-salınmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023cü il tarixli, 2(078)-878/2023 nömrəli qərardadı ilə məhkəmə-bioloji ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 7/583 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 1,2 ha pay torpaq sahəsinin iddia olunan 0,57 ha-nın 1-1,5 m hündürlüyündə torpaq qatının qazılaraq götürülmüş və həmin yerə asfalt-daş qırıntıları və digər tullantılar tökülmüşdür. Ərazinin münbit əkin qatı və strukturu pozulduğundan kənd təsərrüfat məhsullarının istehsalı üçün tam yararsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salınmasından 2008-ci ildən məlumatı olmuşdur, bu hal iddiaçının özü tərəfindən iddia ərizəsində qeyd edilmişdir. Cavabdeh nümayəndəsi X15 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsində göstərilir ki, ümumi iddia müddəti on il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh nümayəndəsi X15 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, istər iddia ərizəsindən istərsə də iddiaçının məhkəmədə verdiyi izahatlarından görünür ki, İddiaçı mülkiyyətində olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salınmasından 2008-ci ildən məlumatı olmuş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 10 illik iddia müddəti 2018-ci ildə başa çatmışdır. İş üzrə iddiaçı isə 01 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından 5 (beş) il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə iddia müddəti keçməsəydi belə iddianın hüquqi talehi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən mülkiyyətində olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin məhz Cavabdeh tərəfindən yararsız hala salınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 135 (bir yüz otuz beş) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən məhkəmə-bioloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 70 (yetmiş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli; -iddia rədd edildiyindən məhkəmə-bioloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 70 (yetmiş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia rədd edildiyindən məhkəmə-bioloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 70 (yetmiş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-9/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-9/2024
22.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver