Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-917/2021 23.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əmək haqqının alınıb ona verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehləri müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində bir qayda olaraq konkret ifadə olunmalıdır. Yəni tələbin nədən ibarət olduğu anlaşılmalıdır. Lakin İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq tərəfimdən araşdırılarkən iddiaçının iddia ərizəsində öz iddia tələbini konkret ifadə etmədiyi aşkar olunmuşdur. Belə ki, İddiaçı iddia ərizəsində ona məxsus əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsinə əmək kitabçasının surətini əlavə etmiş, bununla da, tələbə dair qeyri-müəyyənlik yaratmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən nəzərdə tutulan mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınmasına əməl olunması barədə sənəd əlavə etməmiş və iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərməmişdir. İddiaçı cavabdehlə həmin kateqoriya işlər üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş mübahisənin məhkəməyəqədər nizama salınmasına dair tələbə əməl etməsi barədə sənəd təqdim etməmişdir. İddiaçı iddia ərizəsinə lazımi sənədləri, yəni tələbi əsaslandıran hallara dair sübut əlavə etməmişdir. İddiaçı iddia ərizəsində cavabdeh təşkilatın poçt ünvanını göstərməmiş, həmçinin cavabdeh təşkilat olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi göstərmiş, lakin əmək kitabçasından da göründüyü kimi cavabdeh təşkilatın tam adı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2 və 149.2.2-ci maddələrinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. 149.2 və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 149.2 və 149.2.4-cü maddələrinə əsasən, iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əmək haqqının alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-917/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-917/2021
23.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver