Məhkəmə qərarları › İş №2(078)-923/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-923/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-923/2022 25.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı məhkəməyə müraciət edərək Cavabdeh 12536.76 (on iki min beş yüz otuz altı manat yetmiş altı qəpik) manat borcun, ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq Bank "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Bank "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın “Promo” filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə BH/PF-2287-2021 saylı Cari hesab və Boss card ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqaviləsi bağlanmış və cavabdehə ******************** hesabı üzrə plastik kart təqdim olunmuşdur. Cavabdeh hesab üzrə plastik karta vəsaitlər daxil edərək əməliyyatlar etmiş, daha sonra xx.xx.2021-ci il tarixdə cavabdeh Azəricard müştəri xidmətlərinə müraciət edərək kartın itməsini bildirərək kartın bloklanmasını xahiş etmiş, həmin vaxt itirlimiş kartdan cavabdeh tərəfindən əməliyyatlar keçirilmiş lakin silinməsi ilə bağlı balans faylına məbləğlər gəlməmişdir. İtirilmiş kart bloklanana qədər müştərinin qalıq məbləği 48452.04 manat olmuşdur. Növbəti günlər qeyri-iş günləri olduğu üçün cavabdeh vəsaitin hamısını istifadə etmişdir. Azəricard tərəfindən göndərilən balans faylına əsasən müştərinin köhnə və yeni kart üzrə əməliyyat silinmələri arasında olan fərq 12595.36 manat təşkil edir. Yəni texniki yanlışlıq nəticəsində Cavabdeh hesabında vəsait olmadan Banka məxsus 12536.76 (on iki min beş yüz otuz altı manat yetmiş altı qəpik) manat vəsait hesabına əməliyyatlar etmişdir. Bu hal Bank "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə məlum olmuş, bu barədə cavabdeh şifahi və yazılı formada məlumatlandırılsa da, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Bankın nümayəndəsi N.Abbasov elektron poçt vasitəsilə məhkəmənin elektron ünvanına sonuncu dəfə xx.xx.2022-ci il tarixli ərizə göndərərək işə onların iştirakı olmadan verilmiş baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli BH/PF-2287-2021 saylı Cari hesab və Boss card ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqaviləsindən görünür ki, həqiqətən Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilələrdən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin şərtinə görə cavabdehə ******************** hesabı üzrə plastik kart təqdim olunmuşdur. Cavabdeh hesab üzrə plastik karta vəsaitlər daxil edərək əməliyyatlar etmiş, daha sonra xx.xx.2021-ci il tarixdə cavabdeh Azəricard müştəri xidmətlərinə müraciət edərək kartın itməsini bildirərək kartın bloklanmasını xahiş etmiş, həmin vaxt itirlimiş kartdan cavabdeh tərəfindən əməliyyatlar keçirilmiş lakin silinməsi ilə bağlı balans faylına məbləğlər gəlməmişdir. İtirilmiş kart bloklanana qədər müştərinin qalıq məbləği 48452.04 manat olmuşdur. Növbəti günlər qeyri-iş günləri olduğu üçün cavabdeh vəsaitin hamısını istifadə etmişdir. Azəricard tərəfindən göndərilən balans faylına əsasən müştərinin köhnə və yeni kart üzrə əməliyyat silinmələri arasında olan fərq 12595.36 manat təşkil edir. Yəni texniki yanlışlıq nəticəsində Cavabdeh hesabında vəsait olmadan Banka məxsus 12536.76 (on iki min beş yüz otuz altı manat yetmiş altı qəpik) manat vəsait hesabına əməliyyatlar etmişdir. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, Cavabdeh həmin tarixə TT KARGO MMCyə məxsus ******************** hesab üzrə overdraft borcu 12536.76 (on iki min beş yüz otuz altı manat yetmiş altı qəpik) manat təşkil edir. Cavabdeh Banka olan sonuncu dəfə borcun ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri yerinə yetirilməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə BH/PF-2287-2021 saylı Cari hesab və Boss card ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqaviləsi əsasında verilmiş ******************** hesab üzrə overdraft borcu olan 12536.76 (on iki min beş yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 128.4 (bir yüz iyirmi səkkiz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə BH/PF- 2287-2021 saylı Cari hesab və Boss card ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqaviləsi əsasında verilmiş ******************** hesab üzrə overdraft borcu olan 12536.76 (on iki min beş yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 128.4 (bir yüz iyirmi səkkiz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar