Məhkəmə qərarları › İş №2(078)-928/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-928/2023

06.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-928/2023 06.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanından yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, onun ünvan 2 ünvanında mənzili var. Oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayır. Cavabdeh olan oğlu Elnur Sumqayıtda yaşayır. Uzun müddətdir çıxıb gedibdir. Onun harada yaşadığı, nə işlə məşğul olduğunu bilmir. Cavabdeh evin qeydiyyatındadır. Özü xəstədir, evini satmaq istəyir. Müalicəsinə pul lazımdır. Ancaq cavabdeh qeydiyyatdan çıxmır. Onu tapa bilmir. Elnurun evin pasport qeydiyyatında dayanması səbəbindən mülkiyyət üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Oğlu 1996-cı ildən çıxıb gedibdir. Bakıda qalıb nə işlərlə məşğul olub bilinmir. Ancaq onu kifayət qədər xərc salıb. Hərbi xidmətdən boyun qaçırıb, oğlurluq edib, məhkəmə qərar çıxarıb, onun bütün borclarını bağlayıbdır. Burda hər gün bir hadisə törədibdir və o Bakıya gedəcəyini deyəndə o da getməsini istəyibdir. Sonuncu dəfə bu ilin may ayında Bakıda görübdür. O biri oğlunun yanına getmişdi və həmin vaxt gəlib onu təhqir edib gedibdir. Ümumiyyətlə ancaq onlara zəng edib təhqir edir. Bir dəfə nrmal danışmırlar. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş vəkil və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu cavabdeh hazırda Naxçıvan şəhərində yaşamır. O, ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayə yaşayır. Cavabdeh bildirir ki, o sözügedən evdən könüllü getməyibdir. Onu mənzildən çıxarıblar və sonra orada yaşamağa imkan verməyiblər. Bu neçə illər ancaq kirayələrdə yaşamışdır. Mənzili yoxdur. Atasının onu evdən çıxarmaqda məqsədi digər oğluna evi verməkdir. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun atası, cavabdeh isə qardaşıdır. Sözügedən evdə atası və onun ailəsi yaşayır. Elnur uzun müddətdir ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Elnur illərdir ki, həmin evdən çıxıb. Eynur 12-13 il əvvəl onun toyunda Naxçıvana gəlibdir. Sonra gəlməmişdir. Məhkəmə baxışı iclasında şahid Həsənov Hidayət Vəkil oğlu ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. O Sabir kişinin Elnur adlı oğlunu ümumiyyətlə görməyibdir və tanımır. Eşitdiyi qədər cavabdeh illərdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəfləri izahatını dinləyib, şahid ifadələrini, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 8582 qeydiyyat, **********61-051***-******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 73 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəəsində yerləşən 70.38 kv.m ümumi 51.80 kv.m yaşayış, 18.58 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1588 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 4 xx.xx.2023-cü il tarixli 672 nömrəli arayışına əsasən Quliyev X1 şəhəri, İstiqlal 73/17 ünvanında qeydiyyatdadır. ünvan 4 xx.xx.2023-cü il tarixli 673 nömrəli arayışına əsasən Quliyev X2 şəhəri, İstiqlal 73/17 ünvanında qeydiyyatdadır. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2004-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, Cavabdeh ailə üzvü olaraq mübahisli mənzildə 1996-ci il tarixə qədər yaşamış, sonra başqa yerə köçmüşdür. Məhkəmə cavabdehin 1996-cı ildən iddiaçının mülkiyyətində olan mənzildən köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Belə ki, cavabdeh bundan sonra iddiaçıya qarşı yaşayış və istifadə hüququna maneə yaranması ilə bağlı iddia qaldırmamış, heç bir tələb irəli sürməmişdir. Cavabdeh icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Buna görə də Cavabdeh Naxçıvan şəhəri İstiqlal 73/17 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 12819 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilsin. Əsədova İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri İstiqlal küçəsi ev 73-də yerləşən 17 nömrəli mənzilə Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 12819 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar