Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-929/2022 14.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X7 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 haqqı üçün verdiyi 2500 (iki min beş yüz) manatın, təmirtikinti, həyətin becərilməsi üçün çəkdiyi xərcin 3497 (üç min dörd yüz doxsan yeddi) manatın, həmin evdə qalan onlara aid 5 ədəd xalça və ya ümumi dəyəri 100 (bir yüz) manatın, 1 ədəd diplomat içərisində açarlar və ya dəyəri 20 (iyirmi) manatın, lavaş bişirmək üçün 2 ədəd sac və ya dəyəri 40 (qırx) manatın, 3 ədəd elektrik plitəsi və ya dəyəri 30 (otuz) manatın, 1 ədəd rusiya istehsalı olan köhnə paltaryuyan maşın və ya dəyəri 15 (on beş) manatın, 3 ədəd işıqgücləndirən 220 vt-lıq transformator və ya dəyəri 15 (on beş) manatın, 200 ədəd (50 ədəd 2 litrlik, 100 ədəd 1 litrlik) işlənmiş şüşə balonların və ya dəyəri (1 ədəd 10 qəpik) 20 (iyirmi) manatın, ona məxsus 1 ədəd dublyonka və ya dəyəri 25 (iyirmi beş) manatın, 1 ədəd Beko markalı televizor və ya dəyəri 50 (əlli) manatın, 1 ədəd əl-üz yüyan və ya dəyəri 20 (iyirmi) manatın, 1 ədəd yazı masası və ya dəyəri 50 (əlli) manatın, 1 ədəd dəmirdən düzəldilmiş masanın və ya dəyəri 30 (otuz) manatın, əşyaların və ya onların ümumi dəyəri olan 415 (dörd yüz on beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək ilkin iddia ərizəsində qeyd etdiyi əmlakların götürdüyünü, buna görə də iddia tələbində həmin əşyalara münasibətdə iddia tələbi həcminin azaldılması zərurətinin yarandığını bildirmiş, 19 oktyabr 2022-ci il tarixdə keçirilən iclasda ərizə ilə bağlı izahat verərək tələbinin yalnız çəkilmiş xərclərə münasibətdə qaldığnı, kirayə haqqı olaraq 2500 manatın qaytarılması tələbini istəmədiyini, əlavə olaraq həyəti əkib becərmək üçün peyin və peyinin daşıması üçün motosiklet xərcinin tələbi də olmadığını və yalnız ərizənin nəzərə alınaraq tələbə cavabdeh X7 məxsus Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini təmir-tikinti və quraşdırma işləri üçün çəkdiyi xərcin cəmi 3497 (üç min dörd yüz doxsan yeddi) manatın alınaraq ona verilməsi tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə nəzərə alınaraq iddia tələbinə azaldılmış həcmdə baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327, 385, 425, 448, 1091 və 1092-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, qaynı Bahadur Qəmbərov Bakı şəhərində yaşayır. 2017-ci ilin yayında o Naxçıvana gələndə Naxçıvan şəhər M.S.ünvan 2 ünvandakı anası Həcər tərəfindən ona bağışlanmış yaşayış evini bir ay üçün 50 manat məbləğində kirayə vermək istədiyini bildirdi. O da demişdir ki, 50 manata kirayə vermək istəyirsə razılaşsınlar, bir neçə ilin pulunu əvvəlcədən ödəsin evi ona versin. O da razılaşdı. Ona 4 il 2 aylıq kirayə üçün 2500 manat pul ödəmişdir. Həmin vaxt o bildirdi ki, avtomobil alırdı, əvvəlcədən heç kim bu qədər kirayə haqqı ödəməzdi. Elə onun üçün çox yaxşı oldu. Sonra ona şərtini bildirmişdir ki, o həyətdə toyuq saxlayacaq, əkin edəcək, yay evi kimi istifadə edəcək, öz rahatlığı üçün şərait yaradacaq, o da evi başqa şəxsə kirayə verməyəcəkdir. Əgər nə vaxtsa evi satsa ondan çəkdiyi xərci istəməyəcək, yəqin ki, ev satılanda bacısına, yəni onun yoldaşına da pay çatacaq. Onlar bu cür razılaşmışlar. Dörd il müddətində həyətdə və evdə bəzi təmir işləri aparmışdır. Həyətə 200 kv.m beton saldırmış, bunun üçün 80 ədəd sement (1 ədəd 5.30 manat) cəmi 424 manat, üzüm talavarları və əl damında rəflər düzəltmək üçün 6 metrlik 4x4 sm 25 ədəd (1 ədəd 6 manat) taxta cəmi 150 manat, 2 maşın kravil cəmi 140 manat, 1 maşın qum 80 manat, evlə üzbəüz divar uçduğuna görə onun bərpasına 10 ədəd əlavə sement (1 ədəd 5.30) cəmi 53 manat, hamam və tualetin hər birinə bir ədəd ağ plastik qapı bir ədədi 150 manat cəmi 300 manat, tualetin təmiri üçün kafel metlaka 400 manat, Malikə kafel metlak vurulmasına görə usta xərcinə 200 manat, həyətdə kanalizasiya sistemi qurulması üçün alınan mallara 600 manat, həyətə beton salınması və divar hörgüsü üçün Malikə usta xərci olaraq əlavə 400 manat, X2 fəhlə xərci olaraq 400 manat vermişdir. Ələkbərə və Malikə usta və fəhlə işləri üçün cəmi 1000 (min) manat pul vermişdir. Bundan başqa onlar bina evində qalırdılar, evdə nə qədər köhnə artıq əşyaları varsa həmin həyətə aparmışdılar. Həmin evdə onlara aid əşyaları götürmüşdür. Bahadur şərtlərinə əməl etmədi, bu ilin aprel ayında evi kirayə verdi, o toyuq cücəni zorla həyətdən çıxartmışdır. Onlar razılaşmışdılar ki, ev ondan başqa heç kimə kirayə verilməyəcək. Yuxarıda qeyd olunan işlərin görülməsi üçün çəkdiyi xərcləri şahidlər təsdiq edə bilərlər. Naxçıvan şəhər N.Naxçıvani döngə 5 ev 35 A-da qeydiyyatda olan X12 özünə məxsus Kamaz avtomobili ilə həmin həyətə 2 maşın şebel, 1 maşın qum gətirib. Naxçıvan şəhər A.Tarverdiyev küçəsi ev 2-də qeydiyyatda olan X14 usta və fəhlə qismində həmçinin X4 fəhlə kimi həyətdə işləyiblər. X9 1 ədədi 150 manat olmaqla 2 ədəd ağ plastik qapı düzəltmiş bu qapılara görə ona 300 manat, həmin qapıları Ə.İsfəndiyarov motosikletlə həmin evə gətirmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, həyət sahəsi qaynına məxsusdur. Onlar arasında heç bir yazılı müqavilə bağlanmamışdır. O qaynına demişdir ki, “həyət sənə məxsusdur, nə vaxt istəsən sata bilərsən, ancaq bu illər ərzində buraya heç bir başqa kirayə qoymayacaqsan”. O da razılaşmışdır, yəni sözdə razılaşmışdılar. Hazırda isə qaynı həyətə ayı 200 manat olmaqla kirayə qoyub. O həmin həyətdə təmir işləri aparmışdır, onun çəkdiyi xərci cavabdeh verməlidir. Çəkdiyi xərci Bahadurun tapşırığı ilə aparmırdı, o evdən yay evi kimi istifadə edirdi, öz rahatlığı üçün şərait yaradırdı. İşdən gəlirdi, axşama qədər həyətdə əkib-becərirdi, toyuq-cücə saxlayırdı. Gecə evə gedirdi. O evi almayacaqdı. Sadəcə həmin evi hər ay 50 manat kirayə pulu əvəzində həyət-bacadan istifadə üçün razılaşmışdılar. Evdən yox sadəcə həyətdən istifadə etmişdir. Bahadurun bacısı onun yoldaşıdır. Bu hadisələrə görə onların münasibəti pozulub. Yoldaşı onu atıb qardaşını tutdu. İndi o ayrı evdə kirayə yaşayır. 19 oktyabr 2022-ci il tarixdə İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, o həyətin içərisində yerləşən evin içi üçün heç bir təmir işləri aparmamışdır. Sadəcə həyətdə tikinti işləri aparmışdır. Qaynına dedikdən sonra və onun razılığın aldıqdan sonra o həyəti düzəldib təmir etmişdir. Özünün rahatçılığı üçün bu işləri görmüşdür. Hamam-tualetin qapılarını dəyişmiş və plastik qapı qoymuşdur. Evin içinə su xətti çəkmişdir. Qonşu divarın onlara tərəf hissəsindən bərkitmə işləri aparmışdır. Həyətə 200 kv.m beton vermişdir. Üzüm talavarı çəkdirmişdir. Tualet-hamamda kafel-metlak işləri aparmışdır. Həyətin torpağına 100 kisə peyin tökdürmüşdür. Həmin 100 kisə peyinə 300 manat pul vermişdir. Lakin 100 kisə peyin üçün çəkdiyi xərci indi tələb etmir. Sədrlik edən suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, onun həyətin təmir-tikintisinə 3400 manatdan çox xərci çıxıb. O Bahadura bu barədə demişdir və o da razılıq veribdir. O sadəcə olaraq həmin həyətə çəkdiyi xərci tələb edir. O öz rahatlığı üçün bu işləri görsə də, Bahadurun razılığını almışdır. Özbaşına bu işləri aparmamışdır. O keçən məhkəmə iclasında “Bahadurun razılığı olmadan həmin işləri aparmışam” ifadəsini işlətməmişdir. Nə dedikləri tam yadında deyil. Bu gün deyir ki, Bahadur razılıq verib və o da həmin işləri görmüşdür. 14 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirmişdir ki, o, ekspert rəyi ilə razılaşır, rəydə müəyyən edilmiş məbləğdə çəkilən xərcin cavabdeh tərəfindən ödənilməsini xahiş edir. Qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının vəkili X10 bildirmişdir ki, iddia ərizəsini müdafiə edir. O, iddia ərizəsi ilə tanış olmuşdur. İlqar ona iddia ilə bağlı geniş məlumat veribdir. İlqar həmin həyətdə gördüyü işlərlə bağlı xeyli xərc çəkib. Həmin tikinti işlərini apararkən cavabdeh Bahadurun xəbəri olub. Bahadurun razılığını aldıqdan sonra həmin həyətdə tikinti işləri aparıb. İddiaçı yararsız vəziyyətdə olan həyəti düzəldib, abadlaşdırıb ki, hazırda da cavabdeh həmin həyəti 200 manata kirayə verə bilib. Bəs iddiaçının həmin həyətdə çəkidyi xərci kim qarşılamalıdır.? Çox yaxşı olardı ki, tikinti ekspertizası təyin edilsin. İddiaçının həmin həyətdə çəkdiyi tikinti xərcləri hesablansın. Onların tələblərinin əsasını müqavilə münasibəti təşkil edir. Yəni tərəflər arasında razılıq olub, bu işlər aparılıb. Əsassız varlanmaya ona görə istinad etmişdilər ki, qarşı tərəf razılıq olmasını inkar edir. Belə olan halda əsassız varlanma yaranır. Hər bir halda məhkəmə qərar qəbul edəndə özü tələbin əsasını təyin edəcəyini düşünmüşdür. 14 dekabr 2022-ci il tarixə təyin edilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçının vəkili X8 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının vəkili X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə cavabdeh X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı düzgün danışmır. O, cavabdehlə telefonla danışmışdır, özünü görməmişdir. O bacısına etibarnamə verib, bacısı da ona etibarnamə vermişdir. Cavabdeh qeyd edir ki, həyət onundur və iddiaçı ilə arasında heç bir şifahi razılaşma olmayıb. Sadəcə olaraq iddiaçının həyat yoldaşı cavabdehin bacısı olduğu üçün həmin həyəti cavabdeh bacısının ailə üzvlərinə təmənnasız şəkildə istifadə etmək üçün verib. 50 manat aylıq kirayə pulu cavabdehə iddiaçı tərəfindən ödənilməyib. Axı indiki dövrdə 50 manata aylıq kirayə verilən ev demək də məntiqli deyil. İddiaçı həyət evi kimi həyətdən istifadə edib, əkib-becərib, öz istifadəsi üçün hər hansı iş görübsə bunu ondan cavabdeh tələb etməyib. Hazırda bu məsələlərdən ötrü iddiaçı ilə həyat yoldaşı arasında da münaqişə baş verib. Tərəflər hazırda faktiki olaraq ayrılıblar və iddiaçının həyat yoldaşı ona müraciət edərək boşanmaq istədiyini bildirib, hazırda iddia qaldırmaq mərhələsindədirlər. Cavabdeh bu iddianı qəti olaraq qəbul etmir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə və vəkil bildirmişdir ki, cavabdeh həyəti istifadə etmələri üçün bacısına verib. Bacısının ailəsi də dörd il müddətində həyətdən istifadə ediblər. Onlara həyətə beton salmaq, təmir etmək kimi taşırıqları cavabdeh verməyib. Cavabdeh deyib ki, əgər iddiaçının evdə hər hansı əşyası varsa götürə bilər. İddiaçı da bütün əşyalarını götürmüşdür. Qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, İlqarı uşaqlıqdan tanıyır. Onlar çox yaxın olmuşdurlar. O motosiklet sürücüsü işləyir. Ancaq yük daşıyır. O həmin həyətə bir neçə dəfə sement aparmışdır. Kübrə, dəmir, armatur, plastik ağ rəngli qapılar, 6 m-lik taxtalar aparmışdır. Hər dəfə də İlqar pulunu verib. İlqar 5-15 manat arası ona pul verib. Hələ elə vaxt olub ki, 2-3 manat artıq verib. O, bilirdi ki, həyətdə İlqar qalır. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, İlqarı uşaqlıqdan tanıyır. Onlar çox yaxın olmuşdurlar. 4 il bundan qabaq həmin həyətə beton tökmüşdür. Kanalizasiya və su xətti çəkmişdir. Əl damına polka yığmışdır. Tualetə unitaz və baçok birləşdirmişdir. Divar bərkitmə işləri aparmışdır. O, heç Bahaduru görməmişdir. İlqar deyirdi ki, qaynatasının həyətidir. İlqar ona 600 manata qədər pul verib. Əlavə də yeməyi də özü qarşılayıb. Məkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edib belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İstər iddiaçının, istərsə də cavabdehin nümayəndəsi və vəkilinin izahatlarından məhkəmə belə müəyyən edir ki, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən cavabdeh X5 mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı tərəfindən istifadə edilməsi ilə bağlı tərəflər arasında müqavilə münasibətləri-razılıq mövcud olmuşdur. Lakin həmin müqavilə münasibətlərinin hansı növ razılıq olması ilə bağlı iddiaçı və cavabdeh arasında fərqli arqumentlər vardır. Belə ki, iddiaçı öz tələbini ilk olaraq əqdlərlə, öhdəliklərlə əsaslandırmış, izahatında cavabdehlə aralarında razılıq olduğundan həyətyanı torpaq sahəsindən hər ay 50 manat kirayə pulu olaraq hesablanıb 4 il 2 ay üçün 2500 manat birdəfəlik kirayə haqqı verməklə istifadə etdiyini bildirmiş və orada tikinti işləri apardığını qeyd etmişdir. İlkin olaraq iddiaçı izahatında evin həyətinə xərc çəkilməsini öz rahatlığı üçün etdiyini, cavabdehin bu barədə tapşırığının olmadığını bildirmiş, sonrakı məhkəmə iclasında cavabdehin razılığı ilə onun məlumatı olduğu halda həmin təmir-tikinti işlərini apardığını qeyd etmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, cavabdehlə aralarında şifahi şəkildə bağlanmış müqavilənin şərtinə görə, o, həyətdən istifadə edəcəkdir, cavabdeh onu başqa şəxsə kirayə verməyəcəkdir, ev satılanda da iddiaçı çəkilən xərci ondan tələb etməyəcəkdi, çünki cavabdeh evi satanda bacısına-yəni onun arvadına da pay verəcəyini ehtimal edirdi. O ona görə həyətə çəkilən xərci tələb edir ki, cavabdeh şərti pozaraq evi başqa şəxsə kirayə vermişdir. Cavabdehin nümayəndəsi və vəkili izahatında tərəflər arasında razılığın həyətyanı torpaq sahəsindən əvəzsiz şəkildə istifadə edilməsi ilə bağlı olduğunu bildirmiş, cavabdehin ona həyətyanı torpaq sahəsində tikinti işləri aparması üçün tapşırıq vermədiyini qeyd etmişdir. Həmçinin cavabdeh iddiaçının arvadı onun bacısı olduğu üçün həyətdən istifadə etmək, əkib-becərmək üçün onlara vermiş, həyətdə təmir-tikinti işləri aparmaq onun marağında olmamış, iddiaçı dediyi kimi öz rahatlığı üçün bu işləri görmüşdür. Həmin işlərin görülməsini cavabdeh ona tapşırmamışdır. Məhkəmə ilk olaraq İddiaçı izahatına əsaslandıqda tərəflər arasında şifahi əmlak kirayəsi müqaviləsinin olması təsəvvür edilsə də, həmin izahata iş materialları ilə əlaqəli şəkildə qiymət verib tərəflər arasında kirayə müqaviləsindən irəli gələn hüquqi münasibətlərin mövcudluğunun sübuta yetirilmədiyini qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 680.1-ci maddəsinə görə kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; Həmin Məcəllənin 680.2-ci maddəsinə görə kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). İddiaçı izahatında cavabdehlə hər ayı 50 manat kirayə haqqı verməklə ona məxsus olan həyətdən istifadə edilməsi üçün razılaşdıqlarını və ona əvvəldən 2500 (iki min beş yüz) manat pulu birdəfəlik ödədiyini, dörd il iki ay müddətdində sözügedən həyətdən maneəsiz istifadə etdiyini, daha sonra cavabdehin evə başqa kirayə yerləşdirdiyini və onu həyətdən çıxardığını qeyd etmişdir. Lakin iddiaçı öz izahatında bildirdiyi halların təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili izahatında cavabdehin evi əvəzsiz şəkildə bacısının ailəsi kimi həyətdən istifadə etmək məqsədilə iddiaçıya verdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında əmlakın əvəzli şəkildə kirayə verilməsi ilə bağlı hər hansı sübut təqdim etməlidir və bildirdiyi halı sübuta yetirməlidir, bu barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, yəni əşyanın əvəzli şəkildə iddiaçının istifadəsinə verilməsi işə baxılarkən öz təsdiqini tapmadığından kirayə müqaviləsindən irəli gələn münasibətlərlə bağlı müddəalar hazırki iddia tələbinə tətbiq edilə bilməz. Məhkəmə iddia tələbinin qanuni əsasının tapılmasına münasibətdə İddiaçı izahatına əsaslandıqda tərəflər arasında şifahi tapşırıq müqaviləsinin mövcudluğu təsəvvür edilsə də, həmin izahata iş materialları ilə əlaqəli şəkildə qiymət verib tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquqi münasibətlərin də mövcudluğunun sübuta yetirilmədiyini qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.2-ci maddəsinə görə vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: -779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə görə əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. İddiaçı ilkin olaraq məhkəmədə verdiyi izahatında cavabdehin razılığı olmadan öz rahatlığı üçün həyətdə təmir-tikinti işləri apardığını bildirmiş, daha sonra keçirilən məhkəmə iclasında cavabdehin tapşırığı və razılığı əsasında həmin işləri gördüyünü bildirmişdir. Lakin iddiaçı öz izahatında bildirdiyi halların təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçının bu izahatı onun digər izahatı ilə təkzib edilmişdir. Ona görə ki, İddiaçı izahatında bildirmişdir ki, o cavabdehə şərtini bildirmişdir ki, həyətdə toyuq saxlayacaq, əkin edəcək, yay evi kimi istifadə edəcək, öz rahatlığı üçün şərait yaradacaq, o da evi başqa şəxsə kirayə verməyəcəkdir. Əgər nə vaxtsa evi satsa ondan çəkdiyi xərci istəməyəcək, yəqin ki, ev satılanda bacısına, yəni onun yoldaşına da pay çatacaq. Dörd il müddətində həyətdə və evdə bəzi təmir işləri aparmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının öz izahatı bir-birinə ziddiyyət təşkil edir və onun bu cür ziddiyyətli izahatı başqa hər hansı sübutla təsdiq edilmir. Əgər iddiaçının cavabdehlə aralarında bu cür razılıq əldə edilməsi ehtimal edilirsə, bu halda iddiaçı çəkdiyi xərci razılıqlarına əsasən tələb etməməlidir. Cavabdehin nümayəndəsi və vəkili izahatında iddiaçının arvadı ilə münasibətinin pozulduğunu və nikahın pozulması üçün məhkəmədə iddia qaldıracağını bildirmişdir. İddiaçı da izahatında qaynı Bahadurla ev məsələsində olan mübahisəsinə görə arvadının qardaşı tərəfini tutduğunu və hazırda münasibətlərinin pozulduğunu bildirmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, hazırki iddianın qaldırılmasının səbəbi iddiaçının ailə münasibətlərinin pozulması olmuşdur. İddiaçının izahatına əsaslandıqda ailə münasibətləri pozulduğu halda onun gələcəkdə əmlak satıldığı təqdirdə cavabdehin bacısına-yəni onun arvadına pay verməsi artıq onun maraqları çərçivəsində olmur. Belə olan halda iddiaçı çəkilmiş xərci tələb edir, halbuki öz izahatında da xərci tələb etməyəcəyini cavabdehə bildirdiyini qeyd etmişdir. Buna görə də məhkəmə iddiaçının yuxarıda şərh olunmuş izahatını nəzərə alır və tərəflər arasında tapşırıq müqaviləsinin-cavabdehin razılığını olmasına dair hər hansı sübut təqdim etməməsi ilə əsaslandırıb hesab edir ki, tapşırıq müqaviləsindən irəli gələn münasibətlərlə bağlı müddəalar hazırki iddia tələbinə tətbiq edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada əvəzsiz istifadə müqaviləsi bağlanmışdır və hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası 732.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə görə əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 734.1-ci maddəsinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 736.3-cü maddəsinə görə əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi kirayə verən digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun olaraq müəyyənləşdirilir. Hazırki iddia tələbində İddiaçı cavabdeh X3 cavabdehin mülkiyyətində apardığı təmir-tikinti işlərinə görə çəkdiyi xərci tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin abadlaşdırılması üçün təmir-tikinti işlərinin aparılması işin mübahisəsiz halıdır. İddiaçı apardığı təmir-tikinti işlərinin dəyərini 3497 (üç min dörd yüz doxsan yeddi) manat olaraq qeyd edir. İddiaçı tərəfin vəsatəti əsasında çəkilən xərcə münasibətdə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertin 24 noyabr 2022-ci il tarixli 336 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Naxçıvan şəhəri M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində betonun salınması, üzüm talavarları və əl damında rəflərin düzəldilməsi, uçmuş divarın bünövrəsinin bərpası, hamam və tualetin hər birinə bir ədəd ağ plastik qapı, ayaqyolunun təmiri üçün kafel metlax, eləcə də kanalizasiya sisteminin qurulması üçün aparılan təmir-bərpa və quraşdırma işlərinə sərf olunmuş vəsaitin (material xərci və usta (fəhlə) xərci ilə birlikdə) ümumilikdə təqribi dəyəri 2419.37 (iki min dörd yüz on doqquz manat otuz yeddi qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə görə özgə işlərini tapşırıqsız vicdanla aparma haqqında müddəaların və 1091-ci maddəsinə görə əsassız varlanmaq haqqında müdəaların hazırki tələbə tətbiq edilməməsi nəticəsinə və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə görə işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1088.1-ci maddəsinə görə icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. Həmin Məcəllənin 1089.2-ci maddəsinə görə işlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır. Həmin Məcəllənin 1090.1-ci maddəsinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Həmin Məcəllənin 1090.2-ci maddəsinə görə işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin yuxarıda şərh olunmuş hallarından da aydın olur ki, tərəflər arasında əmlakdan əvəzsiz istifadə edilməsi ilə bağlı müqavilə münasibətləri mövcud olmuşdur. Bu münasibətlər çərçivəsində iddiaçı cavabdhein məlumatı və razılığı olmadan öz rahatlığı üçün əmlaka da təmir bərpa xərcləri çəkmiş, həmin xərclərin məhz cavabdehin tapşırığı və razılığı ilə aparmasını sübuta yetirə bilməmişdir. Həmçinin sözügedən xərclərin məhz öz rahatlığı üçün çəkdiyini iddiaçı izahatında bildirmişdir. Yəni həmin xərclər cavabdehin mənafeyi üçün deyil, iddiaçının öz mənafeyi üçün çəkilmişdir. İddiaçı izahatında həmçinin qeyd etmişdir ki, həyəti əkib-becərmiş, toyuq-cücə saxlamış, bu məqsədlə həyətə peyin gətirmiş, həyətə suyu gəlməsi üçün kanalizasiya xəttini düzəltmişdir. Bütün bunlardan iddiaçı bəhər götürmüşdür. Daha sonra tərəflər arasında müqavilə münasibətləri pozulmuş, iddiaçı çəkilmiş xərclərlə bağlı iddia qaldırmışdır. Halbuki iddiaçı izahatında xərclərin cavabdehin mənafeyi üçün çəkdiyini bildirməmiş, xərclərin çəkilməsindən sonra cavabdehin bəyənməsi işə baxılarkən öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili cavabdehin iddiaçı tərəfindən xərc çəkildiyi müddətdə bir dəfə də Naxçıvan şəhərinə gəlmədiyini, hansı işlərin aparılmasından məlumatı və xəbərinin olmadığını bildirmişdir. İddiaçı cavabdehin həmin müddətdə bir dəfə Naxçıvan şəhərin gəldiyini və evə getdiyini qeyd etsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının cavabdehə nə təmir işləri aparılan zaman məlumat verməsi, nə də təmir işləri başa çatdıqdan sonra bəyənməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə nə özgə işlərinin tapşırıqsız aparmaq haqqında müddəaların, nə də əsassız varlanma haqqında müddəaların hazırki iddia tələbinə tətbiq edilməsini yolverilməz hesab edir. Tərəflərin izahatında da aydın olur ki, onlar arasında müqavilə münasibəti-yəni hüquqi əsas olmuş və münasibətlər pozulduqdan sonra iddiaçı hazırki tələblə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-929/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-929/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver