Məhkəmə qərarları › İş №2(078)-931/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-931/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-931/2020 24.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Yasəmən qızının və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Yasəmən qızına, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Culfa Rayon Dövlət Notariat Kontoruna qarşı Culfa şəhəri Şəhidlər küçəsi bina 4, mənzil 7 barədə olan avqust 1993-cü il tarixdə mərhum atası X3 adına özəlləşmənin ləğv olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa rayon dövlət notariat kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa rayon DNK-da Fərəcov Fərəc ilə Cavabdeh3 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın-qeydiyyat yazısının ləğv olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa şəhəri Şəhidlər küçəsi bina 4, mənzil 7 barədə olan avqust 1993-cü il tarixdə mərhum atası X3 adına özəlləşmənin ləğv olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa rayon dövlət notariat kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə- 91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa rayon DNK-da Fərəcov Fərəc ilə Cavabdeh3 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın-qeydiyyat yazısının ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 izahatında özəlləşmə aparılarkən heç bir qanun pozuntusunun olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh təşkilat Culfa Rayon Dövlət Notariat Ofisinə rəsmi qaydada məlumat verilmiş, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə Culfa Rayon Dövlət Notariat Ofisinin Dövlət Notariusu S.İ.Əmirov tərəfindən ərizə göndərilərək iş sıxlığı ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini nəzərə alıb onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh təşkilat Culfa Rayon Dövlət Notariat Ofisinin Dövlət Notariusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tərəflərin izahatları və əlavə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. “Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Şərh olunanlardan göründüyü kimi özəlləşdirmə Naxçıvan Muxtar Respublikası DTİ və MHQ İdarəsinin qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən həyata keçirilmiş, özəlləşdirmənin aparılmasında qanun pozuntusuna yol verilib-verilməməsi həmin orqanın fəaliyyəti ilə əlaqədardır. İddiaçı özəlləşdirməni aparan şəxs deyil, həmin işdə marağına toxunan şəxsdir. Məhkəmə qeyd edir ki, iddiaçı özəlləşdirmədə iştirak etmədiyinə görə onun özəlləşdirmənin ləğvinə dair iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Özəlləşdirmə zamanı hüquqlarının pozulmasına istinad edən İddiaçı özəlləşdirmənin qanunsuz həyata keçirilməsini göstərsə də onun etibarsızlığına dair iddia qaldırmamışdır. Hansı ki, o, iştirakçısı olmadığı özəlləşdirmənin ləğvini deyil, etibarsızlığını mübahisələndirə bilərdi. Mübahisənin xarakterini nəzərə alan məhkəmə hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Mübahisələrin məhkəmə aidiyyəti ilə (xüsusilə də mülki məhkəmə icraatı arasında fərq) bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında məhkəmə aidiyyəti ilə bağlı formalaşmış hüquqi mövqeləri nəzərdən keçirmək lazımdır. Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. xx xxxxxxx 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır” Ali Məhkəmənin Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: münasibətlərin publik hüqunun nizamasalma predmetinə aid olması; münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. Yuxarıda göstərilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq nəzərə almaq lazımdır ki, iddia tələbi özəlləşmənin ləğvi və özəlləşmənin bütün hüquqi nəticələrinin ləğv edilməsindən ibarətdir. İddiaçı öz iddiasını “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmaqla özəlləşdirildiyinə əsaslanmışdır. Göründüyü kimi yuxarıda göstərilən meyarlar baxımından təhlil aparıldıqda müəyyən olunur ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən hüquq münasibəti məhz dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı yaranan hüquq münasibətidir. Bu münasibətlərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququnun nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir. Digər tərəfdən aydındır ki, mənzilin özəlləşdirillməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında mənzili özəlləşdirmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan münasibətlərdir. Bu münasibətlərdə özəlləşdirməni həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkət edir, onunla özəlləşməni həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik elementi mövcuddur. Beləliklə, dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan həmin özəlləşdirmənin qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Ona görə də, iddiaçı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarından da irəli gəlir. Həmin qərarda göstərilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı işin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, özəlləşmə hər hansı mülki hüquqi akt əsasında deyil Naxçıvan Muxtar Respublikası DTİ və MHQ İdarəsinin qərarı əsasında aparılmışdır və X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bununla bağlı verilmiş reyestr qeydi hər hansı mülki hüquqi akt əsasında aparılmamışdır. Həmin qeydiyyat mənzilin özəlləşdirilməsi nəticəsində aparılmışdır. Mənzilin özəlləşdirilməsi isə yuxarıda qeyd etdiyimiz kimi mülki hüququn deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Ona görə də, həmin özəlləşdirmənin qanunsuzluğunu və onun bütün hüquqi nəticələrin etibarsızlığını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Yasəmən qızına, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Culfa Rayon Dövlət Notariat Kontoruna qarşı Culfa şəhəri Şəhidlər küçəsi bina 4, mənzil 7 barədə olan avqust 1993-cü il tarixdə mərhum atası X3 adına özəlləşmənin ləğv olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa rayon dövlət notariat kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa rayon DNK-da Fərəcov Fərəc ilə Cavabdeh3 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın-qeydiyyat yazısının ləğv olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi təqdim olunduğu gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar