Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-94/2023 20.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 1976-cı ildə dövlət tərəfindən ona verilmiş ünvan 1 ünvanında yerləşən evə 24 may 2018-ci ildə tam mülkiyyət hüququ ilə qeydiyyat vəsiqəsi aldığını, onunla bərabər oğlanları Cavabdeh və X2 həmin mənzilin pasport qeydiyyatında durduqlarını, oğlu Cavabdeh 2002-ci ildə evlənib bir müddət onlarla birlikdə yaşadıqdan sonra ailəsi ilə Bakı şəhərinə köçüb orada yaşamağa başladığını, 2015-ci ildə ailəsi ilə münasibətləri pozulduğundan boşanaraq Rusiyaya köçüb orada yaşadığını, onun tez-tez onunla telefon əlaqəsi yaratdığını, son 7-8 ay onunla əlaqələrinin tamamilə kəsildiyini, təxminən 3-4 ay bundan əvvəl ona zəng vuraraq Amerikaya köçdüyünü, orada iş qurduğundan artıq orada yaşayacağını və bir daha dönməyəcəyini bildirdiyini, Elşən naməlum nömrə ilə ona zəng vurduğundan onunla heç bir əlaqə saxlaya bilmədiyini, hazırda evini satmaq istədiyini, Elşənin ona məxsus mənzilin pasport qeydiyyatında dayanması səbəbindən mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmədiyini, bu səbəbdən də, onun ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun itirilməsi barədə qərar qəbul edilməsini istədiyini, bunları nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3, iddiaçı ilə qonşu olduqlarını, Zenfiranın oğlu Elşənin evləndiyini, 1 uşağının olduğunu, 15-20 ildir ki onu görmədiyini, ailəsi ilə Bakıya getdiyini, sözügedən evdə Zenfiranın oğlu Ruslan ilə qaldığını, Ruslanın xəstə olduğunu, evlənmədiyini, digər oğlu Rövşənin isə Bakıda qaldığını bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.78 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/21 nömrəli reyestr kitabının 4103 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********22-05101- 093028, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 21 may 2018-ci il tarixdə verilmiş 7118 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, 9724 nömrəli arayışa əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı aşağıdakı ailə üzvləri vardır:
1. Cavabdeh oğlu 1973-cü il təvəllüdlü;
2. X6 oğlu 1977-ci il təvəllüdlü. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən onun mübahisəli mənzilə ehtiyacının olmasına və iddiaçının onun mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı və onun daimi olaraq başqa ünvanda yaşadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə yaşayış və istifadə hüququnun itirilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.