Məhkəmə qərarları › İş №2(078)-943/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-943/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-943/2024 29.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və X6 iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 25 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs6, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X15, Maraqlı şəxs5, X16 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 25 ünvanında yerləşən yaşayış evi X3ndan miras qalmışdır. X3 xx.xx.1957-ci il tarixdə X7 ilə Naxçıvan Rayon Nikah evində nikaha daxil olmuşlar. X3 xx.xx.2011-ci ildə, atası X7 xx.xx.2012-ci ildə vəfat etmişdir. X2 vərəsələri: X7 - həyat yoldaşı, vəfat edib, X17 - qızı 1961 -ci il təvəllüdlü, X10 - qızı vəfat edib, Maraqlı şəxs1 - oğlu 1964-cü il təvəllüdlü, Maraqlı şəxs2 - oğlu 1967-ci il təvəllüdlü, Maraqlı şəxs3 oğlu 1969-cu il təvəllüdlü, Ərizəçi - oğlu 197 -ci il təvəllüdlü, X15 - oğlu 1974-cü il təvəllüdlü, X11 - qızı 1977-ci il təvəllüdlü. Həmin miras evdə əvvəllər və anasının ölümündən sonra o yaşamış, mirası qəbul və idarə edib. Mirası qəbul etsə də miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Naxçıvan “Asan Xidmət” mərkəzi notariat ofisindən mirasın qəbulu ilə bağlı etdiyi müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixdə yazılı məlumat verilmişdir. Bildirilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, ərizədə geniş izahat verib. Anasının sağlığında və onun ölümündən sonra o, miras əmlakda yaşayıb, onu faktiki olaraq qəbul və idarə edib. Digər vərəsələrin öz evi var. Ailədə 8 uşaq-5 qardaş və 3 bacı olublar. Anası 2011-ci ildə, atası 2012-ci ildə, bacısı Fərqanə 2023-cü ildə vəfat edib. Miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçi sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs3 izahatında bildirmişdir ki, valideynləri öldükdən sonra qardaşı həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs1 izahatında bildirmişdir ki, valideynləri öldükdən sonra qardaşı həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs X15 izahatında bildirmişdir ki, valideynləri öldükdən sonra qardaşı həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs5 və X12 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin maraqlı şəxslər məhkəmənin ünvanına teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbinə dair heç bir mübahisə və etirazlarının olmadığını bildirmişlər. Məhkəmə işə digər maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs5 və X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Miras əmlakda ərizəçi və onun ailəsi yaşayır. Digər bacı qardaşın özünə məxsus evi var. Məhkəmə baxışı iclasında şahid X23 ifadəsində bildirmişdir ki, ərizəçi ilə 24 ildir qonşudur. Dəqiq xatırlamır ərizəçinin anası 10 ildən artıqdır vəfat edib. Təxminən 1 il sonra atası vəfat edib. Hazırda həmin evdə ərizəçi və onun ailəsi yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin və maraqlı şəxslərin izahatını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı **********47 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.2011-ci il tarixdə diabetik koma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 164-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 493247 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx.xx.2012-ci il tarixdə mədəcik fibrilyasiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 311-ci səhifəsində qeydiyyat aparılmışdır. Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 341937 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 xx.xx.2023-cü il tarixdə dəm qazının toksik təsiri diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 723-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 926 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında yaşamış X2 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X7 - həyat yoldaşı vəfat edib;

2. X17 - qızı 1961;

3. X10 - qızı vəfat edib;

4. Maraqlı şəxs1 - oğlu 1964;

5. Maraqlı şəxs2 - oğlu 1967;

6. Maraqlı şəxs3 - oğlu 1969;

7. Ərizəçi - oğlu 1971;

8. X15 - oğlu 1974;

9. X11 - qızı 1977. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 25-də mülkiyyətində olan 0.0604 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 66.16 kv.m yaşayış, 80.66 kv.m qeyri-yaşayış, 66.70 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə X5 adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2024cü il tarixli məktubuna həmin tarixdə verilmiş 703/2023 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan şəhər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1148 nömrəli arayışdan aydın olur ki, Qarayev X14 şəhəri, 36-cı məhəllə, döngə 3, ev 17 ünvanında qeydiyyatdadır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2 vəfatından sonra ondan qalmış ünvan 4 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin və maraqlı şəxslərin izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi anasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 25-də mülkiyyətində olan 0.0604 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 66.16 kv.m yaşayış, 80.66 kv.m qeyri-yaşayış, 66.70 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: Ərizə təmin edilsin. X1 qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 25-də mülkiyyətində olan 0.0604 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 66.16 kv.m yaşayış, 80.66 kv.m qeyri-yaşayış, 66.70 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar