Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-948/2022 20.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın mənzilin (1/2 hissə ilə ona və 1/2 hissə ilə Cavabdeh məxsus olan) naturada bölünməsi, paylı mülkiyyətdə olan Babək rayon Şəkərabad kəndində yerləşən 0.03 ha torpaq sahəsinin-daşınmaz əmlakın (1/2 hissə ilə ona və 1/2 hissə ilə Cavabdeh məxsus olan) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 03 sentyabr 2013-cü il tarixdə Naxçıvan şəhər Nikah evində nikah bağlamış və bu barədə 376 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 30 avqust 2014-cü il təvəllüdlü X1 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(078)-513/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(078)- 647/2020 nömrəli qətnaməsi ilə Naxçıvan şəhəri, Çənlibel bina 28-də ümumi sahəsi 63.24 kv.m olan 5 nömrəli mənzil və Babək rayon Şəkərabad kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı və Cavabdeh birgə mülkiyyəti sayılmaqla payların müəyyən olunması və ½ hissə Cavabdeh, ½ hissə İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Çənlibel bina 28-də ümumi sahəsi 63.24 kv.m olan 5 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 12/12 nömrəli reyestr kitabının 2224 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Babək rayon Şəkərabad kəndində yerləşən 0.03 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 21/37 nömrəli reyestr kitabının 7089 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak və Babək rayon Şəkərabad kəndində yerləşən 0.03 ha torpaq sahəsi onunla Cavabdeh paylı mülkiyyətindədir. Lakin cavabdehlə həyətyanı torpaq sahəsində və yaşayış evində paylarının hansı hissəsində olması, paylarından istifadə ilə bağlı aralarında narazılıqlar yaranmışdır. Buna görə payının naturada ayrılmasım istəyir. Aralarında heç cür razılaşma əldə olunmadığından məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi iddia ərizəsində qeyd edilənlərlə eyni izahat vermiş, əlavə olaraq qeyd edtmişdir ki, daşınmaz əmlaklardakı ½ paylarında iddiaçı heç bir hüquqlarını həyata keçirə bilmir. Cavabdehlə həmin əmlaklarla bağlı aralarında mübahisə mövcuddur. Həmin əmlaklar naturada ayrılandan sonra artıq iddiaçının cavabdehlə istər hüquqi, istərsə də faktiki olaraq bütün mübahisələrə son qoyulacaqdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında izahat verən Cavabdeh verdiyi izahatında qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Naxçıvan Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(078)-876/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 28 noyabr 2022-ci il tarixli 314 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi bina 28-də yerləşən ümumi sahəsi 63.24 kv.m olan 5 nömrəli mənzilin-daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (1/2 hissə ilə İddiaçı və 1/2 hissə ilə Cavabdeh) naturada təcrid mənzillər şəklində bölünərək verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, eyni zamanda Babək rayon Şəkərabad kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin-daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (1/2 hissə ilə İddiaçı və 1/2 hissə ilə cavabdeh Cavabdeh) təcrid olunmuş qaydada texniki cəhətdən bölünərək verilməsi məqsədə müvafiq olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər uzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymtləndirir və verilmiş rəyi iddia ərizəsi və iş üzrə toplanmış sübutlarla yanaşı qiymətləndirərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbi payın naturada bölünməsi tələbidir. Daşınmaz əmlakın qeydiyyat sənədindən aydın olur ki, iddiaçının payı 1/2 hissədədir. Ekspertin rəyinə görə naturada bölgü mümkün deyildir. Hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə tələbin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-948/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-948/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver