Məhkəmə qərarları › İş №2(078)-949/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-949/2022

24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-949/2022 24.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Ərizənin qaytarılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək babaları X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Ərizəçi1 və Ərizəçi2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizənin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə görə həmin kateqoriya işlər üzrə qanunla nəzərdə tutulmuşsa mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatlar ərizədə göstərilməli, 150.1.6-cı maddəsinə görə isə bu halı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Ərizənin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində təsbit olunmuş miras əmlakla bağlı baxılan işlər mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair mövcud olan hüquq münasibətlərinin tənzimlənməsini xarakterizə edən işləri özündə ehtiva edir. Bu cür işlərə məhkəmə qaydasında baxılmasını şərtləndirən əsas məhkəməyə müraciət etməzdən əvvəl mülki qanunvericiliyə uyğun olaraq öz hüququnu rəsmiləşdirməsi üçün notariat orqanına ərizə verilməsidir. Yalnız notariat orqanı vərəsəlik şəhadətnaməsini vermək hüququ olmadığı üçün onu verməkdən imtina etdiyi hallarda (məsələn, mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə göstərilmiş müddətlər buraxıldıqda) məhkəməyə müraciət edə bilər. Ərizə və ona əlavə edilən sənədlər tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizəçilər tərəfindən notariat orqanına müraciətlə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, ərizəçilər vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ümumiyyətlə notariat orqanına müraciət etməmiş və notariat orqanından müvafiq sənədin verilməsindən imtina olunması ilə bağlı hər hansı rəsmi cavab almamışdır. Buna görə də məhkəmə belə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixli 16186 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixli 16186 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar