Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-952/2021 05.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin dəyərinin alınması və sökülmüş tikililərin bərpası tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin dəyərinin alınmasını və sökülmüş tikililərin bərpasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq tərəfimdən araşdırılarkən iddiaçının iddia ərizəsində öz iddia tələbini konkret ifadə etmədiyi aşkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. İddiaçının tələbi dedikdə onun cavabdehləri müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində bir qayda olaraq konkret ifadə olunmalıdır. Yəni tələbin nədən ibarət olduğu anlaşılmalıdır. Həmçinin tələb hər bir cavabdehə qarşı verildikdə aydın olmalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı, zəbt etdiyi ərazini boşaltması, söktüyü tikililərin bərpası, apellyasiya və kassasiya şikayətləri üçün 3000 manat çəkdiyi xərc tələbini qeyd etsə də, bunlarla əlaqədar rəsmi sübut sənədlərini təqdim etməmişdir. Həmçinin iddiaçı iddia ərizəsinə sənədlərin təsdiqlənməmiş surətini əlavə etmişdir. Tələb mülki-prosessual qanunvericiliyin tələbinə uyğun ifadə edilmədiyindən hesab edirəm ki, iddia ərizəsinin məzmununa dair tələbə riayət edilməmişdir və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan filialı vasitəsilə 26 noyabr 2019-cu il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin dəyərinin alınması və sökülmüş tikililərin bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan filialı vasitəsilə 26 noyabr 2019-cu il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-952/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-952/2021
05.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver