Məhkəmə qərarları › İş №2(078)-959/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-959/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-959/2024 16.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Babək rayon Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.1364 ha olan torpaq sahəsində mərhum atası X4, mərhum anası X8 və mərhum qardaşı X5 hər birinin 1/5 hissə olmaqla paylarının ərizəçi tərəfindən miras olaraq faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Babək rayon Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.1364 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ ilə hər birinə 1/5 hissə olmaqla mərhum atası X4, mərhum anası X8 və mərhum qardaşı X5, X7 və X9 mülkiyyətinə verilmişdir. X10 xx.xx.2012-ci ildə, Novruzova (Həsənova) Səriyyə Əli qızı xx.xx.2010cu ildə, X11 xx.xx.2018-ci ildə vəfat edib. X11 ilə X7 nikahlarının pozulması 1998-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində 40 nömrə ilə qeydə alınmışdır. Atasının sağ olan 4 vərəsəsi var. Miras əmlakı hazırda o qəbul edib. Digər vərəsələr isə miras əmlakı qəbul etməyib. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin maraqlı şəxslər məhkəmənin ünvanına teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə digər maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçi miras əmlak olan evdə yaşayır. Valideynləri öldükdən sonra da orada yaşayıb. Məhkəmə baxışı iclasında şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşu olub. Ərizəçinin valideynləri rəhmətə getdikdən sonra ancaq ərizəçi ailəsi ilə həmin evdə yaşayıb. Hazırda da özü yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, onun vəkil və nümayəndəsinin izahatını, maraqlı şəxslərin teleqramını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki, X10 ilə Novruzova (Həsənova) Səriyyə Əli qızı arasında xx.xx.1954-cü il tarixdə nikah bağlamış və bu barədə 17 nömrəli akt qeydi icra edilmişdir. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X11 ilə X13 arasındakı nikah qeydi xx.xx.1998-ci il tarixdə pozulub və bu barədə 40 nömrəli akt qeydi icra edilib. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X14 xx.xx.2010-cu il tarixdə beyin insultu diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx.xx.2010-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabının 50-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X10 xx.xx.2012-ci il tarixdə qaraciyər çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhər Qaraxanbəyli kəndində vəfat etmiş, bu haqda xx.xx.2012ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 327-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X11 xx.xx.2018-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı diaqnozu ilə Naxçıvan şəhər Qaraxanbəyli kəndində vəfat etmiş, bu haqda xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 151-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1280 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşamış X1nun müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X14-həyat yoldaşı-1935-vəfat edib;

2. Maraqlı şəxs1-oğlu -1955;

3. Maraqlı şəxs2-oğlu -1957;

4. Ərizəçi-oğlu -1959;

5. Maraqlı şəxs3-oğlu -1961;

6. X11-oğlu-1963-vəfat edib. Naxçıvan şəhər Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1281 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşamış mərhum X8 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X10-həyat yoldaşı-1933-vəfat edib;

2. Maraqlı şəxs1-oğlu -1955;

3. Maraqlı şəxs2-oğlu -1957;

4. Ərizəçi-oğlu -1959;

5. Maraqlı şəxs3-oğlu -1961;

6. X11-oğlu-1963-vəfat edib. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Qaraxanbəyli kəndi 1-ci küçə, 1-də 0.1364 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə hər birinə 1/5 hissə olmaqla X4, X8, X5, X7 və X9 adına mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 87 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Maraqlı şəxs2, Maraqlı şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən aydın olur ki, onlar xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 miras qalmış daşınmaz və daşınar miras əmlakdan onlara düşən payı qəbul etmir və bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Naxçıvan şəhər Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1067 nömrəli arayışından aydın olur ki, Ərizəçi özünə mərhum atası X6 məxsus torpaq sahəsində 1980-ci ildə fərdi yaşayış evi tikmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X1nun, mərhum X8 və mərhum X5 vəfatından sonra ondan qalmış Naxçıvan şəhəri Qaraxanbəyli kəndi 1-ci küçə, 1-də yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X1nun, mərhum X8 və mərhum X5 vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin izahatı ilə yanaşı, maraqlı şəxslərin izahatı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi həyat yoldaşının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin, vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1, mərhum X14 və mərhum X3 paylı mülkiyyət hüququ üzrə miras qalan Naxçıvan şəhəri Qaraxanbəyli kəndi 1-ci küçə, 1-də 0.1364 ha torpaq sahəsinin 3/5 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. X1, mərhum X14 və mərhum X3 paylı mülkiyyət hüququ üzrə miras qalan Naxçıvan şəhəri Qaraxanbəyli kəndi 1-ci küçə, 1-də 0.1364 ha torpaq sahəsinin 3/5 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar