Məhkəmə qərarları › İş №2(078)-963/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-963/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-963/2021 11.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən qanunsuz azad olunması barədə Naxçıvan Dövlət Universitetinin 01 iyul 2021-ci il tarixli 537 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 17 oktyabr 2013-cü ildə əmək müqaviləsi ilə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin 21 may tarixinə qədər həmin kafedrada işləmiş, daha sonra öz ərizəsi əsasında coğrafiya kafedrasına laborant vəzifəsinə keçirilmişdir. İş yeri dəyişildikdən sonra Elşən müəlim onu yeni iş yerində təqdim edəndə kafedra müdiri Əli müəllim narazılığını bildirmiş və demişdir ki, onun laboranta ehtiyacı yoxdur, kabinə müdiri hər işi görür. Elşən müəllim dedi ki, yola verin qoyun işləsin. Lakin heç vaxt onu işləməyə nə kabinə müdiri Nailə müəllimə, nə də kafedra müdiri Əli müəllim imkan verməmişdir. Hələ İqtisadiyyat kafedrasında işlədiyi müddətdə kollektivin etibarını qazanmış, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, heç bir intizamsızlıq halları olmamışdır. Coğrafiya kafedrasına keçdikdən sonra kabinə müdiri Nailə müəllimə və kafedra müdiri Əli müəllim bir olub onun işləməsinə mane olmuşdur. Onun səlahiyyətinə aid olmayan işi vermiş, yazılmalı heç bir sənəd verməmişlər. Öz işinə aid olmayan işlər tapşırılanda etirazını bildirmiş, xadimə olmadığını, belindən əməliyyat olunduğunu, gül dibçəklərini daşıya bilmədiyini demişdir. Kafedrada hər kəs işdən çıxdığı saatda o da işdən çıxmışdır. İşini və haqqını tələb etdiyinə görə onunla yola getməmişlər. Hətta icazə alanda Nailə müəllimdən icazı almalı olduğunu Əli müəllim demişdir. Xəstə olduğuna görə əməliyyat olunmuş, sonuncu dəfə yenə də əməliyyat olunduğu üçün xəstəxanaya yoxlanmağa getməyə icazə almış, Hilal müəllim ona icazə vermiş, lakin Nailə xanım ona hücum çəkərək işdən çıxaracağı ilə hədələmişdir. O da Nailə xanımdan şikayət ərizəsi yazmışdır. Daha sonra öyrənmişdir ki, həmin vaxt orada olan şəxslər düzgün olmayan izahatlar vermişlər. İyun ayının 1-də Xəyal müəllim onu çağırıb demişdir ki, ərizəni yaz işdən çıx, sənin bacarığın yoxdur. O da demişdir ki, ərizə yazacaq heç nə etməmişdir. Xəyal müəllim ona demişdir ki, işdən azadsan, səni qərarla çıxaracaqlar. O da evdə qalıb düşünmüşdür ki, onu işə çağıracaqlar. Daha sonra iyun ayında əmək haqqı almış, təxminən iyunun axırlarında ona zəng vurub Həmkarların İclası olacağını, onun məsələsinin danışılacağını bildirmişlər. O isə iştirak etməmişdir. İyun ayının 1-də işdən azad edildiyini bilmişdir. Bundan sonra dəfələrlə Universitet rəhbərliyinə, Həmkarllar Komitəsinə, Əmək Müfəttişliyinə ərizə yazıb olanları bildirmiş, bir neçə orqana şifahi müraciət etmişdir. Lakin nəticədə işə bərpa edilmədiyindən məhkəmədə iddia qaldırmışdır. Tək ailə saxayır, özü xəstədir, anası ilə birlikdə yaşayır. Ona hörmət etmədiklərinə, özünə aid olmayan işlər verməklə təhqir etdiklərinə, işlədiyi müddətdə yola vermədiklərinə görə onun qanunsuz işdən azad edildiyini nəzərə alaraq əmrin ləğv edilməsi, işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək qızını işdən qanunsuz azad edildiyini bildirib ərmin ləğv edilməsi və işinə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkiat Naxçıvan Dövlət Universitetinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 17 oktyabr 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə həmin kafedranın kollektivi ilə münasibətlərini qura bilməmiş, mütəmadi olaraq mübahisə etmişdir. Kafedra müdiri ilə münaqişəsi olmuşdur. Buna görə də iddiaçının anası bir neçə dəfə kafedra müdirinə zəng vurub onu təhqir və təhdid etmişdir. Bu məsələ Universitet rəhbərliyi tərəfindən müzakirə edilmiş, bir neçə dəfə iddiaçıya şifahi xəbərdarlıq edilmişdir. Daha sonra iddiaçının himayəsində azyaşlı övladının olduğunu nəzərə alınaraq 21 may 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilərək Təbiətşünasılıq və Kənd Təsərrüfatı fakultəsinin coğrafiya kafedrasına laborant vəzifəsinə təyin edilmişdir. İş yerinin dəyişilməsinə baxmayaraq iddiaçı yenə də kollektivllə yola getməmiş, daim münaqişələr yaratmış, intizamsızlıq etmişdir. 2020-ci ilin avqust ayında Universitetə məlumat vermədən müalicəyə getmişdir. Sonuncu dəfə 2021-ci ilin may ayının 21-də yenə də münaqişə yaratmış, iddiaçının bu intizamsızlığı aktlaşdırılmış və Universitet rəhbərliyinə təqdim edilmişdir. Münaqişə baş verdikdən yəni 21 may 2021-ci ildən 01 iyul 2021-ci ilə qədər işə çıxmamışdır. Dəfələrlə iddiaçıya zəng vurulmuş və işə gəlməmək səbəbi soruşulmuşdur. Lakin iddiaçı işə gəlmək əvəzinə kafedra müdirinə, fakultə dekanına şikayətlə yazılı müraciətlər etmişdir. Münaqişənin baş verməsinin səbəbləri araşdırılmış, iştirak edən hər bir şəxsin izahatarı alınmışdır. Daha sonra 21 iyun 2021-ci il tarixdə Həmkarlar Komitəsinin iclası keçirilmiş və iclada iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Eyni zamanda münaqişənin baş verməsinə səbəb olan bütün hallar hərtərəfli araşdırılmış və orada iştirak edən və nöqsanı olan hər kəsə tənbeh tətbiq edilmişdir. Həmkarların iclasına iddiaçı çağırılmış, bu hal aktlaşdırılmış, lakin iddiaçı özü iştirak etməmişdir. İddiaçının işdə olmadığı 21.05.2021-01.07.2021-ci il tarixləri üzrə akt tərtib edilmiş, davamiyyət jurnalı onun tərəfindən imzalanmamışdır. Bütün bunların nəticəsində iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, İddiaçı 17.10.2013-cü ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsinin iqtisadiyyat kafedrasına laborant vəzifəsinə təyin edilmiş, onunla işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, İddiaçı 21 may 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakülətisnin coğrafiya kafedrasına laborant vəzifəsinə təyin edilmiş, onunla işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş təqdimatdan aydın olur ki, 25 may 2021-ci il tarixdə Coğrafiya kafedrasının müdiri tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoruna təqdimat göndərilərək laborant İddiaçı davranışı haqqında işdən tez getməklə bağlı qalmaqalı nəzərə alınaraq kafedranın laborantı vəzifəsindən azad edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş təqdimatdan aydın olur ki, Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin dekanı tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoruna təqdimat göndərilərək laborant İddiaçı kafedra müdirini təhqir etdiyinə, işçilərlə kobud rəftarına, kafedranın işində heç bir köməklik göstərmədiyinə və dəfələrlə yersiz icazə istədiyinə, yüksək səs tonunda danışdığına, intizamsızlığına görə vəzifəsindən azad edilməsi xahiş edilmişdir. İş materiallarında olan Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakülətinin 10 iyun 2021-ci il tarixli 1 saylı Protokolundan aydın olur ki, coğrafiya kafedrasının laborantı İddiaçı əmək intizamı qaydalarını pozması haqqında iclas keçirilmiş, iclasda 20 nəfər iştirak etmiş, iclasda coğrafiya kafedrasının laborantı İddiaçı dəfələrlə əmək intizamını pozmasını, kafedrada, fakültədə işçilərlə ünsiyyət yarada bilməməsini və onun bakalavr təhsil səviyyəsinin ibtidai təhsilin metodikası olmasını, təbiət elmlərinə uyğun olmamasını nəzərə alaraq laborant vəzifəsindən azad edilməsi qərara alınaraq, qərarının təsdiqi Naxçıvan Dövlət Universitetinin Rektorluğundan xahiş edilmişdir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli aktdan aydın olur ki, fakultə iclasına İddiaçı iştirakının zəruriliyi nəzərə alınaraq iclasa dəvət edilmiş, lakin o qanını qaraltmaq istəmədiyini, Nailə müəllimlə qarşılaşmaq istəmədiyini, bir sözlə gəlməyəcəyini bildirmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli məktubdan aydın olur ki, rektor Naxçıvan Dövlər Universitetinin Həmkarlar İttifaqı Komitəsinə Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakülətsinin dekanı və kafedra müdirinin təqdimatları əsasında İddiaçı və kabinə müdiri Nailə Əliyeva arasında münaqişənin Universitetin Həmkarlar Komitəsində müzakirə olunması təmin edilməsi göstərilmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli aktdan aydın olur ki, Naxçıvan Dövlət Universitetinin Həmkarlar Komitəsinin iclasında İddiaçı iştirakının tmin eidlməsi üçün fakültə dekanı və kafedra müdirinə məlumat verilmiş, bildirilmişdir ki, İddiaçı 21 may 2021ci ildən heç bir səbəb göstərmədən işə çıxmır, zənglərə anası cavab verir, qızını narahat etməməyi bildirir. İş materiallarında olan Naxçıvan Dövlət Universitetinin 21 iyun 2021-ci il tarixli Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin iclasının 06 saylı protokolundan aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndində uyğun olaraq “Coğrafiya” kafedrasının laborantı İddiaçı və kabinə müdiri X6 dəfələrlə rektorluğun xəbərdarlıqlarını nəzərə almayaraq universitetin daxili nizam-intizam qaydalarına əməl etmədiklərinə və yaratdıqları qarşıdurmaya görə işdən azad edilmələrinə razılıq verilmişdir. İş materiallarında olan 21 may 2021-ci il tarixdə təbiətşünaslıq və kənd təsərüüfatı fakultəsində baş vermiş hadisəyə Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli rəyindən aydın olur ki, daxil olmuş təqdimatlara, toplanmış materiallara və keçirilmiş fakultə iclasının protokoluna əsasən laborant İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna, normal etik davranış qaydalarını və kollektiv münasibətləri qura bilmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun sayılmışdır. İş materiallarında olan coğrafiya kafedrası tabel cədvəlindən aydın olur ki, kafedranın laborantı İddiaçı 01 iyun 2021-ci il tarixdən işə davam etmədiyindən onun adına iş günləri buraxılmamışdır. İş materiallarında olan Naxçıvan Dövlət Universitetinin 1 iyul 2021-ci il tarixli 537 nömrəli əmrinin surətindən aydın olur ki, “Coğrafiya” kafedrasının laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən aydın olur ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş 13 iyul 2021-ci il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər a) müəssisə ləğv edildikdə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün İdarənin Həmkarlar Komitəsinə məktubla müraciət olunmuş və həmin müraciətə baxılaraq Komitə tərəfindən protokoldan çıxarış işəgötürənə təqdim olunmuşdur. İddiaçı Həmkarlar Komitəsinin iclasına dəvət olunmuş, (bunu həm iddiaçı öz izahatında bildirmiş, eyni zamanda akt tərtib edilmişdir), lakin iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veririlsə işəgötürən tərəfindən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlar, kollektivdə yaratdığı münaqişə, işində olan ciddi nöqsanları və bir ay müddətində işəgötürənə məlumat verilmədən, razılaşdırılmadan, hər hansı üzürlü səbəb göstərilmədən işdə olmaması onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Bütün bu hallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlarla, təqdimatlarla, izahatlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən onun işə bərpa edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də iddia rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar