Məhkəmə qərarları › İş №2(078)-97/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-97/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-97/2025 23.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsinin 20.00 kv.m ərazisində aparılan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi tam mülkiyyət hüquqi ilə ona məxsusdur. Həmin torpaq sahəsi 28 aprel 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyesterində ********** qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsininin daşınmaz əmlakın dövlət reyestr çıxarışı və torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq sərhəd nöqtələrinin naturada müəyyən olunub ona verilməsi üçün Naxçıvan MR Daşınmz Əmlak Dövlət Reyestr Xidmətinə etdiyi müraciəti əsasında Xidmətin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilib torpaq sahəsinin ölçüləri və sərhəd döngə nöqtələri naturada göstərilmişdir. Bununla bağlı 31 mart 2021-ci il tarixdə qarşılıqlı razılaşma əsasında müvafiq qaydada akt tərtib olunmuşdur. Lakin cavabdeh qonşu mülkiyyətçi Cavabdeh onun razılığı olmadan onun mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrini özbaşına dəyişməklə ona məxsus 20,00 kv.m torpaq sahəni zəbt etmiş və hasarlamaqla qanunsuz tikili aparmışdır. Bunula bağlı o Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etdim və xidmətin 01 oktyabr 2024-cü il tarixli cavab məktubunda mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət olunması bildirilmişdir. O məcbur qalaraq məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinin geri qaytarılması və maneənin aradan qaldırılması” tələbi barədə Naxçıvan şəhər məhkəməsində iddia qaldırmışdır. İddianı qəbul etmirəm. Möhtərəm Hakim! Naxçıvan 3 saylı DNK-nın xx.xx.2016 cı il tarixli 47-175 nömrəli alqı satqı Müqaviləsi əsasında **********51 reyestr nömrəsi əsasında yaşayış sahəsi üçün torpaq ölçülərək mülkiyətimə təqdim edilmişdi. Torpağın ölçüləri qonşu torpaq mülkiyyətcisi İddiaçı izah edilmişdir. Lakin İddiaçı dəfələrlə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə xidmətin əməkdaşlarını əraziyə dəvət etmiş qonşu torpaq ərazisinə iddia edərək narazılıq yaratmışdır. Möhtərəm Hakim! İddiaçı tərəfindən inşa edilməsi davam etdirilən mülk Azərbaycan Respublikası Mənzil Təmir Tikinti məcəlləsinin 13-fəsil Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ maddə 69.1 qeyd olunur "Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərin inşasına yol verilmir". 69.5 maddədə; Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2.1.Bu məcəllənin 80- ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0.3 hissəsi (ara məsafəsi) müəyyən edilməlidir.İddiaçı qonşularla sərhəd hasarını necə müəyyən etmişdir? Mənzil tikintisi zamanı qonşu ərazilərdən hansı razılıq alınmışdır? Mənzil Tikinti məcəlləsinin tələblərinə uyğun işlər hansı qayda ilə görülmüşdür? İddiaçı torpaq ərazisi 2021-ci il 31 mart Naxçıvan şəhərində Torpaq məsələləri Dövlət xidmətinin yekun aktı ilə sərhəd baxılıb təsdiq olunmuşdur. Vətəndaş İddiaçı Naxçıvan MR Fövqalədə Hallar Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş lakin o mənzil tikintisini hec bir normativ tələbləri gözləmədən işlərini davam etdirmişdir. Uzun müddət İnzibati orqan rəhbəri olaraq bildiyiniz məhkəmə və icra probasiya şöbələri ilə sıx əlaqədə işləmiş, vətəndaş məmnuniyyətini önə cəkmişəm. Mənzil Tikinti Məcəlləsinin tələbinə uyğun müvafiq orqanlardan daxil olan cavab məktublarını diqqətə alaraq, qanun vericiliyin tələbinə uyğun baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə ara məsafəsi gözlənilmədən inşa edilmiş yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı tərəfindən qanunun tələbləri gözləmədən, aidiyyatı qurumların tələblərinə məhəl qoyulmadan ünvan 2 ünvanında yerləşən 0.024 ha ərazidə inşa edilmiş fərdi yaşayış evinin sökülməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı mənə qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinin geri qaytarılması və maneənin aradan qaldırılması” tələbi ilə Naxçıvan şəhər məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən təsbit edilir ki, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir (155.1). Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (155.2). Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (155.3). Bu iddia ilə məhkəməyə müraciət etməmim əsas səbəbi odur ki, ötən müddət ərzində məsələnin aid inzibati orqanların iştrakı və qonşuluq haqqları gözlənilməklə ilkin iddiaçı tərəfindən qarşılıqlı şəkildə həllinə ümid etmişəm. Çünki, məhkəmənin gedişində də dəfələrlə ilkin iddiaçı tərəfindən həmin mübahisə edilən hasarın onun özü tərəfindən inşa edildiyi öz təsdiqini tapmışdır. Bunun isə səhv və ya düzgün inşa edilməsinin mənə heç bir aidiyyəti yoxdur. Yəni mən bir qonşu kimi heç kimin haqqını tapdamamışam və heç bir qanun pozuntusuna yol verməmişəm. Öz təqsirini mənim üzərimə yükləmək istəyən qonşunun (ilkin iddiaçının) bu işdə hansısa subyektiv marağını gördüyümdən, məsələnin həlli üçün səlahiyyətli Dövlət orqanlara müraciət etmiş və onların göstərdiyi qurumlara müraciət etməkdə davam etmişəm. Onlar tərəfindən nə zaman konkret addım atıldığını öyrənmək üçün sonuncu dəfə (keçən həftə) müraciətim zamanı mənə məhkəməyə müraciət etməyim tövsiyə edildi. Məhz buna görə də mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Naxçıvan Şəhər İH-nin 09 aprel 2025-ci il tarixli, 5-5/2-Ə-199-36-158/2025№-li məktubu ilə mənə bildirilmişdir ki, İddiaçı fərdi yaşayış evinin tikintisini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini gözləmədən başa çatdırmışdır. Məktubda mənə quruma müraciət etməyim tövsiyyə edildiyindən, ötən müddət ərzində mən digər aidiyyatı qurumlara müraciət etməli olmuşam. ünvan 3 ünvanında yerləşən 0.024 ha ilkin iddiaçıya məxsus torpaq sahəsinə bitişik, 0,0308 ha torpaq sahəsi tam mülkiyyət hüquqi ilə mənə məxsusdur. Həmin torpaq sahəsi xx.xx.2016-c1 il tarixli, **********51 daşınmaz əmlakın dövlət reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə mənim adıma qeydiyyata alınmış və ötən müddət ərzində üzərində fərdi yaşayış evi inşa etməklə ailə üzvlərimlə birlikdə orada yaşayıram. Məhkəmənin 25 iyun 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı izahatında həmin ərizənin heç bir mahiyyəti olmadığını, bu ərizənin onun qaldırdığı tələblə heç bir adiyyatı olmadığını, cavabdehin təqdim etdiyi sənədlərin iş materilallarına əlavə edilməsinə razı olmadığını, o iddia ərizəsində hər şeyi bildirdiyini, cavabdehin onun ərazisi olan hissəyə qapı açıb, daş düzdürdüyünü, onun sahəsinə qonşu tərəfindən 20.kv.m giriş olduğunu, daşınmaz əmlakdan ona bildirmişlər ki, cavabdeh həmin ərazini sənədləşdirmək istəyir. Lakin o razı olmamış, ərizəsində də bildirdiyi kimi, ona məxsus olan sahə qonşunun ərazisinə keçib, onun rəyi və razılığı olmadan onun ərazisinə giriş çıxış qapısı açıb. iddiasını təmin etməyi xahiş edərək, hasarının döngə hissəsinə aid olanın onun sahəsi olduğunu bildiyini, bu hasarı özünün inşa etdiyini, bütün xərcini özünün çəkdiyini, daşınmaz əmlak ölçüləri o vaxt ona səhv göstərdiyini, hasarın tikintisində cavabdehin heç bir şərikli yardımı olmadığını, həyətinin aşağısı 2.5.kv.m hissəni cavabdeh daş düzüb və təmir etdiyini, o evinin tikinti şəkillərini də məhkəməyə təqdim etdiyini, hasarının düşdüyü yerdə kommunal xərclərin olmasının problem olmadığını, aidiyyatı qurumların gəlib onu aradan qaldıra biləcəklərini, cavabdehin aktda bir narazılıq bildirmədiyini qeyd edib şəxsi imzası ilə imzaladığını, lakin indi narazılıq etdiyini, maneənin aradan qaldırmasını istədiyini, giriş-çıxışını təmin edilməsini istədiyini, bələdiyyə ərazisində cavabdehin də özünün də maşın saxlamamasını istədiyini, bununla razılaşa biləcəyini, cavabdehin məhkəmə prosesində aidiyyatsız mövzuları hallandırdığını, başqa problemi vardısa onu məhkəmə qaydasında iddia qaldırıb müraciət edə biləcəyini, lakin hal-hazırda mövzunun özünün iddiasında göstərilən məsələlərə baxılmasını, təqdim etdiyini fotoşəkillərdə cavabdehin onun həyətində maşın saxladığını, həmin 2 metr ərazinin onun mülkiyyətinə düşdüyünü, daşınmaz əmlakın xəritədə o faktın görsənmədiyini, 20 kvadrat met torpaq sahəsinə görə kompensasiya tələb etmədiyini, torpaq sahəsinin geri qaytarılmasını istədiyini bildirib, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həmin ərizənin mahiyyəti odur ki, iddiaçı tikintini apararkən qonşuluq münasibətlərini nəzərə almayıb. Bu barədə bütün adiyyatı qurumlara rəsmi müraciət etmişdir. Divarın çəkilməsində o olmamışdır. Şəhər İcra Hakmiyyəti nümayəndəsi gəlib baxıb kommunal qaz xətti ilə bağlı divar o cür çəkilib. Qonşu Təvəkkül müəllim ona Türkiyə Respublikasında olan zaman səs atdı ki, Kənana demişəm ki, mənim divarımı zədələmisən. O dəfələrlə Naxçıvan MR FNH-nə və Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Kənan heç bir ölçü və təhlükəsizlik qaydasına əməl etmədən evi tikən zaman müvafiq ara məsafələri saxlamayıb. Hələ Kənanın tikdiyi padvala yağan yağışlar zamanı su yığışıb və həmin su onun də evinə təsir edibdir. Bildirmişdir ki, FHN o vaxt gəlib iddiaçıya dedi ki, tikdiyin ev qanunsuzdur. Onun ümumiyyətlə xəbəri olmayıb ki, həmin tikili nə vaxt olub. Hasarı Kənan inşa edib. O heç qonşu kimi ortaq pul da qoymamışdır. Çölə açılan qapını özü təmir etmişdir. O Şəhər İcra Hakimiyyətinin məktubunu və evinin tikinti planını təqdim edib, ekspert rəyinə münasibət bildirərək hasarın özü tərəfindən tikilmədiyini, özünün iştirakının olmadığını, evinin kommunalların da həmin 20 kvadrat metr sahədən keçdiyini, o torpağın onun adına olduğunu belə məlumatının olmadığını, 2018-ci ildən təqdim etdiyi sənədlərdə də bildirilir və görünür ki orada hasar olmamışdır, qonşuların da bunu bildiyini, son bir həftədə polisin gəlib ara məsafəsinə baxdığını, irad tutduğunu. Polisə hasarı qonşunun çəkdiyini, özünün xəbərinin olmadığını, 20 kvadrat ərazinin ona aid olduğunu bilmədiyini, tikilən sahədə ara məsafəsinin gözlənilmədiyini, özünə 20-30 kvadratın fərq etmədiyini, gələn ekspertin də, daşınmaz əmlakın əməkdaşlarının da o hasarı özünün tikmədiyini bildiklərinini, təqdim etdiyi aktdan ölçülərin olduğunu, bu məsələnin kimin günahı olduğunu bilmədiyini, daşınmaz əmlak və icra hakimiyyətinin səbəbkar olduğunu, 2018-də razılaşıb böyük bir naves hazırlamaq fikirləri olduğunu, lakin bu halın baş tutmadığını, maşını saxlamağa yer olmadığını, həyətə küçənin dar olması səbəbi ilə maşını sala bilmədiyini, maşının ora keçmədiyini, günahın daşınmaz əmlakda olduğunu, uydudan baxıb yanlış ölçü götürdüklərini, icra hakimiyyətinin təqdim etdiyi sənəddə həmin tikilinin qanunsuz olduğunu bildirdiklırini, Mənzil Tikinti Məcəlləsinin 69-cu maddəsinin iddiaçı tərəfindən pozulduğunu bildirib, ara məsafəsinin olmadığını, döngənin 4 metr olduğunu, maşının oraya girmədiyini, maşını məcbur orada saxladığını, həyətinin olduğunu lakin daxil ola bilmədiyini, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında İddiaçı 20 kv.m hissəsi divar çəkilən zaman Cavabdeh ərazisi sərhədinə daxil olduğunu, bu barədə xx.xx.2024-cü il komissiya xidmətin nümayəndəsi tərəfindən araşdırma apararkən qeydə alındığını bildirib həmin rəyi məhkəməyə təqdim etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin mahiyyəti ilə əlaqədar işə əlavə edilmiş aşağıdakı materialları qiymətlənmişdir: Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından aydın olur ki, İddiaçı 15 sentyabr 2009-cu il tarixdən bəri Ordubad rayonu, Tivi kəndində qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa, əsasən, Daşınmaz əmlak 16/23 nömrəli reyestr kitabının 4316 nömrəli vərəqində qeydə alınmışdır. ünvan 2 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi tam mülkiyyət hüquqi üzrə İddiaçı mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 06/2-12-126/1-3/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Təkrar müraciətinizlə əlaqədar 26 sentyabr 2024-cü il tarixdə Xidmətin mütəxəssisləri tərəfindən həyətyanı torpaq sahələrinə yenidən baxış keçirilmiş, ölçmədəqiqləşdirmə aparılmışdır. Ölçmə işlərinin nəticələri və Xidmətin informasiya bazasındakı məlumatlar araşdırılarkən məlum olmuşdur ki, qonşu mülkiyyətçi Cavabdeh torpaq hasarlayan zaman naturada göstərilən döngə nöqtələrinin yerini dəyişməklə mülkiyyətinizdə olan 20,00 m² torpaq sahəsini mülkiyyətində olan torpaq sahəsi ilə hasar daxilinə salmışdır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 818 nömrəli Fərmanına əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki torpaqlar və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyəti göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və kofərqləri) Azərbaycan Respublikası Topaq Məcəlləsinin 43-cü maddəsinə uyğun yerquruluşu qaydasında aradan qaldırılır. Buna razılıq olmadıqda isə Azərbaycan Respublikası Topaq Məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq müvafiq məhkəmədə baxılır. -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixdə tərtib etdiyi akta görə Naxçıvan şəhəri, 59-cu məhəllə 6/14 ünvanında İddiaçı müraciəti əsasında qeyd olunan ünvanda torpaq sahəsinə yuxarıda adlarə göstərilən şəxslərin iştirakı ilə baxış keçirildi. Baxış keçirilən Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin sərhəddi tərəfdən 13.28 metr, həyətin aşağı hissəsində eni 12.45 metr göstərilərək mərz nişanları bərkidildi. İddiaçı məxsus həyətyanı torpaq sahəsinin yol tərəfdən eni sənəd üzrə 7.61 metr ölçüldü, lakin faktiki vəziyyətdə 6.60 metr göstərildi. Həyətin aşağı hissəsi 8.30 metr mərz nişanları bərkidildi. Həyətyanı torpaq sahəsinin çatmayan hissəsi yol tərəfdən 1 metr enində çəkilərək sənəddə göstərilmiş 240 kvadrat metr bərpa olundu. Göstərilən ölçülərlə hər iki tərəf razılaşdı, Bununla bağlı heç bir şikayətləri olmayacağını bildirdilər. -Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Texniki Pasportu” na, əsasən, ünvan 2 ünvanında yerləşən 0.024 ha torpaq sahəsinin planı və ölçüləri iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin Cavabdeh göndərdiyi məktubda göstərilir ki, qonşunuz İddiaçı tikdiyi fərdi yaşayış evinə yerinde baxış keçirilərkən sizə tərəf ara məsafesi saxlamadan fərdi yaşayış evini tikib başa çatdırdığı məlum olmuşdur. İddiaçı qanunvericiliyin tələbləri izah edilmiş, vətəndaş verilən izahla razı olduğunu qeyd edərək sizə tərəf hasar divarının üzərinə inşa etdiyi qəzalı vəziyyətdə olan divarını sökəcəyini və sizə tərəf qoymuş olduğu hamam otağının pəncərəsinin önünü bağlayaraq sizin həyətin görünməyəcəyini bildirmişdir. Qonşunuz İddiaçı yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmadığı halda aidiyyəti üzrə quruma müraciət etmək hüququnuz vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Cavabdeh göndərilən məktubda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən müvafiq qaydada baxılmışdır. Bildiririk ki, Naxçıvan şəhəri 59-cu məhəllə 6/14 ünvanında İddiaçı tərəfindən tikilən fərdi yaşayış evinin layihəsi 23 avqust 2021-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılaraq təsdiq olunmuşdur. Lakin fərdi yaşayış evinin layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 2.2-ci bəndinə uyğun dövlət nəzarətinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə təqdim olunmadığından evin layihə üzrə tikintisinə dövlət 'nəzarəti keçirmək mümkün olmamışdır. Bu səbəbdən müraciətinizdə qeyd etdiyiniz məsələnin (hamam otaqlarının pəncərələrinin bağlanması və digər tikintilərlə bağlı) həlli Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində deyil. Qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğun hesab edilir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli sorğusuna cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 04/1407 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbi"nə dair mülki işlə əlaqədar müraciətinizdə qeyd edilən tarixdə ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə yerində baxış keçirilməsi məqsədilə Xidmət Aparatının Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sektorunun baş məsləhətçisi X1 iştirakı təmin ediləcəkdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 04/77 nömrəli müşayiət məktubu ilə məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbi”nə dair mülki işə baxılması ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(078)-1515/2024 nömrəli müraciətinə əsasən Xidmətin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin nümayəndəsinin və mülkiyyətçilərin iştirakı ilə mübahisə predmeti olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh 31 mart 2021-ci il tarixdə Xidmətin mütəxəssisləri tərəfindən naturada mülkiyyətçilərə göstərilən sərhəd döngə nöqtələrinin yeri dəyişdirilməklə torpaq sahələri hasara almışdır. Torpaq sahələri hasara alınan zaman İddiaçı mülkiyyətində olan 20,0 m² torpaq sahəsi Cavabdeh istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində qalmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin Cavabdeh göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, qonşunuz İddiaçı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozaraq sizə tərəf ara məsafəsi saxlamadan fərdi yaşayış evini tikib başa çatdırmışdır. Məktubda qeyd olunan məsələlər mübahisəli məsələlər olduğundan aidiyyəti üzrə quruma müraciət etməyiniz məqsədəuyğun hesab edilir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa, əsasən, Daşınmaz əmlak 16/19 nömrəli reyestr kitabının 3440 nömrəli vərəqində qeydə alınmışdır. ünvan 6 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi tam mülkiyyət hüquqi üzrə Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 04/613 nömrəli müşayiət məktubu ilə məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbi”nə dair mülki işə baxılması ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(078)-97/2025 nömrəli müraciətinə əsasən Xidmətin mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndəsinin və mülkiyyətçilərin iştirakı ilə mübahisə predmeti olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 31 mart 2021-ci il tarixdə Xidmətin mütəxəssisləri tərəfindeu naturada mülkiyyətçilərə göstərilən sərhəd döngə nöqtələrinin yeri dəyişdirilməklə torpaq sahələri hasara almışdır. Torpaq sahələri hasara alınan zaman İddiaçı mülkiyyətində olan 20,0 m² torpaq sahəsi Cavabdeh istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində qalmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 296 saylı ekspert rəyinə, əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini mülki iş materiallarında olan zəruri məlumatlara və məhkəmə tərəfindən tədqiqata təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sektorunun aparıcı məsləhətçisi Vəliyəddin Allahverdiyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə və rəyə əlavə edilmiş həmin hissənin plansxemində olan ölçülərə əsasən ünvan 1 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsinin 20.00 kv.m ərazisində aparılan sərhəd hasarı təyinatlı tikili müxtəlif hissələrdən beton sütunlarla şaquli və üfüqi istiqamətdə kəmərlənmiş ara hissələri isə briket kubiklə hörülmüş, cavabdeh hissədən isə sementqum qarışıq üzəri hamarlanmışdır. Sözügedən hasar təyinatlı tikilinin relyef baxımından səviyyələri müxtəlif olduğundan, hasarın hündürlüyünün istinad nöqtəsindən ən yuxarı səviyyəsindən hündürlüyü isə təqribən 2,60 metr-dir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ekspertiza tədqiqatına təqdim etdiyi elektron plan-sxemə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini nəzərə alaraq, iddiaçı və cavabdeh arasında 20.00 kv.m ərazisində aparılan sərhəd hasarı təyinatlı tikili qüvvədə olan Azərbaycan Respubliksının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddələrinin tələblərinə uyğun olaraq tikinti norma və qaydalarına əməl etmədən inşa edildiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi Vəliyəddin Allahverdiyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə və rəyə əlavə edilmiş həmin hissənin plansxemində olan ölçülərə və baxış zamanı əldə olunmuş zəruri məlumatlara əsasən ünvan 1 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsinin 20.00 kv.m ərazisində aparılan hasar və tikililər cavabdeh mülkiyyətində olan hissədən ölçülən zaman uzunluğunun 20,68 metr, eyni zamanda iddiaçı tərəfdən sözügedən sərhəd hasarının eni 1,96 metr, onun son nöqtəsindən uzunluğu həyətə doğru 10,72 metr, onun son nöqtəsindən cavabdehin torpaq sahəsi istiqamətinə təqribən 0,70 santimetr, onun son nöqtəsindən sərhəd hasarının sonuna kimi isə 11,27 və 1,26 metr olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 07 iyul 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli, 04/1013 nömrəli məktubda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanında İddiaçı adına 240,84 m 2 torpaq sahəsi qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən məhkəmənin nümayəndəsinin və mülkiyyətçilərin iştirakı ilə mübahisə predmeti olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh 31 mart 2021-ci il tarixdə Xidmətin mütəxəssisləri tərəfindən naturada mülkiyyətçilərə göstərilən sərhəd döngə nöqtələrinin yerini dəyişdirməklə torpaq sahəsini hasara almışdır. Torpaq sahəsi hasara alınan zaman İddiaçı mülkiyyətində olan 20,00 m2 torpaq sahəsi Cavabdeh istifadəsində qalmışdır. Hazırda İddiaçı qanuni istifadəsində 220,84 m 2 torpaq sahəsi mövcuddur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin şimal istiqamətində hasar və ya metal çəpər mövcud olmadığından faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçı məxsus həyətyanı torpaq sahəsinin şimal istiqamətində bələdiyyə mülkiyyətinə aid, ümumi istifadədə olan 22,00 m2 torpaq sahəsi mövcuddur. Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Qeyd olunmalıdır ki, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəllləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır (Torpaq Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsi, 4-cü maddəsinin 1-ci hissəsi, 5-ci maddəsinin 1 və 2-ci hissələri, 49-cu maddəsinin 2-ci hissəsi). Qeyd olunmalıdır ki, mülkiyyət hüququ yalnız o şərtlə məhdudlaşdırıla bilər ki, belə məhdudlaşdırma həqiqətən cəmiyyətin ümumi rifahı və maraqları naminə edilmiş olsun, habelə qeyri-mütənasib və əsassız xarakter daşımaqla ayrılmaz insan hüquq və azalıqlarının pozulmasına gətirib çıxarmasın. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Həmin müddəanın davamı olaraq Mülki Məcəllənin 6.3-cü maddəsində müəyyən edilmişdir ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saliba Maltaya qarşı iş üzrə 2005-ci il 8 noyabr və X5rşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır. Oxşar mövqe Avropa Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə tutulmuş hallarda” mümkün sayır, ikinci abzas isə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli olduğunu müəyyən edir. Həmçinin şəxsin əmlakından məhrum edilməsinə gətirib çıxaran qanunvericiliyin retroaktiv tətbiqi bir tərəfdən ümumi maraqların tələbləri, digər tərəfdən isə “əmlakdan” maneəsiz istifadə etmək hüququnun müdafiəsi arasında ədalətli tarazlığın pozulmasına səbəb olur (Avropa Məhkəməsinin Moris Fransaya qarşı iş üzrə 2005-ci il 6 oktyabr tarixli Qərarı, §§90 və 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, iddiaçı öz torpaq sahəsinin tam şəkildə hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmiş ölçüdə bütövlüyünü təmin etməkdə haqlı olmuşdur. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan torpaq sahəsinin 20 kvadrat metr hissəsi Cavabdeh həyətyanı torpaq sahəsinə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən 20 kvadrat metr torpaq sahəsi iddiaçının mülkiyyətinə geri qaytarılmalıdır. Belə ki, həmin torpaq sahəsi mülkiyyət sənədinə əsasən iddiaçıdan formal olaraq görünsə də faktiki olaraq ona sahiblik və istifadə cavabdeh tərəfindən həyata keçirilir. Məhkəmə iddia tələbinin həmin hissədə əsaslı olduğundan təmin edilməsi və 20 kvadrat metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması, həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfində yaradılmış maneənin aradan qaldırılması barədə tələbinin təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd edilir ki, ididaçıya məxsus həmin 20.00 kv.m ərazisində aparılan hasar və tikililər cavabdeh mülkiyyətində olan hissədən ölçülən zaman uzunluğunun 20,68 metr, eyni zamanda iddiaçı tərəfdən sözügedən sərhəd hasarının eni 1,96 metr, onun son nöqtəsindən uzunluğu həyətə doğru 10,72 metr, onun son nöqtəsindən cavabdehin torpaq sahəsi istiqamətinə təqribən 0,70 santimetr, onun son nöqtəsindən sərhəd hasarının sonuna kimi isə 11,27 və 1,26 metr olduğu müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir, ekspert rəyindən də aydın olduğu kimi sözügedən 20 kvadrat metr torpaq sahəsinin İddiaçı qalan torpaq sahəsi ilə ayıran hasar mövcuddur. İddiaçı sözügedən hasarın qanunsuz tikili hesab etməklə cavabdehin hesabına sökülməsini tələb edir. Lakin tərəflərin izahatlarından aydın olur ki, hasar iddiaçının öz vəsaiti hesabına inşa edilmişdir. Həmin hasarın tikintisində cavabdehin maddi və fiziki iştirakı olmamışdır. Buna görə də iddiaçının 20 kvadrat metr torpaq sahəsinin qalan torpaq sahəsi ilə tamlığını təmin etmək üçün ortada olan hasar cavabdehin hesabına deyil, iddiaçının öz hesabına sökülməlidir. Cavabdeh həmin hasarı inşa etməmişdir ki, hasar onun vəsaiti hesabına sökülsün. Digər tərəfdən iddiaçı torpaq sahəsinə maneənin ardan qaldırılmasını tələb etdiyi digər hissə həyətyanı topaq sahəsinə daxil olan zaman giriş hissədə cavabdehin torpaq sahəsində qapı açmasına dair hissədə yenidən daşınmaz əmlak üzrə mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsinin şimal istiqamətində bələdiyyə mülkiyyətinə aid ümumi stifadədə olan 22 kvadrat metr torpaq sahəsi mövcuddur. Göründüyü kimi, cavabdehin öz həyətyanı torpaq sahəsindən qapı açdığı və maşın saxladığı həmin sahə bələdiyyə mülkiyyətinə aiddir və ümumi istifadədir. Bu halda iddiaçının həmin torpaq sahəsinə öz mülkiyyəti kimi yanaşması və maneəni aradan qaldırılmasını tələb etməsi üçün əsası yoxdur. Torpaq sahəsi bələdiyyə mülkiyyətidir və bununla bağlı iddiaçı öz subyektiv hüquqlarını mülkiyyətçi kimi deyil ümumi istifadədə olan əmlakda istifadəçi kimi tələb edə bilər. Həmin torpaq sahəsinin iddiaçı və cavabdeh üçün ümumi istifadədə olması üçün bələdiyyənin mülkiyyətində qalmaqdadır və istifadəçilərin öz torpaq sahələrinə giriş-çıxışlarını təmin etməsinə yönəlmişdir. Bununla bağlı iddiaçının müvafiq bələdiyə orqanına müraciət etmək hüququ vardır. Eyni zamanda məhkəmə tərəflərə iddiaçıya məxsus olan 20 kvadtar metr torpaq sahəsinin cavabdehin faktiki sahiblik və istifadəsində olması nəzərə alınaraq faktiki vəziyyətin dəyişməməsi və qonşuluq hüquqlarının qorunması nöqteyi nəzərindən cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməklə onun mülkiyyətinə verilməsi barədə tərəflərə razılıq əldə edilməsi üçün vaxt verilmiş, lakin iddiaçı heç bir kompensasiya tələbi olmadığını, torpaq sahəsinin geri qaytarılmasını tələb etdiyini bildirmişdir. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, İddiaçı mülkiyyətindəi olan Cavabdeh faktiki sahiblik və istifadəsində olan 20 kvadrat metr torpaq sahəsi iddiaçıya geri qaytarılmalı, həmin torpaq sahəsinin iddiaçının qalan torpaq sahəsi ilə bütövlüyünü təmin etmək məqsədilə iddiaçı tərəfindən inşa edilmiş uzunluğu 20,68 metr, eni 1,96 metr, onun son nöqtəsindən uzunluğu həyətə doğru 10,72 metr, onun son nöqtəsindən cavabdehin torpaq sahəsi istiqamətinə təqribən 0,70 santimetr, onun son nöqtəsindən sərhəd hasarının sonuna kimi isə 11,27 və 1,26 metr olduğu müəyyən edilmiş hasar onun öz vəsaiti hesabına sökülməli, həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadə edlməsində cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmaıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh və İddiaçıdan müştərək qaydada tutularaq X3 MR İdarəsinə ödənilməlidir. (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətindəi olan Cavabdeh faktiki sahiblik və istifadəsində olan 20 kvadrat metr torpaq sahəsi İddiaçı geri qaytarılsın. Həmin 20 kvadrat metr torpaq sahəsinin iddiaçının qalan torpaq sahəsi ilə bütövlüyünü təmin etmək məqsədilə iddiaçı tərəfindən inşa edilmiş uzunluğu 20,68 metr, eni 1,96 metr, onun son nöqtəsindən uzunluğu həyətə doğru 10,72 metr, onun son nöqtəsindən cavabdehin torpaq sahəsi istiqamətinə təqribən 0,70 santimetr, onun son nöqtəsindən sərhəd hasarının sonuna kimi isə 11,27 və 1,26 metr olduğu müəyyən edilmiş hasar İddiaçı öz vəsaiti hesabına sökülsün, həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadə edlməsində cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınıb iddiaçıya ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh və İddiaçıdan müştərək qaydada tutularaq X3 MR İdarəsinə ödənilsin. (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar