Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-974/2023 10.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunmasına dair iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1-ə yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil edilmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında bildirmişdir ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Həmin evdə iddiaçıdan başqa X3, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 pasport qeydiyyatındadır. Cavabdeh1 iddiaçının qardaşıdır. Digər cavabdehlər Vəfa və Şamxal İlqarın övladlarıdır. Cavabdehlər faktiki olaraq Bakı şəhərində yaşayır. Sadəcə sözügedən evdə qeydiyyatda dururlar. Digər şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmişdir. Cavabdhelər evin pasport qeydiyyatında olduqlarından iddiaçı öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, hazırda Həyat xanımla qonşu həyətdə yaşayır. Vəfa və Şamxal İlqarın övladlarıdır. Onlar neçə illərdir həmin həyətdən çıxıblar. İlqar həyat yoldaşı Səidə xanımla birlikdə digər döngədə özünə məxsus evində yaşayır. Ancaq öz yaşadıqları evdə qeydiyyatda deyillər. Hazırkı mübahisəli ev Həyat xanımın adınadır. Həmin ev Həyat xanıma ata-anası tərəfindən bağışlanma müqaviləsi ilə keçib. İlqar 30 ildən çoxdur ki, həmin həyətdən çıxıb. Övladları da ailə qurublar və Bakı şəhərində yaşayırlar. Həyat xanımın anası 2005-ci ildə, atası isə 2007-ci ildə vəfat edib, Həyat xanımın anası ilə atası boşanmışdı, atası Dəmirçi kəndində yaşayırdı. İlqarın nə oğlu, nə də qızı heç həmin həyətdə doğulmayıb və yaşamayıblar. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh ilə qonşudur. Həmin məhəlləyə 2010-cu ildən köçmüşdür. İlqar başqa evdə yaşayır. Həyat yoldaşı ilə birlikdə qalır. Heç onun övladlarını görməmişdir. Özünü də çox az hallarda görür. Ümumiyyətlə heç İlqarla bir qonşu kimi səmimi münasibəti yoxdur. Ancaq bilir ki, Həyat xanım həyətinin bir hissəsini Rəfiqə xanıma satıb. Məhkəmə baxışı iclasında şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh ilə qonşudur. O həmin məhəllədə böyümüşdür. İlqarın qızı Vəfa ilə bir sinifdə oxumuşdur. Vəfa, Şəfa və Şamxal hazırda ailə qurublar və başqa yerlərdə yaşayırlar. Vəfanın öz atasına məxsus evdə böyüdüyünü bilir. İlqar əminin özünə məxsus ayrıca evi var. Roza xala öldükdən sonra evdə ancaq Həyat xanım qalıb. Roza xalanın Fizuli, Həyat, İlqar övladları vardır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər 20 Yanvar küçəsi döngə 1-də yerləşən 0.0962 ha olan torpaq sahəsi və üzərində ümumi sahəsi 36.4 kv.metr olan 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 194 nömrəli arayışından aydın olur ki, İddiaçı, X3, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 şəhəri 20 Yanvar küçəsi, döngə 1, ev 5-də qeydiyyatdadır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Hazırki iddia tələbinin qanuni əsasının 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respubikasının Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə də, Məhkəmə hesab edir ki, iddiaçının yaşayış evininin tərkib hissəsindən istifadə hüququnun verilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, hüquq mövcud olmadığı halda onun tanınmasından da söhbət gedə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşə baxılan zaman iddiaçı tərəfin izahatından və şahid ifadələrindən aydın olmuşdur ki, Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüququ mövcud olmuş, lakin o özünə ayrı yaşayış evi seçməklə həmin istifadə hüququnu itirmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçı ilə ayrı döngədə lakin eyni məhəllədə yaşayır. Şahidlərin ifadələrindən aydın olur ki, Cavabdeh1 uzun müddətdir ki, özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Onun iddiaçının mülkiyyətində olan evin qeydiyyatında olması formal şəkildədir və bu hal iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaradır. Buna görə də Cavabdeh1 mübahisəli yaşayış sahəsində istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin işə baxılan zaman müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumiyyətlə mübahisəli fərdi yaşayış evində yaşayış və istifadə hüququ olmamışdır. Onlar mübahisəli mənzildə doğulmamış, yetkinlik yaşına çatana qədər valideynlərinin yaşadıqları yerdə yaşamış, daha sonra da özlərinə yaşayış yeri seçmişdir. Ona görə də mövcud olmayan hüquqa münasibətdə istifadə hüququnun itirilməsindən də söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evində yaşayış və istifadə hüququ olmadığından həmin hissədə rədd edilməlidir. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1-ə Cavabdeh1 yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməli, iddia tələbi qalmış hissədə isə rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 12022 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalı, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına Cavabdeh1 yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 12022 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 alınaraq iddiaçıya qaytarılsın. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-974/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-974/2023
10.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver