Məhkəmə qərarları › İş №2(078)-988/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-988/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-988/2023 23.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın, güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 7 nömrəli Qaz-quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 2 saylı Mənzil_istismar İdarəsində qaynaqçı vəzifəsində, xx.xx.1986cı il tarixdən xx.xx.1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməklə xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə düşən 15 il əmək stajının müəyyən edilməsi, işlədiyi həmin illərin güzəştli şərtlərlə pensiya hqüququ verən sosial stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən və ona əlavə edilən sənədlərdən aydın olur ki, Ərizəçi ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət etmiş, inzibati orqan 16 may 2023-cü il tarixdə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 109 nömrəli qərar qəbul etmişdir. Ərizəçi inzibati orqanın əmək pensiyası təyin edilməsindən imtinasının qanunsuz və əsassız olduğunu ərizəsində qeyd etmiş, bununla yanaşı mülki məhkəmədən güzəştli şərtlərə düşən 15 il əmək stajının müəyyən edilməsi və işlədiyi həmin illərin güzəştli şərtlərlə pensiya hüququ verən sosial stajına daxil edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırki tələbi inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27990 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın, güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının müəyyən edilməsi tələbinə dair ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. Ərizəçi həmin tələbi ilə bağlı müvafiq inzibati orqanın hərəkət və ya hərəkətsizliyində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunsun. Ərizəçi tərəfindən məhkəməyə göndərilmiş ərizə və ona əlavə edilən sənədlər iddiaçıya qaytaılsın. Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27990 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar