Məhkəmə qərarları › İş №2(078)-99/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-99/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-99/2024 05.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı bağışlamaqdan imtina tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh1 qarşı bağışlamaqdan imtina tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə Cavabdeh2ndə 4Ə-28 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1968 ha torpaq sahəsindən 409.46 kv.m olan qeyri yaşayış binasının bağışlanması barədə müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, qızı Yaqubova Gülşən Cavabdeh1 ilə 2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdular. Qızının yaşayış evi olmadığı üçün ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1968 ha olan torpaq sahəsindən 409.46 kv.m hissəni 3 yanvar 2023-cü il tarixdə bağışlanma müqaviləsi əsasında qızının həyat yoldaşı Cavabdeh1 vermişdir. Lakin 2023-cü ilin iyul ayının 2-də baş verən münaqişə nəticəsində qızı ilə həyat yoldaşının münasibətləri pozulmuşdur. Kürəkəni onu və qızını döyüb təhqir etmişdir. Bununla bağlı Naxçıvan şəhər Polis İdarəsinə müraciət etmişlər. Naxçıvan Şəhər Prokurorluğundan onlara barışıq ərizəsi yazaraq barışmaları təkid edilmişdir. Səbəb kimi də cavabdehin dövlət qulluqçusu olması və cavabdehin deyil onun məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Hazırki vəziyyətdə qızı onun himayəsindədir və nikahın ləğvi üçün məhkəməyə müraciət etmişdir. O həmin torpaq sahəsini cavabdehlə qohumluq bağı olduğuna görə bağışlamışdı. Buna görə də həmin torpaq sahəsinin özünə qaytarılmasını istəyir. Cavabdeh1 və onun vəkili Vəkil 08 dekabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə İddiaçı Naxçıvan Şəhər Məhkəməsində ona qarşı “bağışlamaqdan imtina tələbi"nə dair iddia qaldırdığını, mülki işin hal-hazırda icraatında olduğunu, o cavabdeh olaraq bu iddia ilə qəti şəkildə razılaşmadığını, bir sıra əsaslara görə etiraz etdiyini, ilk öncə onu qeyd etmək istəyir ki, İddiaçı 30 yanvar 2023-cü ildə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1968 ha torpaq sahəsindən 409.46 kv.m olan hissəsin bağışlama müqaviləsi əsasında ona bağışladığını (hədiyyə etdiyini), bu bağışlamanın heç bir şərtlə razılaşdırımadığını (şərtləndirilməmiş) və tamamilə həmin şəxsin öz iradəsi əsasında qeyd edilən torpaq sahəsini ona hədiyyə etdiyini, lakin müqavilənin bağlanılmasından bir neçə ay keçdikdən sonra iddiaçının həmin müqavilənin ləğv olunması ilə bağlı ona qarşı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, iddia ərizəsində isə bunu onun qızı ilə ailə həyatına faktiki və hüquqi olaraq son qoyduğunu və buna görə də həmin müqavilənin ləğv olunmasını tələb etdiyini, bu müqavilənin notarial qaydada bağlanıldığını, istər AR Mülki Məcəlləsi, istərsə də, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri gözlənildiyini, belə ki, müqavilənin notarial qaydada rəsmiləşdirilməsi üçün lazımi sənədlərin notariusa təqdim olunduğunu, tərəflərin iradə ifadəsi nümayiş etdirərək müqaviləni öz imzaları ilə təsdiq etdiklərini və rəsmiləşdirdiklərini, “Hədiyyə verən” heç bir zorakılıq və ya hədə- qorxu altında olmadan bu torpaq sahəsini ona hədiyyə etdiyini, eyni zamanda həmin şəxsin tam fəaliyyət qabiliyyətli olduğunu, anlaqlı olduğunu, eyni zamanda həmin müqavilənin AR Mülki Məcəlləsinin tələbinə görə də notarial qaydada rəsmiləşdirildiyini (daşınmaz əmlaklarla bağlı müqavilələr notarial qaydada bağlanılmalıdır müddəalarına əsasən), hal-hazırda məhkəmə qaydasında mübahisələndirilən bağışlama müqaviləsinin (əqdin) ləğv olunması və ya etibarsız hesab olunması üçün heç bir hüquqi əsas olmadığını, iddiaçının da öz iddia ərizəsində hansı əsaslarla bu müqavilənin ləğv olunmasını tələb etdiyini və bunu hansı normalarla əsaslandırdığını qeyd etmədiyini, istinad etdiyi AR Mülki Məcəlləsinin 673-cü maddəsində isə konkret olaraq hansı normaya əsasən bu müqavilənin ləğv olunmasının tələb edildiyinin qeyd edilmədiyini, qeyd edilən maddədə üzərinə qoyulan vəzifələrdən və verilmiş vəddən söhbət gedir ki, bu müqavilədə də hər hansı bir vəzifədən və ya vəddən söhbət gedə bilməyəcəyini, mülkiyyət hüququnun toxunulmaz olduğunu və dövlət tərəfindən müdafiə olunduğunu, eyni zamanda AR Konstitusiya Məhkəməsi bir neçə qərarlarında konkret olaraq “mülki dövriyyənin sabitliyi qorunmalıdır”, yəni istənilən vaxt istənilən formada müqavilələrin ləğv oluna bilməyəcəyini qeyd etdiyini, bunun üçün müqavilənin ləğvi və ya etibarsızlığı üçün ciddi hüquqi əsaslar olmalı olduğunu, çünki xüsusən daşınmaz əmlaklarla bağlı sərəncamvermə müqavilələrində (bağışlama, alğı-satqı, dəyişmə və.s ) alıcı tərəfin hər hansı bir daşınmaz əmlak əldə etdiyini və mülkiyyətçi statusu qazandığını, yəni mülkiyyətçi olaraq onun bu hüququnun ciddi hüququ əsaslar olmadan ləğv edilə bilməyəcəyini, onun hədiyyə verənin qızından rəsmi qaydada ayrılmağı, yəni nikahının pozulmasının bu müqavilənin ləğvi üçün hüquqi əsas ola bilməyəcəyini, AR Mülki Məcəlləsində konkret olaraq müqavilələrin ləğvi və ya etibarsızlığı üçün əsaslar və hallar müəyyən edildiyini, həmçinin bağışlama müqaviləsinin də ləğvi üçün konkret əsaslar müəyyən edildiyini, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh- Cavabdeh1 qarşı “bağışlamaqdan imtina tələbi” nə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2nə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi məhkəməyə 11 dekabr 2023-cü il tarixdə və 05 fevral 2024-cü il tarixdə eyni məzmunlu ərizələr göndərərək ərizələrdə üzrlü səbəbdən təyin edilmiş məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin qeyd olunan ərizələrini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək izahatında cavabdehə torpaq sahəsi verdiyini, onun geri qaytarılmasını istədiyini, qızı ilə cavabdehin arasında olan nikahın pozulduğu üçün müqavilənin ləğv edilməsini istədiyini, müqavilədə hər hansı şərt göstərilmədiyini, cavabdehlə qohumluq əlaqələri kəsildiyi üçün müqavilənin ləğv olunmasını istədiyini, cavabdehin onları döydüyünü, söydüyünü, bununla bağlı müvafiq orqanlara da müraciət etdiklərini, qızının ailəsinin dağılmaması üçün cavabdehə torpaq sahəsini bağışladığını, hətta torpaq sahəsini cavabdehə bağışlamadan əvvəl cavabdehin ona zəng etdiyini, “gəlib evi yandıracağam, ya da satacağam” dediyini, onun da cavabında “mən o torpaq sahəsini hələ sənə bağışlamamışam” dediyini, cavabdehin ailəsinin cavabdehi çox təkid etdiyini, “get torpaq sahəsini adına saldır sonra evi tik” dediklərini, evin tikilməsində onun əziyyətinin daha çox olduğunu, bağışlama müqaviləsinin ləğv edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının vəkili X3 Cavabdeh1 iddiaçının keçmiş kürəkəni olduğunu, bağışlama müqaviləsinin də ailə münasibətlərindən irəli gəldiyini, İddiaçı qızı ilə Cavabdeh1 arasında ailə münasibətləri yaxşı olmadığı üçün, həmçinin ailə münasibətlərinin pozulmaması üçün 2023-cü ildə cavabdehə torpaq sahəsi bağışladığını, bunu qızının mənafeyi xətrinə etdiyini, qızının yaşayış yeri olmadığı üçün bağışladığını, sırf ailə hüquq münasibətlərindən irəli gəldiyini, müqavilədə hər hansı şərt göstərilmədiyi, Azərbaycan mentalitetinə əsasən qızına deyil kürəkəninə bağışladığını, sırf qızının ailəsində problem olmasın deyə belə etdiyini, torpaq sahəsini Cavabdeh1 bağışlamasının səbəbinin onun qızının əri olduğunu, əks halda bağışlamayacağını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2.1-ci maddəsinə əsasən iddianın əsaslı olduğunu, iddianı müdafiə etdiklərini, qohumluq münasibətinə xitam verildiyi üçün bağışlama müqaviləsinin ləğv edilməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini, iddiaya etiraz etdiyini, torpağın ona qanun çərçivəsində bağışlandığını, evin də torpaq sahəsinində sənədləşdirildiyini, evin demək olar ki hazır olduğunu, sadəcə son təmir işlərinin qaldığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianın tələbinin rədd olunmalı olduğunu, daşınmaz əmlakın bağışlanma müqaviləsində Cavabdeh1 ilə qızı arasında olan nikahın pozularsa müqavilənin ləğv ediləcəyi kimi bir müddənın olmadığını, iddiaçının da müqavilənin ümumiyyətlə hər hansı bir şərt əsasında bağlanmadığını bildirdiyini, əgər hədiyyə alanın üzərinə müqavilədə hər hansı öhdəlik qoyulsaydı müqavilənin ləğvindən söhbət gedə biləcəyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş 30 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həmin tarixdə Yaqubov X6 şəhər, Tumbul kəndi, 3cü küçə, ev 38C ünvanında yerləşən torpaq sahəsinin 409.46 kv.m hissəsini Cavabdeh1 bağışlamışdır. İddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş 05 sentyabr 2023-cü il tarixli pretenziya ərizəsindən görünür ki, 30 yanvar 2023-ci il tarixli, daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən cavabdehə bağışladığı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1968.99 kv/m torpaq sahəsindən 409.46 kv/m hissəni, ailə hüquq münasibətlərini onun ailə üzvü (qızı) barəsində kobud şəkildə pozduğu üçün cavabdehə bağışladığı torpaq sahəsini ona qaytarmağını cavabdehdən xahiş etmiş və əks təqdirdə məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarla 46C-23 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-1326/2023 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh1 arasında 24 noyabr 2017-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 409 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 16 oktyabr 2018-ci il təvəllüdlü X10 anası X4 yanında saxlanılması və 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 16 oktyabr 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını təhlil edib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdə Cavabdeh2ndə 4Ə-28 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1968 ha torpaq sahəsindən 409.46 kv.m olan qeyri yaşayış binasının bağışlanması müqaviləsinin ləğv olunmasını istədiyini qeyd etsə də bunun üçün sübutları məhkəməyə təqdim etməmişdir və məhkəmə araşdırması zamanı da müqavilənin ləğv edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1 və 666.2-ci maddələrinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2-ci maddəsinə əsasən bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə və vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Ancaq iş materiallarına əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, müqavilə bağlanarkən müqavilə tərəfləri arasında hər hansı bir şərt və ya öhdəlik müəyyən edilməmişdir. Həmçinin iddiaçı və onun vəkili də izahatında müqavilədə müqavilənin ləğv olunması üçün hər hansı şərt göstərilmədiyini, qızı ilə cavabdeh arasındakı nikah pozulduğundan həmin müqavilənin ləğv edilməli olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə müqavilənin ləğvi və etibarsızlığı üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan bağışlama müqaviləsinin etibarsızlığı və ya ləğvi üçün hər hansı bir əsas mövcud deyildir. İddiaçı tərəfin istinad etdiyi kimi tərəflər arasında ailə münasibətlərinin pozulması və ya nikahın pozulması bağışlama müqaviləsinin ləğvi üçün əsas deyildir. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh1 qarşı bağışlamaqdan imtina tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı Cavabdeh1 qarşı bağışlamaqdan imtina tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar