Məhkəmə qərarları › İş №2(078)-99/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-99/2025

28.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-99/2025 28.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X7 Limanının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı təhsil məzuniyyəti ilə bağlı məzuniyyət pullarının və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı təhsil məzuniyyəti ilə bağlı məzuniyyət pullarının və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-2023-cü tədris illəri üzrə təhsil məzuniyyətinə görə ödənilməmiş 3500 (üç min beş yüz) manat məzuniyyət pullarının və təhsil məzuniyyətinə buraxılmadığından yaranmış 66 kredit borcuna görə dəymiş 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin cavabdeh X7 Limanından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul еdilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, o, 2019-cu il tarixdən Naxçıvan Muxtar Respublikası X7 Limanında işləyir. Hazırda da Naxçıvan Muxtar Respublikası X7 X2 Xidmətinin əməkdaşıdır. O, 2020-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsinin qiyabi şöbəsinin “Beynəlxalq münasibətlər” (əlavə ali təhsil) ixtisasına qəbul olunmuşdur. Əlavə təhsil aldığı dövrdə X7 Limanına təhsil məzuniyyətinin verilməsi üçün dəfələrlə müraciət etsə də ona qanunsuz olaraq təhsil məzuniyyəti verilməmişdir (təhsil məzuniyyətinin verilməməsi ilə bağlı X7 Limanın 15 avqust 2024-cü il tarixli, 73 nömrəli arayışını ərizəsinə əlavə etmişdir). Bu səbəbdən də 8 fənndən və istehsalat təcrübəsindən, ümumilikdə 66 kredit borcu qaldığından 2023-2024-cü tədris ilində Universiteti bitirə bilməmiş və kontingentdə saxlanılmışdır. Bununla bağlı Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq Fakültəsinin xx.xx.2024-cü il tarixli, 01/1048 nömrəli və Naxçıvan Dövlət Universitetinin xx.xx.2024 tarixli, 01/1084 nömrəli arayışları mövcuddur və iddia ərizəsinə əlavə etmişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında nəzərdə tutulan hüququları pozulmuşdur. O, pozulmuş hüquqularının bərpa olunmasını və onun hüququ olan təhsil məzuniyyəti ilə bağlı məzuniyyət pullarının və ona dəymiş maddi zərərin ödənilməsi istəyir. Təhsil məzuniyyəti ilə bağlı məzuniyyət pullarının və dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsə də, orada mübahisə öz həllini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 28 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək ərizədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 2021-2023-cü tədris illəri üzrə təhsil məzuniyyətinə görə ödənilməmiş 3500 (üç min beş yüz) manat məzuniyyət pullarını və təhsil məzuniyyətinə buraxılmadığından yaranmış 66 kredit borcuna görə dəymiş 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin cavabdeh X7 Limanından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdiyini, hal-hazırda iddia tələbini azaldaraq tələbinə təhsil məzuniyyətinə buraxılmadığından yaranmış 66 kredit borcuna görə dəymiş 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin cavabdeh X7 Limanından alınaraq ona ödənilməsi şəklində baxılmasını istədiyini, yuxarıdakılara əsasən məkhəmədən təhsil məzuniyyətinə buraxılmadığından yaranmış 66 kredit borcuna görə dəymiş 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin cavabdeh X7 Limanından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(078)-99/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin təmin edilməsi və iddia tələbinə İddiaçı təhsil məzuniyyətinə buraxılmadığından yaranmış 66 kredit borcuna görə dəymiş 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin cavabdeh X7 Limanından alınaraq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh X7 Limanının nümayəndəsi Nümayəndə 04 noyabr 2024-cü il tarixdə məhkəməyə iddiaya etiraz göndərərək etirazda qeyd etmişdir ki, İddiaçı Naxçıvan Şəhər Məhkəməsində X7 Limanına (bundan sonra NBHL) qarşı “təhsil məzuniyyəti ilə bağlı məzuniyyət pullarının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. Mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Mülki iş üzrə birinci məhkəmə hazırlıq iclası 14 noyabr 2024-cü il tarixə, saat 11:00 dəqiqəyə təyin edilmişdir. NBHL olaraq qaldırılmış olan iddianı qəbul etmir və aşağıdakı əsaslara görə etiraz edirlər. İlk öncə onu qeyd etmək lazımdır ki, iddiaçı 2020-ci il tarixində əlavə təhsil almağı ilə bağlı Naxçıvan Dövlət Universitetinə daxil olduğunu qeyd etmişdir. Ona təhsil məzuniyyətinin verilməməsini qeyd etmiş, buna dair dəfələrlə müraciət etdiyini bildirmişdir. Bununla bağlı NBHL-nın məktubunun olduğunu da iddia ərizəsində bildirmişdir. Bununla bağlı onu qeyd etmək lazımdır ki, həmin müraciətlərin olmasını təsdiq edəcək müvafiq sənəd yoxdur, belə ki, iddiaçı həmin vaxtlarda ərizə ilə müraciət etmiş, ödənişsiz məzuniyyətə buraxılmış, eyni zamanda müvafiq qanun normalarına uyğun olaraq da iş ilinə görə əmək məzuniyyətinə buraxılmışdır. Bundan əlavə təhsil məzuniyyəti ilə bağlı müraciət etdikdə isə, müvafiq universitetin arayışı əsasında o ödənişli təhsil məzuniyyətinə buraxılmışdır (sənədlər elektron formada məhkəməyə təqdim olunur). Eyni zamanda onu da qeyd etmək istəyir ki, AR Əmək Məcəlləsində təhsil məzuniyyətinə görə pulların ödənilməsi deyilən bir anlayış və ya norma yoxdur. Əgər şəxs təhsil məzuniyyətindən istifadə edirsə, həmin vaxt onun əmək haqqısı saxlanılır və ödənilir. Qeyd edilən tarixlərdə də iddiaçıya müvafiq ödənclər ödənilmişdir. İddiaçı təhsil məzuniyyəti ilə bağlı müraciət etdikdə isə müvafiq arayış əsasında onun təhsil məzuniyyəti hüququ tam təmin edilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, iddiaçı ona vurulmuş ziyanla bağlı tələb irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi NBHL ona heç bir maddi zərər vurmamışdır. Onun təhsil məzuniyyəti müraciət etdiyi vaxtlarda təmin olunmuşdur. Əgər onun universiteti bitirə bilməməsini işlədiyi qurumla bağlayırsa, bu tamamilə qəbul edilməzdir. İddiaçı yuxarıda qeyd edildiyi kimi müraciət etdiyi vaxtlarda və müvafiq arayış təqdim olunduqca o təhsil məzuniyyətinə buraxılmış və orta əmək haqqısı da saxlanılmışdır. İddiaçı hal-hazırda NBHLda işləyir, onun bütün əmək hüquqları qorunur və təmin olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı X1rşı “təhsil məzuniyyəti ilə bağlı məzuniyyət pullarının və dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında özünün rəhbərliyə ərizə təqdim etdiyini, ancaq kadr çatışmazlığı olduğunun bildirildiyini və təhsil məzuniyyətinə buraxılmadığını, özünün yazılı ərizə ilə müraciət etdiyini, ərizəni qəbul etmədiklərini, kadrlardan Ayşən xanımın ona “təhsil məzuniyyəti sənin hüququndursa bizim də razılığımızdır” dediyini, hətta ona “aviasiya oxusan şərait yaradardıq” dediklərini, ərizəni Ayşən xanımın, Firuzə xanımın, Lətifə xanımın yanında verdiyini, hətta Lətifə xanımın “Mənşur müəllim kadr çatışmazlığı var buraxmayın dediyi üçün buraxmırdıq” dediyini, əvvəl iş saatlarının bu formada olmadığını, yəni 2021-ci və 2022-ci illərdə universitetə gedə bildiyini, çünki iş saatlarının, 07:00-dan-16:00-dək olduğunu, həmin vaxt dərs saatları ilə üst-üstə düşmədiyi üçün gedə bildiyini, 2021-ci və 2022-ci illərdə universitetlə bağlı problemi olmadığını, həmin illərə dair də hər hansı tələbi olmadığını, 2023-cü ilin yanvar ayından iş saatlarının dəyişildiyini, 08:00-dan-20:00-dək olduğunu, bu səbəbdən dərsə gedə bilmədiyini, 66 kredit borcu olduğu üçün diplomunun verilmədiyini, yazılı ərizə ilə Hava Limanının həmin dövrdəki direktoruna müraciət etdiyini, hətta bəzən ərizələrinin belə cırılıb atıldığını, Hava Limanının yeni direktor müavininin Lətifə xanımdan onu niyə məzuniyyətə buraxmadıqlarını soruşduqda isə “Mənşur müəllim kadr çatışmazlığı var buraxmayın dediyi üçün buraxmırdıq” dediyini, 2023-cü ilin yanvar ayında təhsil məzuniyyətinə buraxılmadığı üçün universiteti bitirə bilmədiyini, 66 kredit borcu yarandığını, bu problemin sadəcə özündə olmadığını, iş yoldaşlarında da olduğunu, onların öz əmək haqqılarını kredit borcları üçün verdiklərini, bu məsələlərlə bağlı DTX-ya və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət etdiyini, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə yazılı müraciət etmədiyini, sadəcə olaraq şifahi olaraq məsləhət aldığını, həmin vaxt Hava Limanının özünün həmkarlar ittifaqı və hüquqşünası olsa onlara müraciət edəcəyini, ancaq olmadığını, 2023-cü ilin yanvar ayında təhsil məzuniyyətinə buraxılmadığını, dərsə gedə bilmədiyi üçün universitetə getdikdə davamiyyətdən kəsildiyinin deyildiyini, 2023-cü ilin yanvar ayının sonu kəsrlərini bildiyini, 30 neçə kredit borcu olduğunu, praktika da üstünə gəldiyi üçün 66 kredit borcu olduğunu, həmin müddət ərzində kəsildiyi üçün də istehsalat təcrübəsinə buraxılmadığını, praktikaya buraxılmayacağını bilmədiyini, kəsirlərini 2023-cü ilin təxminən fevral-mart aylarında öyrəndiyini, həmin vaxt məhkəməyə müraciət etməməsinin səbəbinin isə hələ təhsil məzuniyyəti almaq üçün müraciətlər etdiyini, bunun nəticəsi olaraq 2023-cü ilin iyun ayında təhsil məzuniyyətinə buraxıldığını, 66 kredit borcunun yəni kəsirlərinin ancaq 2023-cü ilin yanvar ayı ərzində yarandığını, onsuzda 2023-cü ilin iyun ayından artıq təhsil məzuniyyətinə buraxıldığını, 2024-cü ilin avqust ayı mediasiya təşkilatına, 2024-cü ilin oktyabr ayı isə məhkəməyə müraciət etdiyini, tələbinin sadəcə təhsil məzuniyyətinə buraxılmadığından yaranmış 66 kredit borcuna görə dəymiş 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin cavabdeh X7 Limanından alınaraq özünə ödənilməsi olduğunu, həmin pul ödənilərsə kəsirlərini bağlaya biləcəyini, özünün ödəmək üçün maddi imkanı olmadığını, atasının, anasının işləmədiyini, özünün ailəsinə baxdığını, X7 Limanı tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 Limanının nümayəndəsi Nümayəndə izahatında iddiaya etiraz ərizəsində qeyd etdiyi halları təsdiqlədiyini, iddiaçının təhsil məzuniyyəti verilməsi üçün yazılı müraciət etmədiyini, yazılı müraciət etsə buraxılacağını, Əmək Məcəlləsinin tələbinə əsasən şəxsin məzuniyyətə buraxılması üçün müraciət etməli olduğunu, həmçinin iddiaçının iddia ərizəsində təhsil məzuniyyətinin əvəzini istədiyini, Əmək Məcəlləsində təhsil məzuniyyətinin kompensasiyasının nəzərdə tutulmadığını, həmçinin qanunvericiliyə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələrə 1 illik müddət tətbiq edildiyini, iddiaçının həmin 1 il müddəti buraxdığını, iddia müddətinin tətbiqi barədə məhkəməyə göndərdiyi ərizənin nəzərə alınmasını xahiş etdiyini, həmçinin iddiaçının ona maddi ziyanın X7 Limanı tərəfindən vurulmasını təsdiq edən sübutları təqdim etmədiyini, şəxsin yazılı müraciət etsə təhsil məzuniyyətinə buraxılacağını, iddiaçının təhsil məzuniyyətinə buraxılmadığını bu səbəbdən kredit borcu yarandığını dediyini, bəlkə dərsə özünün getmədiyini, bəlkə yaxşı oxumayıb kəsildiyini, bu halların da ola biləcəyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/1084 nömrəli arayışdan görünür ki, 2020/2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin qiyabi şöbəsinin “Beynəlxalq münasibətlər” (əlavə ali təhsil) ixtisasına qəbul olunmuş, İddiaçı oxuduğu müddətdə 8 fəndən və İstehsalat təcrübəsindən, kredit borcu qaldığından 2023- 2024-cü tədris ilində Universiteti bitirə bilməmiş, kontingentdə saxlanılmışdır. Təhsil haqqı 1300 manatdır. Alt qrup: “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının uğurları və beynəlxalq əlaqələri” fənni-fənnin krediti 4, fənnin saatı 14 olmaqla 86.7 manat; “Beynəlxalq iqtisadi münasibətlər” fənni-fənnin krediti 4, fənnin saatı 14 olmaqla 86.7 manat; “Diplomatik protokol və diplomatik yazışma” fənni-fənnin krediti 4, fənnin saatı 14 olmaqla 86.7 manat və “İstehsalat təcrübəsi” fənnin krediti 30 olmaqla 650.00 manat təşkil edir. Əlavə qrup: “Beynəlxalq münasibətlərdə enerji diplomatiyası” fənni-fənnin krediti 6, fənnin saatı 20 olmaqla 207.6 manat; “Beynəlxalq hüquq” fənni-fənnin krediti 6, fənnin saatı 20 olmaqla 207.6 manat; “Avropaşünaslıq” fənni-fənnin krediti 4, fənnin saatı 14 olmaqla 145.32 manat; “Beynəlxalq münasibətlərdə qlobal və regional maraqlar” fənni-fənnin krediti 4, fənnin saatı 14 olmaqla 145.32 manat; “Beynəlxalq mədəni əlaqələr” fənni-fənnin krediti 4, fənnin saatı 14 olmaqla 145.32 manat təşkil edir. Ümumi məbləğ isə 1761.26 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/1048 nömrəli arayışdan görünür ki, 2020/2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin qiyabi şöbəsinin “Beynəlxalq münasibətlər” (əlavə ali təhsil) ixtisasına qəbul olunmuş, İddiaçı oxuduğu müddətdə 8 fəndən və İstehsalat təcrübəsindən, ümumilikdə 66 kredit borcu qaldığından 2023-2024-cü tədris ilində Universiteti bitirə bilməmiş, kontingentdə saxlanılmışdır. İddiaçı mövcud qaydalar əsasında təhsilini davam etdirə bilər. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası X7 Limanı tərəfindən İddiaçı ünvanlanmış 15 avqust 2024-cü il tarixli, 73 nömrəli məktubdan görünür ki, İddiaçı 2021-ci il, 2022-ci il yanvar, iyun və 2023-cü ilin yanvar aylarında olan təhsil məzuniyyətinə buraxılması ilə bağlı müvafiq sənədlər X7 Limanının əmrlər kitabında qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş X7 Limanının «06» sentyabr 2019-cu il tarixli, 88/k nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Aviasiya Təhlükəsizlik xidmətinə aviadaşımalara xidmətin təşkili və nəzarət üzrə agent vəzifəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən (3 aylıq sınaq müddəti ilə) 2019-cu il sentyabr ayının 06-dan qəbul edilmiş və aylıq vəzifə maaşı ştat cədvəlinə əsasən 4-cü ödəmə dərəcəsi ilə 470 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin Aviadaşımalara xidmətin təşkili və nəzarət üzrə agenti xx.xx.2021-ci tarixindən xx.xx.2021-ci il tarixi daxil olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə əsasən 5 (beş) təqvim günü hesabı ilə (öz hesabına) ödənişsiz məzuniyyətə buraxılmışdır. (Əsas olaraq şəxsi ərizəsi göstərilmişdir.) İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin Aviadaşımalara xidmətin təşkili və nəzarət üzrə agenti xx.xx.2022-ci tarixindən xx.xx.2022-ci il tarixi daxil olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə əsasən 2 (iki) təqvim günü hesabı ilə (öz hesabına) ödənişsiz məzuniyyətə buraxılmışdır. (Əsas olaraq şəxsi ərizəsi göstərilmişdir.) İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin aviadaşımalara xidmətin təşkili və nəzarət üzrə agentinə xx.xx.2022/2023-cü iş ilinə görə 2023-cü ilin may ayının 01-dən 22-i daxil olmaqla 21 təqvim günü əmək məzuniyyəti verilmişdir. (Əsas olaraq şəxsi ərizəsi göstərilmişdir.) İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin aviadaşımalara xidməti üzrə agenti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək imtahan sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə istinad edərək 17 (on yeddi) təqvim günü müddətinə ödənişli təhsil məzuniyyətinə buraxılmışdır. (Əsas olaraq Naxçıvan Dövlət Universitetinin xx-xx/3178 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı göstərilmişdir.) İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin aviadaşımalara xidməti üzrə agenti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək imtahan sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə istinad edərək 24 (iyirmi dörd) təqvim günü müddətinə ödənişli təhsil məzuniyyətinə buraxılmışdır. (Əsas olaraq Naxçıvan Dövlət Universitetinin 56-01/214 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı göstərilmişdir.) İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin aviadaşımalara xidmətin təşkili və nəzarət üzrə agentinə xx.xx.2023/2024-cü iş ilinə görə 2024-cü ilin oktyabr ayının 01-dən 23-ü daxil olmaqla 23 təqvim günü əmək məzuniyyəti verilmişdir. (Əsas olaraq şəxsi ərizəsi göstərilmişdir.) İş materiallarına əlavə edilmiş əmrdən görünür ki, İddiaçı- Aviasiya Təhlükəsizlik Xidmətinin aviadaşımalara xidmətin təşkili və nəzarət Tab-1681 üzrə agenti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək imtahan sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə istinad edərək 22 (iyirmi iki) təqvim günü müddətinə ödənişli təhsil məzuniyyətinə buraxılmışdır. (Əsas olaraq Naxçıvan Dövlət Universitetinin 56-01/334 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı göstərilmişdir.) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/1110 nömrəli arayışdan görünür ki, Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının qiyabi şöbəsinin (əlavə ali təhsil) universiteti bitirməyib kontingentdə saxlanılan tələbəsi İddiaçı 2023-cü ilin 05 yanvarından 27 yanvaradək 2022-2023-cü tədris ilinin payız sessiyasına çağırılmış və çağırış arayışını götürmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı cavabdeh X7 Limanına 2023-cü ilin yanvar ayı imtahan sessiyasında iştirak etmək üçün təhsil məzuniyyəti verilməsi ilə əlaqədar olaraq müraciət etməsini, cavabdeh X7 Limanı tərəfindən həmin müddət üçün iddiaçıya təhsil məzuniyyəti verilməməsini və məhz cavabdeh X7 Limanının təqsiri ucbatından iddiaçının 66 kredit borcunun yaranmasını və nəticədə iddiaçıya 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə etiraz ərizəsində və məhkəməyə verdiyi izahatlarında bu halı təkzib etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin x) bəndinə əsasən hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən işləməklə yanaşı təhsil alan işçilərə müvafiq tədris mövsümü sessiyalarında tədristəlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün, dövlət imtahanlarını vermək üçün və diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün ödənişli təhsil məzuniyyətləri verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 123-cü maddəsinin 2-ci hissəsinə əsasən ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə cavabdeh X7 Limanının təqsiri ucbatından ona 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat ziyan vurulması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 66 kredit borcunun yaranmasından 2023-cü ilin yanvar ayının sonu təxminən fevral ayında məlumatlı olmuşdur, bu halı iddiaçının özü məhkəmə iclasında qeyd etmişdir. Cavabdeh X7 Limanının nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Cavabdeh X7 Limanının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədə verdiyi izahatlarından görünür ki, İddiaçı 66 kredit borcunun yaranmasından 2023-cü ilin yanvar ayının sonu fevral ayında məlumatlı olmuş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 1 illik iddia müddəti 2024-cü ilin fevral ayı başa çatmışdır. İş üzrə iddiaçı 06 sentyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 17 sentyabr 2024-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(078)-1415/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qeyd olunan qərardad iddiaçıya göndərildikdən sonra iddiaçının iddia ərizəsi 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 1 illik iddia müddəti keçdikdən sonra müəyyən hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Yəni, iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından sonra mediasiya təşkilatına və sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə iddia müddəti keçməsəydi belə iddianın hüquqi talehi ilə bağlı bir daha qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən cavabdeh X7 Limanının təqsiri ucbatından ona 1761.26 (bir min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat ziyan vurulması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı təhsil məzuniyyəti ilə bağlı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı təhsil məzuniyyəti ilə bağlı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar