Məhkəmə qərarları › İş №2(078)-996/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-996/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-996/2021 22.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : Doğan (Rzayeva) Maral Məhərrəm qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X5 və X6 onun mülkiyyətində olan Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsində yerləşən ev 4, mənzil 17/1-2-3-4-5-ə yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızı iddiasını müdafiə edərək izahatında, əvvəllər evləri olmadığından ailəsi ilə birlikdə dövlətə məxsus balaca bir klubda yaşadıqlarını, 2013-cü ildə həmin klub söküldüyündən Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsində yerləşən 4 nömrəli evin 17/1-2-3-4-5 nömrəlini mənzili Alqı-satqı Müqaviləsinə əsasən X1 alıb 29 yanvar 2013-cü il tarixdə öz adına tam mülkiyyət hüququ üzrə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış aldığını, oğlu X7 2004-cü ildə Ordubad rayonu, Başdizə kənd sakini Cavabdeh ilə evləndiyini, onu köhnə evləri olan kluba gəlin gətirdiyini, onların birgə nikahından X9 və X10 adlı övladlarının doğulduğunu, Abbasın evləndikdən sonra Şirinnaz ilə cəmi 5 ay onlarla birlikdə yaşayıb kirayə evə çıxıb orada yaşamağa başladıqlarını, 2016-cı ildə yenidən ailəsi ilə onun mülkiyətində olan evə köçərək onlarla yaşamağa başlasalar da, artıq onların yola gedə bilmədiklərini, 2019-cu ildə oğlunun Türkiyədə işlədiyi müddətdə Şirinnazın uşaqları da özü ilə götürüb evi tərk etdiyini, 2019-cu ilin dekabr ayı boşanma barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, məhkəmə tərəfindən dəfələrlə barışıq üçün vaxt verildikdən sonra nikahlarının pozulduğunu, Şirinnazın artıq 3 ildən artıq müddətdir ki, uşaqları ilə bərabər daimi olaraq ona məxsus mənzildən gedərək atası evində, Ordubad rayonu, Başdizə kəndində yaşamasına baxmayaraq, uşaqları ilə birlikdə onun mülkiyyətində olan evin pasport qeydiyyatında qaldıqlarını, cavabdehin və uşaqlarının onun mənzilində qeydiyyatda olmalarının onun həmin mənzil üzərində sərəncam vermək hüquqlarına maneə törətdiyini, evini bağışlamaq istədiyini, lakin həmin evdə qeydiyyatda olan şəxslərin razılığının tələb olunduğunu, cavabdehin mənzilin pasport qeydiyyatından çıxarılması üçün İnzibati Məhkəməyə müraciət etdiyini, lakin onların cavabdeh keçmiş ailə üzvü olduğundan ilk əvvəl onun istifadə hüquqlarının itirilməsi barədə ümumi məhkəmədə iddia qaldırmaq hüququnu ona izah etdiklərini, 2019-cu ildən kommunal xərcləri ödədiyini, cavabdehə və onun uşaqlarına görə ona kvadratı artıq olan ev verilmədiyini, cavabdehə pul ödəmək fikrinin olmadığını göstərərək, Cavabdeh övladları X5 və X6 onun mülkiyyətində olan Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsində yerləşən ev 4, mənzil 17/1-2-3-4-5-ə yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, X15 ilə 2004-cü ildə evləndiyini, klubda qaldıqlarını, kulubda yaşamaq üçün özlərinə şərait yaratdıqlarını, 2013-cü ildə klub sökülərkən ailə üzvünə görə evin kvadratının çox verildiyini, bu səbəbdən həmin evdə onlarında haqqının olduğunu, hazırda 250 manata kirayədə qaldığını, birgə yaşaya bilmədiklərindən həmin evdən məcbur qalıb çıxdıqlarını, iddiaçıdan 4-5 ilin kirayə pulunu verməsini və ya ona bir otaqlı mənzil almasını istədiyini, əks halda iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, Ə.Naxçıvani məhəlləsində istifadədə olan 0.096 ha torpaq sahəsində yerləşən, 4 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 100.70 kv.m ümumi, 72.40 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 17/1-2-3-4-5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 281 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********05- 05101-093001, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 29.01.2013). Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Fərdi yaşayış fonduna aid yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X3 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışa əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan X3 aşağıdakı ailə üzvləri vardır:

1. X15 oğlu 1982-ci il təvəllüdlü;

2. Cavabdeh gəlini 1984-cü il təvəllüdlü;

3. X9 nəvəsi 2008-ci il təvəllüdlü;

4. X10 nəvəsi 2010-cu il təvəllüdlü;

5. X11 qızı 1980-ci il təvəllüdlü. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 400472 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 ilə Cavabdeh arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(078)-79/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehin və övladlarının istifadə hüququn itirilmiş hesab edilməsi barədə iddia irəli sürdüyü mənzil (ünvan 3 ünvanında yerləşən) üzərində sahiblik hüququna malikdir, yəni müvafiq iddia tələbi ilə çıxış etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin sahibi iddiaçıdır, cavabdeh isə iddiaçının gəlini olmaqla, həmin evə qeydiyyata düşmüşdür. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 400472 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 ilə Cavabdeh arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(078)-79/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Beləliklə, mübahisə qüvvədə olan qanunvericiliyə əsasən həll edilməlidir. Hazırki iş üzrə cavabdeh övladları ilə birlikdə evi tərk etmişdir. Mülki Məcəllənin 228.1-ci, 228.2-ci və 228.5-ci maddələrinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, cavabdehin və övladlarının yaşayış sahəsindən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onların iddiaçıya məxsus evdə yaşamalarına əsas verən iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin və övladlarının iddiaçıya məxsus olan evdən istifadə hüquqları yoxdur. Onlarn həmin mənzil üzərində istifadə hüquqları olmadığından mövcud olmayan hüququn itirilməsi (və ya hüququna xitam verilməsi) barədə iddia təmin oluna bilməz. Lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunun mənasına görə, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədədir. Yəni, əksi sübut olunmayınca, şəxsin qeydiyyatda olduğu yer onun yaşayış yeri hesab olunur. Bundan başqa, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Şəxsin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununa əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Mülki Məcəllənin 157.4-cü maddəsində, sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqazidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Məhkəmə müvafiq iddia tələbini neqator iddia kimi qiymətləndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X12 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən, fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, cavabdehin və övladlarının yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması mülkiyyət hüquqlarının və ya titul sahibinin hüququnun pozulması kimi qiymətləndirilməli, iddia təmin olunmasa da, cavabdehin və övladlarının ünvan 3 ünvanında yerləşən mənzil üzrə pasport qeydiyyatında qalmaları mülkiyyətçinin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının müvafiq iddia tələbi ilə çıxış etməsinin məqsədi məhz cavabdehin və övladlarının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasıdır. Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı halda, iddiaçının pozulmuş hüququ bərpa oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər 2004-cü ildən dövlətə məxsus balaca bir kulubda yaşadıqlarını, bildirsələrdə bunu sübut edəcək rəsmi sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

Doğan (Rzayeva) Maral Məhərrəm qızının Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia rədd edilsin. Doğan (Rzayeva) Maral Məhərrəm qızı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar