Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-999/2022 09.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi iş stajının müəyyən olunması barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxaraq müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 dekabr 1990-cı ildən 02 fevral 1996-cı ilə qədər işləməsinin, iş stajının müəyyən olunması və həmin illərin sosial sığorta stajına hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. MPM-ə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır (305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-in 308-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Göründüyü kimi qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin əsas zəruri şərti kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Baxılan iş üzrə ərizəçi hansı İdarədə işləməsi faktının müəyyən olunmasını göstərməmişdir. Belə ki, ərizəçi 16 dekabr 1990-cı ildən 02 fevral 1996-cı ilə qədər işləməsinin müəyyən edilməsini xahiş etsə də hansı təşkilatda işləməsi barədə hər hansı tələb qeyd edilməmişdir. Ərizəçinin təsviri hissəsində ərizəçi Naxçıvan 7 nömrəli Qaz İdarəsində işlədiyini bildirmişdir. Arxiv arayışında 1989-cu ildən sonrakı illərə dair Naxçıvan 7 nömrəli Qaz İdarəsinin əmr və əmək haqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Ərizəçinin şahid olaraq adlarını qeyd etdiyi şəxslərin əmək kitabçalarına nəzər saldıqda Naxçıvan 7 nömrəli Qaz İdarəsinin təşkilatı hüquqi strukturunda dəyişikliklə olması barədə qeydlər vardır. Ərizəçi işlədiyini iddia etdiyi İdarənin təşkilatıhüquqi strukturunda dəyişiklik olub-olmaması barədə müvafiq vergi orqanına müraciət etməmiş, və alınmış cavabı ərizəsinə əlavə etməmişdir. Həmçinin ərizəçi həmin illərin sosial sığorta stajına hesablanmasını xahiş etmiş, lakin həmin tələb ümumiyyətlə məhkəmənin səlahiyyətinə aid deyil, müvafiq orqanın səlahiyyətinə aid məsələdir. Ərizəyə əlavə edilən sənədlərdən "xxxx" Firmasının dövlət qeydiyyatı haqqında şəhadətnamənin nə məqsədlə əlavə edilməsi aydın deyil. Ərizəçi əmək kitabçasının surətini ərizəyə əlavə edilməmişdir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına xx.xx.2022-ci ildə 20125 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi iş stajının müəyyən olunması barədə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına xx.xx.2022-ci ildə 20125 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-999/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-999/2022
09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver