Məhkəmə qərarları › İş №2(078)-999/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-999/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-999/2024 04.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızının iştirakları ilə İddiaçı cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızına qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızına qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Qasımova (Rəsulova) Aygün Əli qızından 13500 (on üç min beş yüz) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 150 (bir yüz əlli) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Əzizbəyov rayonu Binə Qəsəbəsində yerləşən “Arazavia” tam ortaqlı firması ilə müqavilə bağlayaraq Bakı şəhərində ümumi sahəsi 40 kv.m olan anbar icarəyə götürmüşdür. Həmin tarixdən anbar binasını mağaza kimi istifadə edib, qadın geyimlərinin satışı ilə məşğul olmuşdur. O Bakı şəhərində yerləşən mağazadan müxtəlif geyimlər gətirərək, Naxçıvan şəhərində də satış etmişdir. 2016-cı il tarixdə qonşuluqda yaşayan Qasımova (Rəsulova) Aygün Əli qızı ondan müxtəlif vaxtlarda geyimlər almışdır. Lakin aldığı geyimlərin ödənişlərini etməmişdir. 2016-cı il tarixdən bu günədək cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızının ona 13500 (on üç min beş yüz) manat borcu qalmışdır. O cavabdehdən dəfələrlə ona olan borcunu qaytarmağını istəsə də hər dəfəsində müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməmişdir. Bununla bağlı o Naxçıvan şəhər Polis idarəsinə müraciət etmişdir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət olunmağı tövsiyə olunmuşdur. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 13500 (on üç min beş yüz) manat borcun və 150 manat dövlət rüsumunun cavabdehlərdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. 24 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından 13500 (on üç min beş yüz) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 150 (bir yüz əlli) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Bakı şəhəri, Binə qəsəbəsində qadın geyimlərinin və digər əşyaların satışını təşkil edərək mağaza işlətdiyini, həmin mağazadan cavabdeh Aygün Qasımova (Rəsulova)nın 1 oyma-70 manat, 1 oyma-80 manat, 1 yaylıq-20 manat, 1 mebel-1000 manat, 1 oyma yun-400 manat, yubka kostyum 300 manat, kostyum-200 manat, 1 yubka kofta-150 manat, tək kofta villur-200 manat, yubka-100 manat, anası-1000 manat, 1 skater 200 manat, 2 qara skater-400 manat, 2 setka skater-400 manat, 2 pastel- 400 manat, pakrıval-800 manat, 18 zir 60 manatdan 180 manat, 18 tarelka-60 manatdan- 180 manat, 18 stəkan 50 manatdan-150 manat, 2 adyal-120 manat, 1 yanı güllü klyonka- 130 manat, sırğa qolbaq-80 manat, paltar göy qolu tüklü-300 manat, sumka-50 manat, kofta 100 manat, 1 yaylıq 200 manat villur, 1 villur yaylıq-180 manat, qaşlı oyma-400 manat, 1 oyma 100 manat, şalvar üstü kofta-100 manat, 1 oyma 80 manat, 1 yubka-80 manat, sırğa-50 manat, 4 papıc-20 manat, 1 sırğa dəst-50 manat, 1 kofta 100 manat, 1 ağ yubka-80 manat, 2 sabo (tapışka) 30 manat, kostyum dəst-162 manat, şalvar-30 manat, borc verdiyi 1600 manat, qızın məktəbinə borc verdiyi 200 manat, sumka-70 manat, gümüş sırğa üzük-80 manat, sep-20 manat, sep-30 manat, dəst gül üzük-70 manat, kofta- 100 manat, kofta-70 manat, şalvar-50 manat lasın, adyal pilet-80 manat, ağ qara bantikli yay donu-70 manat, 5 corab-10 manat, mirvari qolbaq-50 manat, sep klon allah yazılı-50 manat, sırğa-40 manat, qolbaq-50 manat, kofta-50 manat, yubka-70 manat, sırğa-30 manat, yubka kofta dəst-200 manat, oyma-350 manat, kostyum-100 manat, 1 şarf-40 manat, 4 dənə papıc-8 manat, oyma-100 manat, oyma 2x120-240 manat, 1 kostyum-200 manat, 1 Kostyum-40 manat, kofta 2x60=120 manat, yubka-75 manat, boyunbağı-40 manat, üzük-30 manat, gül sırğa-80 manat, 1 spartivni-150 manat, oyma-180 manat, damaşnik-15 manat, tros sep qolbaq-100 manat, 2 damaşnik-26 manat, 2 naski-6 manat olan malları nisyə götürərək satdığını və əldə etdiyi pulları ona qaytarmadığını, əlavə olaraq 1800 manat da borc aldığını, bunları o nisyə verdiyi malların dəftərində qeyd etdiyini, beləliklə cavabdeh Aygün Qasımova (Rəsulova)nın ondan götürüb satdığı mallara görə 11700 (on bir min yeddi yüz) manat, borc kimi aldığı 1800 (bir min səkkiz yüz) manat pulunu vermədiyini, ona görə də iddia tələbini dəqiqləşdirərək Qasımova (Rəsulova) Aygün Əli qızından adları yuxarıda qeyd etdiyi əşyaların dəyəri olan 11700 (on bir min yeddi yüz) manatın və borc kimi aldığı 1800 (bir min səkkiz yüz) manat pulun və ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi daxilində baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-999/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə nisyə götürərək satdığı əşyaların dəyəri olan 11700 (on bir min yeddi yüz) manatın və borc kimi aldığı 1800 (bir min səkkiz yüz) manat pulun və iddiaçının ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından alınıb iddiaçıya verilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında cavabdehin aybaay gəlib həmin əşyaları aldığını, cavabdehin həmin əşyaları ondan alıb başqa kiməsə satmadığını, sadəcə özünü bəzəyən biri olduğunu, pulunu qaytarmadığını, bu məsələ ilə bağlı polis şöbəsinə müraciət etdiyini, cavabdehi 10-15 ildir tanıdığını, iddia ərizəsində göstərilən əşyaları cavabdehin 8 il olar ki, ara-sıra götürdüyünü, cavabdehin özünü aldatdığını, pulu verəcəyini dediyini, ancaq vermədiyini, 11700 manat pulun ərizədə qeyd edilən əşyaların pulu olduğunu, 1800 manat pulu isə borc kimi verdiyini, təxminən 3 il əvvəl verdiyini, cavabdehin qızı universitetdə oxuyan vaxt təhsil haqqını ödəyə bilmədiyini deyib pul istədiyini, özünün də 1500 manat verdiyini, sonra da 300 manat da qızına paltar, ayaqqabı almaq üçün istədiyini, özünün də verdiyini, faizlə pul vermədiyini, cavabdehin lotereya oynayıb pulunu qaytaracağını dediyini, ancaq qaytarmadığını, məcbur qalıb cavabdehin ərinə dediyini, onun da verəcəyini dediyini, ancaq vermədiyini, Könülün yanında pulu cavabdehə verdiyini, 1500 manat pulu cavabdehə verərkən Könülün gördüyünü, başqa heç kimin görmədiyini, 300 manat pulu verəndə Könülün görmədiyini, cavabdehə pulla yanaşı mal da verdiyini, paltar, qab, pastel, xrustal stəkan, zir, tarelka, skater kimi əşyalar verdiyini, cavabdehin yalan dediyini, özünün ərizədə göstərilən 11700 manat dəyərində əşyaları və 1800 manat pulu cavabdehə verdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızı 24 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının onu lotereyaya qoşduğunu, iddiaçıdan 500 manat borc pul aldığını, faiz hesablayıb çox pul istədiyini, qızının universitetə qəbul olduğunu 500 manat iddiaçıdan pul istədiyini, iddiaçının ona “mən sələm kimi verirəm” dediyini, bundan başqa iddiaçıdan 500-600 manatlıq mal aldığını, iddiaçıya 500 manat pul qaytardığını, uşaqlarının da məhəllədəki hər kəsin də bildiyini, 50 manat dəyərində bir ədəd oyma aldığını, 80 manat dəyərində bir ədəd oyma almadığını, 20 manat dəyərində bir ədəd yaylıq aldığını, 1000 manat dəyərində mebel almadığını, 400 manat dəyərində bir ədəd yun oyma almadığını, 300 manat dəyərində yubka kostyum dəsti almadığını, 200 manat dəyərində kostyum almadığını, 150 manat dəyərində bir dəst yubka kofta aldığını, 40 manat dəyərində tək villur kofta aldığını, 100 manat dəyərində yubka almadığını, 200 manat dəyərində bir ədəd qara skater aldığını, iki ədəd pastel aldığını ancaq qiymətinin 400 manat olmadığını, 80 manat olduğunu, 800 manat dəyərində pakrıval almadığını, 180 manat dəyərində 60 manatdan 18 ədəd zir almadığını, 32 manat dəyərində 12 ədəd zir aldığını, 180 manat dəyərində 60 manatdan 18 ədəd tarelka almadığını, 150 manat dəyərində 50 manatdan 18 ədəd stəkan almadığını, 32 manat dəyərində 12 ədəd stəkan aldığını, 120 manat dəyərində iki ədəd adyal almadığını, bir adyal aldığını onun da qiymətinin yadından çıxdığını, 130 manat dəyərində bir ədəd yanı güllü klyonka almadığını, 80 manat dəyərində sırğa-qolbaq aldığını, 300 manat dəyərində göy qolu tüklü paltar almadığını, 50 manat dəyərində sumka almadığını, 100 manat dəyərində kofta almadığını, 200 manat dəyərində bir ədəd villur yaylıq almadığını, 180 manat dəyərində bir ədəd villur yaylıq almadığını, 400 manat dəyərində qaşlı oyma almadığını, 100 manat dəyərində bir ədəd oyma almadığını, 100 manat dəyərində şalvar üstü kofta almadığını, 80 manat dəyərində bir ədəd oyma almadığını, 80 manat dəyərində bir ədəd yubka almadığını, 50 manat dəyərində sırğa almadığını, 20 manat dəyərində 4 cüt papıc almadığını, 10 manat dəyərində 2 cüt papıc aldığını, 50 manat dəyərində bir ədəd sırğa dəsti almadığını, 100 manat dəyərində bir ədəd kofta almadığını, 80 manat dəyərində bir ədəd ağ yubka almadığını, 30 manat dəyərində iki cüt sabo (tapışka) almadığını, 162 manat dəyərində kostyum dəsti almadığını, 30 manat dəyərində şalvar almadığını, 70 manat dəyərində sumka almadığını, 80 manat dəyərində gümüş sırğa üzük almadığını, 20 manat dəyərində sep almadığını, 30 manat dəyərində sep almadığını, 70 manat dəyərində dəst gül üzük almadığını, 100 manat dəyərində kofta almadığını, 70 manat dəyərində kofta almadığını, 50 manat dəyərində şalvar lasin almadığını, 80 manat dəyərində adyal pilet almadığını, 70 manat dəyərində ağ qara bantikli yay donu almadığını, 10 manat dəyərində 5 corab almadığını, 50 manat dəyərində mirvari qolbaq almadığını, 50 manat dəyərində allah yazılı sep klon almadığını, həmin klonu anasına verdiyini, özünün almadığını, 40 manat dəyərində sırğa almadığını, 50 manat dəyərində qolbaq almadığını, 50 manat dəyərində kofta almadığını, 70 manat dəyərində yubka almadığını, 30 manat dəyərində sırğa almadığını, 200 manat dəyərində yubka kofta dəsti almadığını, 350 manat dəyərində oyma almadığını, 100 manat dəyərində kostyum almadığını, 40 manat dəyərində bir ədəd şarf almadığını, 8 manat dəyərində 4 cüt papıc almadığını, 100 manat dəyərində oyma almadığını, hər biri 120 manat olmaqla 240 manat dəyərində iki ədəd oyma almadığını, 200 manat dəyərində bir ədəd kostyum almadığını, 40 manat dəyərində bir ədəd kostyum almadığını, hər biri 60 manat olmaqla 120 manat dəyərində iki ədəd kofta almadığını, 75 manat dəyərində yubka almadığını, 40 manat dəyərində boyunbağı almadığını, 30 manat dəyərində üzük almadığını, 80 manat dəyərində gül sırğa almadığını, 150 manat dəyərində bir ədəd spartivni almadığını, 180 manat dəyərində oyma almadığını, 8 manat dəyərində damaşnik aldığını, 100 manat dəyərində tros sep qolbaq almadığını, 26 manat dəyərində iki cüt damaşnik almadığını, 6 manat dəyərində iki cüt naski almadığını bildirmişdir. 04 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında isə iddiaçıdan 70 manat dəyərində bir ədəd oyma aldığını, 80 manat dəyərində bir ədəd oyma almadığını, 20 manat dəyərində bir ədəd yaylıq aldığını, 1000 manat dəyərində mebel almadığını, 400 manat dəyərində bir ədəd yun oyma almadığını, 300 manat dəyərində yubka kostyum almadığını, 200 manat dəyərində kostyum almadığını, 150 manat dəyərində bir ədəd yubka kofta almadığını, tək villur kofta aldığını ancaq qiymətinin yadından çıxdığını, 100 manat dəyərində yubka almadığını, anasının 1000 manat pul almadığını, mal aldığını, anasının öldüyünü, həmin pulu da iddiaçıya özünün qaytardığını, 200 manat dəyərində bir ədəd skater almadığını, 400 manat dəyərində iki ədəd qara skater almadığını, 200 manat dəyərində bir ədəd qara skater aldığını, 400 manat dəyərində iki ədəd setka skater almadığını, iki ədəd pastel aldığını ancaq qiymətinin 400 manat olmadığını, 70 manat olduğunu, 800 manat dəyərində pakrıval almadığını, 180 manat dəyərində 60 manatdan 18 zir almadığını, 12 manat dəyərində 12 zir aldığını, 180 manat dəyərində 60 manatdan 18 tarelka almadığını, 150 manat dəyərində 50 manatdan 18 stəkan almadığını, təxminən 16 manat dəyərində 12 stəkan aldığını, 120 manat dəyərində iki ədəd adyal almadığını, 130 manat dəyərində bir ədəd yanı güllü klyonka almadığını, 80 manat dəyərində sırğa qolbaq aldığını, 300 manat dəyərində göy qolu tüklü paltar almadığını, 25 manat dəyərində sumka aldığını, 100 manat dəyərində kofta almadığını, 200 manat dəyərində bir ədəd villur yaylıq almadığını, 180 manat dəyərində bir ədəd villur yaylıq almadığını, 400 manat dəyərində qaşlı oyma almadığını, 100 manat dəyərində bir ədəd oyma almadığını, 100 manat dəyərində şalvar üstü kofta almadığını, 80 manat dəyərində bir ədəd oyma almadığını, 80 manat dəyərində bir ədəd yubka almadığını, 50 manat dəyərində sırğa almadığını, 20 manat dəyərində 4 papıc aldığını, 50 manat dəyərində bir ədəd sırğa dəsti almadığını, 100 manat dəyərində bir ədəd kofta almadığını, 80 manat dəyərində bir ədəd ağ yubka almadığını, 30 manat dəyərində iki cüt sabo (tapışka) almadığını, 9 manat dəyərində bir cüt sabo aldığını, 162 manat dəyərində kostyum dəsti almadığını, 30 manat dəyərində şalvar almadığını, 70 manat dəyərində sumka almadığını, 80 manat dəyərində gümüş sırğa üzük almadığını, 20 manat dəyərində sep almadığını, 30 manat dəyərində sep almadığını, 70 manat dəyərində dəst gül üzük almadığını, 100 manat dəyərində kofta almadığını, 70 manat dəyərində kofta almadığını, 50 manat dəyərində şalvar lasin almadığını, 80 manat dəyərində adyal pilet almadığını, 70 manat dəyərində ağ qara bantikli yay donu almadığını, 10 manat dəyərində 5 cüt corab almadığını, 50 manat dəyərində mirvari qolbaq almadığını, 50 manat dəyərində allah yazılı sep klon almadığını, həmin klonu iddiaçının anasına verdiyini, özünün almadığını, 40 manat dəyərində sırğa almadığını, 50 manat dəyərində qolbaq almadığını, 50 manat dəyərində kofta almadığını, 70 manat dəyərində yubka almadığını, 30 manat dəyərində sırğa aldığını, 200 manat dəyərində yubka kofta dəsti almadığını, 350 manat dəyərində oyma almadığını, 100 manat dəyərində kostyum almadığını, 40 manat dəyərində bir ədəd şarf almadığını, 8 manat dəyərində 4 cüt papıc almadığını, 100 manat dəyərində oyma almadığını, hər biri 120 manat olmaqla 240 manat dəyərində iki ədəd oyma almadığını, 200 manat dəyərində bir ədəd kostyum almadığını, 40 manat dəyərində bir ədəd kostyum almadığını, hər biri 60 manat olmaqla 120 manat dəyərində iki ədəd kofta almadığını, 75 manat dəyərində yubka almadığını, 40 manat dəyərində boyunbağı almadığını, 30 manat dəyərində üzük aldığını, 80 manat dəyərində gül sırğa almadığını, 150 manat dəyərində bir dəst spartivni almadığını, spartivnini 80 manat dəyərində aldığını, 180 manat dəyərində oyma almadığını, 15 manat dəyərində damaşnik aldığını, 100 manat dəyərində tros sep qolbaq almadığını, 26 manat dəyərində iki cüt damaşnik almadığını, 6 manat dəyərində iki cüt naski aldığını, iddiaçının ona 1800 manat borc vermədiyini, qızının təhsil haqqını ödəyə bilmədiyi üçün iddiaçıdan pul istədiyini, iddiaçının da pulu olmadığını dediyini, sonra ona çörək sexinin yanında bir nəfərdən 500 manat sələmlə pul alıb verdiyini dediyini, həmin pulu da iddiaçıya qaytarmadığını, iddiaçının özünü lotereyaya qoşduğunu, ona həmin pulu götürüb borca verəcəyini dediyini, iddiaçının yəqin ki, həmin 500 (beş yüz) manat pulun sələmini hesablayıb 1800 (bir min səkkiz yüz) manat pul istədiyini, iddiaçıdan əlavə olaraq 1300 (bir min üç yüz) manat məbləğində borc pul almadığını, bu barədə iddiaçının qeyd etdiklərinin yalan olduğunu, iddiaçının ona gah 1000 manat, gah 2000 manat, gah da 13000 manat borcu olduğunu dediyini, iddiaçıdan heç kimin yanında pul almadığını, iddiaçıdan 500 manatdan əlavə borc almadığını, həmin pulu da qaytarmadığını, aldığı əşyaların dəyərini də iddiaçıya ödədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bir dəfə Məhbubəgildə olarkən Aygünün onlara gəldiyini, Məhbubəyə “işdən çıxmışam, işləmirəm, qapımıza gəlmə, yoldaşım bilməsin, pulunu qaytaracam” dediyini, Aygünün Məhbubədən qablar aldığını, özünün yanında Aygünün Məhbubədən nə isə aldığını görmədiyini, həmçinin Məhbubənin özünün yanında Aygünə borca pul vermədiyini, bunu öz gözü ilə görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində illər əvvəl Aygünün Məhbubədən 2 ədəd qara zərli skater, 1 ədəd toxuma skater, yun oyma, yubka kostyum götürdüyünü gördüyünü, bundan başqa heç nə görmədiyini, həmçinin Məhbubənin ona Aygünün iş axtardığını dediyini, ona çörək sexində iş olduğunu dediyini, Aygünün istəmədiyini, özünün yanında Məhbubənin Aygünə pul vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində cavabdehin əri olduğunu, iddiaçının onlara şər atdığını, həyat yoldaşının Məhbubədən 500 manat sələmlə pul götürdüyünü, 450 manat pulu özünün Məhbubəyə qaytardığını, ayda 100 manat olaraq qaytardığını, həyat yoldaşının pulun qaytarılmadığnı desə də səhv dediyini, Aygünün oxumağı, yazmağı, danışmağı bilmədiyini, iddiaçıdan skater, ayaqqabı aldıqlarını, həmin əşyaları almağa özünün də getdiyini, pulu həyat yoldaşı ilə birlikdə iddiaçıya qaytardıqlarını bildirdi. İş materiallarına əlavə edilmiş “Arazavia” firmasının təsisçisi ilə X2 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, X2 “Yeni bazar” ticarət kompleksində 40 kv.m anbar icarəyə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə verdiyi ərizəsində qeyd etmişdir ki, “Naxçıvan şəhər sakini Fatma adlı şəxsə 9500 manatlıq paltar satmışam. Artıq müəyyən müddət keçməsinə baxmayaraq mənim pulumu vermir. Eyni zamanda Aygün adlı şəxsə də 13500 manat dəyərində cehizlik mal və evimin mebellərini satmışam. Lakin Aygün adlı şəxs də mənə olan borcunu ödəmir. Göstərilən məsələlərlə bağlı mənə köməklik göstərməyinizi sizdən xahiş edirəm”. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhəri, N.Hikmət küçəsi, ev 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı müraciəti ilə bağlı görülmüş işlərə dair Naxçıvan ŞPİnin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Mayis Nuri tərəfindən tərtib olunmuş 06 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Naxçıvan şəhəri, N.Hikmət küçəsi, ev 3 ünvanında qeydiyyatda olan və yaşayan Əsgərova X3 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Naxçıvan şəhər sakinləri, Fatma adlı şəxsə 9500 manat və Aygün adlı şəxsə 13500 manat dəyərində paltar satdığını, həmin şəxslərin borclarını vermədiklərini bildirmiş, bu məsələ ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Əsgərova X3 Şəhər Polis idarəsinə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında, ərizəsində göstərdiyi xüsusatları qeyd etmiş, Naxçıvan şəhər sakinləri Fatma və Aygün adlı şəxslərin ona 7-8 il əvvəldən borcları qaldığını bildirmişdir. Araşdırma zamanı Fatma adlı şəxsin Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 99, mənzil 26 qeydiyyatda olan və yaşayan X7 olduğu müəyyən olunmuş, izahatı alınması üçün Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuşdur. F.Seyidova izahatında İddiaçı tanıdığını, ondan nisyə qadın geyimləri aldığını təsdiqləmiş, borcunun müəyyən hissəsini qaytardığını, 2450 manat borcu qaldığını, hazırda maddi imkanı zəif olduğundan borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Əlavə olaraq Aygün adlı şəxsin ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh olduğu müəyyən olunmuş, izahatı alınması üçün Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuşdur. Cavabdeh izahatında İddiaçı tanıdığını, ona əvvəllər borcu olduğunu, lakin sonra ödədiyini, hazırda Məhbubə adlı şəxsə borcu olmadığını bildirmişdir. Göstərilənlərə əsasən Naxçıvan şəhəri, N.Hikmət küçəsi, ev 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı müraciəti əsasında toplanmış material cinayət xarakterli hadisə ilə əlaqədar olmadığından, ərizənin saxlanılması üçün Naxçıvan ŞPİ-nin dəftərxanasına təhvil verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı ünvanlanmış 06 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmış və müraciəti ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Aparılan araşdırma zamanı etdikləri müraciət cinayət xarakterli hadisə ilə əlaqədar olmadığından, material üzrə qanunauyğun qərar qəbul olunmuşdur. Əlavə olaraq, müraciəti ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehin borc kimi aldığı 1800 (bir min səkkiz yüz) manat pulun alınaraq ona qaytarılmasına dair hissədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçının, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə 1800 (bir min səkkiz yüz) manat məbləğində borc pul verdiyini, cavabdehin həmin pulu qaytarmadığını bildirmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızı verdiyi izahatında iddiaçıdan 1800 (bir min səkkiz yüz) manat məbləğində borc pul almadığını, 500 (beş yüz) manat aldığını, həmin pulu iddiaçıya qaytarmadığını, iddiaçının yəqin ki, həmin 500 (beş yüz) manat pulun sələmini hesablayıb 1800 (bir min səkkiz yüz) manat pul istədiyini, iddiaçıdan əlavə olaraq 1300 (bir min üç yüz) manat məbləğində borc pul almadığını, bu barədə iddiaçının qeyd etdiklərinin yalan olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 500 (beş yüz) manat məbləğində borc aldığını inkar etmir. Cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızı ona verildiyi qeyd edilən qalan 1300 (bir min üç yüz) manat məbləğində borcu inkar edir. Məhkəmə cavabdehin iddiaçıdan 500 (beş yüz) manat məbləğində borc aldığını bildirməsinə dair etirafını həqiqətən də həmin məbləğdə pulun ona verilməsinin hazırda iddia tələbinin 500 (beş yüz) manat hissəsinin təsdiqi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdehin verdiyi izahatında iddiaçıdan 500 (beş yüz) manat məbləğində borc aldığını və qaytarmadığını bildirməsini borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Borc məbləğinin 500 (beş yüz) manat hissəsinin qaytarılmadığını cavabdehin özü təsdiq etdiyindən məhkəmə mövcud tələbin həmin hissəsinə münasibətdə tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi 1800 manat borcun qaytarılmasını tələb etməsi ilə bağlı 500 (beş yüz) manat hissədə təmin edilməlidir. İddiaçı izahatında cavabdehə əlavə olaraq 1300 (bir min üç yüz) manat məbləğində borc verdiyini qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızı isə bunu izahatında inkar etmişdir. İddiaçının cavabdehin ondan əlavə olaraq 1300 (bir min üç yüz) manat məbləğində borc almasını təsdiq edən sübut qismində məhkəməyə dəvət edilmiş şahidlər isə iddiaçının cavabdehə borc pul verməsini ümumiyyətlə görmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 1300 (bir min üç yüz) manat məbləğində pul borc verilməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 1800 manat borcun qaytarılmasını tələb etməsi ilə bağlı qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin nisyə götürdüyü əşyaların dəyəri olan 11700 (on bir min yeddi yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızı verdiyi izahatlarında iddiaçıdan 70 manat dəyərində bir ədəd oyma aldığını, 20 manat dəyərində bir ədəd yaylıq aldığını, 150 manat dəyərində bir dəst yubka kofta aldığını, 40 manat dəyərində bir ədəd villur kofta aldığını, 200 manat dəyərində bir ədəd qara skater aldığını, iki ədəd pastel aldığını ancaq qiymətinin 400 manat olmadığını, 70 manat olduğunu, 32 manat dəyərində 12 ədəd zir aldığını, 32 manat dəyərində 12 ədəd stəkan aldığını, bir ədəd adyal aldığını onun da qiymətinin yadından çıxdığını, 80 manat dəyərində sırğa qolbaq aldığını, 25 manat dəyərində sumka aldığını, 20 manat dəyərində 4 cüt papıc aldığını, 9 manat dəyərində bir cüt sabo aldığını, 30 manat dəyərində sırğa aldığını, 30 manat dəyərində üzük aldığını, 80 manat dəyərində bir dəst spartivni aldığını, 15 manat dəyərində damaşnik aldığını, 6 manat dəyərində iki cüt naski aldığını, həmin əşyaların dəyərini iddiaçıya ödədiyini, iddiaçının ərizəsində qeyd etdiyi digər əşyaları almadığını, bu barədə iddiaçının qeyd etdiklərinin yalan olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də bir ədəd oyma, bir ədəd yaylıq, bir dəst yubka kofta, bir ədəd villur kofta, bir ədəd qara skater, iki ədəd pastel, 12 ədəd zir, 12 ədəd stəkan, bir ədəd adyal, sırğa-qolbaq, bir ədəd sumka, dörd cüt papıc, bir cüt sabo, bir ədəd sırğa, bir ədəd üzük, bir dəst spartivni, bir cüt damaşnik, iki cüt naski aldığını inkar etmir. Cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızı ona verildiyi qeyd edilən qalan əşyaların iddiaçı tərəfindən ona verildiyini inkar edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, həmin əşyaların qiymətlərinə münasibətdə isə cavabdehin məhkəmə hazırlıq və baxış iclaslarında ziddiyyətli ifadə verməsini, belə ki, məhkəmə hazırlıq iclasında 500 manat aldığı borcu iddiaçıya qaytardığını, 40 manata villur kofta aldığını, 150 manata skater aldığını, iki pasteli 80 manata aldığını, 150 manata yubka kofta aldığını, 1 ədəd adyal aldığını qiymətinin yadından çıxdığını, üzük almadığını, spartivni almadığını, naski almadığını və həmin xüsusatlara münasibətdə baxış iclasında isə 500 manat aldığı borc pulu iddiaçıya qaytarmadığını, koftanın qiymətinin yadından çıxdığını, 200 manata skater aldığını, iki pasteli 70 manata aldığını, yubka kofta almadığını, adyal almadığını, 30 manat dəyərində bir ədəd üzük aldığını, 80 manat dəyərində bir dəst spartivni aldığını, 6 manat dəyərində iki cüt naski aldığını bildirməsini nəzərə alaraq bunu cavabdehin öhdəliyini yerinə yetirməkdən yayınmaq üçün etdiyi qənaətinə gələrək belə hesab edir ki, cavabdeh tərəfindən alındığı qeyd edilən əşyaların dəyərləri iddiaçının ərizəsində göstərdiyi məbləğdə nəzərə alınmalıdır. Ancaq iddiaçının ərizəsində “18 zir 60 manatdan 180 manat və 18 stəkan 50 manatdan 150 manat” kimi qeyd etdiyi əşyalara münasibətdə isə iddiaçı konkret olaraq saya uyğun məbləğ göstərmədiyindən və cavabdeh məhkəmə iclasında həmin sayı və məbləği inkar etdiyindən 32 manat dəyərində 12 ədəd zir aldığını və 32 manat dəyərində 12 ədəd stəkan aldığını qeyd etdiyindən məhkəmə belə hesab edir ki, həmin əşyalara münasibətdə iddiaçının iddia tələbi cavabdehin qəbul etdiyi məbləğdə, yəni 64 manat miqdarında təmin edilməlidir. Məhkəmə cavabdehin iddiaçıdan bir ədəd oyma, bir ədəd yaylıq, bir dəst yubka kofta, bir ədəd villur kofta, bir ədəd qara skater, iki ədəd pastel, 12 ədəd zir, 12 ədəd stəkan, bir ədəd adyal, sırğa-qolbaq, bir ədəd sumka, dörd cüt papıc, bir cüt sabo, bir ədəd sırğa, bir ədəd üzük, bir dəst spartivni, bir cüt damaşnik, iki cüt naski adlı əşyaları aldığını bildirməsinə dair etirafını həqiqətən də həmin əşyaların ona verilməsinin etirafı kimi nəzərə alaraq həmin əşyaların yuxarıda sadalanan və nəzərə alınan dəyərinə uyğun olaraq hazırda iddia tələbinin 1560 (bir min beş yüz altmış) manat hissəsinin təsdiqi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh izahatında qeyd olunan əşyaların dəyərini iddiaçıya qaytardığını bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin qeyd olunan etirazının əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə iş üzrə cavabdehin verdiyi izahatında iddiaçıdan bir ədəd oyma, bir ədəd yaylıq, bir dəst yubka kofta, bir ədəd villur kofta, bir ədəd qara skater, iki ədəd pastel, 12 ədəd zir, 12 ədəd stəkan, bir ədəd adyal, sırğa-qolbaq, bir ədəd sumka, dörd cüt papıc, bir cüt sabo, bir ədəd sırğa, bir ədəd üzük, bir dəst spartivni, bir cüt damaşnik, iki cüt naski adlı əşyaları aldığını və pulunu qaytardığını bildirsə də pulu qaytarmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə İddiaçı həmin əşyaların dəyəri olan 1560 (bir min beş yüz altmış) manat hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. İddia tələbi həmin əşyaların pulun qaytarılmasına dair hissədə təmin edilməlidir. Məhkəmə həmin hissədə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi 1560 (bir min beş yüz altmış) manat hissədə təmin edilməlidir. İddiaçı ərizəsində və məhkəməyə verdiyi izahatlarında cavabdehə əlavə olaraq ərizəsində qeyd etdiyi digər əşyaları da verdiyini qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh isə bunu izahatında inkar etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından (Mülki Prosessual Məcəlləsinin 77.1, 14 və 78-ci maddələrindən) görünür ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə ərizəsində qeyd etdiyi və cavabdeh tərəfindən alındığı inkar edilən əşyaların cavabdehə verilməsinə dair tələbinin əsaslılığını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddiaçının iddia tələbi cavabdehin ondan aldığını qeyd etdiyi digər əşyaların dəyəri olan 10140 (on min yüz qırx) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzrərində “Amor Home style İtaly özdilek” yazılmış dəftəri sübut kimi qiymətləndirmir. Belə ki, həmin dəftərdə ümumilikdə əşyalar və dəyərləri qeyd edilmiş, dəftərdə qeyd olunan yazıların kimin tərəfindən qeyd edilməsi, hansı tarixdə qeyd edilməsi, əşyaların kimə hansı tarixdə verilməsi, əşyaların kim tərəfindən alınması ilə bağlı hər hansı bir qeyd həmin dəftərdə mövcud deyildir. Buna görə də həmin dəftərin hər hansı faktın təsdiqi üçün əhəmiyyəti yoxdur və sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yekunda məhkəmə belə hesab edir ki, iddia tələbi ümumilikdə 2060 (iki min altmış) manat pulun cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından tutularaq İddiaçı ödənilməsinə dair hissədə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 22.89 (iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; -2060 (iki min altmış) manat məbləğində pul cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından tutularaq İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd edilməli; -iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 22.89 (iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 2060 (iki min altmış) manat məbləğində pul cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq 22.89 (iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Qasımova (Rəsulova) Aygün Əli qızından tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar