Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-188/2025 25.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “31” yanvar 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X2 ölümündən sonra Babək rayon Nehrəm qəsəbəsində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 286A və 286B nömrələri ilə qeyd olunmuş yaşayış evi və həyətyanı sahədən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, müraciətini əsaslandıraraq qeyd etmişdir ki, anam X8 15 aprel 2003-cü il tarixdə vəfat etmiş, ölümündən sonra Babək rayon Nehrəm qəsəbəsində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 286A və 286B nömrələri ilə qeyd olunmuş yaşayış evi və həyətyanı sahədən ibarət mülkiyyət miras qalmışdır. Mərhum anam X6 aşağıdakı vərəsələri var:
1. Həyat yoldaşı-X3- (1981-ci ildə vəfat etmişdir)
2. Qızı- Maraqlı şəxs1 !947-ci il təvəllüdlü
3. Oğlu- X4 (1985-ci ildə vəfat etmişdir)
4. Qızı- Maraqlı şəxs2 1953-cü il təvəllüdlü
5. Oğlu- Maraqlı şəxs3 1955-ci il təvəllüdlü
6. Oğlu- X1 (2007-ci ildə vəfat etmişdir)
7. Qızı- Maraqlı şəxs4 1963-cü il təvəllüdlü
8. Qızı- X7 1966-cı il təvəllüdlü Mərhum anam X2 vəfatından sonra miras qalan Babək ravon Nehrəm qəsəbəsində yerləşən miras əmlakı orada qalıb yaşamaqla qəbul etmişəm. Mərhum anam 04 vanvar 1991-ci il tarixli, notariat kontorunda təsdiq edilmiş möhürlü vəsiyyətnamədə evini və bütün əşyalarını mən və bacım Məryəmə vəsiyyət etdiyini yazmışdır. Qardaş və bacılarımın, habelə yuxarıda qeyd etdiyim mərhum qardaşım Abbasqulu Hüsevnovun vərəsələrinin miras əmlakı adıma keçirməyimə etirazları yoxdur. Bu barədə qardaşım və Maraqlı şəxs4 da daxil bütün bacılarım mərhum anamın miras əmlakından imtina etdiklərini ifadə edən ərizə vermişlərdir. Yalnız mərhum qardaşım Məhərrəm Hüseynovun vərəsələri miras əmlaka heç bir münasibət bildirməmişlər (qoşma qismində Abbasqulu və Məhərrəm Hüseynovların vərəsələri barədə arayışları da əlavə edilmişdir). Mən qanunvericiliyin tələblərini bilmədiyimdən anamın vəfatından bugünkü tarixədək vərəsəlik haqqında şəhadətnamə almamışam. Bu məqsədlə Naxçıvan Regional “ASAN Xidmət“ Mərkəzindəki Notariat ofisinə müraciət etdiyim zaman notarius tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməsindən rəsmi olaraq imtina edilməklə, ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Əlavə olaraq qeyd edim ki, anamdan qalmış miras əmlak Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 286A və 286B nömrələri ilə qeyd olunmuş yaşavış evi və həyətyanı sahədən ibarət torpaq paylı mülkiyyət kimi Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu tarixli, 81 saylı qərarı əsasında mənim və X2 adlarına rəsmiləşdirilmişdir. Miras əmlakın qəbul edilməsində qanunvericiliyin tələb etdiyi müddəti ötürdüyümdən və qardaşım Məhərrəm Hüseynovun vərəsələrindən başqa, digər vərəsələrdən heç birinin miras əmlakı qəbul etmək niyyətləri olmadıqları faktını nəzərə almaqla, mərhum anam X2 miras əmlakının tərəfimdən qəbul edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət elməli olmuşam. Ərizə məhkəmənin icraatına qəbul edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs7 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Ərizəçi məhkəmədə verdiyi izahatında mərhum anası X2 2003-cü il tarixdə vəfat etdiyini, ondan Babək rayonu, Nehrəm qəsəbəsində 0.3 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi təyinatlı və çöl torpağının miras qaldığını, həmin torpaq sahəsində bir evin olduğunu, evin sənədləşdirilmədiyini, anasının ölümündən sonra miras qalan evdə özü və bacısı Maraqlı şəxs4 ilə birlikdə qaldıqlarını, həmin evin anasının ölümündən iki il əvvəl tikildiyini, 2004-cü ildə ailə qurduğunu, Babək rayonu, Çeşməbasar kəndində yaşadığını və bacısı Məryəmin də özü ilə birlikdə qaldığını, yoldaşının 2018-ci ildə vəfat etdiyini, nikahda olduğu müddətdə və hazırda daimi olaraq babək rayonu Çeşməbasar kəndində yaşadığını, Babək rayonu Nehrəm qəsəbəsində olan evə isə gedib gəlməklə həmçinin qalmaqla nəzarət etdiyini, evin kommunal xərclərini özünün ödədiyini, evi kirayə vermədiyini, arabir həmin evdə bacısı Məryəmlə gedib qaldıqlarını, torpaq sahəsində evin olduğunu və sənədləşdirilmədiyini, evi satmadığını bildirmişdir. Maraqlı şəxs1 ərizənin təmin olunmasına etiraz etmədiyini, əvvəlcədən miras əmlakdan imtina ilə bağlı ərizəyə qol çəkdiyini, anasının ölümündən sonra həmin miras əmlakda bacısı Tərlan və Məryəmin qaldığını bildirmişdir. Maraqlı şəxs2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında ərizənin təmin olunmasına etiraz etmədiyini, anasının 2003-cü ildə vəfat etdiyini, onun ölümündən sonra həmin əmlakda bacıları Tərlan və Məryəmin qaldığını bildirmişdir. Maraqlı şəxs3 məhkəmə hazırlıq iclasında verdiyi izahatında 1991-ci ildə anasını notariusa apardığını, anasının vəsiyyətnamə verdiyini, həmin sənədə özü və qardaşı mərhum Abbasqulunun da qol çəkdiyini, anasının bütün əmlakını qızları Tərlan və Məryəmə verdiyini, evin bütün təmir işlərini özünün etdiyini, bir müddət anasının vəfatından sonra həmin evdə bacıları ilə tək qalmasınlar deyə özünün də qaldığını, Tərlan evlənəndən sonra isə bir müddət gəlib bacıları ilə birlikdə həyətə nəzarət etdiyini, həmin əmlakın bacıları arasında bölünməsini istədiyini və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs4 məhkəmə hazırlıq iclasında verdiyi izahatında əmakın Babək rayonu, Nehrəm qəsəbəsində yerləşdiyini, bacısı ilə birlikdə qaldığını, evə gedib gəldiklərini bildirmişdir. Maraqlı şəxs5 məhkəmə hazırlıq iclasında verdiyi izahatında ərizəyə etiraz etdiyini, ərizəçinin bibisi olduğunu, əmisinin gəlib ondan notariusa gedib qol çəkmələrini istədiyini, səbəbini soruşanda isə əmisinin bibisi Tərlanın əmlakı satıb kredit götürmək istədiyini, buna görə də Tərlanın əmlakı adına rəsmiləşdirmək istədiyini dediyini, bibisinin özünün ondan ərizə verməyini istəməli olduğunu, özü gəlib ya da zəng edib desəydi ərizəyə qol çəkəcəyini, əmlakda gözünün olmadığını, heç bir pay istəmədiyini, lakin atasından miras qalmış əmlakı belə onlara atasının ölümündən sonra pulla satdıqlarını, bu səbəblərdən də Ərizəçi mirası qəbul etməsi ilə bağlı ərizəsinə etiraz etdiyini qeyd etmişdir. Maraqlı şəxs6 məhkəmə hazırlıq iclasında verdiyi izahatında, qol çəkməcəyini, evi bibisinin keçən ildən satdğını, evi alan adam adına rəşmiləşdirə bilmədiklərinə görə ərizə verdiklərini, bibisi Tərlan ərə getdikdən sonra digər bibisi Məryəmlə birlikdə Çeşməbasar kəndində yaşadıqlarını, miras əmlakda yaşamadıqlarını, yalan dediklərini, uşaqlıqdan onları küçələrə atdıqlarını, onlara əmilik və bibilik etmədiklərini, ərizəyə etiraz etdiyini bildirmişdir. İş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə belə hesab edir ki, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.9-cu maddələrindən aydın olur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktlara daxildir. MPM-in 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 №-li qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, işdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilməlidir. Belə ki, MPM-in 306.4-cü maddəsinə görə isə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Ərizəçi ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə verilərkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024cü il tarixli, 1579 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İşdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilsin. Ərizəçi "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 1579 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.