Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-2/2025 08.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılma, Cavabdeh1 qarşı mənzildən məcburi qaydada çıxarılma və digər tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “17” avqust 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan Babək rayon, Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Şıxmahmud kənd sakini Cavabdeh2 həyat yoldaşı X2 rayon Xəlilli kənd tam orta məktəbində işlədiyimiz vaxt evlərini satmaq istədiklərini bildirdi. Mən ondan evin neçə kvadrat metr torpaq sahəsi üzərində tikildiyini və qiymətini soruşub, almaq istədiyimi bildirdim. Onunla razılaşdıqdan sonra Hidayətin ona evin satılmasına görə verdiyi etibarnaməyə əsasən 8000 (səkkiz min) manat pul verib, 20 aprel 2009-cu il tarixdə Babək rayon Notariat Ofisində alqı-satqı müqaviləsi əsasında 3322 kv.metr torpaq sahəsi üzərində ümumi sahəsi 130.22 kv.metr olan evi aldıqdan sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adıma rəsmiləşdirdim. X.İmamquliyevadan evi boşaltmasını tələb etdikdə isə o kirayə mənzil tapana kimi evdə qalmasını xahiş etdi. Mən ona onsuz da evi kirayə verəcəyimi bildirib, onunla bir ayı 100 manatdan razılaşıb, evi ona kirayə verdim. Beləliklə onlar 2013-cü il tarixədək 100 manatdan, ondan sonra isə bir ayını 200 manatdan 2022-ci il tarixədək razılaşdıq. Mən evi alandan sonra 11 aprel 2022-ci il tarixdə, 4Ə-142 nömrəli alqı-satqı müqaviləsi əsasında 400 kv.metr , daha sonra isə 28 mart 2023-cü il tarixdə 4Ə-131 nömrəli alqı-satqı müqaviləsi əsasında 400 kv.metr torpaq sahəsini satmışam. Hal-hazırda həmin 130.22 kv.metr ev və 0.2038 ha torpaq sahəsini 04 may 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********664-10301 reyestr nömrə ilə rəsmiləşdirib adıma çıxarış almışam, tam mülkiyyət hüququ üzrə mənə məxsusdur. Mən rəsmi olaraq ərizə yazıb, poçt vasitəsilə həmin şəxslərə göndərdim ki, evi boşaldıb, çıxsınlar, lakin onlar buna heç əhəmiyyət belə verib evdən çıxmaq istəmirlər. Faktiki olaraq mən öz mülkiyyətimdə yaşaya bilmirəm. Hesab edirəm ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, məhkəmənin 22 noyabr 2023-cü il tarixli qərardadı ilə Babək Rayon Məhkəməsinin icraatında olan Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız edilməsi tələbinə dair mülki işə baxılıb nəticə verilənədək İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işin məhkəmə baxışına hazırlığın icraatı dayandırılmış, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə mindiyindən icraat xx.xx.2025-ci il tarixdə təzələnmişdir. 05 mart 2025-ci ildə mülki iş üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və X1 İddiaçı Mirhadi oğlunun mülkiyyətində olan Naxçıvan MR Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla yanaşı, həm də müştərək qaydada kirayə borcuna görə yaranmış 5000 manat, məhkəmə proseslərinə gediş-gəliş üçün çəkilmiş yol xərcinə görə 1000 manat və ona vurulmuş mənəvi ziyana görə 4000 manat, cəmi birlikdə 10 000 (on min) manat məbləğində pulun alınıb İddiaçı Mirhadi oğluna ödənilməsi həcmində baxılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Babək rayonu Şıxmahmud kəndində yerləşən evini Cavabdeh2 1 ayı 200 manatdan kirayə vermiş, 2023-cü ilin mart ayına kimi hər ay 200 manat kirayə haqqı almışdır. Lakin Cavabdeh2 2023-cü ilin mart ayından məhkəmədə qaldırmış olduğu əsassız iddialara görə bugünə qədər kirayə haqqını ödəməmişdir. Bu səbəbdən də Cavabdeh2 İddiaçı 2023-cü ilin mart ayından indiyə kimi 25 aylıq, 200 manatdan 5000 manat kirayə borcu, bundan başqa İddiaçı Bakı şəhərində yaşadığına görə Cavabdeh2 əsassız olaraq rədd olunan iddialarına görə məhkəmə proseslərinə gediş-gəlişi üçün çəkmiş olduğu yol xərcinə görə 1000 manat borcu yaranmış və İddiaçı bir müəllim, ağsaqqal olaraq istər yaşadığı kənd sakinləri arasında, istərsə də dərs tədris etmiş olduğu məktəbdə, rayonda və bir çox dövlət qurumlarında şərəf və ləyaqətini alçaldaraq işgüzar nüfuzdan salan böhtan xarakterli məlumatlar yayaraq mənəvi ziyan vurmuşdur. Ona görə də İddiaçı mənəvi görə 4000 (dörd min) manat məbləğində pul ödəməlidir. Həmçinin, İddiaçı 03 aprel 2025-ci ildə iddia tələbinin həcminin artırılması barədə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı müraciət edərək kirayə borcuna görə yaranmış 5000 manat, yol xərcinə görə 1000 manat və mənəvi ziyana görə 4000 manat, ümumilikdə 10 000 (on min) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə həmçinin Cavabdeh1 kirayə borcuna görə yaranmış 5000 manat, yol xərcinə görə 1000 manat və mənəvi ziyana görə 4000 manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi həddində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında Aygünün tikdiyi evin yerləşdiyi özünə məxsus torpaq sahəsinin bələdiyyə qiymətini ödəmək şərtilə torpağı ona satmağa razılıq verdiyini, cavabdehlərin hər ikisinin Babək rayonu, Xəlilli kəndində yaşayış evləri olduğunu, evlərini satdıqdan sonra Aygünün Naxçıvan şəhərində kirayədə yaşamağa başladığını, Hidayətin isə bir neçə ildən sonra ondan mübahisəli torpaq sahəsini aldığını, daha sonra onların faizə düşdüyünü, özünün isə həmin vaxtlar Babək rayonu, Nəzərabad kəndində yerləşən 30-40 sot torpaq sahəsi satdığını və əlində pulun olduğunu, əvvəllər cavabdeh Hidayətin arvadı Xeyrəngül müəllimənin ona təklif etdiyi həmin evi almaq istəmədiyini, lakin məktəbdə müəllim yoldaşı olduğu Aygün və Xeyrəngül müəllimənin təkidi ilə həmin torpağı və evi Hidayətdən satın alıb adına rəsmiləşdirdiyini, evin böyük olduğunu, həmin vaxtlar Aygünün də kirayə pulu verməsin deyə oraya gəlib yaşamasını Hidayət və Xeyrəngülün xahiş etdiyini, onlara etiraz etmədiyini, Aygünün şəhərdən köçüb orada yaşamağa başladığını, cavabdehlərin ona qarşı pul tələbinə dair iddiasına baxılıb rədd edildiyini, həmçinin qarşı tərəfin müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmədə qaldırdığı iddianın da rədd edildiyini, bununla bağlı olaraq kifayət qədər vaxt keçdiyini, əvvəllər yalnız cavabdehlərin evdən çıxarılmasını istəsə də qarşı tərəfin işi yubatması səbəbindən 2 il ərzində dəfələrlə Bakı şəhərinə gedib qayıtmalı olduğunu, 2 ildir ki, hər ay 200 manatdan evin kirayə pulunun verilmədiyini, 1000 manat məhkəməyə gəlib-getməklə bağlı yol xərclərinə sərf etdiyini, prokurorluqda, məhkəmədə və digər dövlət orqanlarında onu faizə pul verməkdə ittiham etdikləri üçün böhtana görə 4000 manat mənəvi zərər olmaqla ümumilikdə 10000 manat pulun Cavabdeh1 alınaraq ona verilməsini xahiş etdiyini, Aygünə kirayə mənzil vermədiyini, lakin onun özünün əqdin etibarsızlığı ilə bağlı işdə şahid gətirib hər ay müəyyən miqdarda kirayə haqqı verdiyinə dair dəlillər irəli sürdüyünü, Xavər, Hüseynalı adlı şəxslərin şahid kimi verdikləri ifadələrdə cavabdehlərin kirayə pulu ödədiyini etiraf etdiyini, 2 ildir evinə gedə bilmədiyini, cavabdehlərin onu təhqir edib, üzərinə hücum etdiklərini, torpaq sahəsini alarkən üzərində 1 yaşayış evinin olduğunu, həmin vaxt evdə Hidayət, onun arvadı Xeyrəngül, həmçinin onun razılığı ilə sonradan Aygün və 3 uşağının köçüb yaşadığını, Aygün və ailə üzvlərinin 2012-ci ildən sonra həmin evdə yaşamağa başladığını, 2013-cü ildə isə Aygünün həmin torpaqda ev tikməyə başladığını, 3-4 aydan bir evə baş çəkdiyini, Aygünlə aralarında ona evin kirayə verilməsinə dair razılığının olmadığını, lakin Aygünün aybaay kirayə pulunu gətirib ödədiyini, evin kirayə verilməsinə dair cavabdehlərlə ayrıayrılıqda razılaşmadığını, Hidayətin arvadı Xeyrəngüllə alqı-satqı etdiyini, kirayə haqqını da Xeyrəngülün Aygünə, Aygünün də ona verdiyini, kirayə haqqına dair iddianı Hidayətə qarşı qaldırmaq istədiyini, lakin onun pensiya kartından hər ay 132 manat pul tutulduğunu, onun ödəyə bilməyəcəyini nəzərə alıb ödənilməmiş kirayə haqqını Aygündən tələb etdiyini, 2023cü ilin may ayından kirayə pulunun ödənilmədiyini, aylıq kirayə haqqının 200 manat olduğunu, 2013-cü ilədək isə hər ay 100 manat kirayə haqqı verildiyini, həmin vaxtdan kirayə pulu qalxdığı üçün Xeyrəngülə “ya evdən çıxın, ya da hər ay 200 manat pul verin” dediyini, razılaşıb 200 manat kirayə pulu ödədiklərini, özünün də torpaq sahəsinin bir hissəsini satdığı üçün buna etiraz etmədiyini, Aygünə “gətirin torpağın pulun verin mən də torpağı sənin adına keçirim” dediyini, lakin bunu da etmədiklərini, 2023-cü ilin iyul ayından Naxçıvana hava yolu vasitəsilə gəlib qayıtdığını, sonuncu dəfə isə avtobusla Naxçıvana gəldiyini, bəzən ay ərzində 2 dəfə Naxçıvana gedib-gəldiyini, əvvəldən yol xərci ilə bağlı iddia qaldırmaq fikri olmadığı üçün biletləri saxlamadığını, bəzən isə biletləri onlayn aldığını, yaşadığı, müvəqqəti qeydiyyatda olduğum yer, həmçinin iş yeri ilə əlaqədar arayışları məhkəməyə təqdim etdiyini, şəkər xəstəliyi tutduğunu təsdiq edən tibbi sənədləri də məhkəməyə təqdim etdiyini, Hidayətin onu faizə pul verdiyinə görə prokurorluğa şikayət etdiyini, prokurorluqdan verilmiş arayışda 2009-cu ildən həmin tarixədək onun barəsində heç bir şikayət ərizəsinin olmadığı barədə qeyd edildiyini, qarşı tərəfin isə yalandan faizə pul verdiyini deyib şəxsiyyətini alçaltdığını, bu səbəbdən də mənəvi zərər tələb etdiyini, yekun məhkəmə aktı çıxanadək Aygünün ev tikdiyi torpaq sahəsinin pulunu ödəməsi halında torpaq sahəsini razılaşdığı qiymətə ona sata və məcburi çıxarma iddiasını geri götürə biləcəyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında iddiaçı ilə aralarında kirayə müqaviləsinin bağlanmadığını, iddiaçıya ondan aldığı borcun əvəzinə aylıq pul ödədiyini, evdə qalmağına görə isə kirayə haqqı vermədiyini, 2013-cü ildən həmin torpaq sahəsi üzərində ev tikməyə başladığını, həmin vaxtadək isə atasıgillə qaldığını, 2017-2018-ci ildən isə özünün iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi evə köçdüyünü, evdə hazırda özü, əri və uşaqlarının yaşadığını, evi özünün tikdiyini, həmin vaxtadək isə iddiaçıya olan borcuna görə ona pul ödədiyini, ondan sonra da ödəməyə davam etdiyini, daha sonra maddi imkanı olmadığından ödənişi saxladığını, 2 ildir artıq iddiaçıya pul vermədiyini, ona heç bir şərböhtan atmadığını, 2000 manat İbrahimdən faizə borc pul alıb qaytardığını, İbrahimin torpağında tikdiyi evin sahəsinin 200 m2 olduğunu, İbrahimin torpaq sahəsinin 1 sotunu 3000 manata qiymətləndirdiyini, 3 sot torpaq sahəsini 9000 manata təklif etdiyini, amma özünün buna imkanı olmadığından torpağın pulunu ödəyib evi adına rəsmiləşdirə bilmədiyini bildirmiş, sonda iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatında Miribrahimlə aralarında heç bir razılaşma olmadığını, Miribrahimə indiyədək 76000 manat pul verdiyini və daha ona pul ödəməyəcəyini bildirmiş, sonda iddianın təmin olunmamasını xahiş etmişdir. İddia tələbinin Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan Babək rayon, Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında işin mübahisəsiz qaydada müəyyən olunmuş halı ondan ibarətdir ki, Cavabdeh2 hazırda həmin fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiadır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bundan başqa məhkəmə onu da bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsindən, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən aydın olur ki, mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. Cavabdeh2 isə İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin eyni tərəflər arasında mövcud olmuş mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsızlığına dair mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması və Cavabdeh2 hər hansı qanuni əsas olmadan həmin fərdi yaşayış evində yaşaması müəyyən olunduğundan məhkəmə sonuncuya münasibətdə iddia tələbini mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım hesab edir və əsaslı olması qənaətinə gəlir. Bununla belə məhkəmə araşdırması zamanı digər Cavabdeh1 iddiaçının çıxarılmasını tələb etdiyi ona məxsus fərdi yaşayış evində yaşamadığı mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etdiyini və 2018-ci ildən etibarən orada yaşadığını bildirmiş və cavabdeh də bununla razılaşmışdır. Məhkəmə qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda fərdi yaşayış evindən çıxarılması tələb olunan Cavabdeh1 həmin evdə yaşaması müəyyən olunmadığından məhkəmə iddia tələbini işin sözügedən faktiki halını nəzərə alaraq əsaslı hesab etmir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin Cavabdeh1 kirayə borcuna görə yaranmış 5000 manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, zamanı Cavabdeh1 iddiaçının kirayə haqqını tələb etdiyi 2023-cü ilin mart ayından indiyə qədər olan dövr ərzində iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaması mülki işin müəyyən olunmuş halıdır. Elə iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunu da Cavabdeh2 həmin dövr ərzində yaşadığı evdə razılaşdırılmış kirayə haqqının ödənilməməsi ilə əsaslandırılmış, lakin sonda iddiaçı həmin kirayə haqqının digər Cavabdeh1 tutulmasını tələb etmişdir. İddiaçı fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında Cavabdeh1 ilə aralarında kirayə müqaviləsinin bağlanmadığı, həmçinin sonuncunun həmin dövrdə orada yaşamadığı faktını etiraf etmiş, kirayə haqqını ondan tələb etməsinin səbəbini digər Cavabdeh2 ödəmə qabiliyyətinin olmaması ilə əsaslandırmışdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 ilə İbrahim Seyidov arasında iddiaçının istinad etdiyi 2023-cü ilin mart ayından indiyə qədər olan dövrdə kirayə hüquq münasibətlərinin yaranması və bunun məntiqi davamı olaraq ödənilməmiş kirayə haqqının mövcudluğu məhkəmədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə Cavabdeh1 4000 manat məbləğində pul vəsaitinin alınıb verilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin sözügedən hissədə qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli qərarının (bundan sonra – “Qərar”) 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. “Qərar”ın ikinci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərə uğradığını Cavabdeh1 əsassız olaraq qaldırdığı iddialar və ona qarşı faizə pul verməsi ilə bağlı şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (4.2). Cavabdehlər tərəfindən iddiaçıya qarşı qaldırılmış “müqavilənin etibarsız hesab edilməsi” iddia tələbi rədd edilsə də sözügedən iddia özlüyündə legitim məqsəd güddüyündən açıq-aşkar əsassız iddia kimi qiymətləndirilə və iddiaçının hər hansı əsasla mənəvi zərərlə bağlı iddia tələbinin təmini üçün əsas kimi çıxış edə bilməz. Şəxsin məhkəməyə müraciət etmək hüququ heç bir halda onun qanunsuz hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. Belə ki, “Qərar”ın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsi Eşinqdeyn (Ashıngdane) Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may tarixli Qərarında öz əvvəlki hüquqi mövqelərinə istinad edərək göstərmişdi ki, məhkəməyə müraciət etmək hüququ qeyd-şərtsiz deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə fərqli ola bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər əlçatanlıqla bağlı hüququn mahiyyətini pozacaq qədər məhdudlaşdırılmamalı və azaldılmamalıdır. Bundan əlavə, əgər o qanuni məqsəd güdmürsə və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan nisbət yoxdursa, həmin məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinə uyğun gəlməyəcək. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı barəsində Cavabdeh1 tərəfindən şəxsin faiz qarşılığında borc verməklə bağlı səsləndirdiyi fikirlər onun iddiaya qarşı etirazlarının əsası kimi istinad etdiyi dəlil xarakteri daşımaqla qanunsuzluğu hər hansı normativ hüquqi aktla nəzərdə tutulmuş qaydada yayılmamışdır. Sözügedən halları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqlarının pozulması ilə mənəvi zərərə uğramasını və bunun Cavabdeh1 hansı təqsirli hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olduğunu sübuta yetirə bilməmişdir və iddia mənəvi zərərə dair hissədə əsaslı sayıla və təmin edilə bilməz. MPM-in - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.4-cü maddəsinə görə tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-cü maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın Cavabdeh1 məhkəməyə gəlib-getməklə əlaqədar çəkilmiş xərcə görə 1000 manat pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmadığından və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən həmin hissədə də əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 İddiaçı məxsus Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, iddia Cavabdeh1 münasibətdə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat (bir yüz) dövlət rüsumunun yarısı olan 50 (əlli) manat Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, qalmış hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh2 İddiaçı məxsus Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. İddia qaldırılan zaman 50 (əlli) manat miqdarında dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-2/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-2/2025
08.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver