Məhkəmə qərarları › İş №2(079)-202/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-202/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-202/2020 12.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi vəkili-nümayəndəsi Vəkil vasitəsilə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum əri X2 mülkiyyətində olan ünvan 1 mənzil 29 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi xx xxxx 2020-ci tarixdə keçirilən məhkəmə baxışı iclasında izahatında bildirdi ki, X7 ilə xx xxxxxx 1987-ci il tarixdə Babək rayon VVAQ Şöbəsində nikahlarını rəsmiləşdirib ailə qurublar. O, X2 ikinci nikahdan olan arvadıdır. Mərhum əri xx xxxxxx 2017-ci il tarixdə vəfat edibdir, onların birgə nikahlarından Vüsal və Vüsalə adlı qızları dünyaya gəlibdir, mərhum ərinin birinci nikahdan olan arvadı X4 ilə aralarında olan nikah xx xxxxxxx 1984-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulubdur. Həmin nikahdan X6 və X8 dünyaya gəlibdir. Mərhum əri ilə birgə nikahda olduqları müddətdə Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospektində 2 otaqlı mənzil əldə edərək orada yaşayıblar, hər iki övladıda həmin mənzildə doğulubdur. Mərhum ərim X7 həmin evə dair adına xx xxxxxx 2014-cü il tarixdə “çıxarış” alıbdır. Mərhum əri M. Süleymanov xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş və onun mülkiyyətində olan ünvan 1 mənzil 29 miras qalıbdır. Mərhum ərinin vəfatından həm əvvəl, həm də sonra onun mülkiyyətində olan evdə o, övladları ilə birlikdə yaşayıblar. Miras əmlakı faktiki olaraq o qəbul edib, bütün kommunal xərcləri, əmlak vergisini və sığortasını ödəyibdir. Hazırda həmin evə o sahiblik edir və onun istifadəsindədir. Lakin bu günədək maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilməyibdir. O, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət edib, lakin Babək rayon Notariat Ofisi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından vərəsəlik şəhadətnaməsini verməkdən imtina edərək, onun məhkəməyə müraciət etməli olduğunu bildiribdir. Sonda ərizəçi qeyd edilənləri nəzərə alaraq məhkəmədən mərhum əri X2 mülkiyyətində olan ünvan 1 mənzil 29 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Ərizəçi bildirdi ki, mərhum əri X2 birinci evliliyindən X6 və X8 adlı qızları vardır, hal-hazırda mərhumun hər iki qızı Türkiyə Respublikasındadırlar və ölkədə olan pandemiya səbəbindən qayıda bilmirlər. Mərhumun birinci evliliyindən olan qızları, hələ Türkiyə Respublikasına getməmişdən əvvəl atalarından qalan miras əmlakı qəbul etməyiblər, lakin onlar mərhum atalarından qalan miras əmlakdan pay istəyiblər, onlar arasında razılıq olmadığından və miras qalmış əmlakı sənədləşdirə bilmədiyindən o məcbur qalıb məhkəməyə müraciət edibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmədə ərizəçi vəkili-nümayəndəsi Vəkil vasitəsilə təmsil edilmişdir. Bunu nəzərə alan məhkəmə işə Ərizəçi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili-nümayəndəsi Vəkil verdiyi izahatında bildirdi ki, təmsil etdiyi Ərizəçi mərhum əri X1 ünvan 1 mənzil 29 qalmış miras əmlakı faktiki olaraq qəbul edibdir, lakin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddətdə mirasın qəbulu ilə bağlı ərizə vermədiyindən, notarius ərizəçiyə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edibdir. Mərhum X2 digər vərəsələri Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və X8 mirası qəbul etməyiblər, lakin mərhum M.Süleymanovun birinci nikahından olan övladları S.Süleymanlı və N.Süleymanlı ərizəçidən mərhum X1 ünvan 1 mənzil 29 qalmış miras əmlakdan pay tələb etdiklərindən, onlar arasında razılıq olmadığından Ərizəçi miras əmlaka dair vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Məhkəmə baxışı iclasına maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və X8 məhkəmə iclasına çağırılmışlar. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və X5 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və X3 iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.4 xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ərizəçi və maraqlı şəxslər arasında miras əmlak olan mənzilə dair hüquq mübahisəsi vardır. Belə ki, iş materiallarında olan mərhum X2 adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli çıxarışda Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospektində olan 0.1143 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində, 48.62 kv.metr ümumi, 29.33 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzil tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 17/1 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır, lakin maraqlı şəxslər X6 və X3 həmin miras qalmış mənzildən vərəsə kimi pay istəmələri və onlar arasında hüquq mübahisəsinin olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən maraqlı şəxslərin ümumi əsaslarla məhkəməyə iddia vermək hüquqları vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Babək filialına xx.xx.2020ci il tarixdə 34552 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Babək filialına xx.xx.2020-ci il tarixdə 34552 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar