Məhkəmə qərarları › İş №2(079)-227/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-227/2025

04.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-227/2025 04.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkil-nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “17” fevral 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh mülkiyyətində olan Naxçıvan MR Babək rayonu Kərimbəyli kəndində yerləşən 0,01 ha torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi olan çayxana və pivə-bar binasının (tikilinin) sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Kərimbəyli Bələdiyyəsinin 31 yanvar 2013cü il tarixli, 02 nömrəli qərarı ilə 931 m2 ölçüsündəki torpaq sahəsi mən İddiaçı xüsusi mülkiyyətinə verilmişdır. Bununla bağlı Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hal-hazırda mən 4 ildən artıqdır ki, həmin torpaq sahəsi üzərində ev tikib ailə üzvlərimlə birlikdə həmin evdə yaşayırıq. Lakin mənimlə qonşuluqda yerləşən Cavabdeh müllkiyyətində olan 0,10 ha torpaq sahəsində qeyri-yaşayış (kafe-çay evi və mağaza) binasının memarlıq-planlaşdırma layihəsi ilə obyektin tikintisinə başlanılmışdır. Lakin sözügedən çayxana və pivə-bar binası mənim mülkiyyətimdə olan yaşayış evinin hasarına bitişik tikilmişdir. Bu isə həm səs-küyə, həm də ailə üzvlərimin narahatçılığına səbəb olur. Hal-hazırda həmin tikilməkdə olan obyektlə mənim evimin arasında 18.5 sm məsafə olmalı idi. Mən cavabdehin tikintiyə başladığını gördüyüm ilk gündən öz etirazımı Cavabdeh və oradakı tikintini aparan ustalara bildirib tikintinin dayandırılmasını xahiş etdim. Buna baxmayaraq onlar mənim xahişimə məhəl qoymadıqlarından 27 noyabr 2024-cü il tarixdə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdim. Lakin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 03 dekabr 2024-cü il tarixli, Q/1543 nömrəli məktubunda mənə bildirildi ki, Cavabdeh müllkiyyətində olan 0,10 ha torpaq sahəsində qeyri-yaşayış (kafe-çay evi və mağaza) binasının memarlıq-planlaşdırma bölməsi Naxçıvan MR Babək rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Layihə Planlaşdırma Mərkəzinə təqdim olunmuş və Mərkəz tərəfindən şəhərsalma sənədlərinə uyğunluğu barədə 23 aprel 2024-cü il tarixli, 4/241 nömrəli rəy verilmişdir. Belə ki, təsdiq olunmuş layihə sənədlərində layihələndirilmiş tikinti obyekti ilə mənim yaşadığım fərdi yaşayış evi arasında 18,5 m ara məsafəsi gözlənilmiş və ümumilikdə şəhərsalma norma və qaydalarının tələblərinə əməl edilməsi təmin edildiyi göstərilsə də, buna əməl olunmayaraq, həmin 18.5 sm məsafədə 18 metr uzunluğunda və 5 metr enində əlavə tikililər tikərək pivəbar kimi istifadə edir. Orada spirtli içki qəbul edən sərxoşların səs-küyündən və biri-birinə qarşı işlətdikləri nalayiq söyüşdən mən və ailə üzvlərim evə girib-çıxa bilmirik. Artıq mən və ailə üzvlərim evimdə pivə-bara gəlib-gedən maşınların səs-küyündən evimdə rahat yaşaya bilmirəm. Yaşayış sahəsində qeyri-yaşayış sahəsinin verilməsini qanunsuz hesab edirəm. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldım. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sökülməsini istədiyi obyektin yerləşdiyi torpaq sahəsi hələ 2023-cü ildə alqısatqı yolu ilə əldə edilmiş, bununla bağlı sənədləşmələr qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Bundan sonra 2024-cü ildə müvafiq razılıq alınması şərti ilə həmin sahədə tikinti işləri aparılmış və tikinti qaydalarına tam riayət edilməklə mübahisələndirilən qeyriyaşayış sahəsi istifadəyə verilmişdir. Belə ki, bununla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən binanın istismara verilməsinə dair akt tərtib edilmiş, kommunal təşkilatlarla zəruri müqavilələr imzalanmaqla, daşınmaz əmlakın reyestri tərəfindən çıxarış da alınmışdır. Məlumat üçün qeyd edim ki, vaxtı ilə yəni 15-20 il bundan əvvəl iddiaçının evinin tam qarşısında (pavilion çay evi) iaşə obyekti fəaliyyət göstərmişdir. Maraqlıdır ki, iddiaçı həmin dövrdə evinin yaxınlığında olan obyektin fəaliyyəti ilə bağlı heç bir narazılıq etməmiş, hər hansı quruma şikayət etməmişdir. Hazırda isə onun şikayəti obyektin tikintisi və guya həmin obyektin istifadəsi zamanı yaranan səs-küylə bağlı olsa da, əslində isə iddiaçının narahatçılığı qeyd edilən torpaq sahəsini ala bilməməsi ilə bağlıdır. Lakin qeyd etdiyim kimi, torpaq sahəsi tərəfimdən qanunla nəzərdə tutulmuş qaydada alqı-satqı yolu ilə əldə edilmiş, həmin torpaq sahəsində aparılmış tikinti isə tam qanunvericiliyin tələblərinə uyğun aparılmaqla torpaq sahəsində tikilmiş obyekt ictimai qaydalara riayət olunmaqla istifadə olunmaqdadır. İddiaçı Q.Həsən dəfələrlə hökumət orqanlarına müraciət etmiş tikintinin qanuni yollara dövlətin verdiyi tikinti normaları tərəfindən tikildiyi dəfələrlə ona bildirilmişdir. Ən sonda isə 3 dekabr 2024-cü il tarixli, 1543 nömrəli məktubda bildirilmişdir. Buna baxmayaraq Q. Həsən propaqanda aparmaqla asudə vaxtını səmərəli keçirmək istəyən kənd camaatının qabağını kəsərək, nalayiq ifadələr işlədərək çay evinə getməmələrini, kənd adamlarına müraciət edərək ərizə toplamaq niyyətini bildirmiş, amma bu halı vicdanlı kənd camaatı rədd edərək öz etirazlarını Q. Həsənə bildirmişlər, danışıq apardığı insanlar isə uzun müddətdən sona Kərimbəyli kəndində səliqəli görünüşü ilə göz oxşayan iaşə obyektinin (kafe çay evinin) tikintisini kəndə gələn qonaqların, kənd camaatının, yaşlıların, cavanların istifadəsinə verilməsini dəstəkləmişlər. Buna görə də ərizəmdə göstərilənlərin nəzərə alınması və əsasız olması səbəbindən İddiaçı tərəfindən mənə qarşı irəli sürülmüş iddianın rədd edilməsi barədə qətnamə qəbul etmənizi Sizdən xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında Babək rayonu, Kərimbəyli kəndində yaşadığını, hazırda yaşadığı ev və evin yerləşdiyi torpaq sahəsinin öz mülkiyyətində olduğunu, yaşadığı evi 2013-cü ildən inşa etməyə başladığını, 5 il olar ki, evi tamamlayıb oraya köçdüyünü, evdə hazırda özü və ailə üzvlərinin yaşadığını, cavabdehin çayxananı onun həyətinə birləşdirdiyini, halbuki həmin tikilinin lavaş sexi və ya mağaza adı ilə inşa edildiyini, cavabdehin tikilidən hazırda çayxana və pivə-bar kimi istifadə etdiyini və oradan çıxan şəxslərin nalayiq ifadələr işlətdiyini, bunun onun ailəsini narahat etdiyini, həyətinə bitişik tikilinin isə 8-9 ay əvvəl tikildiyini, buna görə müxtəlif orqanlara müraciət etdiyini, nümayəndənin gəlib baxacağını bildirsələr də hələ də heç bir nümayəndənin gəlib mübahisəli əraziyə baxmadığını, çayxananın isə gecə saat 12-dək fəaliyyət göstərdiyini, çayxananı mülkiyyətçinin qardaşı oğlu Mütəllim, dayısının kürəkəni Ruslan və Bəhruzun işlətdiyini, ona məxsus torpaq sahəsinin divarına bitişik sanitar qovşaq tikildiyini, halbuki bütün digər tikililərin bir tikilinin içərisində olmalı olduğunu, onun evindən başqa çayxananın yanında 2 ev olduğunu, lakin həmin evlərin yerləşdiyi torpaq sahələri böyük olduğundan çayxananın həmin torpaq sahələrinin aşağısında qaldığını, həmin evlərin çayxanadan uzaqda olduğunu, amma öz evinin isə çayxanaya yaxın olduğunu, bu səbəbdən məhkəməyə müraciət etdiyini, rəyə etiraz etdiyini, yardımçı tikililərin qeydiyyata alınmadığını, mağaza və pivə-barın iki ildir işlədiyini, aralarında hasar çəkildiyini, əlavə qapı qoyulduğunu, iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatda çay evinin tam olaraq tikinti norma və qaydalarına uyğun inşa edildiyini, qeyri-qanuni heç nə edilmədiyini, səsgücləndiricinin və dolayısı ilə səs-küyün olmadığını, çay evinin müşahidə kameraları ilə təchiz olunduğunu və 6 ay müddətində həmin görüntülərin saxlanıldığını, çayxanaya gələnlərin hamısının kənd sakinləri olduğunu, iddiaçının iddia etdiyi “mən evimə girib-çıxa bilmirəm” fikrinin tamamilə əsassız olduğunu, çayxananın qapısından iddiaçının evinə qədər 235 metr məsafə olduğunu bildirib iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarında verdiyi izahatında ekspert rəyindən aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına uyğun olaraq həyata keçirildiyinin müəyyən olunduğunu, tikinti işləri aparılması üçün Babək Rayon İcra Hakimiyyəti tərəfindən tikinti icazə sənədinin verildiyi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Layihə Planlaşdırma Mərkəzi tərəfindən müvafiq rəy tərtib edildiyi, həmin rəyə və tikinti norma və qaydalarına uyğun olaraq tikinti aparıldığı və heç bir pozuntuya yol verilmədiyini, Babək Rayon İcra Hakimiyyəti tərəfindən müsbət rəy verildiyini, həmin tikili inşa edilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq qeydiyyat aparıldığı və bunun nəticəsində hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ilə rəsmiləşdirildiyi, hətta tikinti aparılarkən Nazirlər Kabinetinin tikinti ilə bağlı qəbul etdiyi müvafiq normalara əməl edildiyini, bunun ekspert rəyində də öz təsdiqini tapdığını, əlavə tikililərin pivə-bar kimi deyil, qazanxana kimi istifadə olunduğunu, ekspertin rəyində də qeydiyyata alınmayan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 12.80 m2 olduğu və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət olunmaqla inşa edildiyi, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclaslarında verdiyi izahatında Babək rayonu, Kərimbəyli kəndində 0.1007 hektar torpaq sahəsində yerləşən sahəsi 98.88 m2 olan qeyri-yaşayış binasının Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 tərəfindən dövlət qeydiyyatına alındığını, mübahisə predmeti olan daşınmaz əmlakın yerində müayinəsi zamanı Babək rayonu, Kərimbəyli kəndində yerləşən və Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış binasına əlavə tikililərin artırıldığı və həmin tikililərin dövlət qeydiyyatına alınmadığının müəyyən edildiyini, həmin əlavə tikililərin plan-sxeminin tərtib edildiyini və ümumi sahəsinin 32.61 m2, tikinti altı sahəsinin isə 36.95 m2 təşkil etdiyini, artırılan tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafələri ilə bağlı müfəssəl Qaydalar”ın tələbləri, eyni zamanda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinin gözlənilmədən inşa edildiyini, ara məsafəsi dedikdə iddiaçının torpaq sahəsi ilə əlavə tikililərin arasında olan məsafənin başa düşüldüyünü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafələri ilə bağlı müfəssəl Qaydalar”ın tələbləri, eyni zamanda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən tikilinin hündürlüyünün 30 faizi həddində ara məsafəsinin saxlanılmalı olduğunu belə ki, qonşuya münasibətdə hər hansı bir tikili inşa edilirsə, tikilinin ümumi uzunluğunun 0,3 hissəsi miqdarında ara məsafəsinin saxlanılmalı olduğunu, sözügedən tikililərin isə ara məsafəsi saxlanılmadan inşa edildiyini bildirmişdir. X2 məhkəmə iclaslarında verdiyi izahatında ekspertiza tədqiqatı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinə əsasən 21 fevral 2014-cü il tarixli, 51 nömrəli və "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında" 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə müəyyən edilmiş tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əməl edildiyini, qonşu tikililər arasında məsafənin qorunduğunu, tədqiqat obyektinə tərəflərin iştirakı ilə yerində baxış keçirildiyini, o cümlədən adı çəkilən obyektlə iş üzrə İddiaçı məxsus fərdi yaşayış evi arasında 18,5 metr ara məsafəsinin gözlənildiyini, ümumilikdə qanunvericiliklə müəyyən edilmiş hüquqi, texniki normativlərə tam əməl olunduğunu, ekspertizanın təyin edilməsi haqında qərarda qoyulan suala uyğun olaraq sahəsi 98,88 m2 olan qeyri-yaşayış binasının şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olması və iddiaçının fərdi yaşayış evi ilə həmin obyekt arasında olan ara məsafəsinin saxlanıldığı barədə rəy verildiyini, bu səbəbdən həmin obyekt ilə iddiaçıya məxsus hasar arasında olan məsafənin saxlanılıb-saxlanılmadığı haqda tədqiqat aparılmadığını, iddiaçının özünün iştirakı ilə obyektə baxış keçirilib və akta imza edilməmişdən əvvəl hər hansı bir etirazının olub-olmaması soruşulduqda etiraz etmədiyini bildirdiyini, əlavə tikililərin sahəsinin 98,88 m2 olan qeyri-yaşayış binasının ərazisinə aid olmadığını, tədqiqatın yalnız texniki pasportda həmin sahəyə uyğun apardığını, qeydiyyata alınmayan hissələrin mövcudluğu müəyyən edilsə də, bununla bağlı sual qoyulmadığından tədqiqat aparılmadığını bildirmişdir. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edərək məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 tərəfindən verilmiş çıxarışdan 0.1007 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının Cavabdeh, babək rayonu Kərimbəyli Bələdiyyəsinin 31 yanvar 2013-cü il tarixli, 02 nömrəli qərarından isə 931 m2 fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması və torpaq sahələrinin qonşuluqda yerləşməsi işin mübahisəsiz hallarıdır. Belə ki: - Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəс̧əkmə Komitəsi tərəfindən verilmiş A№ 007750 nömrəli torpaq sahəsinin plan-ölçüsündən Kərimbəyli Bələdiyyəsinin 31 yanvar 2013-cü il tarixli, 02 nömrəli qərarı ilə 931 m2 ölçüsündəki fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməsi; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Kərimbəyli kəndində yerləşən 0.1007 ha torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan Babək rayonu, Kərimbəyli kəndində 0.1007 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində yerləşən 98.88 m2 qeyri-yaşayış binasının Cavabdeh tam mülkiyyətində olması; - xx.xx.2024-cü il tarixli, 3008 inventar nömrəli texniki pasportdan Cavabdeh hüquq subyekti olmaqla Babək rayonu Kərimbəyli kəndində yerləşən qeyri-yaşayış binasının 0.1007 ha torpaq sahəsində ümumi sahəsi 98.88 m2 olan, təyinatı “kafe-çay evi və ərzaq mağazası” olmaqla 2024-cü ildə tikildiyi, obyektə - ərzaq mağazası, çay evi, dəhliz, mətbəx və ofisin daxil olduğu; - Texniki pasportdan onun plan ölçü, DƏDRX-dən çıxarış, Babək Rayon İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 15 nömrəli tikintiyə icazə barədə xüsusi nişanı və xx.xx.2024-cü il tarixli tikinti obyektinin istismarına icazə sənədləri əsasında verildiyi; - Babək rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 16 nömrəli tikinti obyektinin istismarına icazədən tikintisi başa çatmış “Kafe-çay evi və ərzaq mağazası”nın şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq 28 oktyabr 2024-cü il tarixdən Cavabdeh tərəfindən tikinti obyektinin istismarına icazənin verilməsi; - Babək rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən Babək rayonu, Kərimbəyli kəndində olan 0.1007 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh tam mülkiyyətindəki qeyri-yaşayış (kafe-çay evi və ərzaq mağazası) binasına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinə uyğun olaraq 15 may 2024-cü il tarixli, 15 nömrəli xüsusi nişan verilməsi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya X15 Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/747 nömrəli məktubdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli, 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nın 1.6-cı və 3.5.1-ci bəndlərinə əsasən Babək rayonu, Kərimbəyli kəndi ərazisində vətəndaş Cavabdeh xüsusi mülkiyyətində olan 0,1007 ha torpaq sahəsində mərtəbə hündürlüyü 3,35 metr, ümumi sahəsi 99,4 m² olan birmərtəbəli qeyri-yaşayış (kafeçay evi və ərzaq mağazası) obyektinin tikintisi ilə əlaqədar tərtib olunmuş layihənin icrası zamanı mövcud qanunvericiliyin və ekoloji tələblərin gözlənilməsi şərti ilə Naxçıvan Muxtar Respublikası Ekologiya X15 Nazirliyi tikinti işlərinin aparılmasına etiraz edilmədiyi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-18-89/2-Z-8xx-xx/2024 nömrəli aktdan keçirilmiş yanğın texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 "Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması" Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 "İctimai bina və qurğular" Tikinti Norma və Qaydalarının, 2.04-09-84 "Bina və qurğuların yanğın avtomatikası" Tikinti Norma və Qaydalarının, 2.04.05-91 "İstilik sistemləri, ventilyasiya və kondensionerləşdirmə" Tikinti Norma və Qaydalarının, 2.04.05-95 "Təbii və suni işıqlandırma" Tikinti Norma və Qaydalarının, 2.02.01-97 "Bina və qurğuların yanğın təhlükəsiziliyi" Dövlətlərarası Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu; - Naxçıvan MR İctimai Səhiyyə Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 96 nömrəli və xx.xx.2024-cü il tarixli, 174 nömrəli gigiyenik rəylərdən Babək rayonu, Kərimbəyli kəndində yerləşən Cavabdeh məxsus torpaq sahəsinin obyektinin tikilməsi üçün sanitargigiyenik tələblərə cavab verdiyi və torpaq sahəsində tikilmiş istismara hazır olan qeyriyaşayış obyektində sanitar-gigiyenik tələblərə cavab verdiyi üçün fəaliyyətinin məqsədə uyğunluğu; - Babək rayon Elektrik şəbəkəsinin Direktoru (texniki şərti verən enerji təchizatı müəssisəsi) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 nömrəli istehlakçıların elektrik enerjisi (gücü) alması üçün Texniki Şərtlərdən ümumi gücü 5 kvt tələb olunan Babək rayon Kərimbəyli kənd sakinin qeyri-yaşayış obyekti "Kafe-Çay evi və Mağazanın" elektrik enerjisi ilə təmin edilməsi üçün 10 kv-luq “Kərimbəyli” yarımstansiyasından qidalanan 160 kva transformatorun 0,4 kV-luq hissəsindən budaqlanma götürməklə 20m en kəsiyində kabel elektrik verilişi xəttinin çəkilməsi və tələb olunan gücə uyğun 1fazlı aktiv sayğac (d/s-0.1) elektrik sayğacı və tələb olunan gücə uyğun avtomat açarının quraşdırılması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 521/06 nömrəli məktubdan Babək rayon Kərimbəyli kəndində yerləşən qeyri yaşayış sahəsinin (Kafe-Çay evi) qazlaşdırilması üçün ərazidən 2 metr aralı keçən diametri 50 mm olan yerüstü orta təzyiqli dəmir boru qaz kəmərindən qəbul edilməsi; - Babək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubda isə Cavabdeh inşa etdiyi ümumi sahəsi 99,4 m2 olan “Kafe-çay evi və ərzaq mağazası” obyektinin Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə icazələrin verilməsi qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2024-cü il tarixli 4/241 nömrəli rəyi və eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.5.1.-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya X15 nazirliyinin xx.xx.2024-cü ol tarixli 24/747 nömrəli, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-18/2-Z-3xx-xx/2024 nömrəli, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin xx.xx.2024-cü il tarixli 96 nömrəli müvafiq rəyləri əsasında rəsmi icazə verildiyi, tikintinin aparılmasının qanuni prosedurlara tam uyğun olduğu və normativ-hüquqi aktların tələblərinin pozulmadığı; - torpaq sahələrinin plan-sxemindən və yerində müayinə nəticəsindən isə torpaq sahələrinin tikinti ərazisi ilə həmsərhəd olmaqla bir-biri ilə yaxın qonşuluqda yerləşməsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1 və 152.2.-ci maddələri ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -154.1-ci maddəsinin tələbinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. -169.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. -170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. -172.2 və 172.3-cü maddələrində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - 238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. - 238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Məhkəmə tərəfindən İddiaçı, iddiaçının vəkili Vəkil və X1nun iştirakı ilə Babək rayonu, Kərimbəyli kəndində yerləşən torpaq sahəsində mübahisəli daşınmaz əmlakların yerində müayinəsi aparılmış və daşınmaz əmlakın müayinəsi zamanı Cavabdeh məxsus qeyriyaşayış (kafe-çay evi və ərzaq mağazası) binasından əlavə yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində tikililər artırıldığı, texniki pasportda göstərilən tikililərdən əlavə artırılan tikilinin ümumi sahəsinin 32.61 m2, tikinti altı sahəsinin 36.95 m2 təşkil etdiyi və həmin əlavə inşa olunmuş tikililərin dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. İddiaçı Babək rayonu, Kərimbəyli kəndində ona məxsus torpaq sahəsinin qonşuluğunda Cavabdeh tərəfindən yaşayış təyinatlı torpaq sahəsində, tikinti norma və qaydaları pozularaq, ara məsafəsi gözlənilmədən qeyri-yaşayış binasının tikildiyini, bununla da səs-küyün onun mülkiyyət hüququnu maneəsiz həyata keçirməyinə imkan vermədiyini bildirmişdir. İddiaçının mülkiyyət hüququnun müdafiəsi məqsədilə məhkəməyə təqdim etdiyi sənəd ona torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə qərarından ibarət olmuş və torpaq sahəsi üzərində tikintinin mövcudluğu aparılmış yerində müayinə zamanı müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizası rəyi ilə Babək rayonu, Kərimbəyli kəndində sahəsi 0.1007 hektar olan torpaq sahəsində yerləşən sahəsi 98.88 m² olan qeyriyaşayış binasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında" 21 fevral 2014-cü il tarixli, 51 nömrəli və "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında" 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə müəyyən edilmiş tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əməl edildiyi, qonşu tikililər arasında məsafənin qorunduğu, o cümlədən adı çəkilən obyektlə iş üzrə İddiaçı məxsus fərdi yaşayış evi arasında 18,5 metr ara məsafəsinin gözlənildiyi müəyyən olunmuşdur. Həmçinin mülki iş üzrə əlavə məhkəmə-tikinti texniki ekspertizası təyin olunmuş və ekspertiza rəyi ilə Babək rayonu, Kərimbəyli kəndində sahəsi 0.1007 hektar olan torpaq sahəsində yerləşən sahəsi 98.88 m² olan qeyri-yaşayış binasının yanında dövlət qeydiyyatına alınmayan və texniki pasportda göstərilməyən tikilinin inşa olunduğu müəyyən edilmiş, qeyri-yaşayış binasının yanında dövlət qeydiyyatına alınmayan və texniki pasportda göstərilməyən tikilinin divarının sahəsinin 12,83 m2 (4,35x2,95) təşkil etdiyi nəzərə alınmaqla həmin tikilinin Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.6. bəndinin tələblərinə uyğun olaraq inşa edildiyi müəyyən edilmişdir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəylərini sübut kimi qəbul edilən sayır. Göründüyü kimi, mübahisə predmeti həmçinin dövlət qeydiyyatına altına alınmayan özbaşına tikili olsa da, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Səs-küy və narahatlıqla bağlı iddiaçının subyektiv narazılığı isə tikinti normalarına riayət edildiyi və obyektin qanuni istismara verildiyi halda, mübahisəli tikilinin sökülməsi üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən səs-küyün torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsiri müəyyən olunmur. Aparılmış yerində müayinə zamanı və ekspert rəyləri ilə tikililər arasında ara məsafəsinin qorunması, həmçinin iddiaçının yaşadığı qeydiyyata alınmamış tikili ilə qeyri-yaşayış binasının torpaq sahələrinin fərqli cəhətlərində yerləşdiyi və paralelliyin mövcud olmadığı, həmçinin torpaq sahələrinə giriş-çıxışların bir-birinə uzaq məsafədə yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən tikilərək dövlət qeydiyyatına alınmış qeyri-yaşayış binası tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə qanuni əsaslarla həyata keçirilmişdir. Dövlət qeydiyyatına alınmayan və mülkiyyətçinin gözlənti hüququnun olduğu qeyri-yaşayış binasına bitişik ümumi sahəsi 32.61 m2 olan sahə şəhərsalma və tikinti məcəlləsinin tələblərinə zidd inşa olunmamışdır. İddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilənin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun müdafiəsi yalnız hüququn faktiki pozulduğu və ya real pozulma təhlükəsi mövcud olduğu hallarda mümkündür. Təkcə subyektiv narazılıq, ehtimal edilən narahatçılıq və ya səs-küy iddiası tikintinin sökülməsi kimi ağır hüquqi nəticə üçün kifayət etmir. Belə ki, tikilinin sökülməsi yalnız özbaşına tikinti olduğu, müvafiq icazələr olmadan inşa edildiyi, tikinti normalarının kobud pozulması nəticəsində üçüncü şəxslərin hüquqlarına real təhlükə yaratdığı hallarda mümkündür. İş üzrə təqdim olunmuş sübutlardan cavabdeh tərəfindən tikintinin icazə ilə həyata keçirildiyi, layihə sənədlərinin təsdiq olunduğu, istismara qəbul aktının mövcud olduğu və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı müəyyən olunmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 230 (iki yüz otuz) manat pul vəsaiti İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə X3 Bankın Naxçıvan MR İdarəsindəki AZ21NABZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Мəhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 230 (iki yüz otuz) manat pul vəsaiti İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə X3 Bankın Naxçıvan MR İdarəsindəki AZ21NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar