Məhkəmə qərarları › İş №2(079)-236/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-236/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-236/2023 22.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq münasibətləri faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “29” mart 2023-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X8 onun nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Şıxmahmud kəndində 0.0161 hektar torpaq sahəsində yerləşən 1 nömrəli, iki mərtəbəli binanın 3-cü girişinin birinci mərtəbəsində, 31.32 kvadrat metr ümumi, 31.32 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində Seriya MH, ******* çıxarış nömrəsi ilə qeydiyyata alınmışdır. Babək rayonu, Şıxmahmud kəndində yerləşən sahəsi 0.0801 hektar olan torpaq sahəsi mərhum nənəm X7 mənə miras qalmışdır. Nənəm 1977-ci il tarixdə vəfat etmişdir. X13 (vəfat edib) onun vərəsəsidir. X6 1930-cu il tarixdə atam X14 ilə nikaha daxil olub. Mərhum X6 1996-cı il tarixdə vəfat edib. 1950-ci il təvəllüdlü Ərizəçi onun vərəsəsidir. Qeyd edim ki, X6nın doğum şəhadətnaməsi olmağıdından nənəmdən qalan miras əmlakı qəbul edə bilmirəm. Doğum akt qeydindən çıxarış almaq üçün Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinə müraciət etdim. Bildirildi ki, 1918-ci il doğumlu X9 doğumunun müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivi və Vətəndaşlıq Vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemində heç bir məlumat tapılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və Ərizəçi məhkəmə iclasında iştirak etməmişdi. Ərizəçi məhkəmə hazırlıq iclasında verdiyi izahatında anasının Ermənistan Respublikasının Vedi rayonunun, Kotanlı kəndində, atasının isə Vedi rayonunun Vedi kəndində dünyaya gəldiyini, 1950-ci ildə köç zamanı valideynlərinin Əlibayramlı rayonuna, anasının anası, yəni X8 Naxçıvana gəldiyini, valideynlərinin 1950-ci ilin aprel ayında köç etdiyini, özünün isə həmin ilin may ayının 10-da əvvəlki adı ilə Əlibayramlı rayonunun, Qaraqala kəndində anadan olduğunu, atası rəhmətə getdiyindən 8-ci sinfin ikinci rübündə oxuyanda, yəni 1964-cü ildə Naxçıvana gəldiyini, burada 13 il nənəsi Səkinə ilə birlikdə Şıxmahmud kəndində yaşadığını, nənəsinin 1977-ci ildə öldüyünü, onun bir övladı olduğunu, o da onun öz anası Bəsti olduğunu, nənəsi öldüyündən ondan miras qalan evi sənədləşdirmək istədiyini, lakin anası Bəstinin doğum akt qeydi Ermənistan Respublikası ərazisində aparıldığından və onu tapa bilmədiyindən bunu həyata keçirə bilmədiyini, valideynləri arasında bağlanmış nikah sənədini tapsa da, anasının doğum sənədini tapa bilmədiyini, bunun köç vaxtı itdiyini düşündüyünü, anasının doğum sənədi tapılmadığından özünün X15 ilə qohumluq münasibətlərinin müəyyən etməyin mümkün olmadığını, nənəsinin hazırda Babək rayonu, Şıxmahmud kənd qəbiristanlığında dəfn edildiyini bildirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi 02 iyun 2023-cü il tarixli, 05/13-181 nömrəli məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə ərizəçinin və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Ərizəçinin nümayəndəsi Nümayəndə isə məhkəmədə verdiyi izahatında hazırda anasının səhhəti ilə bağlı olaraq Bakı şəhərində olduğunu, əvvəlki məhkəmə iclaslarında onun iş üçün zəruri olanları məhkəməyə bildirdiyini, özünün isə ərizəçi olan anasının izahatına əlavəsi olmadığını qeyd edərək yekunda müraciətin təmin olunmasını barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını tədqiq edən məhkəmə Ərizəçi xx xxx 1950-ci ildə anadan olmasını, X10 onun atası, X9 onun anası olmasını, sonuncular arasında 1930-cu ildə nikah bağlanmasını, Vətəndaşlıq vəziyyəti aktlarının Avtomatlaşdırılmış elektron informasiya sistemində X9 doğumu barədə məlumatın mövcud olmamasını, X9 23 iyul 1996-cı ildə ölməsini, ərizəçinin onun vərəsəsi olması, X8 mülkiyyətində Babək rayonu, Şıxmahmud kəndində torpaq sahəsinin olmasını, sonuncunun 1977-ci ilin noyabr ayında ölməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, həmçinin ərizəyə əlavə edilmiş 22 may 1951-ci il tarixli, İE seriyalı, 193552 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi xx xxx 1950-cı ildə dünyaya gəlməsi və X14 onun atası, X13 onun anası olması; -ərizəyə əlavə edilən Verdi rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş ZJ seriyalı, 089987 nömrəli nikah haqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 ilə X16 arasında 1930-cu ildə nikah bağlanması və həmin vaxt sonuncunun özünə “Mahmudova” soyadını seçməsi; -ərizəyə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsi tərəfindən verilmiş 04 nömrəli, 16 mart 2023-cü il tarixli və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli, 116 nömrəli arayışlardan Vətəndaşlıq vəziyyəti aktlarının Avtomatlaşdırılmış elektron informasiya sistemində X9 doğumu barədə məlumat mövcud olmaması; - ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, İV-JQ seriyalı, 428980 nömrəli akt qeydindən çıxarışdan X9 23 iyul 1996-cı ildə ölməsi; -ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 653 nömrəli arayışdan Ərizəçi mərhum X9 vərəsəsi olması; - ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 fevral 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən sahəsi 0.0801 hektar olan yaşayış məntəqəsi torpağın X8 xüsusi mülkiyyətində olması; - ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 avqust 2015-ci il tarixli, AZ-İ seriyalı, 555350 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 1977-ci ilin noyabr ayında ölməsi aydın olur. Ərizəçinin müraciəti isə qohumluq münasibətləri faktının, yəni X8 onun nənəsi - anası X9 anası olmasının müəyyən edilməsindən ibarətdir. Ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı məhkəməyə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2 və 307.2.1-ci maddələrinin mahiyyətindən görünür ki, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; -308-ci maddəsinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını baxılan müraciətlə və iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəçinin müraciətindən onun X15 ilə qohumluq münasiblərində olma faktının müəyyən edilməsində məqsədinin sonuncudan miras qalan əmlakın sənədləşdirilməsi olması aydın olur. İş materiallarından X13 ərizəçinin anası olması və onun 1996-cı ildə ölməsi müəyyən edilir. Həmçinin işin yuxarıda müəyyənləşdirilmiş hallarından X8 1977-ci ilin noyabr ayında ölməsi də aydın olur. Bu isə o dəməkdir ki, əgər Ərizəçi müraciəti əsaslı sayılarsa onun üçün şəxsi və əmlak hüquqlarının yaranmasına səbəb olub-olmayacağı miras qoyanın öldüyü vaxt-1977-ci ildə qüvvədə olan maddi hüquq normaları ilə müəyyən ediləcək. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd edilən maddi hüquq normasının tələbindən görünür ki, Ərizəçi nənəsindən qalan mirasa vərəsə kimi çağırılması üçün miras qoyanın öldüyü vaxt onun vərəsəsi olan ərizəçinin anası X3 olmamalı idi. Lakin iş materiallarında görünür ki, miras qoyanın ölümündən 19 il sonra onun vərəsəsi olan X13 ölüb. Bu isə o deməkdir ki, X7 miras qalmış əmlaka Ərizəçi deyil, onun anası X13 vərəsəliyə çağırıla bilərdi. Bununla bağlı məhkəmə bildirir ki, hazırda yaranmış hüquqi şərait X9 da anasından miras qalan əmlaka vərəsəliyə çağırılmasını mümkünsüz edir. Çünki onun doğum haqqında akt qeydinin olması ilk öncə onun özünün, daha sonra isə onun vərəsələrinin X7 miras qalan əmlaka vərəsə kimi cəlb edilməsinə imkan vermir. Hazırda isə X15 ilə ərizəçinin anası X13 arasında qohumluq münasibətlərinin müəyyən olunmasına imkan verən akt qeydi tapılmadığından məhkəmə ərizəçinin anasının öz valideynə (ərizəçinin nənəsinə) münasibətdə mirasa çağırılmasını mümkünsüz hesab etməklə belə hesab edir ki, hazırda hüquqi həllində bəhs edilən hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün gələcəkdə şəxsi və əmlak hüquqların yaranmasına səbəb ola biləcək faktdır. Çünki həmin fakt müəyyən olunmaması elə X9 öz anasına münasibətdə, ərizəçinin isə nənəsinə münasibətdə vərəsəlik hüquqlarının həyata keçilirməsinə mane hesab olunur. Məhkəmə bildirir ki, ərizəçinin müəyyən olunması istədiyi hüquqi əhəmiyyətli olan faktla bağlı müraciət vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmamasından qaynaqlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Vətəndaşlıq vəziyyəti aktlarına isə həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə isə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi aid edilmişdi. Vətəndaşlıq vəziyyəti aktlarının qeydi orada göstərilən halları təsdiq edən rəsmi sübut olduğuna görə qeydə alınan hal və ya faktı tam, dəqiq və düzgün əks etdirməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində ifadə olunan hüquqi fakt haqqında məlumatların düzgün olmaması və ya natamam olması isə vətəndaşın hüquq və mənafeyinə toxunur. İşin məhkəmə araşdırılmasından müəyyən edilir ki, ərizəçinin X15 ilə aralarında qohumluq münasibətlərinin müəyyən edilməsinə imkan verən hüquq sənəd, yəni onun anası X9 doğum akt qeydi mövcud deyil. Belə olan halda məhkəmə qeyd edir ki, müraciətini sübut etmək vəzifəsi həmin faktın müəyyən olunmasında maraqlı olan ərizəçinin üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilən faktın müəyyən edilməsi ilə bağlı ərizəçinin məhkəməyə təqdim etdiyi sübutların tədqiqi ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 09 mart 2023-cü il tarixli, 13/517 nömrəli arayışda Şıxmahmud kənd XDS İcraiyyə Komitəsi Şıxmahmud kəndinin 1969-1971-ci illərə dair 5 və 3 nömrəli Təsərrüfatbaşına kitabında X9 X4nın övladı olmaqla onların ayrı-ayrı təsərrüfatlarının olması göstərilir. Bundan başqa ərizəçinin məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən 5 nömrəli təsərrüfat başına kitabda X8 təsərrüfat başçısı olması, Ərizəçi onun nəvəsi kimi ailə üzvü olması qeyd edilir. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 654 nömrəli arayışda X9 X4nın vərəsəsi olması göstərilir. Həmin orqanın 03 may 2023-cü il tarixli, 899 nömrəli arayışından isə müəyyən edilir ki, X5 rayonu, Şıxmahmud kənd qəbirstanlığında dəfn edilmişdi. Ərizəçinin məhkəmə təqdim etdiyi iki ədəd qəbir daşı fotoşəkilində isə X15 1899-1977” sözləri yazılmışdı. Ərizəçinin məhkəməyə təqdim etdiyi sübutları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, onun müraciətinin təmin edilməsi üçün mötəbər dəlil kimi əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 09 mart 2023-cü il tarixli, 13/517 nömrəli arayış və 5 nömrəli Təsərrüfatbaşına kitabın qeydləri qəbul edilməlidir. Çünki həmin dövr üçün təsərrüfatının aparılması üzrə özündə mühüm məlumatları əks etdirən, kənd yaşayış yerləri üçün nəzərdə tutulmuş həmin sənəd ilkin uçot sənədi kimi özündə təsərrüfat başçısı, onun ailə üzvləri, təsərrüfata məxsus yaşayış evləri və digər tikililər, əhalinin təhsili, həyat səviyyəsi, təsərrüfatlar üzrə heyvanların sayı və sair haqqında məlumatları özündə əks etdirmişdi. Sözü gedən sənəddə ərizəçinin anası Bəsti X2 övladı, həmçinin Rahilə X1 nəvəsi olması qeyd edilib. Bu həmçinin dolayı sübut kimi Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 654 nömrəli arayışla da sübut olunur. Bunlar isə özlüyündə ərizəçinin tələbinin əsaslı olması qənaətinə gəlməsi üçün məhkəməyə kifayət edir. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə əsaslı olduğundan təmin edilməli; - 1977-ci ilin noyabr ayında Naxçıvan rayonu, Şıxmahmud kəndində ölən və Babək rayonu, Şıxmahmud kənd qəbirstanlığında dəfn edilən X4nın “10” may 1950-ci ildə Əli- Bayramlı rayonu, Qaraqala kəndində anadan olan Ərizəçi nənəsi (yəni mərhum X9 anası) olması faktı müəyyən edilməli; -X4 Ərizəçi nənəsi (X9 anası) hesab edilməli; -ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. 1977-ci ilin noyabr ayında Naxçıvan rayonu, Şıxmahmud kəndində ölən və Babək rayonu, Şıxmahmud kənd qəbirstanlığında dəfn edilən X4nın “10” may 1950-ci ildə Əli- Bayramlı rayonu, Qaraqala kəndində anadan olan Ərizəçi nənəsi (yəni mərhum X9 anası) olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar