Məhkəmə qərarları › İş №2(079)-256/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-256/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-256/2024 03.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 01 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat və iş üzrə ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, yaxın tanışım Babək rayonu, Nəzərabad kənd sakini X1 vasitəsilə tanıdığım Babək rayonu, Cəhri qəsəbə sakini Cavabdeh ilə əvvəlcədən danışıb, razılaşdığımıza görə ona məxsus (4169 7388 5263 1542) nömrəli kart hesabına 05 dekabr 2023-cü il tarixdə 500 (beş yüz) manat pul köçürdüm ki, Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq qəsəbəsində inşa etdiyim evin qum və sement alaraq hasar divarının hörgü işlərini aparsın. Lakin o, pulu aldıqdan 1 gün sonra evdə olan iki top elektrik naqillərini də özü ilə götürüb, telefonunu bağlayaraq mənə bir söz demədən məndən xəbərsiz evdən getmişdir. Bir müddət sonra mən ona başqa bir telefon nömrəsi ilə zəng vurub, nə üçün belə etdiyini soruşanda o mənə bildirdi ki, sənin yaxın tanışın Samil məni işlədib, pulumu verməyib, gedib Şamildən pulunu alarsan deyib, telefonunu söndürdü. Həmin vaxtdandır, telefonlarını bağlayıb, telefon zənglərimə cavab verməyərək qaçıb məndən güzlənir, bir şəkildə ondan həmin kartına köçürmüş olduğum 500 (beş yüz) manat pulumu geri ala bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında özünə Bakı şəhəri Binə qəsəbəsində ev tikdirdiyini, evin içərisində təmir işlərinin görüldüyünü, əlavə olaraq da hasar çəkildiyini, özünün cavabdehi Bakı şəhərində evinin tikintisi zamanı Babək rayonu, Nəzərabad kənd sakini X3 vasitəsilə tanıdığını, Talehin özünə əvvəlcə tam səmimi, işini görən bir insan təəssüratı bağışladığını, Talehlə həmin vaxt özünün danışmadığını, sadəcə olaraq Samilin onu yanında işlədib haqqını verdiyini, özünün daha sonra Naxçıvana qayıtdığını, buraya gəldikdən sonra mütəmadi olaraq Samillə əlaqə saxlayıb görülən işlərlə bağlı ondan məlumat aldığını, Talehin özü ilə şəxsən danışmadığını, nə də ona zəng edib usta olaraq işləməyə dəvət etmədiyini, bütün işləri Samilllə həll etdiyini, Samilin daha sonra xəstələnib xəstəxanada yatdığını və ona zəng çatmadığı üçün başqa bir adamdan Talehin nömrəsini alıb ona zəng etdiyini, Talehin də Samilin xəstə olmasını, xəstəxanada olmasını təsdiqlədiyini, özünə də materialın bitdiyini və material alıb hasarı çəkmək üçün pul lazım olduğunu bildirdiyini, özünün də ona kartını atmasını və 500 manat pul göndərməyi təklif etdiyini, Talehin özünə whatsapp sosial şəbəkəsi vasitəsilə kartının şəklini atdığını, özünün də həmin karta 500 manat pul göndərdiyini, həmin günün axşamı zəng edəndə Talehin telefonuna zəng çatmadığını, səhəri gün isə telefonu açmadığını görüb başqa bir nömrədən ona zəng etdiyini, telefonu açıb Samilin ona borcu olduğunu, bu səbəbdən də pulu həmin borca çıxdığını, tanış olduqlarına görə pulu Samildən ala biləcəyini dediyini, hasarın çəkilməsi ilə bağlı Talehlə şəxsən özünün razılaşdığını, ilkin olaraq Talehə sement və kubik almasını bildirdiyini, 1 həftə müddətində oranı bitirəcəklərini bildirdiklərini, bu məqsədlə 2-3 gün sonra 500 manat pul göndərdiyini, Talehin isə telefonları açmadığını, özlərində internet olmadığına görə “whatsap”-la yazışmadıqlarını, ancaq telefonda danışdıqlarını, Talehin kartın şəklini iddia ərizəsində qeyd edilən və cavabdehin özünə məxsus nömrə ilə “whatsapp” vasitəsilə atdığını, 500 manat vəsaiti 05 dekabr 2023-cü il tarixdə göndərsə də, pulun 06 dekabr 2023-cü il tarixdə qarşı tərəfə çatdığını, pulun göndərildiyi qəbzdə şəxsin adı və soyadının baş hərflərinin yazıldığını, lakin cavabdehlə aralarında olan yazışmaların qalmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmışdır. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan həmin tarixdə saat 20:19-da aparılmış əməliyyatla 500 manat məbləğində pulun 416974******0966 nömrəli kart hesabından silinərək 416973******1542 nömrəli kart hesabına köçürüldüyü müəyyən olunur. Çıxarışın məzmununda “qəbul edən” qrafasında “TA******* Q*******” sözləri yazılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş iddiaçı tərəfindən cavabdehin ona göndərdiyi iddia edilən kartın fotoşəklində kartın nömrəsi “**********631542” kimi qeyd edilmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixli çıxarışda qismən qeyd olunmuş vəsaiti qəbul edən qrafasındakı 416973******1542 kart nömrəsi ilə sözügedən fotoşəkildəki “**********631542” kart nömrəsi uyğunluq təşkil etməklə üst-üstə düşür. Eyni zamanda xx.xx.2023-cü il tarixli qəbzdə “qəbul edən” qrafasındakı “TA******* Q*******” sözlərinin cavabdehin ad və soyadı ilə uyğunluq təşkil etməsi müəyyən olunur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş X6 Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan müəyyən olunur ki, müştəri “İddiaçı”na məxsus olan 416974******0966 nömrəli hesabdan xx.xx.2023-cü il tarixdə 500.00 AZN əməliyyat məbləği silinmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının izahatı əsasında ilkin olaraq tərəflər arasında podrat müqaviləsi üzrə öhdəlik münasibətlərinin yarandığı ehtimal edilə bilər. Belə ki, iddiaçı bildirmişdir ki, tanıdığı Samil Əliyev adlı şəxsə ona məxsus tikilidə müəyyən işləri görməsini tapşırmış, Samil Əliyev isə işlərin bir qismini cavabdehə gördürmüş, lakin Samil Əliyev xəstələndikdən sonra onunla əlaqə saxlaya bilmədiyindən cavabdehlə telefon vasitəsilə danışıb evin divarını hörməyə başlaması üçün sement və daş alması müqabilində ona 500 manat pul göndərmişdir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Lakin hazırki vəziyyətdə müqavilənin bağlanmasında iştirak edən subyektlər arasında bəyan edilmiş vahid iradə idadəsinin mövcudluğu kimi müqavilənin mühüm ünsürü müəyyən edilməmişdir. Məhkəmə iddiaçının izahatını, sözügedən yazılı sənədlərlə birlikdə hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı tələb olunan məbləği Cavabdeh verməsi hərtərəfli qiymətləndirilmiş sübutlarla tam sübuta yetirilmişdir. Cavabdeh isə iddiaya qarşı etirazını bildirməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə olan halda məhkəmə MPM-in 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı 500 (beş yüz) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 500 (beş yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar