Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-263/2025 13.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı Ərizəçi miras əmlakın qəbul edilməklə payın müəyyən olunması tələbinə dair ərizəsinin mümkünlüyünü yoxlayaraq m ü ə y y ə n e t d i: Ərizəçi “12” mart 2025-ci ildə xüsusi icraat qaydasında ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum nənəsi X3 Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Hacıvar kəndində 0.1713 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 61.50 kvadrat metr yaşayış, 26.34 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin miras əmlak olaraq mərhum anası X4 tərəfindən və sonuncunun ölümündən sonra isə həmin miras əmlakın özü tərəfindən faktiki olaraq qəbul edilməsi və payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçiyə bildirir ki, məhkəməyə ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib ilk olaraq qeyd edir ki, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə qeyd edilən Məcəllənin 307-311-ci maddələri ilə tənzimlənir ki, yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; -qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Birinci şərtin mövcudluğunun yoxlanılması bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.2-cı bəndində də qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.3-cü bəndində də qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.6-cı bəndində isə qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçinin məqsədi nənəsindən qalan mirasın anası, sonuncudan qalan mirasın isə özü tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına yönəlmişdir. Belə ki, Ərizəçi ərizəsində mərhum X2 miras qalmış əmlakın anası, sonuncudan qalan mirasın isə özü tərəfindən faktiki olaraq qəbul edilməsini istəyərək X3 nənəsi olmasını bildirsə də, qeyd edilən şəxslər, yəni X6 ilə X4, həmçinin özü ilə X6 arasında müvafiq qohumluq münasibətlərinin olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, o ərizəsinə bununla bağlı Babək Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışını əlavə etmiş və bununla X1 X3 birinci növbə vərəsəsi, özünün isə X1 birinci növbə vərəsəsi olması faktını müəyyən etməyə çalışmışdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu isə o deməkdir ki, şəxsin valideynləri ilə bağlı fakt yalnız doğum akt qeydindən çıxarışlarla təsdiq edilə bilər. Bu isə özlüyündə ərizəçinin sözügedən iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğuna, həmçinin özlüyündə məhkəmə tərəfindən müəyyən edilməsi istənilən faktın ona münasibətdə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlibgəlməməsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli təsir edən amilidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözü gedən qərarın 1.7-ci bəndinə görə qanuna əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddələrinin tələbinə görə əgər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə ərizəçinin miras əmlakının faktiki qəbul edilməsindən sonra payının müəyyən olunması ilə bağlı qeyd edir ki, MPM-nin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər göstərilmişdir. Ərizəçinin diqqətinə çatdırılır ki, tələbin miras əmlaka olan payının müəyyən olunması vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətidir və belə məsələlərə xüsusi icraat qaydasında baxılmır. Belə ki, Plenum qərarının 10-cu bəndində göstərilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 10 mart 2025-ci il tarixli, 25056 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Ərizəçi miras əmlakın qəbul edilməsi və payın müəyyən olunması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 10 mart 2025-ci il tarixli, 25056 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-263/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-263/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver