Məhkəmə qərarları › İş №2(079)-291/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-291/2020

10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-291/2020 10.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, iddiaçı, həmçinin eyni zamanda İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi İddiaçı1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 xx xxxxxx 2020-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X3 miras qalmış Babək rayonu, Qoşadizə kəndində (indiki Babək şəhəri, Qoşadizə məhəlləsi) yerləşən yaşayış evi, torpaq sahəsi və “Hyundai Accent” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin özü və uşaqları tərəfindən faktiki qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, mərhum həyat yoldaşım X8 ilə xx xxxxxx 2006-cı ildə ailə həyatı qurmuşam. X8 məndən öncə də ailəli olmuş və həmin evliliyindən iki övladı dünyaya gəlmişdi. Həyat yoldaşım xx xxxxxx 2018-ci il tarixində vəfat etmişdir. Onun ölüm faktı Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 701575 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Onun ölümündən sonra Babək rayonu, Qoşadizə kəndində yerləşən ev, torpaq sahəsi və ** BF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı, sedan tipli, buraxılış ili 2010-cu il olan minik nəqliyyat vasitəsi miras qalmışdır. X4 vərəsələri mən-İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və Cavabdeh2dur. Həyat yoldaşımın ölümündən sonra həmin evdə mən və iki azyaşlı oğlanlarım yaşayır. Yuxarıda göstərdiyim X4 məndən öncəki evliliyindən doğulmuş iki uşağı Bakı şəhərində Mənsurun köməkliyi ilə tikilən mənzildə öz anaları ilə birlikdə yaşayırlar və mənim xeyrimə indiyədək nə ərizə verirlər, nə də ərizə verməkdən imtina edirlər. Sadəcə olaraq bu məsələnin həlli üçün heç bir hərəkət etmirlər. Ümumiyyətlə bizim heç bir əlaqəmiz yoxdur. Mən və iki azyaşlı oğlanlarım mərhum həyat yoldaşımın adına qeydiyyatda olan Babək rayonu, Qoşadizə kəndində yerləşən evdə həmin evi alındığımız vaxtdan yaşamışıq və hazırda övladlarım ilə birlikdə həmin evdə yaşamaqda davam edirik. X4 məndən öncəki həyat yoldaşı və övladları Babək rayonu, Qoşadizə kəndində yerləşən evdə heç bir vaxt yaşamamışlar. Hətta Mənsur vəfat edərkən də onun yas mərasiminə gəlməmişlər. Mənsur vəfat etdiyi vaxtda onun yanında yalnız mən və azyaşlı oğlanlarımız olmuş və onun ölümündən sonra ondan qalan mirası mən qəbul etmişəm. Bütün bu illər ərzində yaşayış evinin bütün kommunal, vergi və sığorta xərclərini mən ödəmişəm. Qeyd edim ki, X8 vəfat edəndən sonra ondan qalan Babək rayonu, Qoşadizə kəndində yerləşən yaşayış evinə, torpaq sahəsinə və ** BF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent' markalı, sedan tipli, buraxılış ili 2010-cu il olan minik nəqliyyat vasitəsinə mən sahiblik edərək istifadə edirəm. Miras qalmış əmlakı adıma sənədləşdirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldim və bu məqsədlə Babək rayon notariat ofisinə müraciət etdim. Babək rayon notariat ofisi xx xxxx 2020-ci il tarixli məktubunda vərəsəlik şəhadətnaməsini verməkdən rəsmi olaraq imtina edərək bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulan müddət keçmişdir və mübahisə olduğundan mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən də mən məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, eyni zamanda İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi İddiaçı1 izahatında iddianı müdafiə etdiyini, Mənsurla 2006-cı ildə ailə qurduğunu, onunla birgə nikahlarından iki övladının dünyaya gəldiyini, ərinin onunla evlənməmişdən öncə Gülarə adlı qadınla ailə qurduğunu, həmin nikahından da Mənsurun iki övladının dünyaya gəldiyini, özünün nə Gülarəni ilə, nə də onun uşaqlarını tanımadığını, onlarla əlaqəsinin olmadığını, eşitdiyinə görə Mənsurun əvvəlki ailəsi ilə baldızı Zeynəbin əlaqə saxladığını, miras qoyanın ölümü barədə də elə baldızının onun əvvəlki ailəsinə məlumat verdiyini, lakin onların miras qoyanın yas mərasimində iştirak etmədiyini, Mənsurla ailə qurduqdan sonra təqribən iki ilə yaxın Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, 2008-ci ildə Babək rayonu, Qoşadizə məhəlləsində torpaq sahəsi aldıqlarını, miras qalmış torpaq sahəsi üzərində yerləşən yaşayış evini əri ilə birlikdə tikdiyini, 2009-cu ildə həmin evə köçdüklərini, indiyədək orada yaşadığını, əri Mənsur Rzayevin 2018-ci ildə öldüyünü, onun atası Allahverdinin isə 1984-cü ildə rəhmətə getdiyini, ərinin yas mərasimin Naxçıvan şəhərində, İran məscidi adlanan yerdə keçirildiyini, qayınanası Zümrüdün həmin yas mərasimində iştirak etdiyini, miras qoyanın anası Mənsurun ölməsinədək onlarla birlikdə yaşasa da, ərinin ölümündən sonra Ordubad rayonu, Behrud kəndində yaşayan qızı ilə birlikdə qaldığını, mərhumun ölümündən sonra ondan Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən iki otaq, bir salondan ibarət fərdi yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi və “Hyundai Accent” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin miras qaldığını, həmin mirası isə özünün iki övladı ilə birlikdə qəbul etdiyini, ərinin əvvəlki ailəsi ilə əlaqəsi olmadığından və qayınanası Zümrüd yaşlı olduğundan miras əmlakının qəbul edilməsini məhkəmədənkənar qaydada həyata keçirə bilmədiyini, ərinin ölümündən sonra mirası özünün iki uşağı ilə birlikdə qəbul etdiyini, evin kommunal xərclərinin özünün ödədiyini qeyd edərək yekunda məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdi. İddia tələbi miras qoyan əvvəlki nikahından olan övladları Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlsə də, X4 birinci növbəli vərəsəsi sayılan anası Cavabdeh3 qarşı hər hansı tələb irəli sürülmədiyindən məhkəmə iddiaçının razılığı ilə xx xxxxxxxx 2020-ci il tarixli qərardadla Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X4 xx xxxxxx 1970-ci ildə anadan olması, X1 atası, Rzayeva (Cəbrayılova) Zümrüd Ağa qızının isə anası olması, X4 İddiaçı1 ilə nikaha daxil olmamışdan öncə Rzayeva (Qənbərova) Gülarə Qənbər qızı ilə nikah bağlaması, həmin nikahdan Cavabdeh1 və Cavabdeh2 adlı uşaqların dünyaya gəlməsi, X16 Rzayeva arasında bağlanmış nikahın Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə pozulması və onların birgə nikahlarından olan uşaqlarının analarının yanında qalmalarının qət edilməsi, X8 ilə İddiaçı1 xx xxxxxx 2006-cı ildə nikaha daxil olması, sonuncuların birgə nikahından İddiaçı2 və İddiaçı3 adlı uşaqların dünyaya gəlməsi, miras qoyanın (X4) xx xxxxxx 2018-ci ildə ölməsi, sonuncunun mülkiyyətində “Hyundai Accent' markalı, ** BF *** dövlət qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2010-cu il olan nəqliyyat vasitəsi, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 483 kvadrat metr torpaq sahəsi və onun üzərində ümumi sahəsi 131,92 kvadrat metrdən ibarət fərdi yaşayış evinin olması, qeyd edilən daşınmaz əmlakın ünvanının dəyişdirilməsi, X4 atası X5 xx xxx 1961-ci ildə Cavabdeh3 ilə nikaha daxil olması və X5 xx xxxx 1984-cü ildə ölməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş xx xxxxxx 1970-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx xxxxxx 1970-ci ildə Ordubad rayonu, Behrud kəndində anadan olması, X1 atası, X7 isə anası olması; -iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-52/2005 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən X4 Rzayeva (Qənbərova) Gülarə Qənbər qızı ilə nikaha daxil olması, onunla birgə nikahından Cavabdeh1 və Cavabdeh2 adlı uşaqların dünyaya gəlməsi, onlar arasında bağlanmış nikahın pozulması və həmin iş üzrə tərəflərin birgə nikahlarından olan uşaqlarının analarının yanında qalmalarının qət edilməsi; - iddia ərizəsinə eyni zamanda mülki iş materiallarına əlavə edilmiş X11 Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 176819 nömrəli, xx xxxxxx 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 ilə İddiaçı1 xx xxxxxx 2006-cı ildə nikaha daxil olması; -mülki iş materiallarında olan X11 Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 793661 nömrəli, xx xxxxxxxx 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı2 atası X8, anasının İddiaçı1 olması; -mülki iş materiallarında olan X11 Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 168275 nömrəli, xx xxxxx 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı3 atası X8, anasının İddiaçı1 olması; - iş materiallarına əlavə edilən Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 701575 nömrəli, xx xxxxxx 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx xxxxxx 2018-ci ildə ölməsi; - iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət X21 tərəfindən verilmiş AC seriyalı, 993289 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən və həmin İdarənin xx xxxxxxx 2020-ci il tarixli, 1/915 nömrəli məktubundan ** BF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent' minik markalı, sedan tipli, buraxılış ili 2010-cu il, mühərrik nömrəsi G4ED9W169984, ban nömrəsi NLHCN41CBAZ191291 olan nəqliyyat vasitəsinin sahibinin X8 olması; - mülki işə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 28 nömrəli məktubundan, ona əlavə edilmiş xx xxxx 2009-cu il tarixli, 4-Ə-177 nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 400 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli məktubdan daşınmaz əmlakın dövlət reyestrində X4 adına xx xxxxxx 2010-cu ildə Babək Rayon Dövlət Notariat Kontorunun xx xxxx 2009-cu il tarixli 4ə/-177 nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Qoşadizə məhəlləsi (Babək rayonu, Qoşadizə kəndi) ünvanında 483 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 131,92 kvadrat metr olan üç otaqlı fərdi yaşayış evinin qeydiyyata alınması; - işə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 438 nömrəli məktubundan X4 mülkiyyətində olan Babək rayonu, Qoşadizə kəndində yerləşən fərdi yaşayış evinin yeni ünvanının Babək şəhəri, Qoşadizə məhəlləsi olması; - iş materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli akt qeydindən çıxarışdan X10 ilə Cavabdeh3 arasında xx xxx 1961-ci ildə nikah bağlanması (miras qoyanın valideynləri); - iş materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İİ-JQ seriyalı, 399215 nömrəli akt qeydindən çıxarışdan X5 xx xxxx 1984-cü ildə ölməsi aydın olur. İddiaçı1 mərhum əri X3 miras qalmış Babək şəhəri, Qoşadizə məhəlləsində olan torpaq sahəsinin, fərdi yaşayış evinin və ** BF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent' minik markalı nəqliyyat vasitəsinin özü və uşaqları tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X4 xx xxxxxx 2018-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X8 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X8 xx xxxxxx 2018-ci ildə öldüyü zaman onun Nümayəndə ilə nikahından olan və sağ qalan övladları Cavabdeh1, Cavabdeh2, həmçinin İddiaçı1 ilə birgə nikahından olan və sağ qalan uşaqları İddiaçı2, İddiaçı3, arvadı İddiaçı1 və anası Cavabdeh3 onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən doğum, nikah haqqında şəhadətnamələr, akt qeydindən çıxarışlardan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin təsdiq edilmiş surətindən, Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1237 nömrəli arayışdan miras qoyan mərhum X4 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Həmçinin iş materiallarına əlavə edilmiş Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İİ-JQ seriyalı, 399215 nömrəli akt qeydindən çıxarışdan mərhum X4 atası X5 xx xxxx 1984-cü ildə ölməsı öz təsdiqini tapır. İddiaçının həm öz adından, həm də övladları İddiaçı2 və İddiaçı3 adından məhkəmədə iddia qaldırması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 1244-cü maddəsini görə isə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. İddiaçı2 və İddiaçı3 isə hazırda yetkinlik yaşına çatmamaları yuxarıda qeyd edilmiş sənədlərlə öz təsdiqini tapdığından, onların adından anaları İddiaçı1 iddia qaldırması qanunauyğundur. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, miras qoyan X4 ölümündən sonra ondan Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 483 kvadrat metr torpaq sahəsi, onun üzərində yerləşən ümumi sahəsi 131,92 kvadrat metrdən ibarət fərdi yaşayış evi və ** BF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent' minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı1 mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxsin məhkəmə baxışı iclası zamanı verdiyi izahatı ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X6 özünün keçmiş adı Naxçıvan rayonu, Qoşadizə kəndi, indiki adı isə Babək şəhəri, Qoşadizə məhəlləsi olan yerdə anadan olduğunu, iddiaçının yaşadığı məhəlləyə isə 1993-cü ildə köçdüyünü, oraya köçən zaman İddiaçı1 və onun əri Mənsurun həmin məhəllədə yaşamadığını, vaxtını dəqiq xatırlamasa da təqribən on il olar ki, iddiaçının özü ilə eyni məhəllədə qaldığını, onların yaşadığı ev ilə öz evləri arasında təqribən yüz metr məsafə olduğunu, daha dəqiq isə aralarında iki ev yerləşdiyini, iddiaçın əri Mənsurun əvvəlcə həmin məhəllədən torpaq sahəsi aldığını, daha sonra onun üzərində ev tikdiyini, Mənsurun sağ vaxtı onun evində olduğunu və həmin evin iki otaq, bir salandan ibarət olmasını gördüyünü, neçə ildir ki, İddiaçı1 ilə qonşuluqda yaşadığını, özünün onların evinə tez-tez gedib gəlmədiyini, lakin arvadının iddiaçı ilə qonşu kimi münasibətinin olduğunu, özünün mərhum Mənsurun evində olması xeyir-şər məclislərində iştirak etməsi ilə bağlı yarandığını, sonuncu dəfə mərhumun öldüyü vaxt keçirilən yas məclisində onun evində olduğunu, Mənsurun ölümündən sonra ona məxsus evdə ancaq İddiaçı1 iki övladı ilə birlikdə yaşadığını və iddiaçının ərinin ölümündən sonra Aygünün qardaşının onların yaşadığı evin divarını hördürdüyünü gördüyünü, Mənsurun anasını zahirən tanıdığını, onun adını bilmədiyini, onun əvvəlki nikahından olan ailəsini isə tanımadığını, mərhumun ölümündən sonra onun anasının Aygünün Mənsurla birlikdə yaşadığı evdə görmədiyini, iddiaçının yaşadığı evin həyətində qaraj olduğunu, onun qapısı küçəyə açıldığından məhlədə mərhuma məxsus olan qara rəngli “Hyundai Accent' markalı maşını tez-tez gördüyünü bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 isə 2009-cu ildən iddiaçı ilə eyni məhəllədə yaşadığını, hazırda özünə ev tikdiyi torpaq sahəsinin yarısını 2009-cu ildə özü, digər yarısını isə mərhum Mənsurun aldığını, hazırda isə evlərinin yan-yana olduğunu, özünün Babək rayonu, Qoşadizə məhəlləsinə köçən zaman iddiaçının ərinin artıq orada ev tikdiyini, həmin evin iki otaq, bir salondan ibarət olduğunu, Aygünün evinə elə də tez-tez gedib-gəlmədiyini, sonuncu dəfə mərhumun ölməsinin bir ili tamam olması ilə bağlı verilən ehsan məclisində onun evində olduğunu, həm Mənsurun sağ vaxtı, həm də onun ölümündən sonra ona məxsus olan evdə İddiaçı1 övladları Toğrul və Seymurla birlikdə yaşadığını, onlardan başqa həmin evdə başqa şəxslərin yaşamasını görmədiyini, mərhumun qardaşı və anasını zahirən tanısa da adlarını bilmədiyini, Mənsurun ölümündən sonra onun anasının mərhuma məxsus, yəni hazırda İddiaçı1 yaşadığı evdə görmədiyini, Mənsurun sağ vaxtı qara rəngli “Hyundai Accent' markalı maşının olduğunu, həmin maşının hazırda İddiaçı1 yaşadığı evin qarajında saxlanıldığını, iddiaçının uşaqları balaca olduğundan və maşın sürə bilmədiklərindən tez-tez həmin maşını qarajdan çölə çıxarmaq üçün onu çağırdıqlarını və özünün də bunu etdiyini qeyd etmişdi. Dindirilmiş şahid ifadələrini iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə bildirir ki, onların ifadələrində qeyd etdiyi iş üçün əhəmiyyətli olan xüsusatlar digər sübutlarla da öz təsdiqini tapdığından onları ifadələri sübut kimi qəbuledilən hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qeyd edilən normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq məhkəmə qeyd edir ki, Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 462 nömrəli arayışdan İddiaçı1 övladları İddiaçı2 və İddiaçı3 ilə birlikdə Babək rayonu, Qoşadizə məhəlləsində yaşaması müəyyən edilir. Bundan əlavə qeyd edilən orqan tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 691 nömrəli arayışdan aydın olur ki, Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olmuş X4 ölümündən sonra onun adına olan yaşayış evində mərhumun arvadı İddiaçı1, uşaqları İddiaçı2 və İddiaçı3 qalır. Həmçinin işə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı1 miras açıldıqdan sonra Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən daşınmaz əmlak üçün sığorta haqqını və ya kommunal xidmətlər üçün haqların ödəyərək miras əmlakı idarə və ona sahiblik etmişdi. Qeyd edilən faktlar mülki işə əlavə edilmiş istehlak edilmiş təbii qazın haqqının ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 722156 və 722164 nömrəli, xx xxxxx 2019-cu il tarixli, 849847 nömrəli, xx xxxxxx 2019-cu il tarixi, ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, 8031 nömrəli, xx xxxx 2020-ci il tarixli, ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qəbzlərlə, həmçinin Babək Rayon Qaz İstismar İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə, sığorta haqlarının ödənilməsi ilə bağlı AAG seriyalı, xx xxxxxxx 2019-cu il tarixli, 076401 nömrəli mədaxil qəbzi, xx xxxxxxx 2019-cu il tarixli, BA seriyalı 224758 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnamələri ilə və istehlak edilmiş elektrik enerjisinin haqqının ödənilməsi barədə xx xxxx 2019-cu il tarixli, 923013 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 994326 nömrəli, xx xxxx 2020-ci il tarixli, ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli, 20925 nömrəli, xx xxxx 2020-ci i tarixli, ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli 28262 nömrəli qəbzlərlə, məhkəməyə təqdim edilmiş ********* nömrəli abunəçinin 70318677 nömrəli sayğac üzrə səlahiyyətli açma kartının təsdiq edilmiş surəti ilə öz təsdiqini tapır. Məhkəməyə təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Babək Rayon Rabitə İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, 269 nömrəli arayışdan müəyyən edilir ki, X4 adına olan ***-**-** nömrəli ev telefonu o, rəhmətə getdiyindən Babək rayonu, Qoşadizə kənd sakini İddiaçı1 adına keçirilmişdi. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X2 miras qalmış Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 483 kvadrat metr torpaq sahəsi, onun üzərində yerləşən ümumi sahəsi 131,92 kvadrat metrdən ibarət fərdi yaşayış evi və “Hyundai Accent' markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı1 tərəfindən uşaqları ilə birlikdə miras əmlak kimi faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı1 tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; - xx xxxxxx 1970-ci ildə Ordubad rayonu, Behrud kəndində anadan olan və xx xxxxxx 2018-ci ildə ölən X3 miras qalmış Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 483 kvadrat metr torpaq sahəsi, həmçinin onun üzərində olan ümumi sahəsi 131,92 kvadrat metrdən ibarət üç otaqlı fərdi yaşayış evi, eləcə də “Hyundai Accent' markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 tərəfindən uşaqları İddiaçı2 və İddiaçı3 ilə birlikdə qəbul edilməsi faktı müəyyən olunmalı; - İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X2 miras qalmış Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 483 kvadrat metr torpaq sahəsi, həmçinin onun üzərində olan ümumi sahəsi 131,92 kvadrat metrdən ibarət üç otaqlı fərdi yaşayış evi, eləcə də ** BF *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı, sedan tipli, buraxılış ili 2010-cu il, mühərrik nömrəsi G4ED9W169984, ban nömrəsi NLHCN41CBAZ191291 olan nəqliyyat vasitəsinin İddiaçı1 tərəfindən uşaqları İddiaçı2 və İddiaçı3 ilə birlikdə qəbul edilməsi faktı müəyyən olunsun. İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar