Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-292/2022 24.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə X5, İddiaçı2 və X2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyən etdi: X5, İddiaçı2 və X4 23 may 2022-ci il tarixdə Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 ölümündən sonra Babək rayon Aşağı Buzqov kəndində yerləşən miras əmlakın İddiaçı1, İddiaçı2 və X4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi qaydalarını müəyyən edən MPM-in 4-cü fəslində nəzərdə tutulmuş 35.1-ci maddəyə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan belə məlum olur ki, cavabdeh Həbibova X3 şəhəri, Ə. Qəmküsar küçəsi, bina 18, mənzil 7 ünvanında qeydiyyatdadır. İddia ərizəsinin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verildiyini nəzərə alan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. MPM-in 39.1-ci maddəsinin tələbindən belə aydın olur ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yuxarıda qeyd edilən prosessual normaları iddia ərizəsi və irəli sürülmüş maddi-hüquqi tələblə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, irəli sürülən iddia, müstəsna aidiyyət qaydalarının tətbiqini mümkün edən əşya-hüquqi müdafiə üsullarına daxil deyildir. Belə ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin mülkiyyət hüququ əşya-hüquqi müdafiə üsulu ilə müdafiə edilir. Əşya-hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan mülkiyyət hüququndan irəli gələn sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti mütləq subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Əşya-hüquqi müdafiə iddia vasitəsilə həyata keçirilir və gerçəkləşdirilir. Mütləq, yəni əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia, mülkiyyət hüququnun tanınması barədə iddia daxildir. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin şeyə sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı MMin 157-ci maddəsinin 2-ci bəndində verilmişdir. Həmin maddədə bildirilir ki, “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”. Neqator iddia dedikdə isə mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Neqator iddianın anlayışı MM-in 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Orada qeyd olunur ki, “əgər mülkiyyətçiyə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər”. Əşyanın mülkiyyətçinin faktiki sahibliyində olmasına baxmayaraq onun hüququnun həyata keçirilməsinə qeyri-qanuni maneə törədildiyi halda mülkiyyətçinin müdafiə olunmağa olan ehtiyacı əsasında qanuni sahibin hüququnu sıxışdıran bu qanunsuz hərəkətlərin kəsilməsinə nail olmaq üçün “neqator” iddia qaldırıla bilər. Məhkəmə belə hesab edir ki, iddiaçıların məhkəmədən baxılması və həll olunmasını xahiş etdiyi maddi-hüquqi tələb mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsi faktının müəyyən olunmasına yönəlməklə hələ əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini ehtiva etmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki-prosessual qanunvericiliyə görə aidiyyət ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə aidiyyət qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyət qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Cavabdehin yaşayış yerinin iddia ərizəsinin verildiyi məhkəmənin yurisdiksiyası daxilində olmamasını və miras əmlakın yerləşdiyi yer nəzərə alınmaqla ümumi aidiyyət qaydalarından fərqli qayda ehtiva edən müstəsna aidiyyət qaydalarının tətbiqi üçün əsasların mövcud olmadığını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, X5, İddiaçı2 və X2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3). İddiaçılara izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması aidiyyət qaydalarına əməl edilməklə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. X4 tərəfindən tərəfindən "xxxx" ASC-nin Naxçıvan fiilialı vasitəsilə 16 aprel 2022-ci il tarixdə 2196 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : X5, İddiaçı2 və X2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Naxçıvan fiilialı vasitəsilə 16 aprel 2022ci il tarixdə 2196 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-292/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-292/2022
24.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver