Məhkəmə qərarları › İş №2(079)-329/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-329/2021

21.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-329/2021 21.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev X2 Elşən Heydər oğlunun mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Ərizəçi “18” iyun 2021-ci ildə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ərizəçiyə bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qeyd edilən Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində müstəsna aidiyyət qaydaları da müəyyən edilmişdi. Qeyd edilən Məcəllənin 39.1-ci maddəsinin tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Ərizədən görünür ki, Ərizəçi atası X1 miras qalmış Babək rayonu, Qahab kəndində yerləşən 0.05 hektar torpaq sahəsinin özü tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçinin tələbindən aydın olur ki, onun tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş tələbdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda qeyd edilən prosessual normaları ərizə və ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, onun mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi müstəsna aidiyyəti olan tələbdir. Ərizədə daşınmaz əmlak olan torpaq sadəsinin Babək rayonu, Qahab kəndində yerləşməsini qeyd etsə də, məhkəməyə təqdim etdiyi sənədləri nəzərdən keçirən zaman müəyyən olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair sənədlər qanunvericilidə nəzərdə tutulmuş qaydada təsdiq və təqdim edilməyib. Belə ki, ərizəyə əlavə edilmiş JN seriyalı, 179A nömrəli 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq edilməyib. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələbini iddiaçının diqqətinə çatdırır. Həmin maddəyə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yuxarıda qeyd edilən hal isə özlüyündə Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd edilən aidiyyət qaydalarının müəyyən edilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 16 iyun 2021-ci il tarixli, 2727 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 16 iyun 2021-ci il tarixli, 2727 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçi izah edilir ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar