Məhkəmə qərarları › İş №2(079)-357/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-357/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-357/2023 15.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X17 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “31” may 2023-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X5 və X6 ümumi mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsinin mərhum anası X7 münasibətdə olan hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, müraciətini əsaslandıraraq qeyd etmişdi ki, atası X14 01 yanvar 2009-cu ildə, anası X15 isə 08 aprel 2000-ci il tarixlərdə ölmüşlər. Özü də daxil olmaqla onların 6 nəfər vərəsəsi var- Maraqlı şəxs1, Maraqlı şəxs2, Nəbiyeva (Abdullayeva) Səmayə Ələsgər qızı, X12, Maraqlı şəxs4, Ərizəçi. Atam və anam öləndən sonra onların birgə mülkiyyətinə olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Mən valideynlərimin ölümündən sonra onların birgə mülkiyyətində olan həmin torpaq sahəsini 12 dekabr 2022-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********67 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adlarına çıxarış almışam. Mən hələ valideynlərimin sağlığında həmin torpaq sahəsi üzərində iki otaq və bir salondan ibarət ev tikib, orada yaşamışam. Onlar öləndən sonra da elə birinci növbəli vərəsə kimi həmin evdə yaşamaqla, torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə miras əmlakı faktiki olaraq qəbul edib, həyətyanı sahə və əmlaka görə bələdiyyə vergisini ödəmişəm və bu günə borcları yoxdur. Hal-hazırda qardaş və bacılarım Əli, Vaqif, Məhbubə, Səmayə miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. X1 1986-cı ildən Azərbaycan Respublikası ərazisində qeydiyyatdan çıxıb və Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, hal-hazırda onunla hər-hansı bir əlaqəmiz yoxdur, heç ata-anamın yas mərasiminə belə gəlib iştirak etməmişdir. Onunla bağlı hər hansı bir məlumatımız olmadığından sözü gedən miras əmlakın adıma rəsmiləşdirilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldım və istəyirəm ki, məhkəmə qaydasında öz həllini tapsın. Mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək Rayon Notariat Ofisinə müraciət etdim. Həmin orqanın 30 dekabr 2022-ci il tarixli, 114 nömrəli məktublarında mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Mən də bununla bağlı verilmiş çıxarışın başlıq hissəsində tək atamın adı göstərildiyi üçün çıxarışın sonuna nəzər salmadan tək atamdan qalan miras əmlakın faktiki olaraq mənim tərəfindən qəbul edilməsi ilə bağlı iddia qaldırdığım üçün Babək Rayon Məhkəməsinin 2(079)-88/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiam atamın payına münasibətdə təmin olunmuşdur. Hal-hazırda mərhum anamdan qalan miras əmlaka dair hissədə açıq qalmışdır. Ərizəçi məhkəmədə verdiyi izahatında əvvəlki adı ilə Naxçıvan rayonu, Şıxmahmud kəndində anadan olduğunu və orada yaşadığını, sadəcə olaraq taksi fəaliyyəti ilə məşğul olmaq üçün məcbur qalıb Naxçıvan şəhərində qeydiyyata düşdüyünü, atasının Ələsgər Abdullayev, anasının isə Nərgiz Abdullayeva olduğunu, anasının 2000-ci ilin aprel ayının 8də, atasının isə 2009-cu ildə öldüyünü, onların birgə nikahından altı uşaq dünyaya gəldiyini və hamısının sağ olduğunu, babası və nənələrinin sağ olmadığını, Babək rayonu, Şıxmahmud kəndində atası ilə anasının birgə mülkiyyətində olan torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsi üzərində yalnız bir yaşayış evinin tikildiyini, evi 1992-ci ildə özünün tikdiyini, anası öldükdən sonra orada ailəsi və atası ilə birlikdə yaşadığını, atasından qalan mirası Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında qəbul etdiyini, torpaq sahəsi valideynlərinin birgə mülkiyyətində olsa da, əvvəl qaldırdığı iddianı yanlışlıqla ancaq atasına dair hissədə qeyd etdiyini, buna görə də anasına dair hissədə məcbur qalıb yenidən iddia qaldırdığını, anasının vəsiyyətnamə tərtib etmədiyini, digər bacı-qardaşlarının hər birinin öz evi olduğunu və orada yaşadıqlarını, sadəcə olaraq qardaşı Hüseyn Abdullayev Azərbaycan Respublikasından kənarda, yəni Ukrayna Respublikası yaşadığından onunla uzun müddətdir ki, əlaqəsinin olmadığını, sonuncu dəfə onunla əlqə yaradanda onun xəstə olduğunu, gözlərinin tutulduğunu, qardaşı ilə əlaqə yarada bilmədiyindən mirasın qəbul edilməsinin məhkəmədən kənar qaydada həll edə bilmədiyini, buna görə məhkəmədə iddia qaldırdığını, hazırda valideynlərindən miras qalmış torpaq sahəsində yerləşən evdə özünün, oğlunun və arvadının yaşadığını, evin üç otaq, bir salon, hamam-tualet və mətbəxdən ibarət olduğunu, evin bütün kommunal xərclərini özünün ödədiyini qeyd edib, yekunda mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Baxılan işin nəticəsi bilavasitə vərəsələr Maraqlı şəxs1, Maraqlı şəxs2, Abdullayeva (Nəbiyeva) Səmayə Ələsgər qızı, Maraqlı şəxs4 hüquqlarına toxunma ehtimalı olduğundan məhkəmə onları maraqlı şəxs qismində işə cəlb etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxslərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, miras qoyanlar X14 ilə X15 arasında nikah bağlaması, həmin nikahdan Maraqlı şəxs1, Maraqlı şəxs2, X8, X12, Maraqlı şəxs4 və Ərizəçi adlı uşaqların dünyaya gəlməsi, X6 08 aprel 2000-ci ildə, X5 01 yanvar 2009-cu ildə ölməsi, miras qoyanların ümumi mülkiyyətində Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 kvadrat metr həyətyanı torpaq sahəsi olması, Ərizəçi atasına münasibətdə mirası qəbul etməsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, X8, X12, Maraqlı şəxs4 və Ərizəçi mərhum X6 vərəsələri olması, həmin vərəsələrdən Maraqlı şəxs1, Maraqlı şəxs2, X8 və Maraqlı şəxs4 anaları X2 miras qalan əmlakın qəbulundan imtina etmələri barədə ərizə vermələri, Ərizəçi anasından qalan miras əmlakın qəbulu üçün Babək Rayon Notariat Ofisinə ərizə ilə müraciət etməsi, həmin orqanın vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməsi, vərəsələrdən X3 X22 ilə nikaha daxil olması və onların Azərbaycan Respublikası ərazisində yaşayış və qeydiyyat yerinin olmaması müəyyən edilir. Bunlar iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş aşağıdakı sənədlərlə müəyyən olunur: - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 22 sentyabr 1989-cu il tarixli, V-JQ seriyalı, 296202 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 ilə X9 17 dekabr 1965-ci ildə nikaha daxil olması, bunun akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı Nərgiz Şirin qızının özünə “Abdullayeva” soyadını seçməsi; - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 11 yanvar 1954-cü il tarixli, İJ seriyalı, 060321 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Maraqlı şəxs1 xx xxxxxx 1954-cü ildə doğulması, onun atasının X14, anasının isə X18 olması; - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 06 yanvar 1955-ci il tarixli, İJ seriyalı, 174608 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Maraqlı şəxs2 xx xxxxxx 1955-ci ildə doğulması, onun atasının X14, anasının isə X18 olması; - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 02 noyabr 1976-cı il tarixli, V-QJ seriyalı, 263676 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx xxxxxx 1957-ci ildə doğulması, onun atasının X14, anasının isə X15 olması; - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 21 sentyabr 1989-cu il tarixli, Xİİİ-JQ seriyalı, 486728 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X3 18 iyun 1958-ci ildə doğulması, onun atasının X14, anasının isə X15 olması; - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 07 iyul 1960-cı il tarixli, İ-İE seriyalı, 927658 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Maraqlı şəxs4 07 iyul 1960-cı ildə doğulması, onun atasının X14, anasının isə X15 olması; - Naxçıvan rayonu, Şıxmahmud kənd sovetliyi tərəfindən verilmiş 19 may 1971-ci il tarixli, AZB seriyalı, 033484 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi xx xxx 1971-ci ildə doğulması, onun atasının X14, anasının isə X15 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, V-JQ seriyalı, 337529 nömrəli akt qeydindən çıxarışdan X6 08 aprel 2000-ci ildə Babək rayonu, Şıxmahmud kəndində ölməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli, AZ-İ seriyalı, 749257 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 01 yanvar 2009-cu ildə Babək rayonu, Şıxmahmud kəndində ölməsi; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 12 dekabr 2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsinin X14 və X6 ümumi mülkiyyətində olması; - Babək Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(079)-88/2023 nömrəli qətnaməsindən Ərizəçi Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsinin mərhum X10 dair hissədə miras əmlak kimi qəbul etməsi; - Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli, 81 nömrəli arayışından Maraqlı şəxs1, Maraqlı şəxs2, X8, X12, Maraqlı şəxs4 və Ərizəçi X15 vərəsələri olması - Babək Rayon Notariat Ofisi tərəfindən təsdiqlənmiş 27 dekabr 2022-ci il tarixli, 8İ- 1798 nömrəli, 28 dekabr 2022-ci il tarixli, 8İ-1807 nömrəli, 28 dekabr 2022-ci il tarixli, 8İ-1808 nömrəli, 27 dekabr 2022-ci il tarixli, 8İ-1797 nömrəli ərizələrinin məzmunundan Maraqlı şəxs1, Maraqlı şəxs2, X8 və Maraqlı şəxs4 anaları X2 miras qalan əmlakı qəbul etməmələri; - Babək Rayon Notariat Ofisi tərəfindən təsdiqlənmiş 30 dekabr 2022-ci il tarixli, 8İ- 1832 nömrəli ərizədən və həmin orqanın 30 dekabr 2022-ci il tarixli, 114 nömrəli məktubundan Ərizəçi anasından qalan miras əmlakın qəbulu üçün Babək Rayon Notariat Ofisinə ərizə ilə müraciət etməsi, həmin orqanın qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddət buraxıldığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, İV-JQ seriyalı, 383586 nömrəli akt qeydindən çıxarışdan X12 ilə X16 23 aprel 1987-ci ildə nikaha daxil olması, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan onların Azərbaycan Respublikası ərazisində yaşayış və qeydiyyatda olduğu yerin olmaması aydın olur. Ərizəçinin müraciəti isə mərhum anası X2 qalmış miras əmlakın özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Müraciətin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq onu bildirir ki, iş materiallarından miras qoyan X6 08 aprel 2000-ci ildə ölməsi aydın olur. Bu isə o deməkdir ki, ərizəçinin müraciəti miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual normanın qeyd edilən tələbindən yola çıxan məhkəmə qeyd ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Məhkəmə ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Belə ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 528-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyan X6 08 aprel 2000-ci ildə ölməsi ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin (maddə 527). Müraciətin məhkəmədə araşdırılması zamanı miras qoyan X15 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Bundan əlavə hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq 2000-ci sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin iki növbəsi müəyyən edilib. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 533-cü maddəsinin tələbinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X15 08 aprel 2000-ci ildə öldüyü zaman onun sağ qalan əri X14 və övladları Maraqlı şəxs1, X11, X8, X12, Maraqlı şəxs4 və Ərizəçi onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin müəyyən edilmiş hallarının təsdiqi zamanı qeyd edilən doğum və nikah haqqında akt qeydindən çıxarışlardan, şəhadətnamələtin təsdiq edilmiş surətlərindən və Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023cü il tarixli, 81 nömrəli arayışından miras qoyan mərhum X6 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərdən X14 və X13ən mülkiyyətində Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsinin olması müəyyən edilir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Müraciətin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, Ərizəçi mirası qeyriformal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxsin məhkəmədə verdiyi izahatı ilə, həm Babək Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(079)-88/2023 nömrəli qətnaməsi ilə, həm də digər sübutlarla öz təsdiqini tapır. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 12 dekabr 2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsinin X14 və X6 ümumi mülkiyyətində, onların payının müəyyən edilməməsi və ayrılmaması, Ərizəçi iddiaçı Maraqlı şəxs1, Maraqlı şəxs2, X8, X12 və Maraqlı şəxs4 cavabdeh olduğunu 2(079)-88/2023 nömrəli mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsindən Ərizəçi atasına-X10 münasibətdə mirası qəbul etməsi aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Babək Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(079)-88/2023 nömrəli qətnaməsindən müəyyən edilir ki, Ərizəçi nəinki atasından ölümündən sonra ondan qalan mirası qəbul etmiş, o, hələ valideynlərinin sağ vaxtından miras əmlak olan torpaq sahəsində özünə ev tikmiş, ailəsi ilə birlikdə orada yaşamış, valideynlərinin hər birinin ölümündən sonra da həmin daşınmaz əmlakda inşa etdiyi evdə yaşamaqda və təsərrüfatı idarə etməkdə davam etmişdi. Hazırki mülki iş üzrə miras əmlak mərhum X14 və X6 ümumi mülkiyyətində olduğundan, onları payları müəyyən edilmədiyindən və ayrılmadığından, mülki qanunvericiliyin tələbinə görə mirasın qismən qəbuluna yol verilmədiyindən, ərizəçinin atasında qalan miras əmlakı qəbul etməməsi mübahisəsiz olduğundan, məhkəmə belə hesab edir ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsini məhrum X10 münasibətdə qəbul edən vərəsə anasına münasibətdə olan vərəsəlik hüququndan imtina etməmişdirsə avtomatik olaraq onu bütünlüklə qəbul etmişdi. Sadəcə olaraq hazırki vəziyyətdə ərizəçinin məhkəmədən kənar qayda öz hüququnu həyata keçirməsinə maneə olan əsas səbəb Ərizəçi vərəsələrdən X3 yaşayış yeri barədə məlumatsız olması və onunla əlaqə saxlamasının mümkünsüzlüyü olmuşdu. Sonuncu qeyd edilən fakt "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan da müəyyən edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, mərhum X2 miras qalmış Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 kvadrat metr torpaq sahəsinin miras qoyan mərhum anası X7 münasibətdə olan hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı əsaslı olduğundan müəyyən edilməlidir. Məhkəmə onu da işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; - Babək rayonu, Şıxmahmud kəndində yerləşən, mərhum X14 və X6 ümumi mülkiyyətində olan və onlardan miras qalmış 0.2607 hektar həyətyanı torpaq sahəsinin mərhum X7 münasibətdə olan miras hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; -ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Babək rayonu, Şıxmahmud kəndində yerləşən, mərhum X14 və X6 ümumi mülkiyyətində olan və onlardan miras qalmış 0.2607 hektar həyətyanı torpaq sahəsinin mərhum X7 münasibətdə olan miras hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar