Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-402/2021 04.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi qızının vəkili Vəkil iştirakı ilə, Ərizəçi övladı X6 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “03” avqust 2021-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu, Cəhri kəndində yaşamış X6 22 oktyabr 1983-cü ildə Babək rayonu, Cəhri kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini əsaslandıraraq qeyd etmişdi ki, xx xxxx 1939-cu ildə Babək rayonu, Cəhri qəsəbəsində anadan olmuşam. 01 dekabr 1958-ci ildə X12 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Birgə nikahımızdan 7 övladımız dünyaya gəlmişdir. Həyat yoldaşım X12 12 mart 2005-ci ildə, qızım X19 15 may 1995-ci ildə, oğlum X13 isə 22 oktyabr 1983-cü ildə dünyasını dəyişmişdir. Babək rayonu, Cəhri qəsəbəsində mən, mərhum həyat yoldaşım və oğlum Ramin birgə mülkiyyətçi olmaqla 0.0989 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həyat yoldaşım rəhmətə getdiyindən payçı olaraq ondan qalan miras əmlakın hüquqi taleyini həll etmək üçün notariusa müraciət etsək də, oğlum Firudinin ölüm haqqında şəhadətnaməsi olmadığından notarius vərəsəlik icraatı ilə bağlı əməliyyatı aparmaqdan imtina etdi. Mən də məcbur qalaraq ölüm faktının müəyyən olunması ilə məhkəməyə müraciət etməli olmuşam. Bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsəm də, oğlum Firudinin barəsində ölüm haqqında akt qeydi tərtib olunmadığından, yəni ölüm qeydə alınmadığından şəhadətnamənin verilməsindən imtina olundu və məhkəməyə müraciət etməyim məsləhət olundu.Əərizə ilə müraciət etməkdə məqsədim vərəsəlik icraatı ilə bağlı notariat orqanında miras qalmış paylı mülkiyyətin taleyini həll etməkdir. X2 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və ərizəçi məhkəmə iclasında iştirak etməmişdi Ərizəçi qızı əvvəlki məhkəmə baxışı iclasınsa verdiyi izahatında 1958-ci ildə X12 ilə ailə qurduğunu, onunla birgə nikahından yeddi uşağın dünyaya gəldiyini, övladlarından Firudinin 1983-cü ildə, Bikənin isə 1995-ci ildə öldüyünü, əri Rəhimin 2005-ci ildə dünyasını dəyişdiyini, X6 evin üçüncü övladı olduğunu, bir gün qonşularının onlara gələrək Firudinə gəzməyə getməyi təklif etdiyini, oğlunun isə onunla getdiyini, həmin vaxt yolda baş verən qəza nəticəsində oğlunun öldüyünü, həmin vaxt Firudinin 18 yaşı olduğunu, ərindən miras qalan evi öz adına sənədləşdirmək istəyəndə övladı Firudinin ölüm sənədinin olmamasının müəyyən edildiyini, bununla bağlı bir neçə orqana müraciət etdiyini, lakin bir nəticəsi olmadığını, miras əmlakı sənədləşdirmək üçün notariusun birinci növbə vərəsələr sırasına daxil olan övladının ya ərizəsinin, ya da ölüm sənədinin ona verilməli olduğunu dediyini, bu səbəbdən də məhkəməyə müraciət etdiyini bildirərək yekunda məhkəmədən müraciətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçının vəkili Vəkil məhkəmədə verdiyi izahatında Ərizəçi xx xxxx 1939-cu ildə Babək rayonu, Cəhri qəsəbəsində anadan olduğunu, 01 dekabr 1958-ci ildə X12 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, birgə nikahlarından yeddi övladı dünyaya gəldiyini, X7 12 mart 2005-ci ildə, X19 15 may 1995-ci ildə, X6 isə 22 oktyabr 1983-cü ildə dünyasını dəyişdiyini, ərizəçinin ərindən miras qalan əmlakın taleyini həll edilməsi zamanı X6 ölüm şəhadətnaməsinin olmamasının müəyyən edildiyini, bunu əldə edilməsi üçün bir neçə orqana müraciət etdiyini, lakin müsbət nəticə əldə edilmədiyini, Cəhrə qəsəbə icra nümayəndəsinin mərhumun həmin qəsəbədə dəfn olunması bağlı arayış verdiyini, X6 1983-cü ildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini, amma onun həmin ilin 22 oktyabr tarixində ölməsi ilə bağlı sübutun olmadığını qeyd edərək yekunda ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin rəisi Gülü Qarayeva 23 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla Ərizəçi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə Ərizəçi qızı ilə X7 1958-ci ildə nikaha daxil olmasını, onların birgə nikahından X14, X15, X13, X20, X16, X19 və X21 adlı uşaqların dünyaya gəlməsini, onlardan X11 15 may 1995-ci ildə, X7 isə 12 mart 2005-ci ölməsini, hazırda Babək rayonu, Cəhri qəsəbəsində mərhum X10 məxsus torpaq sahəsinin mövcud olmasını, Ərizəçi sonuncudan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Babək rayon notariat ofisinə müraciət etməsini, qeyd edilən orqanın isə X6 ölüm haqqında sənədi məhkəməyə təqdim edilmədiyindən şəhadətnamənin verməsindən imtina etməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: -ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, 138991 nömrəli akt qeydindən çıxarışdan, həmçinin Cəhri kənd X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş 01 dekabr 1958-ci il tarixli, İ-İE seriyalı, 138991 nömrəli evlənmək haqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 ilə X17 qızı arşında 01 dekabr 1958ci ildə nikah bağlanması, bunun akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı ərizəçinin özünə X1, yəni “Kərimova” soyadını seçməsi; - ərizəyə əlavə edilən və Cəhri kənd X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş 03 noyabr 1960-cı il tarixli, İ-İE seriyalı, 927619 nömrəli doğum haqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 ilə X17 qızının nikahından 10 sentyabr 1960-cı ildə X14 adlı övladının dünyaya gəlməsi; -ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, Az seriyalı, 274094 nömrəli akt qeydindən çıxarışdan X13 ilə Ərizəçi qızının birgə nikahından 21 aprel 1963-cü ildə X15 adlı uşağın dünyaya gəlməsi; - ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, Az seriyalı, ******* nömrəli akt qeydindən çıxarışdan, həmçinin Cəhri kənd X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş 07 yanvar 1966-cı il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X13 ilə Ərizəçi qızının birgə nikahından 22 dekabr 1965-ci ildə X13 adlı uşağın dünyaya gəlməsi; - ərizəyə əlavə edilən və Cəhri kənd X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş 29 yanvar 1969-cu il tarixli, Az seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X13 ilə Ərizəçi qızının birgə nikahından 12 yanvar 1969-cu ildə X20 adlı uşağın dünyaya gəlməsi; - ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, AzB seriyalı, 033524 nömrəli akt qeydindən çıxarışdan X13 ilə Ərizəçi qızının birgə nikahından 07 aprel 1971-ci ildə X16 adlı uşağın dünyaya gəlməsi; ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, İİ JQ seriyalı, 485077 nömrəli akt qeydindən çıxarışdan X13 ilə Ərizəçi qızının birgə nikahından 09 may 1974-cü ildə X19 adlı uşağın dünyaya gəlməsi; -ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, İV seriyalı, 442502 nömrəli akt qeydindən çıxarışdan X13 ilə Ərizəçi qızının birgə nikahından 03 fevral 1977-ci ildə X21 adlı uşağın dünyaya gəlməsi; -ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, akt qeydindən çıxarışdan X11 15 may 1995-ci ildə ölməsi; -ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, AZ-İ seriyalı, 116252 nömrəli akt qeydindən çıxarışdan X7 12 mart 2005-ci ildə ölməsi; - ərizəyə əlavə edilən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 09 aprel 2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, həmçinin həmin Xidmətin 07 iyul 2021-ci il tarixli, 04/417 nömrəli məktubundan X7 və onun ailə üzvlərinin mülkiyyətində Babək rayonu, Cəhri qəsəbəsində 0.10 hektar həyətyanı və 0.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması; -ərizəyə əlavə edilən Babək rayon notariat ofisinin 30 iyul 2021-ci il tarixli, 85 nömrəli məktubundan Ərizəçi qızının X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Babək rayon notariat ofisinə müraciət etməsi, qeyd edilən orqanın isə X6 ölüm haqqında sənədi məhkəməyə təqdim edilmədiyindən şəhadətnamənin verməsindən imtina etməsi aydın olur. Ərizəçinin müraciəti isə övladı 22 dekabr 1965-ci il təvəllüdlü X6 22 oktyabr 1983cü ildə Babək rayonu, Cəhri kəndində ölməsi faktının müəyyən edilməsindən ibarətdir. Ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı məhkəməyə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq bildirir ki, ölüm faktının müəyyən olunması dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat-hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ərizəyə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 24 iyun 2021-ci il tarixli 57 və 59 nömrəli arayışlardan X6 Babək rayonu, Cəhri kəndində yaşaması aydın olur. X18 Respublikası Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 07 iyun 2021-ci il tarixli, 02/182 nömrəli məktubdan görünür ki, X6 adına ölüm haqqında akt qeydi tərtib edilməmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ərizəçinin məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin 07 iyul 2021-ci il tarixli, 9/29 nömrəli, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Babək Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 24 iyun 2021-ci il tarixli, 128 nömrəli və Cəhri qəsəbə sahə xəstəxanasının 02 iyul 2021-ci il tarixli, 034 nömrəli məktublarından X6 ölümünə dair onlarda məlumat və ya sənədin olmaması müəyyən edilir. Ərizəçi isə övladı X6 22 oktyabr 1983-cü ildə Babək rayonu, Cəhri kəndində öldüyünü qeyd edərək bu faktının müəyyən edilməsini istədiyindən məhkəmə onun nəzərinə çatdırır ki, həmin faktın müəyyən olunmasına dair sübutetmə vəzifəsi buna maraqlı olan ərizəçinin üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəçi bu faktın təsdiq edilməsi ilə bağlı məhkəməyə 03 (üç) ədəd fotoşəkil, Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyun 2021-ci il tarixli 57 və 59 nömrəli arayışlarını, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 10 sentyabr 2021ci il tarixli, 579 nömrəli məktubunu və şahidlər Şahid2 və Şahid1 təqdim etmişdi. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə qəbir daşının şəkli əks olunmaqla, həmin daşın üzərində soldan şaquli istiqamətdə “Firuddin”, soldan sağa üfüqi istiqamətdə isə “Rəhim oğlu Kərimov 1965-1983” sözlərinin yazılması müəyyən olur. Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 59 nömrəli arayışda 1983-cü ildə vəfat etmiş X6 X12 və Ərizəçi qızı adlı vərəsələrinin olması, həmçinin 24 iyun 2021-ci il tarixli, 57 nömrəli arayışda isə 1965-ci ildə anadan olmuş X6 1983-cü ildə Cəhri kəndində vəfat etməsi və onun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin yanında olan yerləşən qəbiristanlıqda dəfn olunması, məzar daşında “1965-1983” rəqəmləri yazılması qeyd edilmişdi. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 10 sentyabr 2021-ci il tarixli, 579 nömrəli məktubunda isə X6 1982-ci ildə Babək rayon hərbi komissarlığında hərbi qeydiyyata alındığını, lakin 1983-cü ildə Cəhri kəndində avtomobil qəzasına düşərək vəfat etdiyi üçün hərbi xidmətə göndərilmədiyi qeyd edilmişdi. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, öz anası ilə ərizəçinin anası arasında qohumluq münasibətləri olduğunu, Gülarənin hazırda üç qızı, iki oğlu olduğunu, onun bir qızı və bir oğlunun öldüyünü, X6 yas məclisinin 1, 3 və 5-ci günlərində iştirak etdiyini, eşitdiyinə görə onun motosikletlə baş verə qəza nəticəsində öldüyünü, səhv etmirsə bu hadisənin 1983-cü ilin noyabr ayında baş verdiyini, Firudinin öləndə onun neçə yaşı olduğunu bilmədiyini, lakin həmin vaxt özünün 23 yaşı olduğunu, onun harada dəfn olunmasından da xəbərsiz olduğunu, bundan başqa özünün ərizəçinin qızı Bikə və əri Rəhimin də yas məclisində iştirak etdiyini bildirmişdi. Digər Şahid2 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, Ərizəçi dayısı Rəhimin arvadı, yəni dayıcanısı olduğunu, Firudin ölən günü özünün digər dayısı Baxşəligildə olduğunu, həmin vaxt dayısının evə gələrək Firudin qəzaya düşüb öldüyünü onlara dediyini, həmçinin bunu onun valideynlərinə deməməyi tələb etdiyini, bundan sonra kənd mərkəzinə getdiyini, dayısı Rəhimin evi kənd mərkəzinə 100-150 metr məsafədə olsa da, Baxşəli dayısının evinin kənd mərkəzindən bir az aralı olduğunu, həmin vaxt özünün institutda birinci kursda təhsil aldığını, gecə təqribən saat doqquz radələrində otuza yaxın adamın yük maşınına minərək hadisə yerinə yola güşdüyünü, ora çatanda özünün qabaqda getdiyini, həmin vaxt Firudinin şumluqda yerə uzandığını, özünün əl ataraq onu yerdən qaldırmaq istədiyini, lakin bu zaman kiminsə ona “dəymə ölübdür” dediyini, bu vaxt çox narahat olduğunu, daha sonra Firudini şəhərə xəstəxanaya apardıqlarını, orada təqribən 2-3 saat qaldıqdan sonra kəndə qayıtdıqlarını, ertəsi gün isə onu dəfn etdiklərini, həyətdə yas məclisinə görülən hazırlıq işləri ilə bağlı özünün dəfn mərasimində iştirak etmədiyini, səhv etmirsə hadisənin 1983-cü ilin oktyabr ayında baş verdiyini, amma günün dəqiq xatırlamadığını, bildiyinə görə Firudinin motosikletlə qəzaya düşdüyünü, onun getdiyi motosiklet xarab olduğundan yol kənarı ilə onu əldə gətirəndə Firudini maşın vurduğunu, onun hansı qəbiristanlıqda dəfn olunmasından məlumatsız olduğunu, həmçinin dayısı və onun ailəsinin baş verən hadisə ilə bağlı şikayətçi olmadığını qeyd etmişdi. Yuxarıda qeyd edilənlərdən 22 dekabr 1965-ci ildə anadan olan X6 1983-cü ildə Cəhri kəndində ölməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə onu da qeyd edir ki, ərizəçi X6 22 oktyabr 1983-cü ildə ölməsi faktının müəyyən edilməsi tələb etsə də, mərhumun ölüm vaxtı, yəni günü barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdi. Bunlar isə özlüyündə ərizəçinin tələbinin qismən əsaslı olması qənaətinə gəlməsi üçün məhkəməyə kifayət edir. Məhkəmə ərizəçinin qismən tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi qızının məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə qismən təmin edilməli; - 22 dekabr 1965-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olmuş X6 1983cü ildə Babək rayonu, Cəhri kəndində ölməsi faktı müəyyən edilməli; -ərizə qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə qismən təmin edilsin. 22 dekabr 1965-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olmuş X6 1983cü ildə Babək rayonu, Cəhri kəndində ölməsi faktı müəyyən edilsin. Ərizəyə qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-402/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-402/2021
04.10.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver