Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-454/2024 17.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs, şahidlər Şahid2 və Şahid1 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “21” iyun 2024-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək anası X1 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, müraciətini əsaslandıraraq qeyd etmişdi ki, atam X9 ilə anam X3 ilə 1947-ci ildə evlənib, lakin 17 avqust 1985-ci ildə rəsmi nikahlarını qeydə almışlar. Onların birgə nikahdan 09 avqust 1948-ci il təvəllüdlü X11 (22 iyul 2020-ci ildə vəfat edib), xx xxxxxx 1949-cu il təvəllüdlü Maraqlı şəxs, 01 aprel 1951-ci il təvəllüdlü X12 (20 fevral 2021-ci ildə vəfat edib), 01 noyabr 1958-ci il təvəllüdlü X13 (03 dekabr 2014-cü ildə vəfat edib) və 19 avqust 1969-cu ildə Ərizəçi dünyaya gəlib. Atam Mirzə 17 avqust 1994-cü ildə, anam Gülüzar isə 13 sentyabr 1998-ci ildə vəfat etmişdir. Anamın vəfatından sonra onun mülkiyyətində olan miras qalmış, Babək rayonu, Zeynəddin kəndində yerləşən 0,3745 hektar torpaq sahəsi üzərində olan ümumi sahəsi 146,39 kvadrat metr olan evi faktiki olaraq mən qəbul edib, ailəm ilə birlikdə orada yaşamışam və əmlakı idarə etmişəm. Miras evin bütün kommunal xərclərini mən, daşınmaz əmlakın icbari sığortasının ödənişlərini isə həyat yoldaşım işlədiyindən onun iş yerindən onun adından ödənilmişdir. Hazırda həmin evə mən sahiblik edirəm və mənim istifadəmdədir. Mirası qəbul etsəm də bu günədək maddi durumumla bağlı müvafiq sənədləşmə aparıb, miras qalmış evi adıma sənədləşdirə bilməmişəm. Miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Babək rayon notariat ofisinə müraciət etmişəm. Notariat ofisinin 07 iyun 2024-cü il tarixli, 146 nömrəli məktubunda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduğum mənə tövsiyyə edilmişdir. Mülki iş üzrə 25 iyul 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mülki işə anasından miras qalan Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunması kimi baxılmasını məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla məhkəmə müraciətə dəqiqləşdirilmiş elementlər nəzərə almaqla baxmağı qərara almışdı. Ərizəçi məhkəmədə verdiyi izahatında 1969-cu ildə əvvəlki adı ilə Naxçıvan rayonu, Zeynəddin kəndində anadan olduğunu, əslində X4 onun babası, X2 isə onun nənəsi olduğunu, özünün əsl anasının Zenfira olduğunu, lakin özü 1 yaş yarım olan zaman onu babasının və nənəsinin övladlığına verildiyini, balaca vaxtından, yəni 53 ildir ki, miras əmlak olan evdə yaşadığını, Mirzə ilə Gülüzarın onunla birlikdə 5 uşağı olduğunu, onlardan Zəkiyyə, Fatma və Zərrinin rəhmətə getdiyini, Vəliyev Mirzənin 1994-cü ildə, Məmmədova Gülüzarın isə 1998-ci ildə rəhmətə getdiyini, Gülüzarın vəsiyyətnamə tərtib etmədiyini, əvvəllər maddi imkanı yaxşı olmadığından evi sənədləşdirə bilmədiyini, bu səbəbdən də miras əmlakın sənədləşmə işlərinin indiyə qaldığını, bütün vərəsələrin razı olduğunu, lakin üzərindən çox müddət keçdiyinə görə notariat ofisinin şəhadətnamə verməkdən imtina etdiyini, Mirzənin atasının Yusifəli, anasının Leylan, Gülüzarın atasının Əliabbas, anasının isə Leylan olduğunu, onların hamısının rəhmətə getdiyini, atası Mirzə ilə anası Gülüzarın ölənədək onunla birlikdə yaşadığını, onların yas məclisini özünün həyata keçirdiyini, onların ölümündən sonra da həmin evdə özünün yaşamaqda davam etdiyini, evin 3 otaq 1 salondan ibarət olduğunu, təqribən 2-3 il bundan qabaq evi təmir etdiyini, əvvəllər həyətdə müxtəlif meyvə ağacları olduğunu, demək olar ki onların əksəriyyətinin yenisi ilə əvəz etdiyini qeyd edərək, yekunda müraciətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmədə verdiyi izahatında atasının Mirzə, anasının isə Gülüzar olduğunu, əslində Namiqin Gülüzarın yox, öz oğlu olduğunu, onu balaca ikən valideynlərinin övladlığına verdiyini, valideynlərinin dörd qızı olduğunu, anasının öldüyü vaxtı xatırlamadığını, atasının isə ondan beş il qabaq öldüyünü, onların sağ ikən Babək rayonu, Zeynəddin kəndində yaşadığını, valideynlərinin ölümündən sonra onların yaşadığı evdə Namiqin ailəsi ilə birlikdə qaldığını və həmin evdə yaşamaqda davam etdiyini, Namiqin həmin evi təmir etdiyini, özünün hazırda Namiq ilə birlikdə yaşamadığını, bacılarının üçünün də rəhmətə getdiyini, onların uşaqları arasında anasından qalan əmlak ilə bağlı hər hansı mübahisə olmadığını, həmçinin bildiyinə görə anasının adına başqa bir daşınmaz əmlak olmadığını, anasının evində Namiqdən başqa heç kimin yaşamadığını bildirərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə X9 və X3 ərizəçinin valideynləri olması, onlar arasında nikah bağlaması, həmin nikahdan X11, Maraqlı şəxs, X12, X13 və Ərizəçi adlı uşaqların dünyaya gəlməsi, X4 17 avqust 1994-cü ildə, miras qoyan X2 13 sentyabr 1998-ci ildə ölməsi, onların övladlarından X11, X12 və X7 da ölməsi, miras qoyan X2 mülkiyyətində Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin olmasını müəyyən edir. Bunlar iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş aşağıdakı sənədlərlə müəyyən olunur: - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında akt qeydindən çıxarışdan Ərizəçi atasının X9, anasının isə X3 olması (iş vərəqə 48); - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, İİİ-JQ seriyalı, 340700 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan X9 ilə X3 arasında 17 avqust 1985-ci ildə nikah bağlanması, bunun akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilməsi və 13 iyun 2024-cü il tarixli, 3-16-5/8-69-264/2024 nömrəli arayışdan “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən həmin şəxslərin digər şəxslərlə nikah haqqında akt qeydinin aşkar edilməməsi (iş vərəqə 4-5); - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 13/2293 nömrəli və 19 aprel 2024-cü il tarixli, 5-22-38/2-57/2024 nömrəli, Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 201 nömrəli və 01 iyul 2024-cü il tarixli arayışlardan X11, Maraqlı şəxs, X12, X13 və Ərizəçi mərhum X4 və X2 övladları olması (iş vərəqə 6-7,11,89); - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, İİ-JQ seriyalı, 419685 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X4 17 avqust 1994-cü ildə Babək rayonu, Zeynəddin kəndində ölməsi (iş vərəqə 8); - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, V-JQ seriyalı, 258800 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X2 13 sentyabr 1998-ci ildə Babək rayonu, Zeynəddin kəndində ölməsi (iş vərəqə 9); - Naxçıvan Şəhər nikah evi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 749807 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X5 20 iyul 2020-ci ildə Naxçıvan şəhərində ölməsi (iş vərəqə 17); - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 801830 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X8 20 fevral 2021-ci ildə Babək rayonu, Zeynəddin kəndində ölməsi (iş vərəqə 34); - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, Az-İ seriyalı, 555304 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X7 03 dekabr 2014-cü ildə Babək rayonu, Zeynəddin kəndində ölməsi (iş vərəqə 45); - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 11 iyul 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan X2 adına Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin qeydiyyata alınması aydın olur. Ərizəçinin müraciəti isə mərhum anası X1 qalmış miras əmlakın yalnız özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Müraciətin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq onu bildirir ki, iş materiallarından miras qoyan X2 13 sentyabr 1998-ci ildə ölməsi aydın olur. Bu isə o deməkdir ki, ərizəçinin müraciəti miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual normanın qeyd edilən tələbindən yola çıxan məhkəmə qeyd ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Məhkəmə ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Belə ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 528-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X2 ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin (maddə 527). Müraciətin məhkəmədə araşdırılması zamanı miras qoyan X3 tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Bundan əlavə hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq 2000-ci sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin iki növbəsi müəyyən edilib. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 533-cü maddəsinin tələbinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X3 13 sentyabr 1998-ci ildə öldüyü zaman onun sağ qalan övladları X11, Maraqlı şəxs, X12, X13 və Ərizəçi qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki işin yuxarıda müəyyən edilmiş hallarının təsdiqi zamanı miras qoyan mərhum X2 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərdən X2 mülkiyyətində Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin olması müəyyən edilir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Müraciətin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, Ərizəçi mirası qeyriformal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxsin məhkəmədə verdiyi izahatı ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Belə ki, Şahid1 məhkəmədə verdiyi ifadəsində Namiqin onun xalası oğlu olduğunu, amma o, babası və nənəsinin övladlığına verildiyindən onu həmişə özlərinə dayı bildiklərini, özünün anasının mərhum Fatma olduğunu, xalası Zenfiranın Namiqi balaca ikən nənəsinin övladlığına verdiyini, Namiqin həmin evdə çox əziyyət çəkdiyini, oranı söküb yenidən tikməyin daha yaxşı olduğunu, özünün təqribən 7-8 ildir ki, Naxçıvan şəhərində yaşadığını, əvvəllər isə Zeynəddin kəndində qaldığını, özünün kənddə yaşadığı ev ilə Namiqin qaldığı ev arasında məsafənin yaxın olduğunu, nənəsinin yas mərasimini Namiqin saxladığını, babası və nənəsinin ölənə qədər Babək rayonu, Zeynəddin kəndində yaşadığını, onların ölümündən sonra isə həmin evdə Namiqin ailəsi ilə birlikdə qaldığını, hazırda həmin həyətdə babasından nişanə heç nə qalmadığını, Namiqin həmin evi yenidən təmir etdiyini, xala uşaqları arasında həmin mirasla bağlı hər hansı mübahisə olmadığını bildirmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində Namiq ilə qonşu olduğunu, evlərinin aralarında 100-150 metr məsafə olduğunu, Namiqin öz anasının əslində Zenfira olduğunu, lakin Mirzənin oğlu olmadığından, yəni onlar balaca ikən öldüyündən Zenfiranın oğlu Namiqi Mirzənin övladlığına verildiyini, təqribən 20 il olar ki, Mirzə ilə Gülüzarın öldüyünü, sonuncunun ölümündən sonra onun evində Namiqin ailəsi ilə birlikdə qaldığını, ərizəçinin evinə təsadüfü hallarda getdiyini, məhəllədə Namiq ilə qohumları arasında miras ilə bağlı hər hansı mübahisəni görmədiyini və eşitmədiyini, ərizəçinin həmin evdə çox əziyyət çəkdiyini, bunu bütün qonşuların bildiyini, çünki Mirzədən qalan evin köhnə tikili olduğunu, Namiqin təqribən 50-60 min manat pul xərclədiyini, həyətdə mətbəx balkon tikdiyini bildirmişdir. Dindirilmiş şahid ifadələrini iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin ərizəçinın izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə bildirir ki, onların ifadələrində qeyd etdiyi iş üçün əhəmiyyətli olan xüsusatlar digər sübutlarla da öz təsdiqini tapdığından onları ifadələri sübut kimi qəbul edilən hesab edir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsində mirası qəbul etməyə yönələn hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməli olması müəyyən edildiyindən, qeyd edilən normanın tələbindən yola çıxan məhkəmə bildirir ki, ərizəçi anasından miras qalan əmlakın qəbul edilməsi ilə bağlı müvafiq hərəkətləri 1999-cu ilin yanvar ayının 13-dək edə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Həmin normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 367 nömrəli arayışdan Ərizəçi miras əmlakın yerlədiyi yerdə, yəni, Babək rayonu, Zeynəddin kəndində yaşaması müəyyən edilir (iş vərəqə 50). Həmçinin işə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, Ərizəçi miras açıldıqdan sonra Babək rayonu, Zeynəddin kəndində yerləşən miras əmlak üçün sığorta haqqını və kommunal xidmətlər üçün haqların ödəyərək miras əmlakı idarə və ona sahiblik etməkdə davam edir (iş vərəqə 53-67). Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 412 nömrəli arayışı ilə də öz təsdiqini tapır (iş vərəqə 89). Belə ki, həmin arayışda X2 adına olan evdə Ərizəçi onun ölümündən əvvəl yaşaması və haliyyədə yaşamağa davam etməsi qeyd edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, mərhum X1 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı əsaslı olduğundan müəyyən edilməlidir. Məhkəmə onu da işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə ərizəçinin qismən tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; - 13 sentyabr 1998-ci ildə Babək rayonu, Zeynəddin kəndində ölən mərhum X1 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Babək rayonu, Zeynəddin 13 sentyabr 1998-ci ildə Babək rayonu, Zeynəddin kəndində ölən mərhum X1 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.3745 hektar torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 146.39 kvadrat metrdən ibarət fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-454/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-454/2024
17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver