Məhkəmə qərarları › İş №2(079)-455/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-455/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-455/2023 18.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Şahid2 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “31” iyul 2023-cü il tarixdə ərizə ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək əri X8 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 30 aprel 1984-cü il tarixdə X10 ilə nikahımızı rəsmiləşdirib ailə quraraq, elə həmin ili də Rusiya Federasiyasına köçüb orada yaşamışıq. 04 dekabr 2016-cı il tarixdə ərim Əli Əliyev ölüb. Bizim birgə nikahımızdan 3 nəfər övladımız: 1. Maraqlı şəxs3; 2. Xammədova (Əliyeva) Şəfəq Əli qızı; 3. Maraqlı şəxs2 doğulmuşdur. Mərhum ərim X10 04 dekabr 2016-cı il tarixdə öləndən sonra onun mülkiyyətinə olan Naxçıvan MR Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsi və üzərində tikilmiş ev tam mülkiyyət hüququ üzrə miras qalmışdır. Mərhum ərim Əli Əliyev hələ sağlığında 1 1 oktyabr 2016-cı il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********11 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adma torpaq sahəsi kimi çıxarış almışdır. Bizim Bakı şəhərində də evimiz olduğundan istər mərhumun sağlığında, istərsədə onun ölümündən sonra hər il yay tətillərində gəlib, Babək rayonu Şıxmahmud kəndindəki hal-hazırda miras qalmış evimizdə yaşamışıq. İlər iki qızım mərhum ərimin sağlığında ailə qurub, bizdən ayrılıb, ailələri ilə birlikdə yaşayırlar. Seymur isə hal-hazırda Amerikada oxuyub, orada yaşayır. Miras əmlakı mən qəbul etmişəm, evin açarı əvvəl bir gündən olduğu kimi bu gündə məndədir. Hal-hazırda orada yaşayıram. Qaz, işıq və suyun müqavilələri mənimlə bağlanıb, bunlardan istifadəyə görə bütün ödənişlər mənim tərəfimdən aparılıb. Övladlarım da hər biri notarial qaydada miras qalmış evin və torpaq sahəsinin mənim adıma rəsmiləşdirilməsini istəyirlər və buna görə də mirasın qəbuliundan imtina barədə ərizə veriblər. Buna görə də mən mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət etdim. Babək rayon Notariat Ofisinin 20 iyul 2023-cü il tarixli, 71 №-li məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs3, Xammədova (Əliyeva) Şəfəq Əli qızı və Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər və Şahid1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi izahatında 30 aprel 1984-cü il tarixdə X10 ilə ailə qurduğunu, ailə qurduqdan sonra Babək rayonu, Şıxmahmud kəndində yerləşən evə gəlin gəldiyini, qaynanası Bülbül, qaynatası Bəhmanın hələ o evə gəlin gəlməzdən əvvəl vəfat etdiyini, həmin il Rusiya Federasiyasına köçüb orada yaşadıqlarını, birgə nikahdan Bülbül, Şəfəq və Seymur adlı övladlarının anadan olduğunu, hər il yoldaşı Əli məzuniyyətə çıxarkən Naxçıvana gəlib Babək rayonu, Şıxmahmud kəndində olan evlərində yaşadıqlarını, 2000-ci il tarixdən uşaqlarının təhsili ilə əlaqədar olaraq daimi olaraq Bakıya qayıtdıqlarını və daimi olaraq orada yaşadıqlarını, 2016-cı ilin 4 dekabr tarixində Əlinin vəfat etdiyini, dəfn və yas mərasiminin Bakıda olduğunu, onun vəfatından sonra miras qalan əmlakı özünün idarə etməyə başladığını, belə ki, qızlarının artıq ailə qurub ayrıldıqlarını, oğlunun isə ölkədə olmadığını, onun vəfatından 1 il sonra Şıxmahmuddakı evə gəlib baş çəkdiyini, həmin vaxta qədər də qonşularla oranın vəziyyəti barədə mütəmadi olaraq maraqlandığını, evin açarının özündə olduğunu, evdə bir müddət qohumlarının nəzarət etmək üçün yaşadıqlarını, daha sonra isə kirayə verdiyini və aylıq 80 manat pul aldığını, yoldaşı vəfat etdikdən sonra kirayəçilərin orada qalmasına özünün icazə verdiyini, hazırda daimi olaraq Bakıda yaşadığından və miras qalmış evi kirayə verdiyindən Naxçıvanda olduğu müddətdə orada yaşamadığını, evi hazırda Şərur rayonundan olan Baloğlan adlı şəxsə kirayə verdiyini, yoldaşının ölümündən sonra orada təmir işi olmadığını, hazırda özünün oraya nəzarət etdiyini, hər il baş çəkdiyini, tez-tez gəlib getdiyini, kommunal xərclərin də özünün adına ödənildiyini, uşaqlardan Şəfəqin Bakıda, Bülbülün Gürcüstanda, Seymurun isə Amerikada yaşadığını, onların miras əmlakdan imtina ilə bağlı ərizə verdiklərini, mirasın qəbulunun onun tərəfindən qəbuluna heç bir etirazlarının olmadığını bildirmiş və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində X10 ilə uşaqlıqdan qonşu olduqlarını, onun atasının Əli kişi, anasının isə Bülbül xanım olduğunu xatırladığını, valideynlərinin hələ onlar uşaq olarkən vəfat etdiyini, Əlinin Xurşud və Şərəbanı adlı bacıları və Müzəffər adlı qardaşının olduğunu, onların da hazırda vəfat etdiyini, Əlinin 1984-cü ildə Mətanət xanımla ailə qurduqdan sonra Rusiyaya getdiyini, amma buna baxmayaraq hər yay tətilində Mətanət xanım və uşaqları ilə gəlib ata evinə baş çəkdiyini, sonuncu dəfə vəfatından bir neçə ay əvvəl Şıxmahmuda gəldiyini, həmin vaxt əməliyyat olunduğundan 3-4 ay Mətanət xanımla birgə miras torpaqdakı evdə qaldıqlarını, uşaqlıq dostu olduğundan hər il onun gəlişini gözlədiklərini, gedərkən də evi onlara əmanət etdiklərini, daimi Şıxmahmud kəndində yaşadıqlarından onların evinə də nəzarət etdiklərini, Əlinin vəfatından sonra evlə Mətanət xanım maraqlandığını, onun həyat yoldaşı Qumru Muradova ilə mütəmadi olaraq evin vəziyyəti ilə bağlı danışdıqlarını, Mətanət xanımın Əlinin il mərasimindən sonra Şıxmahmuda gəlib evə baş çəkdiyini, hazırda Mətanət xanımın evi Şərur rayonundan olan aztəminatlı ailəyə kirayə verdiyini, özünün də tez-tez gəlib nəzarət etdiyini bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X6 Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.07 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin miras qalması, mirasın X8 ölümü ilə xx.xx.2016-cı ildə açılması, X1 qalan birinci növbə vərəsələrinə Ərizəçi, Maraqlı şəxs3, Xammədova (Əliyeva) Şəfəq Əli qızı və Maraqlı şəxs2 daxil olması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X8 04 dekabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs3 xx.xx.1971-ci ildə ölməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan X3 xx.xx.1983-cü ildə ölməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan xx.xx.1954-cü ildə doğulmuş X8 atasının X9, anasının isə Maraqlı şəxs3 olduğu; - “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən X10 ilə Ərizəçi 30 aprel 1984-cü ildə nikaha daxil olmaları; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs3 xx.xx.1985-ci ildə doğulduğu, atasının X10, anasının isə Ərizəçi olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X7 xx.xx.1987-ci ildə doğulduğu, atasının X10, anasının isə Ərizəçi olması; - Doğum haqqında şəhadətnamədən Maraqlı şəxs2yeviçin xx.xx.1993-cü ildə doğulduğu, atasının X10, anasının isə Ərizəçi olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.07 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin X8 xüsusi mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi X6 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın izahatını, şahid ifadələrini mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ilə Ərizəçi arasında bağlanmış müqaviləyə əsasən Ərizəçi Babək rayonu Şıxmahmud kəndində yerləşən ünvan üzrə istehlakçı olaraq qeydiyyata alınmışdır. Babək rayon Meliorasiya və Su Təsərrüfatı ilə Ərizəçi arasında bağlanmış müqaviləyə əsasən Ərizəçi Babək rayonu Şıxmahmud kəndində yerləşən ünvan üzrə istehlakçı olaraq qeydiyyata alınmışdır. Babək rayon Elektrik Şəbəkəsi ilə Ərizəçi arasında bağlanmış müqaviləyə əsasən Ərizəçi Babək rayonu Şıxmahmud kəndində yerləşən ünvan üzrə istehlakçı olaraq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişdir. 06 sentyabr 2023-cü il tarixli teleqramda Maraqlı şəxs1 iddianı qəbul etdiyini və iddianın təmin olunmasını xahiş etdiyini bildirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadəsi və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X6 miras qalmış əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün faktiki cəhətdən idarə etməklə ona sahib durmuş, bununla da miras əmlakı faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış Babək rayonu Şıxmahmud kəndində yerləşən yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar