Məhkəmə qərarları › İş №2(079)-473/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-473/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-473/2021 30.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyə n etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 24 sentyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 fevral 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ ilə əldə etmişdir. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus fərdi yaşayış evində yaşaması bankın mülkiyyət hüququnun pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirik ki, cavabdeh bankın mülkiyyətində olan fərdi yaşayış evini tamamı ilə boşaltmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmədə verdiyi izahatında cavabdehin 2013-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 32000 manat məbləğində kredit götürdüyünü, bank qarşısında olan öhdəliyinin təminatı olaraq Babək rayonu, Qaraqala kəndində yerləşən daşınmaz əmlakı ipoteka ilə yüklü etdiyini, o, bank qarşısında götürdüyü öhdəliyi icra etmədiyindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəmənin qətnaməsi əsasında tələbin ipoteka predmetinə yönəldiyini, bundan sonra isə Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evinin hərraca çıxarıldığını, iddiaçının həmin əmlakı açıq hərracdan əldə etdiyini və sözü gedən daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etdiyini, 2018-ci ildən Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən yaşayış evinin iddiaçının olmasına baxmayaraq 3 ildir ki, cavabdehin həmin daşınmaz əmlaka sahiblik etdiyini, əslində isə həmin daşınmaz əmlak sənədlərdə fərdi yaşayış evi kimi qeyd edilsə də, orada pendir sexinin işlədiyini, məhkəmədən kənar qaydada mübahisənin həlli üçün aparılan danışıqların əhəmiyyət vermədiyini, hazırda cavabdehin bankın mülkiyyətində olan fərdi yaşayış evində yaşaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini, həmçinin bankın həmin mənzil üzərində sərancam vermək hüquqlarını məhdudlaşdırdığını, bu səbəbdən də cavabdehin bankın mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaqla fərdi yaşayış evinin tamamilə boşaldılması istədiklərini qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh iddianı qəbul edərək məhkəmədə verdiyi izahatında 2013-cü ildə sahibkarlığını inkişaf etdirmək məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 4 illiyə 32000 manat məbləğində kredit əldə etdiyini, lakin işləri istədiyi kimi getmədiyindən, həmçinin paraliç keçirdiyindən bir ilə yaxın əmək fəaliyyəti ilə məşğul olan bilmədiyini, kredit borcunu qaytara bilmədiyini, kredit borcunun qaytarılmasının təminatı olaraq Babək rayonu, Qaraqala kəndində yerləşən və özünə məxsus olan iki daşınmaz əmlakı ipoteka ilə yüklü etdiyini, nəticədə kredit borcunu ödəmədiyindən bankın iddiası ilə tələbin daşınmaz əmlaklara yönəldiyini, hazırda həmin daşınmaz əmlakda pendir sexinin yerləşdiyini, əvvəllər isə orada özünə məxsus ev olduğunu, oranı sökərək yenidən inşa etdiyini, səhhətində olan problemlərə görə kredit borcundan ödəniş edə bilmədiyini, hazırda səhhətinin normallaşdığını, oğlanları ilə birlikdə banka olan borcunu qaytarmağa çalışdığını, hər ay 700-800 manat ödəniş edə biləcəyini, lakin bankın onun bu təklifini qəbul etmədiyini qeyd edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdi. Məhkəmə mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını qarşılıqlı şəkildə tədqiq edərək müəyyən edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 29 mart 2013-cü il tarixli müqaviləyə əsasən 48 ay müddətinə illik 6 faizlə 32000 manat kredit götürməsi, bu kreditin təminatı kimi özünə məxsus olan və Babək rayonu Qaraqala kəndində yerlən daşınmaz əmlakları ipoteka ilə yüklü etdiyini, cavabdeh bank qarşısında olan öhdəliyini lazımınca icra etmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası əsasında Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tələbin ipoteka predmetinə yönəldiyini, keçirilmiş hərrac nəticəsində bankın Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evinin əldə etdiyini, hazırda sözü gedən daşınmaz əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olması, cavabdehin isə iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən Cavabdeh 2013-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 29 mart 2013-cü il tarixli müqaviləyə əsasən 48 ay müddətinə illik 6 faizlə 32000 manat kredit götürməsi, bu kreditin təminatı kimi özünə məxsus olan və Babək rayonu Qaraqala kəndində yerlən daşınmaz əmlakları ipoteka ilə yüklü etməsi, cavabdeh bank qarşısında olan öhdəliyini lazımınca icra etmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası əsasında tələbin ipoteka predmetinə yönəlməsi; -iddia ərizəsinə əlavə edilmiş Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslərə tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə 16 fevral 2018-ci il tarixli protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətlərindən Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14000 manat müqabilində əldə etməsi; -iddia ərizəsinə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 14 avqust 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Qaraqala kəndində yerləşən 0.2578 hektar torpaq sahəsinin və onun üzərində olan 87.6 kvadrat metr fərdi yaşayış evinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olması; -iddia ərizəsinə əlavə olunan və Babək Rayon İcra Hakimiyyətinin Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 784 nömrəli arayışdan və tərəflərin məhkəmədə verdiyi izahatlarından Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evində Cavabdeh yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının Cavabdeh öz mülkiyyətində olan Babək rayonu, Qaraqala kəndində yerləşən daşınmaz əmlakın çıxarılması və həmin əmlakın boşaldılıb təhvil verilməsini tələb etməsidir. İşin mübahisəli halını, yəni mülkiyyətçi ilə ona məxsus daşınmaz əmlakda yaşayan şəxs arasında yaranmış mübahisəni iş materialları, onları isə qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından Babək rayonu, Qaraqala kəndində yerləşən ümumi sahəsi 0.2578 hektar olan torpaq sahəsi və onun üzərində olan 87.6 kvadrat metr fərdi yaşayış evinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xüsusi mülkiyyətində olması isə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Hazırda mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyəti özünə məxsus olan Cavabdeh yaşadığı Babək rayonu, Qaraqala kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiadır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Cavabdeh isə bank qarşısında olan öhdəliyini hazırda hissə-hissə icra edəcəyini, yəni hər ay İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 700-800 manat, hətta 1000 manat ödəniş edə biləcəyini qeyd edərək iddiaçıya məxsus daşınmaz əmlakı geri qaytarmaq istəmir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. (Qanunun 41.1, 42.3, 42.6 və 42.8-ci maddələr). Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisə ilə qarşılıqdı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka predmetini açıq hərracdan əldə etməsi ilə Cavabdeh həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmişdi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmçinin həmin Qanunun 59.3-cü maddəsi ilə müəyyən edilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşin mübahisəsiz hallarında aydın olur ki, Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürülmüş kreditin qaytarılması üçün ipoteka qoyulmuşdu. Bunlar isə onu deməyə əsas verir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qaşı əmlakın boşaldılıb təhvil verilməsi tələbi əsaslıdır. Bundan başqa məhkəmə onu da bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsindən, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən aydın olur ki, mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. Cavabdeh tərəf isə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan fərdi yaşayış evindən istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan fərdi yaşayış evində cavabdehin yaşaması üçün qanuni əsas olmadığından iddiaçının tələbi əsaslı sayılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 14 avqust 2018ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan və Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmalı; -Cavabdeh Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evini boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 14 avqust 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan və Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılsın. Cavabdeh Babək rayonu, Qaraqala kəndində 0.2578 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.6 kvadrat metr olan fərdi yaşayış evini boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil versin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar