Məhkəmə qərarları › İş №2(079)-49/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-49/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-49/2022 29.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı behin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 17 dekabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil alqısatqısı üçün ödəmiş olduğu behin iki mislinin, yəni 1000 (bir min) manat pulun və iddianın verilməsi ilə bağlı ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə mənim aramda 08 sentyabr 2021-ci il tarixdə bağlanmış beh müqaviləsinə əsasən Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı yolu ilə 50000 (əlli min) manata tərəfimdən alınması məqsədi ilə cavabdehə 500 (beş yüz) manat məbləğində beh vermişəm. Aramızda bağlanmış beh müqaviləsi Naxçıvan şəhərində ev alqı-satqısı ilə məşğul olan X2 iştirakı ilə tərtib olunmuşdur. Həmin müqaviləyə əsasən satıcı-cavabdeh mənzilin alqısatqı müqaviləsi üçün lazımi sənədləri toplayıb əsas müqavilə rəsmləşdirildikdə qalan 49500 (qırx doqquz min beş yüz) manat pulu almağı və əvəzində həmin mənzili mənim adıma rəsmləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən boyun qaçıraraq bu günədək razılaşdığımız mənzillə bağlı mənimlə alqı-satqı müqaviləsi bağlamamışdır. Mən dəfələrlə cavabdehdən alqı-satqı müqaviləsini bağlamağı tələb etsəm də o, öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınmışdır, dəfələrlə məndən müddət istəmişdir. Ən sonunda isə mənə bildirmişdir ki, ümumiyyətlə evi başqa adama satacaqdır. Bundan sonra Cavabdeh beh müqaviləsinə görə ona verdiyim 500 (beş yüz) manat pulu özümə qaytarmağını tələb etmişəm. O, ilk başlarda qaytaracağını bildirsə də sonradan onunla heç cür əlaqə yaratmağım mümkün olmamışdır. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Mülki iş üzrə 29 mart 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı və Cavabdeh eyni tarixli barışıq sazişi ilə məhkəməyə müraciət edərək, aralarında razılığa gəldiklərini və məhkəmədən aralarında razılığa gəldikləri və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: -iş üzrə Cavabdeh İddiaçı 250 (iki yüz əlli) manat məbləği nağd olmaqla, 250 (iki yüz əlli) manat məbləği isə 18 aprel 2022-ci ildə ödəmək şərti ilə ümumilikdə 500 (beş yüz) manat məbləği ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona 250 (iki yüz əlli) manat məbləği nağd, 250 (iki yüz əlli) manat məbləği isə 18 aprel 2022-ci ildə ödəmək təklifini qəbul edir və öhdəsinə götürür ki, cavabdeh tərəfindən ona 500 (beş yüz) manat məbləğində pul tam qaytarıldıqdan sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil alqı-satqısı üçün ödəmiş olduğu behin qaytarılması ilə bağlı gələcəkdə başqa bir tələbi olmayacaq. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmçinin həmin Məcəllənin 191.1-ci maddəsinin mahiyyətindən görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm Bundan əlavə qeyd edilən Məcəllənin 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 29 mart 2022-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı behin qaytarılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 29 mart 2022-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İş üzrə Cavabdeh İddiaçı 250 (iki yüz əlli) manat məbləği nağd olmaqla, 250 (iki yüz əlli) manat məbləği isə 18 aprel 2022-ci ildə ödəmək şərti ilə ümumilikdə 500 (beş yüz) manat məbləği ödəməyi öhdəsinə götürür;

2. İddiaçı Cavabdeh ona 250 (iki yüz əlli) manat məbləği nağd, 250 (iki yüz əlli) manat məbləği isə 18 aprel 2022-ci ildə ödəmək təklifini qəbul edir və öhdəsinə götürür ki, cavabdeh tərəfindən ona 500 (beş yüz) manat məbləğində pul tam qaytarıldıqdan sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil alqı-satqısı üçün ödəmiş olduğu behin qaytarılması ilə bağlı gələcəkdə başqa bir tələbi olmayacaq. İddiaçı Cavabdeh qarşı behin qaytarılması tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar