Məhkəmə qərarları › İş №2(079)-497/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-497/2024

11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-497/2024 11.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Əsmər İsa qızının Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə “11” iyul 2024-cü ildə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi daxil olmuşdu. İddia ərizəsini iddiaçının vəkili-nümayəndəsi vasitəsi ilə verilmişdi. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbindən isə görünür ki, həmin maddədə qeyd edilən məlumatların göstərilməsi imperativ qaydada müəyyən edilib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla özündə yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsini yuxarıda qeyd edilən prosessual norma ilə qarşılıqlı şəkildə yoxladıqda aydın olur ki, iddia ərizəsində iddiaçının qeydiyyatda olduğu və faktiki yaşadığını ünvanlar, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərməmiş, həmçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində qeyd etməmişdi. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan görünür ki, cavabdehin yaşadığı ünvan iddia ərizəsində qeyd edilən ünvanla eynilik təşkil etmir. Bundan başqa iddia ərizəsində qələmlə düzəliş edilməsi nəticədə bəzi rəqəmlər oxunmaz haldadır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutları özündə əks etdirməli və prosessual qanunvericiliyin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin mahiyyətindən əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (Mülki Prosessual Məcəlləsinin 9.2, 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan yazılı sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər ( Məsələn: müvafiq prosessual hərəkətin yerinə yetirilməsini təsdiq edən sənəd (dövlət rüsumunun ödənilməsi barədə qəbz, iş yerinə dair arayış, etibarnamə və s.)). Əks hal qarşı tərəfə göndərilməli olan sənədlərin dairəsinin müəyyən edilməsində çətinlik yarada bilər. Bunun məhkəmə tərəfindən müəyyən edilməsi isə qarşı tərəfin hüququnun pozulması və məhkəmənin qərəzsiz olmaq prinsipini pozmuş olar. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutları özündə əks etdirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri aydın olur ki, İddiaçı iddia ərizəsini tərtib edərkən onun qanunvericiliklə müəyyən edilmiş məzmununa əməl etməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Bundan başqa məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı 100 (bir yüz) manatdır. İddia tələbini nəzərdən keçirən zaman aydın olur ki, İddiaçı Cavabdeh qarşı aşağıdakı iki müstəqil iddia tələbini irəli sürür: - fərdi yaşayış evindən çıxarılma; - maddi ziyanın ödənilməsi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 112.1, 112.1.1 və 112.1.2-ci maddələrinə görə pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə, əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir; -149.3-cü maddəsindən aydın olur ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənləri iddia tələbi ilə əlaqələndirdikdə görünür ki, iddiaçının iki tələbindən biri qiymətləndirilməyən, digəri tələbi isə qiymətləndirilən iddia tələbidir. İddiaçı müstəqil sayılacaq və hər biri barəsində ayrıca hüquqi qiymət veriləcək iddia tələblərini birləşdirərək məhkəməyə bir iddia ərizəsi təqdim etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə görünür ki, yalnız qiymətləndirilən iddia tələbi ilə bağlı dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.2-ci maddələrinin mahiyyətindən görünür ki, iddia ərizəsinə əlavə edilməli sənədlərdən biri dövlət rüsumunun ödənilməsi haqqında sənəddir. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 11 iyul 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yekunda iddiaçının nəzirinə çatdırır ki, iddia ərizəsinə əlavə edilmiş 30 may 2024-cü il tarixli etibarnamə ilə iddia ərizəsini qarşılıqlı şəkildə müqayisə etdikdə hər iki sənəddə olan imzanın bir-birindən kəskin fərqlənməsi vizual olaraq müşahidə edilir. Gələcəkdə mülki işə məhkəmədə baxılması zamanı iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması müəyyən edilərsə bu prosessual nəticələr doğura bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəkili-nümayəndəsinə geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 11 iyul 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar