Məhkəmə qərarları › İş №2(079)-50/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-50/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-50/2023 09.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X18 məhkəmə iclas katibliyi, Ərizəçi, onun vəkili-nümayəndəsi Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və şahidlər Şahid1 və Şahid3 iştirakı ilə, Ərizəçi anadan mənşəyinin müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “19” dekabr 2022-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 1928-ci ildə anadan olmuş X4 mənşəyinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətlərini əsaslandıraraq qeyd etmişdi ki,18 avqust 1956-cı il tarixdə Babək rayonu, Kültəpə kəndində anadan olmuşam. X2r. O, 19 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Atam isə X11r. O, 06 fevral 1980-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnaməmi tapa bilmirəm. Bununla bağlı olaraq Babək rayon qeydiyyat şöbəsinə etdiyim müraciətə verilən cavabda mənim doğumum barədə Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində və nazirliyin vətəndaşlıq vəziyyəti aktlarının arxivində heç bir məlumatın tapılmadığı qeyd olunmuşdur. X3 xx xxxxxx 1951-ci il tarixdə anadan olub. Babək rayonu, Kültəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışında mənim X5 varisi olmadığım və doğum tariximin 1956-cı il olması qeyd edilmişdi. Naxçıvan şəhəri 2 saylı Nikah Evinin 08 aprel 2022-ci il tarixli arayışında doğum akt qeydimin tapılmadığı göstərilib. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 11 aprel 2022-ci il tarixli, 13/499 nömrəli arayışında mərhum X9 adına Leninabad kənd Sovetliyi ZDS İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid 1 nömrəli təsərrüfat başına kitabında 0.23 hektar torpaq sahəsinin olması və mənim ailə üzvü olmaqla doğum tariximin 1956-cı il olması qeyd olunmuşdur. Doğum akt qeydinin bərpa olunması ilə bağlı Babək rayon qeydiyyat şöbəsinə etdiyim müraciətə verilən 08 aprel 2022-ci il tarixli, 05/15-105 nömrəli cavabda qeyd olunmuşdur ki, mən 05 avqust 1982-ci il tarixdə Babək rayonu, Kərimbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 16 saylı nikah akt qeydinə əsasən X26 ilə nikaha daxil olmuşam və doğum tariximin isə 18 avqust 1956-cı il olması göstərilmişdir. Lakin məktubda mənə doğum akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməyim məsləhət olunmuşdur. Doğum haqında şəhadətnaməmin olmaması, anadan mənşəyimin müəyyən olunmaması səbəbindən miras hüquqlarımı həyat keçirə bilmirəm. Doğumla bağlı isə tibbi müəssisəsində sənədlər saxlanılmamışdı. Ərizəçi məhkəmədə verdiyi izahatında 18 avqust 1956-cı ildə əvvəlki adı ilə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olduğunu, X9 atası, X5 isə onun anası olduğunu, atasının 06 fevral 1980-ci ildə, anasının isə 19 fevral 2016-cı ildə öldüyünü, valideynləri faktiki olaraq ailə qursalar da, nikahlarını rəsmiləşdirmədiklərini, bildiyinə görə onların 1946-cı ildə ailə qurduğunu, valideynlərinin 1918-ci ildən Kültəpə kəndində yaşadıqlarını, anasının əslən Zeynəddin kəndindən olduğunu, atasının isə indiki Ermənistan ərazisindən qaçqın kimi Naxçıvana gəldiyini, anasının beş bacısı, iki qardaşı olduğunu, hazırda onlardan sağ qalan olmadığını, valideynlərinin yas mərasimini özü və oğlu Nəsibin tutduğunu, onların birgə nikahından iki qız övladı dünyaya gəldiyini, bacısı Leylanın evin böyük uşağı olduğunu, anası Cahanın onun öz oğlu Nəsibi övladlığa götürdüyünü, özü 1956-cı ildə dünyaya gəlsə də bu günədək doğum şəhadətnaməsinin olmasını xatırlamadığını, bacısı Leylanın doğum haqqında şəhadətnaməsi olsa da, həmçinin həmin sənəddə atası və anasının adı göstərilsə də özünün doğum akt qeydinin aparılmadığını, amma özünə məxsus olan bir-iki sənəddə həm doğum tarixinin, həm doğum yerinin, həm də atasının adının göstərildiyini, nikah haqqında şəhadətnaməsində bunların mövcud olduğunu, anası öldükdən sonra ondan həyət miras qaldığını, bacının və oğlu Nəsibin həmin mirası qəbul etmədiyini, özü tərəfindən miras qəbul edilsə də sənədlərin tam olmaması ilə bağlı olaraq bunu həyata keçirə bilmədiyini, yəni əlində Cahanın onun anası olmasını təsdiq edən rəsmi sənəd olmadığını, bu səbəbdən də bunun müəyyən edilməsinə zərurət yarandığını bildirərək yekunda məhkəmədən müraciətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılmalı, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılmalı olduğundan, qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq məhkəmə 14 fevral 2023-cü il tarixli qərardadla mərhum X5 vərəsələri kimi Maraqlı şəxs3 və Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb etmişdi. Maraqlı şəxs3 məhkəmədə verdiyi izahatında xx xxxxxx 1951-ci ildə əvvəlki adı ilə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olduğunu, X9 atası, X5 isə onun anası olduğunu, atasının 1980-ci ildə, anasının isə 2016-cı ilin fevral ayında öldüyünü, bildiyinə görə valideynlərinin 1946-cı ildə ailə qurduğunu, atasının 1918-ci ildən Kültəpə kəndində yaşadığını, anasının əslən Zeynəddin kəndindən olduğunu, atasının isə indiki Ermənistan ərazisindən qaçqın kimi Naxçıvana gəldiyini, anasının beş bacısı, iki qardaşı olduğunu, hazırda onlardan sağ qalan olmadığını, valideynlərinin birgə nikahından iki qız övladı dünyaya gəldiyini, özünün evin böyük uşağı olduğunu, Tərlanın isə onun bacısı olduğunu, anası Cahanın bacısı Tərlanın oğlu Nəsibi övladlığa götürdüyünü, ailə quranadək, yəni 1971-ci ilədək bacısı Tərlanla birlikdə yaşadığını, bacısının 1982-ci ildə ailə qurduğunu, özünün doğum haqqında sənədi olsa da Tərlanın doğum sənədinin olmadığını qeyd edərək, yekunda ərizəçinin müraciətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Digər Maraqlı şəxs2 məhkəmədə verdiyi izahatında xx xxxxxxxx 1986-cı ildə Babək rayonu, Kültəpə kəndində anadan olduğunu, atasının X27, anasının isə X12 olduğunu, əslində isə öz anasının Ərizəçi olduğunu, özü altı yaşında ikən nənəsi Cahanın oğul övladı olmadığından onun övladlığına verildiyini, anası Tərlanın Leylan adlı bir bacısı olduğunu, anası Tərlanla atası Vahidin üç övladı olduğunu, onlardan yalnız özünün nənəsi Cahanın övladlığına verildiyini, Cahanın 2016-cı ilin fevral ayında öldüyünü, özünün hazırda anası Tərlanla birlikdə qaldığını, nənəsi Cahanın isə ölən bir günədək onlarla qaldığını qeyd etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi 28 fevral 2023-cü ildə 05/13-69 nömrəli məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də həmin oranın iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, Ərizəçi 18 avqust 1956-cı ildə əvvəlki adı ilə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olmuş, Vətəndaşlıq vəziyyəti aktlarının Avtomatlaşdırılmış elektron informasiya sistemində onun doğumu barədə məlumat mövcud deyil və bunun bərpa olunması üçün ərizəçi Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etsə də onun tələbi mümkünsüz sayılmışdı. Bu faktlar aşağıdakılarla təsdiq olunur: -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, həminin ərizəyə əlavə edilmiş Naxçıvan MSSR Babək rayonu, Leninabad kənd Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən verilmiş 05 avqust 1982-ci il tarixli, İİ-JQ seriyalı, 478903 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi 18 avqust 1956-cı ildə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olması; -ərizəyə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 634 nömrəli məktubdan Vətəndaşlıq vəziyyəti aktlarının Avtomatlaşdırılmış elektron informasiya sistemində Ərizəçi doğumu barədə məlumat mövcud olmaması; - iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-138/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərardadından Ərizəçi Babək rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa olunması tələbi ilə məhkəməyə müraciət etməsi və onun tələbinin mümkünsüz sayılması aydın olur. Ərizəçinin müraciəti isə anadan mənşəyinin 1928-ci il təvəllüdlü X4 olmasının müəyyən edilməsindən ibarətdir. Ərizəçinin müraciətinin hüquqi həlli ilə bağlı məhkəməyə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Uşağın mənşəyinin müəyyən edilməsi isə qeyd edilən Məcəllənin 44-cü maddəsini ilə tənzimlənir ki, həmin maddəyə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur (44.1 və 44.2-ci maddələr). Qeyd edilən maddi hüquq normasıni iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Babək Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 261 nömrəli məktubunda Babək rayonu, Kültəpə kənd sakini 1956-cı il təvəllüdlü Ərizəçi doğumu ilə bağlı sənədlərin saxlanılmaması qeyd edilir. Bundan əlavə ərizəçi müraciətində X7 onun atası, X5 anası olmasını göstərsə də, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 159 nömrəli, həmçinin 13 fevral 2023-cü il tarixli, 80 nömrəli arayışlarda adları qeyd edilən şəxslər barəsində nikah akt qeydi tapılmaması öz əksini tapıb. Bunlar isə onu deməyə əsas verir ki, Ərizəçi anadan mənşəyinin müəyyən edilməsi onun tibb müəssisəsində doğmasını təsdiq edən sənəd və ya nikahı haqqında qeyd əsasında həyata keçirilə bilmir. Belə olan halda məhkəmə qeyd edir ki, tələbini sübut etmək vəzifəsi həmin faktın müəyyən olunmasında maraqlı olan ərizəçinin üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilən faktın müəyyən edilməsi ilə bağlı ərizəçinin məhkəməyə təqdim etdiyi sübutların tədqiqi ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, İİ-JQ seriyalı, 250492 və AZ-İ seriyalı, 597482 nömrəli akt qeydindən çıxarışlardan X7 06 fevral 1980-ci ildə, X5 isə 19 fevral 2016-cı ildə ölməsi müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 11 aprel 2022-ci il tarixli, 13/499 nömrəli arayışda Naxçıvan rayonu, Leninabad kənd Sovetliyi ZDS İcraiyyə Komitəsi Kültəpə kəndinin 1963-1965-ci illərə dair 1 nömrəli Təsərrüfatbaşına kitabında mərhum X7 ailə başçısı olmaqla adına 0.23 hektar torpaq sahəsinin qeyd edilməsi, 1928-ci il təvəllüdlü X5 onun arvadı, 1951-ci il təvəllüdlü X14 və 1956-cı il təvəllüdlü Ərizəçi onun övladları kimi ailə üzvü olması göstərilir. Ərizəçi isə X8 özünün bacısı olduğunu bildirərək bu faktın təsdiqi kimi məhkəməyə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 648351 nömrəli akt qeydindən çıxarışı təqdim etmişdi. Həmin sənəddən görünür ki, X14 xx xxxxxx 1951-ci ildə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olmuş, X15 onun atası, X12 isə onun anasıdır. Bu faktı Maraqlı şəxs3 məhkəmədə verdiyi izahatında da təsdiq etmişdi. Ərizəyə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Kültəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 187 nömrəli arayışdan aydın olur ki, X17, X14 və Maraqlı şəxs2 X5 vərəsələridir. Ərizəçi məhkəmədə verdiyi izahatında övladı X13 anası X5 övladlığına verdiyini bildirsə də, məhkəmə qeyd edir ki, o, bunu təsdiq edəcək rəsmi sənədi, yəni övladlığa verilmə barədə şəhadətnaməni məhkəməyə təqdim etməmişdi. Lakin Naxçıvan MSSR, Babək rayon Leninabad kənd X23 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 05 avqust 1982-ci il tarixli, İİ-JQ seriyalı, 478903 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X27 ilə Ərizəçi arasında həmin tarixdə nikah bağlanması, Leninabad kənd sovetliyi tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli XVİ-JQ seriyalı, 418540 nömrəli doğum haqqında şəhadətnamədən xx xxxxxxxx 1986-cı il təvəllüdlü Maraqlı şəxs2 atasının X27, anasının isə X12 olması müəyyən edilir. Bu isə dolayı da olsa ərizəçinin dediyini təsdiq edir. Bu yazılı sübutlardan başqa ərizəçi tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edilməsi üçün Şahid1 və Şahid3 şahid kimi dindirilməsini məhkəmədən xahiş etmişdi. Şahid1 ifadəsində Ərizəçi onun baldızı olduğunu, ərizəçinin bacısı Leylanla 1971-ci ildə ailə qurduğunu, Leylanın evin böyük, Tərlanın isə balaca uşağı olduğunu, İmamverdiyeva Cahanın özünün qayınanası, Nəsib İmamverdiyevin isə qayınatası olduğunu, Tərlanla aralarında 8-9 yaş fərqi olsa da onun balacalığını xatırladığını, ərizəçinin balaca ikən onu söydüyünü, özünün isə onun anası Cahana bununla bağlı şikayət etdiyini, Cahanın ölən bir günədək Tərlanla birlikdə yaşadığını, özünün də hazırda ərizəçi ilə qonşuluqda yaşadığını bildirmişdi. Digər Şahid3 ifadəsində 1936-cı ildə Kültəpə kəndində anadan olduğunu, mərhum Cahanla qonşuluqda yaşadığını, onun iki qız övladı olduğunu, onun qızlarından biri olan Tərlanla oğlu Vahidin ailə qurduğunu, Vahidinin isə özünün böyük övladı olduğunu, onun 1955-ci ildə doğulduğunu, Tərlanın anasının Cahan, atasının isə Nəsib olduğunu, Cahanın ölümü ilə oğlu Vahidin ölünmü arasında bir il fərq olduğunu, oğlu Vahidin 2015-ci ildə öldüyünü, Tərlanın dünyaya gəlməsini xatırladığını, həmin vaxt oğlu Vahidin bir yaşı olduğunu qeyd etmişdi. Ərizəçinin məhkəməyə təqdim etdiyi sübutları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, onun müraciətinin təmin edilməsi üçün mötəbər dəlil kimi ilkin olaraq yazılı sübut olan X14 barəsində olan hüquqi sənədlərdən yola çıxılmalıdır. Belə ki, ərizəçinin anası kimi tanınmasını istədiyi X5 Leylan İmamverdiyevanın və Maraqlı şəxs2 anası olması şübhəsizdir, yəni qanunvericilik müəyyən edilmiş sübutlarla (akt qeydi) ilə öz təsdiqini tapır. Həmçinin həmin sənədlərlə X7 Maraqlı şəxs3 atası olması da müəyyən edilir. Bu faktlarla Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 11 aprel 2022-ci il tarixli, 13/499 nömrəli arayış olan məlumatlar üst-üstə düşdüyündən, məhkəmə arxiv arayışının mötəbər sübut kimi qəbul edilən hesab edir. Belə olan halda isə həmin arayışda X1 Nəsib Mahmud oğlunun arvadı kimi qeyd edildiyindən və akt qeydində olan məlumatlara əsasən həmin şəxslərin hər hansı digər şəxslərlə nikahda olması müəyyən edilmədiyindən, X5 Ərizəçi anası olması öz təsdiqini tapır. Bu həmçinin dolayı sübut kimi maraqlı şəxslərin izahatları və şahidlərin ifadələrini ilə də sübut olunur. Bunlar isə özlüyündə ərizəçinin tələbinin əsaslı olması qənaətinə gəlməsi üçün məhkəməyə kifayət edir. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə əsaslı olduğundan təmin edilməli; - “18” avqust 1956-cı ildə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olan Ərizəçi anadan mənşəyinin 1928-ci ildə anadan olan və 19 fevral 2016-cı ildə Babək rayonu, Kültəpə kəndində ölən X4 olması faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. “18” avqust 1956-cı ildə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olan Ərizəçi anadan mənşəyinin 1928-ci ildə anadan olan və 19 fevral 2016-cı ildə Babək rayonu, Kültəpə kəndində ölən X4 olması faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar