Məhkəmə qərarları › İş №2(079)-509/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-509/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-509/2024 07.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Arif Yunis oğlunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “17” iyul 2024-cü ildə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2630 (iki min altı yüz otuz) manat borcun və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, mənimlə birlikdə hərbi hissədə xidmət edən əməkdaşım Cavabdeh 2020-ci ildə "xxxx" ASC-dən 5000 (beş min) manat kredit götürmək istəyirdi. Cavabdeh arvadının xəstə olduğunu, onu əməliyyata aparacağını deyərək kredit üçün ona zamin durmağımı xahiş etmişdir. Mən də ona inanaraq zamin olmağı qəbul etdim. Cavabdeh bankın kredit ödənişlərini etmədiyi üçün "xxxx" ASC-nin məhkəməyə müraciəti nəticəsində Babək Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(079)- 297/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh "xxxx" ASC-ə olan 2630 (iki min altı yüz otuz) manat borc mənim əmək haqqımdan tutularaq banka ödənilmişdir. Bunları iddia ərizəsinə əlavə etdiyim 27 sentyabr 2023-cü il tarixli kredit ödənişi qəbzi və 14 oktyabr 2023-cü il tarixli X2 Maliyyə- Plan şöbəsinin Pul təminatı və əmək haqqı bölməsinin rəisinin Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərdiyi məktub təsdiq edir. 27 sentyabr 2023-cü il tarixində Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında cavabdehin banka olan 2630 (iki min altı yüz otuz ) manat borcu mənim əməkhaqqımdan tutularaq tamamilə ödənmişdir və hal-hazırda cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə və Babək Rayon Məhkəməsinin qətnaməsinə əsasən zaminliyim mövcud deyildir. Bunu "xxxx" ASC-dən aldığım 28 sentyabr 2023-cü il tarixli 05/E08/662 nömrəli arayış da təsdiq edir. Cavabdehin "xxxx" ASC-ə olan 2630 (iki min altı yüz otuz) manat pulun mənim əməkhaqqımdan tutulub tamamilə ödənilməsinə baxmayaraq o, pulun mənə qaytarılması ilə bağlı heç bir tədbir görmür və borcunu mənə ödəmir. Mən də mənə olan borcun ödənilməsinin tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin ünvan 1 ünvanında rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin 18 iyul 2024-cü il tarixli, 2(079)- 509/2024 nömrəli məktubu ilə onun ünvanına rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin Cavabdeh “23” iyul 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi və prosessual hüquq normalarına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı tələbində bildirir ki, o, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin müqavilədən irəli gələn öhdəliyinin icrasının təminatı olaraq bank qarşısında Cavabdeh zamin durmuş, nəticədə isə cavabdeh qeyd edilən öhdəliyini lazımınca icra etmədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. İddiaçının qeyd etdiyi fakt ərizəyə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(079)-297/2022 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. Belə ki, Babək Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(079)-297/2022 nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 (iyirmi dörd) ay müddətinə, illik 19 faiz (FİFD-20.05%) dərəcəsi ilə, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə pulu hesablanmaqla, 5000 (beş min) manat məbləğində kreditin Cavabdeh verilməsi barədə razılaşma əldə olunması, 11 noyabr 2020-ci il tarixli, 1033919/21084 nömrəli zaminlik müqaviləsindən isə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərini təmin etmək üçün İddiaçı ona zamin durması müəyyən edilir. Qeyd edilən qətnamədən o da görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh və İddiaçı onun xeyrinə 2555.28 ( iki min beş yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat əsas, 150.56 (bir yüz əlli manat, əlli altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2705.84 (iki min yeddi yüz beş manat, səksən dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 47.46 ( qırx yeddi manat qırx altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və onun iddiası təmin edilmişdi. İddiaçı isə Cavabdeh bank qarşısında öhdəliyinin icranın təminatçısı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2630 (iki min altı yüz otuz) manat ödəniş etdiyini bildirərək həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının öz tələbinin əsaslandırdığı faktların təsdiqi üçün məhkəməyə təqdim etdiyi sübutlarla gəldikdə isə ərizəyə əlavə edilmiş Babək Rayon İcra və Probasiya Şöbəsinin 23 və 29 avqust 2022-ci il tarixli,179645/20222 nömrəli məktublardan yuxarıda qeyd edilən qətnamənin icraya yönəlməsi müəyyən edilir. Eləcə də həmin məktublardan icra sənədinin icra edilməsi üçün X2 maliyyə-plan şöbəsinə göndərilməsi aydın olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sayı hərbi hissənin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlandığı 14 oktyabr 2024-cü il tarixli, 4451 nömrəli məktubdan İddiaçı əmək haqqından 2023-cü il üzrə ümumilikdə 1436 (bir min dörd yüz otuz altı) manat məbləğində borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının hesabına, 193 (bir yüz doxsan üç) manat məbləğində 7 faiz icra ödənişinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xüsusi fonduna köçürülməsi qeyd edilir. Bundan başqa iddiaçının ərizəsinə əlavə edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən verilmiş FJB**********600 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qəbzdən İddiaçı Cavabdeh bankda olan hesabına 1200 (bir iki yüz) manat məbləğində pul ödəməsi aydın olur. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının 28 sentyabr 2023-cü il tarixli, 05/F-081662 nömrəli məktubunda göstərilir ki, Cavabdeh verilmiş kredit üzrə məhkəmə qətnaməsində qeyd edilən məbləğ 27 sentyabr 2023-cü ildə tam ödənilmişdir. Yuxarıda qeyd edilənlərdən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2636 (iki min altı yüz otuz altı) manat və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə isə 193 (bir yüz doxsan üç) manat icra ödənişi olmaqla, ümumilikdə 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat ödəməsi sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; -500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; -503-cü maddəsinə görə borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur; -509.1-ci maddəsində qeyd edilir ki, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir; -509.2.-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar; - 509.3-cü maddəsinə görə kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. İşin araşdırılmış hallarından görünür ki, tərəflər "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə borclu olmuş, onlar öhdəliklərini icra etmədiyindən kreditorun tələbi hər ikisinə yönəlmiş, borclulardan zamin olan İddiaçı əsas borclu Cavabdeh bank qarşısında olan öhdəliyi müəyyən hissəsini icra etmişdi. Hazırda o, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək reqres qaydasında Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyi pulu tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2636 (iki min altı yüz otuz altı) manat və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə isə 193 (bir yüz doxsan üç) manat icra ödənişi olmaqla, ümumilikdə 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat ödəməsi sübuta yetirilsə də, iddiaçı isə cavabdehdən 2630 (iki min altı yüz otuz) manat məbləğındə pulun alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi ilə müəyyən edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki mübahisə üzrə isə iddia tələblərindən kənara çıxmaq üçün hər hansı qanuni əsas olmadığından məhkəmə mülki işə tələbin həcmini nəzərə almaqla baxmışdı. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 46.30 (qırx altı manat, otuz qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh 2630 (iki min altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 46.30 (qırx altı manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı “İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2630 (iki min altı yüz otuz) manat məbləğində pul, həmçinin 46.30 (qırx altı manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar