Məhkəmə qərarları › İş №2(079)-536/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-536/2024

06.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-536/2024 06.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və mütəxəssis X1 iştirakı ilə, X4 Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 08 avqust 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsininin Cavabdeh alınıb ona geri qaytarılmaqla altı illik icarə haqqı olan 1680 (bir min altı yüz həştad) manat yaranmış borcunun və iş üzrə ödəmiş olduğu 36 (otuz altı) manat, səksən qəpik dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə mənə ailə başçısı olduğum üçün 3 nəfər ailə üzvlərimlə birlikdə Babək rayon Nehrəm qəsəbəsində 0.92 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Hal-hazırda da bizlərin mülkiyyətindədir. Lakin buna baxmayaraq mən həmin torpaq sahəsini mərhum qardaşım Sabirin sağlığında ona vermişdim, o orada arpa-buğda əkirdi. Ancaq 2019-cu il tarixdən bu vaxta kimi mənim xəbərim və razılığım olmadan həmkəndlim Cavabdeh sözügedən torpaq sahəsini əkib-becərmiş və bu barədə mənə nə hər hansı bir məlumat, nə də ki, bir ödəniş verməmişdir. Buna görə də Cavabdeh mənə 2019-cu il tarixdən bu il, 2024-cü ilə kimi mənim torpaq sahəmdə taxıl əkdiyinə görə bir ili 280 (iki yüz həştad) manat olmaqla 6 illik, 1080 (bir min altı yüz həştad) manat borcu yaranmışdır. Mən bununla bağlı Nehrəm Bələdiyyəsinə müraciət etdim, oradan nümayəndə gəlib, yerində baxış keçirərək Cavabdeh əkdiyi torpaq sahəsinin mənim mülkiyyətimdə olduğunu bildirib, ona həmin torpaq sahəsini əkməməsi barədə xəbərdarlıq etsə də o buna məhəl qoymayıb, öz qanunsuz hərəkətlərini davam etdirərək, torpaq sahəmi mənə geri qaytarmaq istəmir. Özüm də təsərrüfatla məşğul olduğuma görə həmin torpaq sahəmi əkib-becərmək istəyirəm. Bu səbəbdən Cavabdeh torpaq sahəmi zəbt edib, mənimsədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh iddiaçının əmisinin oğludur, onunla torpaq sahələri yanaşıdır, 6 il olar ki, Cavabdeh onlara məxsus torpaq sahəsini əkibbecərir, dəfələrlə ona torpaq sahələrini əkməməsi barədə xəbərdarlıq etsələr də onlara məhəl qoymur, özləri mal-heyvan saxlayır, öz torpaqlarında əkinçilik işləri apara bilmədikləri üçün mal-heyvanın yemini pul verib almalı olurlar, torpaq sahələrini özləri əkmək istəyir, lakin cavabdeh onlardan xəbərsiz torpaq sahəsində əkinçilik işləri aparır, həmçinin Cavabdeh əvvəllər də onların digər torpaq sahəsini əkdiyindən kəndin icra nümayəndəsinə şikayət ediblər, həmin vaxt kəndin bələdiyyə sədri torpaqları ölçdükdən sonra ayırmış və özlərinə təhvil vermişdir, həmin vaxt da iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən arpa əkilmişdir, biçin vaxtı onlar əkin sahəsini biçmək üçün traktor tutublar, lakin cavabdeh məhsulu biçdirib evə apardığından onlar bununla bağlı bir neçə yerə şikayət etmişlər və torpaq sahəsindən çıxan məhsul, həmçinin torpağın pulu cavabdehdən alınaraq onlara verilmişdir, hazırda isə iddia ərizəsində qeyd edilən torpaq sahəsində əkinçilik işləri aparır, onlar torpaq sahəsinin cavabdehdən alınması üçün kəndin icra nümayəndəsi və bələdiyyəsinə müraciət ediblər, oradan isə məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər, indi isə torpaq sahəsinin və 6 illik icarə haqqı olan 1680 manat pulun cavabdehdən alınıb onlara verilməsini məhkəmədən xahiş edirlər. Həmçinin, iddiaçının nümayəndəsi verilmiş suallara cavabında torpaq sahəsinin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşdiyini, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu, torpağın mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən mülkiyyətçilərin iddiaçının birinci ailəsindən olan arvadı və uşaqları olduğunu, torpaq sahəsinin hazırda Cavabdeh istifadəsində olduğunu, bildiyinə görə torpaq sahəsinin 8 sot yarım təşkil etdiyini, cavabdehin hər il torpaq sahəsində əkinçilik işləri apardığını, hazırda isə həmin torpaq sahəsini əkib-əkmədiyini bilmədiyi, iddiaçının bununla bağlı dəfələrlə cavabdehə xəbərdarlıq etdiyini, həmçinin kəndin icra nümayəndəsinə şikayət etdiyini, torpaq sahəsini istifadə etməsi ilə bağlı cavabdehə heç bir razılıq vermədiyini, Cavabdeh onlardan icazə almadan torpaq sahəsində əkinçilik işləri apardığını, torpaq sahəsinin cavabdehin və qaynı Sabir Nağıyevin torpaq sahələri ilə yanaşı olduğunu, qaynının Bakı şəhərində yaşadığını, onun öz torpağını cavabdehə verib-verməməsi ilə bağlı məlumatının olmadığını, cavabdehin mübahisə predmeti olan torpaq sahəsinin özünün olmasını iddia etmədiyini, icra nümayəndəliyi və topaq komitəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı sənəd tərtib edilmədiyini, cavabdehdən arpanın təqribən 5-6 il bundan əvvəl alınıb özlərinə verildiyini, həmin arpanın hazırda mübahisə olunan torpaq sahəsindən yox, digər torpaq sahəsindən yığıldığını, cavabdehin oranı da icazəsiz əkib-becərdiyini, həmin vaxt şikayətləri əsasında cavabdehin arpanı gətirib təhvil verdiyini, Gövhər Nağıyevanın iddiaçının birinci həyat yoldaşı olduğunu, Sabir və Bayramın onların birgə nikahlarından dünyaya gəldiklərini, onların torpaq sahəsindən istifadə etmədiklərini və torpaq sahəsindən istifadə etməklə bağlı hüquq tələb etmədiklərini, torpaq sahəsində payların müəyyən edilmədiyini, bununla bağlı məhkəməyə müraciət etmədiklərini, bildiyinə görə cavabdehin 6 ildir onların torpaq sahəsini əkdiyini, özünün bildirdiyinə görə isə 1999-cu ildən əkdiyini, həmin vaxtadək Sabirin torpaq sahəsini istifadə etdiyini, onun vəfat etdiyini, 6 il bundan əvvələdək torpaq sahəsini əkmək fikirləri olmadığını, 6 il əvvəl torpaq sahəsini istifadə etməyi ilə bağlı olaraq cavabdehdən 100 manat pul aldıqlarını, lakin onun indiki yox başqa torpaq sahəsi olduğunu, həmin vaxtdan ondan onlara məxsus torpaq sahələrini əkməməsini tələb etsələr də heç bir faydası olmadığını, 6 il bundan əvvəl qaynı Sabirin torpaq sahəsini bacanağı Hidişin oğluna kirayə verdiyini, onu həmin vaxt bilmədiyini, hələ bu il Hidişin oğlu Sabirin torpaq sahəsini ona kirayəyə verdiyini dediyini, buna görə kəndin icra nümayəndəsinə və bələdiyyəsinə müraciət etməsinə baxmayaraq məsələnin öz həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmiş, sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, torpaq sahəsi 1999-cu ildə bölünüb, əmisi oğlu Sabir isə 2022-ci ildə vəfat edib, o, torpağın illik icarə pulunu əvvəllər ona ödəməyib, hazırda isə onun uşaqlarına ödəyir, hazırda istifadə etdiyi torpaq sahəsi Cabirin və onun əvvəlki arvadından olan uşaqlarının adınadır, İddiaçı Şəfiqə ilə 2005ci ildə ailə qurub, onun adına torpaq sahəsi yoxdur, torpaq sahəsi iddiaçının, onun əvvəlki arvadının və ondan olan uşaqlarının adınadır, uşaqlar isə özlərinə məxsus torpaq sahələrini ona (cavabdehə) veriblər, o, torpağın icarəsi üçün hər il əmisinin nəvəsinə 60 manat pul ödəyir və bununla bağlı qəbzlər var, iddiaçının 24 ildir məhkəməyə müraciət etməməsinin səbəbini bilmir, özü Cabirin yerini əkməyib, əmisi oğlu Sabir, əmisi qızları Əntiqə, Esmira, Rüqəyya, Samil, Samitdin və Bayrama məxsus torpaq sahələrində əkinçilik işləri aparır, çünki onlar torpaq sahələrini cavabdehə veriblər, Cabirə məxsus torpaq sahəsini isə əkmir. Həmçinin, cavabdeh verilmiş suallara cavabında mübahisə olunan torpaq sahəsinin paylı mülkiyyətdə olduğunu, həmin torpaq sahəsinin İddiaçı, X8, X10 və X7 mülkiyyətində olduğunu, özünün icra nümayəndəliyindən Cabirə nə qədər torpaq sahəsi düşdüyünü soruşduqda 3 sot torpaq sahəsinin düşdüyünü bildirdiklərini, bildiyinə görə torpaq sahəsinin ümumilikdə 12 sot olduğunu, torpaq sahəsinin onun mülkiyyətinə keçməsi ilə bağlı hər hansı sənədinin olmadığını, həmin torpaq sahəsini 1999-cu ildən istifadə etdiyini, öz mülkiyyətində isə çöl torpaq sahəsinin olduğunu, öz torpaq sahəsinin mübahisə edilən torpaq sahəsinin yanında yerləşdiyini, Cabirə məxsus torpaq sahəsini isə istifadə etmədiyini, cavabdehə məxsus torpaq sahəsini ayırdığını və əkmədiyini, torpaq sahələrinin digər mülkiyyətçilərinin isə özlərinə düşən payı istifadə etmək üçün ona verdiklərini, bununla bağlı aralarında yazılı razılıq olmadığını, əmisi Sabirin iddiaçının torpaq sahəsini istifadə etmək üçün ona vermədiyini, əmisi Sabirin özünə məxsus torpaq sahəsini istifadə etmək üçün ona verdiyini, torpaq sahəsində təsərrüfat aparmağı ilə bağlı iddiaçıya hər hansı vəsait ödəmədiyini, çünki ona məxsus torpaq sahəsində əkinçilik işləri aparmadığını, Sabirə məxsus torpaq sahəsini istifadə etməyi ilə bağlı ona hər ay 60-90 manat pul ödədiyini, islahat vaxtı öz mülkiyyətinə torpaq sahəsinin verilib-verilmədiyini bilmədiyini, 1999-cu ildə torpaq sahələri bölünən vaxtdan onun İsmayıl Mikayılova məxsus torpaq sahəsini istifadə etdiyini, həmin vaxt torpaq sahələrini bələdiyyənin ölçdüyünü, istifadə etdiyi torpaq sahələrini şifahi razılıq əsasında əldə etdiyini, həmin torpaq sahələrini alqı-satqı və icarə müqaviləsi əsasında əldə etmədiyini, İddiaçı torpaq sahəsindən istifadə etdiyini bilmədiyini, belə ki, kəndin bələdiyyəsinin Cabirə 3 sot torpaq sahəsinin düşdüyünü bildirdiyini, onun da həmin 3 sot torpaq sahəsini ayırdığını və əkmədiyini, Nağıyev Sabirin isə ona məxsus torpaq sahəsini onun istifadəsinə verdiyini, iddiaçının indiyə qədər bu məsələyə etiraz etmədiyini, nəyə görəsə indi etiraz etdiyini, Nağıyev Sabirin 2023-cü ildə vəfat etdiyini, Sabir ölənədək torpaqdan istifadə etdiyi üçün hər il ona pul ödədiyini, o, öləndən sonra isə onun arvadı Əntiqəyə ödədiyini, bu il isə pul ödəmədiyini, keçən ilədək hər il pul ödədiyini, hər il 50, 70 manat pul göndərdiyini, ya da pul əvəzində pendir göndərdiyini, hazırda 15 hektar yer əkdiyini, öz torpaq sahəsini də əkdiyini, özünə məxsus torpaq sahəsinin mübahisə olunan torpaq sahəsinin yuxarısında yerləşdiyini, İddiaçı onun torpaq sahəsini istifadə etməsi ilə bağlı indiyədək ona hər hansı etiraz etmədiyini, bu mübahisə olanadək heç kimin torpaq sahəsini əkməklə bağlı ona etiraz etmədiyini, əgər 6 il əvvəl etiraz edibsə, nəyə görə həmin vaxt məhkəməyə müraciət etmədiyini, icarəyə götürdüyü torpaq sahələrinə görə isə ödəniş apardığını bildirmişdir. Mütəxəssisin məhkəmə hazırlıq iclasında verdiyi izahatında JN-1878C nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilən 0.59 hektar torpaq sahəsinin İddiaçı məxsus olduğunu, lakin cavabdeh tərəfindən təsərrüfat işləri aparılmayan torpaq sahəsinin boş saxlanılan torpaq sahəsinin sərhədləri daxilində yerləşmədiyini, əkilməyən torpaq sahəsinin JN-1879C nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilən X3 məxsus torpaq sahəsinin sərhədləri daxilində olduğunu, əkilməyən torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşmədiyini, İddiaçı məxsus torpaq sahəsinin bütünlüklə əkildiyini, yerində baxış zamanı cavabdehin həmin torpaq sahəsində suvarma işləri həyata keçirdiyini, mübahisə edilən torpaq sahəsinin ətrafında, qonşu sərhədlərində Cavabdeh məxsus torpaq səhəsinin ümumiyyətlə müəyyən edilmədiyini, cavabdehin atası ilə birgə təsərrüfat aparsa da, həmçinin onunla birlikdə qeydiyyatda olsa da atasının adına olan torpaq sənədlərində ailə üzvü kimi Seyranın adının qeyd edilmədiyini, cavabdehdən onun adına torpaq sahəsinin olub-olmamasını soruşduğunu, cavabdehin isə cavabında atasının təsərrüfatında olduğunu bildirdiyini, atasına məxsus torpaq sahəsinin sənədlərində isə ailə üzvü kimi onun adının qeyd edilmədiyini, ümumiyyətlə cavabdehin mülkiyyətinə hər hansı torpaq sahəsinin verilməsini müəyyən etmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə yoxlayan məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində paylı mülkiyyət hüququ ilə torpaq sahəsinin olması mübahisəsiz qaydada müəyyən olunur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş JN-1878 seriyalı, 10300058 kod nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktından Babək rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.92 ha torpaq sahəsi İddiaçı Bayram oğlu, X8, X10 və X7 mülkiyyətinə verildiyi aydın olur. Mülki işin mübahisəli halı cavabdehin iddiaçının digər mülkiyyətçilərlə birlikdə ümumi mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edib-etməməsi ilə bağlıdır. Məhkəmə sözügedən halın aydınlaşdırılması məqsədilə mütəxəssis və tərəflərin iştirakı ilə mübahisə edilən torpaq sahəsinə baxış keçirmiş və mütəxəssis rəyi əsasında cavabdehin iddiaçının ümumi mülkiyyət hüququ əsasında mülkiyyətində olan torpaq sahəsindən istifadə etdiyini müəyyən etmişdir. Belə ki, ekspert tərəfindən verilmiş rəydə qeyd olunur ki, 05 noyabr 2024-cü il tarixdə tərəflərin iştirakı ilə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən mübahisəli pay torpaq sahəsinə baxış keçirilmiş və elektron taxometr vasitəsilə ölçü işləri aparılmışdır. Mülki işin materialları kameral şəraitdə araşdırılmış və məlum olmuşdur ki, Babək rayonu Nehrəm qəsəbəsində torpaq islahatı aparılan zaman Babək rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş JN-1878C nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın sərhədləri daxilində 0.92 ha torpaq sahəsi verilmişdir, ərazidə ölçü zamanı məlum oldu ki, İddiaçı adına saxlanılan 0.35 ha torpaq sahəsi JN-1878C nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın sərhədləri daxilində yerləşmir, X2 mülkiyyətinə verilmiş JN-1879C nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın sərhədləri daxilində yerləşir. Eyni zamanda yerində müayinə zamanı iddiaçının ümumi mülkiyyət hüququ əsasında mülkiyyətçisi olduğu torpaq sahəsinin cavabdeh tərəfindən əkildiyi və hazırda onun faktiki istifadə və sahibliyində olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinin iddiaçının deyil, digər şəxslərin mülkiyyətində olması və həmin şəxlsər tərəfindən onun icarəsinə verilməsi barədə etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilmişdir. Həmçinin həmin əsasnaməyə müvafiq olaraq sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilir. Torpağa mülkiyyət hüququna dair dövlət aktı isə ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilmişdir. Qanunvericilikdə ümumi əşyaya birgə mülkiyyət yaranmasının konkret olaraq nəzərdə tutulmadığı hallarda əşyaya ümumi mülkiyyətin paylı mülkiyyət olması prezumpsiyası nəzərdə tutulmuşdur. Məhkəmə belə hesab edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların qanuni istifadəyə və icarəyə götürdükləri əvəzsiz olaraq ailə tərkibi üzvlərinin mülkiyyətinə verilmiş ümumi əmlak üzərində birgə mülkiyyət yaranması konkret olaraq nəzərdə tutulmasa da, fərdi yaşayış evləri, həyətyanı sahələri və s. üzərində ailə üzvlərinin payları göstərilmədiyindən həmin ümumi əmlak üzərində paylar müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -153.1-ci maddəsində göstərilir ki, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. - 154.1-ci maddəsinin tələbinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 157.2-ci maddəsində görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. - 238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Məhkəmə mülkiyyətin rejimini nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Belə olan halda iddiaçı ümumi mülkiyyətdə olan əşya barəsində ümumi mülkiyyətçilərin xeyrinə üçüncü şəxsə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiasıdır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlı iddia tələbi əsaslı sayılıb təmin edilməlidir. Məhkəmə iddia tələbinin altı illik icarə haqqının qaytarılması tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edərkən bunun qanunsuz olduğunu bilməsi halı müəyyən olunmamışdır. Belə ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla çöl ərazisində qonşu torpaq sahələri ilə arasında hər hansı çəpərləmə və ya ayırıcı xətt olmadan yerləşmişdir. İddiaçının nümayəndəsinin izahatı əsasında 6 illik icarə haqqı tələb olunsa da iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən həmin vaxtdan başlayaraq geri tələb olunması dəqiq müəyyən olunmamış, nümayəndə iddiaçının mülkiyyətində olan başqa torpaq sahəsinin boşaldılmasını cavabdehdən tələb etdiyini bildirmiş, ümumiyyətlə əvvəllər torpaq sahəsi ilə maraqlanmadığını, onu əkib-biçmək niyyətlərinin də olmadığını, əvvəllər torpağın iddiaçının mərhum qardaşının istifadəsində olduğunu, hətta onun tərəfindən üçüncü şəxslərə icarəyə verildiyini son zamanlar öyrəndiklərini bildirmişdir. Həmçinin yerində müayinə zamanı cavabdeh tərəfindən istifadə etdiyi torpaq sahəsinə bitişik ərazidən həmin hissənin iddiaçının mülkiyyətində olduğunu ehtimal etdiyindən istifadə etməməsi, daha sonra isə mütəxəssis rəyi əsasında həmin hissənin iddiaçının deyil, X2 mülkiyyətinə verilmiş JN-1879C nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Sözügedən halın əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməyə borcludur. Məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, JN-1878 seriyalı, 10300058 kod nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Babək rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən, İddiaçı Bayram oğlu, X8, X10 və X7 ümumi mülkiyyətində olan 0.92 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən Cavabdeh məcburi çıxarılmalı, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq qiymətləndirilməyən iddia tələbinə aid 100 manat miqdarında dövlət rüsumu iddia həmin hissədə təmin edildiyindən cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, iddianın rədd edilmiş hissəsinə münasibətdə isə 36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. JN-1878 seriyalı, 10300058 kod nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Babək rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən, İddiaçı Bayram oğlu, X8, X10 və X7 ümumi mülkiyyətində olan 0.92 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən Cavabdeh məcburi çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qalmış hissədə onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar