Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-563/2024 21.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev X2 Yusif Əbdül oğlunun miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi “21” avqust 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək nənəsi X3 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Hacıvar kəndində 0.1713 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 61.50 kvadrat metr yaşayış, 26.34 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evin miras əmlak olaraq mərhum anası X4 tərəfindən və sonuncunun ölümündən sonra isə həmin miras əmlakın özü tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə ərizəçiyə bildirir ki, məhkəməyə ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib ilk olaraq qeyd edir ki, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizələrə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə qeyd edilən Məcəllənin 307-311-ci maddələri ilə tənzimlənir ki, yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; -qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri daxilində yoxlayan məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Birinci şərtin mövcudluğunun yoxlanılması bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.6-cı bəndində də qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi müraciətini nənəsindən qalan mirasın anasının, sonuncudan qalan mirası isə özünün əmlakı qəbul etməsi ilə əsaslandırmışdı. Ərizəçi ərizəsində mərhum X1 miras qalmış əmlakın anası, sonuncudan qalan mirasın isə özü tərəfindən faktiki olaraq qəbul edilməsini istəyərək X3 onun nənəsi olmasını bildirsə də, qeyd edilən şəxslər, yəni X5 ilə X4, həmçinin özü ilə X5 arasında qohumluq münasibətlərinin olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdi. Belə ki, o ərizəsinə bununla bağlı Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Hacıvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 avqust 2023cü il tarixli, 414 nömrəli, Babək Rayon Qaz İstismarı İdarəsinin 01 sentyabr 2023-cü il tarixli, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Babək Rayon Elektrik Şəbəkəsinin 04 sentyabr 2023-cü il tarixli, 591 nömrəli arayışlarını təqdim etmişdi. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu isə o deməkdir ki, ərizəçinin aidiyyət şəxslərlə qohum olması faktı arayışlarla deyil, doğum akt qeydindən çıxarışlarla təsdiq edilə bilər. Bu isə özlüyündə onun məhkəməyə müraciət etmək hüququnun mövcudluğuna, həmçinin özlüyündə məhkəmə tərəfindən müəyyən edilməsi istənilən faktın ona münasibətdə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlib-gəlməməsinə təsir edən amillidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözü gedən qərarın 1.7-ci bəndinə görə qanuna əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1 və 152.1.2-ci maddələrinin tələbinə görə əgər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 19 avqust 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 19 avqust 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-563/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-563/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver