Məhkəmə qərarları › İş №2(079)-610/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-610/2024

27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-610/2024 27.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “10” sentyabr 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək Babək rayonu Şıxmahmud kəndində yerləşən torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfimdən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs7 Hacı qızı 1931-ci ildə Şərur rayon Aşağı Daşarxı kəndində anadan olmuşdur. Maraqlı şəxs7 Hacı qızı xx.xx.1999-cu il Babək rayon Şıxmahmud kəndində vəfat etmişdir. Maraqlı şəxs7 Hacı qızından Babək rayon Şıxmahmud kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. Məhrum Maraqlı şəxs7 Hacı qızının aşağıdakı vərəsələri vardır:

1. X19 - əri. 1986-cı il tarixdə vəfat edib:

2. X20 - qızı. 2018-ci tarixdə vəfat edib:

3. X14 - qızı. 2012-ci ildə vəfat edib:

4. X8 - qızı. 1999-cu ildə vəfat edib:

5. X16 – qızı. 1963-cü il təvəllüdlü:

6. Maraqlı şəxs4 – qızı. 1965-ci il təvəllüdlü:

7. Ərizəçi – oğlu. 1967-ci il təvəllüdlü: Qeyd edim ki, Maraqlı şəxs7 Hacı qızının vəfatından sonra həmin mirası qəbul etməklə idarə etmişəm. Onu da qeyd etmək istəyirəm ki. mirası qəbul etsəm də, miras hüquqlarını dövlət qeydiyyatına sala bilmirəm. Mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 22 avqust 2024 -cü il tarixdə Babək rayon Notariat Ofisinə ərizə ilə müraciət etdim. Babək rayon Notariat Ofisinin 22 avqust 2024-cü il tarixli məktubunda mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmənin hazırlıq iclasında məhkəmədə ərizəni dəqiqləşdirməklə işə xx.xx.1999-cu il tarixdə vəfat etmiş Maraqlı şəxs7 Hacı qızından miras qalmış Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması şəklində baxılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə icraat dəqiqləşdirilmiş elementlər nəzərə alınmaqla davam etdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs6, Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs8 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında anasından qalan torpağa dair vərəsəlik hüququna dair şəhadətnaməsinin alınması, həmin miras əmlakın onun adına keçirilməsi məqsədilə miras əmlakın qəbulu faktının müəyyən edilməsini xahiş etdiyini, miras əmlakın anası Maraqlı şəxs7 Hacı qızından qaldığını, anasının 06 oktyabr 1999-cu il tarixdə vəfat etdiyini, atası X11 isə ondan əvvəl 1986-cı ildə vəfat etdiyini, əmlakın Babək rayonu, Şıxmahmud kəndində yerləşdiyini, hazırda həmin torpaq sahəsinin üzərində evin olduğunu, evin sonuncu övladı olduğunu və adətə uyğun olaraq miras əmlakda özünün yaşadığını, 1998ci ildə Maraqlı şəxs2 İntiqam qızı ilə ailə qurduğunu, həmin vaxt bütün bacı-qardaşlarının artıq evləndiklərini, yaşadıqları torpaq sahəsinin 1999-cu ildə anası, özü, arvadı və qızının adına verildiyini, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin həmin vaxt hazır olmasına baxmayaraq, anası vəfat etdikdən 1 il sonra onlara verildiyini, Günel Hüseynovanın onun qızı, Maraqlı şəxs4 və Gülgəz Hüseynovanın onun bacıları olduğunu, anası öldükdən sonra da orada yaşamağa davam etdiklərini, yas mərasiminin də həmin evdə olduğunu, anası öldükdən sonra oradan çıxmadıqlarını, oğlunun da orada anadan olduğunu, həmin vaxt öz bacıqardaşlarının evli olduqlarını, onların hər birinə ayrıca torpaq sahəsi verildiyini, bacısı Hüseynova Zivərin 2018-ci ildə, Hüseynova Tərlanənin 2012-ci ildə, İsmayılova Firəngizin 1999-cu ildə, qardaşı Maraqlı şəxs8 1993-cü ildə vəfat etdiklərini, anası öldükdən sonra 2011ci ildə evin şiferini təzələdiyini, suvaq işi gördüyünü, evin daxilini təmir etdirdiyini, anası öldükdən sonra bacı-qardaşlarından orada yaşayan olmadığını, anasından qabaq vəfat edən bacısı Firəngizin 02 may 1999-cu ildə, qardaşı Maraqlı şəxs8 1993-cü ildə qəzada vəfat etdiklərini, Eyvazın uşaqlarının Maraqlı şəxs7 və Maraqlı şəxs8 olduqlarını, Firəngizin uşaqlarının isə Maraqlı şəxs5 və Maraqlı şəxs6 olduğunu bildirmiş, sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 məhkəməm hazırlıq iclasında verdiyi izahatında torpağın qardaşı Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini, özü vərəsə olsa da, mirasın onun tərəfindən qəbul edilmədiyini bildirmişdir. Maraqlı şəxs2 məhkəmə hazırlıq iclasında verdiyi izahatnda torpaq sahəsinin əri Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini, hazırda həmin torpaq sahəsində tikilən fərdi yaşayış evində əri ilə birlikdə yaşadıqlarını, evin 1 mərtəbəli olduğunu, 2 otaq və 1 balkondan ibarət olduğunu, qayınanası rəhmətə getməmişdən 1 il qabaq oraya gəlin köçdüyünü, hazırda baldızlarından Gülüzar və Gülgəzin sağ olduqlarını bildirmişdir. Maraqlı şəxs3 məhkəmə hazırlıq iclasında verdiyi izahatında torpaq sahəsinin atası Ərizəçi adına keçirilməsini xahiş etdiyini, mirasın qəbul edilməsi faktının tanınmasına etiraz etmədiyini, hazırda orada yaşamadığını, 2021-ci ildə ailə həyatı qurduğunu, qardaşının hazırda Bakıda hərbi akademiyada oxuduğunu, onun Qusar şəhərində işlədiyini, hazırda orada anası və atasının yaşadıqlarını, mirasın qəbulu ilə bağlı ailə üzvləri arasında mübahisənin olmadığını bildirmişdir. Maraqlı şəxs4 məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, torpağın qardaşı Ərizəçi adına keçirilməsinə etiraz etmir, anası 1999-da vəfat edib, yas mərasimində iştirak etmişdir, anası vəfat etdikdən sonra qardaşı orada yaşayıb, qonaq kimi gedib-gəlsələr də daimi olaraq orada yaşamamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, Maraqlı şəxs7 Hacı qızından Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin miras qalması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 197 nömrəli məktubdan ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə altı ay müddətin keçməsi və tələb olunan sənədlərin təqdim olunmaması ilə bağlı olaraq imtina olunması; -Torpağın mülkiyyətə verilməsinə dair JN-501A nömrəli şəhadətnamədən Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.25 ha fərdi yaayış evi təyinatlı torpaq sahəsinin Maraqlı şəxs7 Hacı qızı ailə başçısı olmaqla Ərizəçi, Maraqlı şəxs2 və X4 mülkiyyətinə verilməsi; - Şıxmahmud kənd soveti tərəfindən verilmiş İ-ИE seriyalı, 136766 nömrəli, xx.xx.1959-cu il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X19 ilə Maraqlı şəxs7 Hacı qızı arasında xx.xx.1959-cu ildə nikahın bağlanması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 337515 nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan Maraqlı şəxs7 Hacı qızının xx.xx.1999-cu ildə vəfat etdiyi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-JQ seriyalı, 269423 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan X11 xx.xx.1986-cı ildə vəfat etdiyi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-İE seriyalı, 733037 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan X19 ilə Maraqlı şəxs7 Hacı qızının birgə nikahlarından X3 xx.xx.1959-cu ildə doğulduğu; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan X19 ilə Maraqlı şəxs7 Hacı qızının birgə nikahlarından Ərizəçi xx.xx.1967-ci ildə doğulduğu; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı, 127001 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan X19 ilə Maraqlı şəxs7 Hacı qızının birgə nikahlarından Maraqlı şəxs8 Həsən oğlunun xx.xx.1961-ci ildə doğulduğu; - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 136766 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan X19 ilə Maraqlı şəxs7 Hacı qızının birgə nikahlarından X12 XX.XX.1948-ci ildə doğulduğu; - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 771205 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan X19 ilə Maraqlı şəxs7 Hacı qızının birgə nikahlarından X5 xx.xx.1957-ci ildə doğulduğu; - Naxçıvan “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 2841 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan X17 ilə X9 birgə nikahlarından X6 xx.xx.1965-ci ildə doğulduğu; - Şıxmahmud kənd soveti tərəfindən verilmiş Vİ-ЖГ seriyalı, 465298 nömrəli, xx.xx.1980ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X19 ilə Maraqlı şəxs7 Hacı qızının birgə nikahlarından X10 xx.xx.1963-cü ildə doğulduğu; - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan Maraqlı şəxs8 Həsən oğlunun xx.xx.1993-cü ildə vəfat etdiyi; - Naxçıvan “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 2820 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan X3 xx.xx.1999-cu ildə vəfat etdiyi; - Bakı şəhəri Xətai rayonu qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 673729 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən X5 xx.xx.2012-ci ildə öldüyü; - Naxçıvan “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 2720 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan X12 xx.xx.2018-ci ildə vəfat etdiyi; - Şıxmahmud İcra Hakimiyyəti Nümayəndəliyi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı, 354454 nömrəli, xx.xx.2000-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş çıxarışından Ərizəçi ilə X22 arasında xx.xx.2000-ci ildə nikahın bağlanması; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/075983-24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Maraqlı şəxs8 Həsən oğlunun ailə tərkibinə X7, Maraqlı şəxs7 və Maraqlı şəxs8 daxil olması; - 2492580002621 nömrəli, xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən Ərizəçi Maraqlı şəxs7 Hacı qızının ölümündən sonra miras qalmış daşınar və daşınmaz əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməsi; - 03.08.2024-cü il tarixli “Elektron notariat” X1 çıxarışdan Maraqlı şəxs5 onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdrilmiş müddətin ötürüldüyünü, yəni buraxıldığını, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etmədiyini və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını təsdiqləməsi; - 2492580002369 nömrəli, xx.xx.2024-cü il tarixli electron ərizədən Maraqlı şəxs6 nənəsi Maraqlı şəxs7 Hacı qızından qalmış miras əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiyini, miras əmlaka sahiblik etmədiyini, onun idarəçiliyində iştrak etmədiyini və idarəçilik etməyə başlamadığını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini; - 2492580002355 nömrəli, xx.xx.2024-cü il tarixli, elektron ərizədən X15 anası Maraqlı şəxs7 Hacı qızından qalmış miras əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiyini, miras əmlaka sahiblik etmədiyini, onun idarəçiliyində iştrak etmədiyini və idarəçilik etməyə başlamadığını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini; - 2492580002354 nömrəli, xx.xx.2024-cü il tarixli elektron ərizədən Maraqlı şəxs4 anası Maraqlı şəxs7 Hacı qızından qalmış miras əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiyini, miras əmlaka sahiblik etmədiyini, onun idarəçiliyində iştirak etmədiyini və idarəçilik etməyə başlamadığını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini bildirməsi müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina etmiş məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi Maraqlı şəxs7 Hacı qızından miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinin izahatını yazılı sübutlar ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (MM-in 1133-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-in 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-in 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətləri yaranan zaman qüvvədə olan MM-in 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. - İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti Babək Rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 1303 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan Babək rayon Şıxmahmud kənd sakini abone kodu ********* olan Ərizəçi 1999cu ildən başlayaraq 2024-cü ilin sentyabr ayına qədər elektrik sərfiyyatına borcunun olmadığı; - Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsi tərəfindən verilmiş 371 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan Babək rayon Şıxmahmud kəndində yaşayan Ərizəçi ********* abonent kodu ilə Babək rayon Qaz İstismar İdarəsində qeydiyata alındığı, 2007-ci ildən başlayaraq 2024-cü ilin sentyabr ayına qədər qaz sərfıyyatına borcunun olmadığı; - Naxçıvan Muxtar Respublikası X23 “Su Meliorasiya Xidməti” PHŞ Babək Rayon Su X2 İdarəsi tərəfindən verilmiş 32 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan Babək rayon Şıxmahmud kənd sakini Ərizəçi xx.xx.2017-ci ildən ********* abonent kodu ilə qeydiyyatda durduğunu və xx.xx.2024-cü ilədək (328 m3) içməli su və kanalizasiyaya görə borcunun olmadığı; - Babək rayonu Şıxmahmud kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan Ərizəçi xx.xx.1999-cu il tarixdə anasının ölümündən sonra miras qalmış evin kommunal xərclərini ödəməsi, həmin evdə yaşamaqla evin həyətyanı torpaq sahəsini əkib becərməsi, suvarma işlərini görməsi, ailəsi ilə birlikdə həmin evdə yaşaması və qeydiyyatda olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Hüseynov Ərizəçi Zabitə Hacı qızından miras qalmış əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1999-cu il tarixdə vəfat etmiş Maraqlı şəxs7 Hacı qızından miras qalmış Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin olunsun. xx.xx.1999-cu il tarixdə vəfat etmiş Maraqlı şəxs7 Hacı qızından miras qalmış Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar