Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-67/2022 28.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 07 yanvar 2022-ci ildə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh1 ilə 1994-cü il tarixdə ailə qurub ünvan 2 ünvanda fasiləsiz ailə və uşaqlarımla birlikdə yaşamışam. 2021-ci ildə Cavabdeh1 Babək Rayon Məhkəməsinə nikahın pozulması tələbi barədə iddia qaldırdı və nikahımız Babək Rayon Məhkəməsinin 2(079)-261/2021 nömrəli qətnaməsi əsasında pozuldu. Nikahımız məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh mənə hədə-qorxu gələrək qeyd olunan evdən məcbur edərək çıxartdı. Mən 30 ildən artıq yaşadığım evdən məcbur çıxdım. Bundan sonra mən vəkillər kollegiyasına müraciət edərək Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən tikililərin X3, X1 və mənim adıma fərdi yaşayış evi və sair daşınmaz əmlakın dövlət qeydiyyatına alınıb-alınmaması barədə sorğu verməsini xahiş etdim. 20 oktyabr 2021-ci il tarixli, 2/1719 nömrəli sorğu əsasında, 13.11.2021-ci il tarixli, 04/656 nömrəli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubunda yalnız 27.09.1999-cu il tarixli, 81 nömrəli qərarı əsasında X3 adına ailə üzvləri ilə birlikdə Babək şəhərində 2002 kv.m həyətyanı və 2336 km kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X1 adına atası X2 ailə tərkibində (6 nəfərlik) 2097 km həyətyani və 6908 km kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Cavabdeh1 adına ailə üzvləri ilə birlikdə (İddiaçı da daxil olmaqla 4 nəfər) 2000 km həyətyani və 3872 km kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınması göstərilsə də Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən tikililər dövlət qeydiyyatına alınmamış və özbaşına tikinti aparılmışdır. Əlavə olaraq 13 oktyabr 2021-ci il tarixli Babək şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəlikdən verilən arayışdan da məlum olur ki, Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən torpaq sahəsinin üzərində özbaşına tikinti aparılmışdır. Mediasiya qurumuna etdiyimiz müraciət və proses zamanı Cavabdeh1 iştirak etmədi. İddia ərizəsinə sübut növü olaraq Babək şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyin 13 oktyabr 2021-ci il tarixli, 1816 nömrəli arayışı, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 03 noyabr 2021-ci il tarixli məktubu, Babək rayon Qeydiyyat şöbəsinin 10 noyabr 2021-ci il tarixli nikah akt qeydindən çıxarış, 10 noyabr 2014-cü il tarixli mərhum X3 ölüm haqqında şəhadətnaməsinin surəti, İddiaçı qeydiyyatda olması barədə Babək şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyin 29 avqust 2021-ci il tarixli, 1723 nömrəli arayışı, Cavabdeh1 qeydiyyatda olması barədə Babək şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyin 29 avqust 2021-ci il tarixli, 1722 nömrəli arayışı, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Babək rayon İdarəsinin 15 oktyabr 2021-ci il tarixli, 03/357 nömrəli məktubu, Dövlət rüsumunun ödənilməsi barədə qəbz, mediasiya arayışı və qəbzi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının 20 oktyabr 2021-ci il tarixli vəkil orderi əlavə olunmuşdur. Yaşadığım dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü müddəaları iş üzrə tətbiq olunmalıdır. İddiaçı İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 ilə 1994-cü ilin 30 may tarixində rəsmi nikaha daxil olduqlarını, həmin ilin 4 iyun tarixində Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən evdə toy mərasiminin baş tutduğunu, həmin gün o evə gəlin köçdüyünü, qayınatası X1 1973-cü ildə vəfat etdiyini, evdə qayınanası X6 və baldızları Babayeva Bağdagül və Babayeva Xatirə və onların birlikdə yaşadıqlarını, baldızlarının 3-4 il onlarla birlikdə yaşadıqdan sonra ailə həyatı qurub evdən ayrıldıqlarını, qayınanası X6 ilə onun vəfatına qədər birlikdə yaşadıqlarını, qayınanası ilə vəfatına qədər heç bir problemlərinin olmadığını, onunla ümumi təsərrüfat aparmaqla birlikdə yaşadıqlarını, evin əvvəllər 4 otaqdan ibarət olduğunu, həyətdə isə tövlə, əl damı, tualet kimi yardımçı tikililərin olduğunu, 1999-cu ildə otaqların önünə aynabənd saldırdıqlarını, 26 fevral 1996-cı ildə Xırda, 21 avqust 1998-ci ildə Zakirə, 19 oktyabr 1999-cu ildə Nuray adlı qızlarının, 09 may 2003-cü ildə isə Nuru adlı oğlunun dünyaya gəldiyini, övladlarının həmin evdə böyüdüklərini, dördünün də hazırda yetkinlik yaşına çatdığını, sonralar evi əsaslı təmir etdiklərini, açıq balkon saldırdıqlarını, 2018-ci ildə aynabəndi bölərək yerində mətbəx və otaq tikdiklərini, evli olduqları müddətdə Cavabdeh1 Babək rayon Elektrik İdarəsində montyor işlədiyini, 300 manata yaxın əmək haqqı aldığını, özünün isə evin həyətində olan boş torpaq sahəsində göyərti əkdiyini, Zakirin onları aparıb bazarda satdığını, həmçinin həyətdə tövlənin olduğunu, ildə 5-6 baş iribuynuzlu mal-qara saxladıqlarını, beləliklə Zakir və qayınanası ilə onun vəfatına, yəni 2014-cü ilə qədər ümumi təsərrüfat aparmaqla birlikdə yaşadıqlarını, 3 övladının ali təhsil aldığını, 2016-cı ildə Xırdanın, 2019-cu ildə Nurayın toy mərasimlərinin həyətdə baş tutduğunu, oğlunun hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşayaraq ali təhsil aldığını, ümumiyyətlə Zakirin içki içərək onu övladlarının yanında döyüb-incitməsi səbəbindən münasibətlərinin tamamilə pozulduğunu, 2016-cı ildə cavabdehin nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, bundan bir müddət sonra yenidən barışaraq birlikdə yaşadıqlarını, lakin 2021-ci ilin yanvar ayında aralarında baş verən mübahisə zamanı cavabdehin yenə də onu döydüyünü, uşaqlar onun yanında durduğu üçün həmin gündən eyni evdə ayrılıqda uşaqlar öz yanında evin bir tərəfində, cavabdehin isə təklikdə yaşadığını, həmin ilin may ayında Zakirin nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırdığını, 28 sentyabr 2021-ci il tarixdə nikahın pozulduğunu, 3 noyabrda Cavabdeh1 qızları ilə birlikdə onları evdən zorla çıxarmaq istədiyini, onlar gedəcəkləri yer olmadığından çıxmaq istəmədiklərini bildirdikləri üçün Zakirin evə polis çağırdığını, onları həmin gün evdən çıxardıqlarını, gedərkən atasının ona hədiyyə verdiyi bir baş inəyi və şəxsi geyim əşyalarını özü ilə birlikdə götürdüyünü, cehiz əşyalarından yorğan-döşək və qablarının hazırda da həmin evdə qaldığını, evdən çıxdıqdan sonra bir müddət qardaşının ünvan 3 ünvanında yerləşən evində qaldıqlarını, qızları qardaşıgilə gəlib-getdikləri üçün problemlər yarandığından 2022-ci ilin yanvar ayından etibarən Babək şəhərində həyət evində 100 manat kirayə haqqı ödəyərək kirayədə yaşadığını, heç bir yerdə işləmədiyini, gedəcək bir yerinin olmadığını, kirayə haqqını ödəyəcək pulunun olmadığını, 30 il yaşadığı evdən zorla məhrum edildiyini, cavabdehin özünün o evin mülkiyyətçisi olmadığını, 2014-cü ildə evi sənədləşdirmək istəsələr də baldızlarının razılıq vermədiyini, mübahisəli evin hazırda da sənədləşdirilmədiyini, cavabdehin onu evə qoymamağa heç bir haqqının olmadığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında 1994-cü ilin 30 may tarixində İddiaçı ilə rəsmi nikaha daxil olduqlarını, həmin ilin 4 iyun tarixində Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən evdə toylarının olduğunu, İmminin həmin gün atasından qalan həmin evə gəlin köçdüyünü, atasının müharibə veteranı olduğunu, həmin evin də atasına 3 otaq və 1 balkondan ibarət tikili halda 1970-ci ildə köhnə torpaqlarının əvəzinə verildiyini, atasının 1973-cü ildə vəfat etdiyini, anası X3 isə 2014-cü ildə vəfat etdiyini, anası Babayeva Xırdanın vəfatına qədər onlarla, yəni İmmi və uşaqları ilə birlikdə sözügedən evdə yaşadıqlarını, anasının İmminin həmin evdə yaşamasına heç bir etirazının olmadığını, ümumiyyətlə anasının sağlığında ailə üzvləri arasında narazılıq olmadığını, anasının özü daxil olmaqla 8 vərəsəsinin hazırda sağ olduğunu, anasının vəfatından sonra evi sənədləşdirmək istəsə də bacılarının evi sənədləşdirməyə razı olmadığını, buna görə də evi vərəsə olaraq adına saldıra bilmədiyini, evin yerləşdiyi torpaq sahəsinin 1999-cu ildə istifadələrində olan torpaq kimi anası və 1997-2001ci illərdə onlarda qalaraq təhsil alan bacısının oğlu Cavabdeh2 birgə mülkiyyətinə verildiyini, Xəzərin hazırda Bakı şəhərində yaşadığını, evə və torpağa dair heç bir iddia və tələbinin olmadığını, həmin vaxt onlar təsərrüfatdan ayrıldıqlarından ailəsi ilə birlikdə ona ayrıca həyətyanı və kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ayrıldığını, evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmadığını, anasının vərəsəsi olaraq həmin evdə yaşadığını, 4 övladlarının olduğunu, hamısının hazırda yetkinlik yaşına çatdığını, iddiaçı ilə 30 il Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən evdə yaşayaraq birgə təsərrüfat apardıqlarını, özünün İşıq İdarəsində montyor kimi işləyərk 300-400 manat məbləğdə əmək haqqı aldığını, İmminin isə həyətdəki toraqda əkin-biçin işləri gördüyünü, məhsulu isə özünün aparıb bazarda satdığını, 2016-cı ildən münasibətlərinin pozulduğunu, həmin vaxt boşanmaq istəsə də yenidən barışdıqlarını, 2021-ci ildə aralarında mübahisə yarandığını, həmin vaxtdan evdə ayrıldıqlarını, qızlarının anaları ilə, özünün isə tək yaşadığını, məhkəməyə boşanma barədə ərizə verdiyini, 2021-ci ilin sentyabrında qətnamə ilə nikahlarının pozulduğunu, həmin ilin 3 noyabr tarixində aralarında mübahisə yarandığını, İmmidən qızı ilə birlikdə evdən xoşluqla çıxmasını tələb etsə də gedəcək yerləri olmadığından çıxmaq istəmədiyini, qızını vurmaq istəyəndə anası İmminin qabağa keçdiyini, bu şəkildə çıxmayacaqlarını anladığından evə polis çağırdığını, İmminin qardaşının da gəldiyini, Polislə birlikdə onları evdən çıxardığını, həmin vaxt İmminin şəxsi əşyalarını və 1 inəyi özü ilə apardığını, onun gəlin gələrkən cehiz gətirmədiyini, evdə hazırda da heç bir əşyasının olmadığını, mübahisəli daşınmaz əmlakın rəsmi qeydiyyata alınmaması və bu səbəbdən də həmin daşınmaz əmlaka köçürülmənin qeyri-mümkün olmasını bildirmiş, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, təsərrüfatbaşına kitabdan çıxarışdan məlum olduğu kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qayınanasının adına 1970-ci ildən qeydiyyatdadır, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanına əsasən həmin sənədlər hüquqmüəyyənedici sənəd hesab olunur. İddiaçı Babayeva Xırdanın razılığı ilə həmin evə 1994-cü ildən köçərək 30 il ərzində ümumi təsərrüfat idarə etməklə orada yaşamışdır. 2021-ci ilin noyabr ayının 3-də iradəsinin ziddinə zorla evdən çıxarılmışdır. Öz iradəsi ilə başqa yaşayış yerinə köçməmişdir. Hazırda yaşaya biləcəyi evi yoxdur, kirayədə yaşayır. Sözügedən hallar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi gedişində cavabdeh kimi cəlb olunmuş Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 ilə 1994-cu il 30 may tarixdə nikaha daxil olması, İddiaçı X3 razılığı ilə ailə qurduqdan sonra Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən evə gəlin köçdüyü, 1994-2021-ci illər ərzində İddiaçı və Cavabdeh1 birlikdə yaşayaraq ümumi təsərrüfat idarə etmələri, İddiaçı və Cavabdeh1 arasında olan nikahın Babək Rayon Məhkəməsinin 2(079)-261/2018 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulması, mübahisəli yaşayış evinin üzərində yerləşdiyi 2002 m2 həyətyanı torpaq sahəsinin Babək Rayon Aqrar İslahat Komissiyasının 27.09.1999-cu il tarixli, 81 nömrəli qərarı əsasında X6 və Cavabdeh2 ümumi mülkiyyətinə verilməsi, X3 10 noyabr 2014-cü ildə vəfat etməsi, onun vəfat edənə qədər İddiaçı və Cavabdeh1 Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən evdə yaşaması, X3 adına 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitabda 1970-ci ildən yaşayış evi, 1971-ci ildən isə tövlə, təndir damı, qış damı və 0.20 ha torpaq sahəsinin qeydə alınması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Babək rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, V-JQ 493759 nömrəli çıxarışdan X7 ilə Cavabdeh1 30.05.1994-cü il tarixdə nikaha daxil olması, nikah bağlandıqdan sonra qadına Babayeva soyadının verilməsi; -iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 2(079)-261/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən İddiaçı ilə Cavabdeh1 arasında 30 may 1994-cü il tarixdə Babək rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeydə alınmış nikahın pozulması; -iş materiallarına əlavə edilmiş Babək rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydləri kitabından çıxarışdan X3 10 noyabr 2014-cü ildə vəfat etməsi; -iş materiallarına əlavə edilmiş JN-125 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən Babək rayonu Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə 0.20 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin X6 və Cavabdeh2 ümumi mülkiyyətinə verilməsi; - iş materiallarına əlavə olunmuş Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından Babək rayon Babək şəhərinin (Babək qəsəbə sovetinin və ya Təzəkənd kənd sovetinin) 1977-1979-cu illərə dair Təsərrüfatbaşına kitablarında X3 adına 1970-ci ildən yaşayış evi, 1971-ci ildən isə tövlə, təndir damı, qış damı və 0.20 ha torpaq sahəsinin qeydə alınması; - iş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 13 noyabr 2021-ci il tarixli, 1816 nömrəli arayışdan X3 Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 nömrəli evin mülkiyyətində olan torpaq sahəsinin üzərində 4 otaq, kuxna, hamam və digər yardımçı tikililərdən ibarət evin qaz, işıq, su və kanalizasiya sistemi ilə təmin olunması, bütün kommunal ödənişlərin ödənilməsi; - Babək rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 003 nömrəli arayışdan Cavabdeh1 Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yaşamış X3 vərəsəsi olması məlum olur. - Babək rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli, 1723 nömrəli arayışdan İddiaçı Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında qeydiyyatda olması; - Babək rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli, 1723 nömrəli arayışdan İddiaçı və Cavabdeh1 Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında qeydiyyatda olması mülki işin mübahisəsiz hallarıdır. Həmçinin mülki iş üzrə məhkəmə araşdırması zamanı tərəflərin məhkəmədə vermiş olduğu izahatlar və həmin izahatların iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanıb qiymətləndirilməsinin nəticəsi olaraq müəyyən olunmuşdur ki, İddiaçı 30 may 1994-cü ildə Cavabdeh1 ilə nikaha daxil olmaqla həmin ilin 04 iyun tarixində qayınanası X4 ümumi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində Babək şəhəri, M.P.Vaqif küçəsi ev 25 ünvanında yerləşən evə qayınanasının razılığı ilə gəlin köçmüş, həmin evdə əri Cavabdeh1 və qayınanası Babayeva Xırda və digər ailə üzvləri ilə ümumi təsərrüfat aparmaqla fasiləsiz olaraq 2021-ci ilə qədər yaşamış, aralarında bağlanmış nikah pozulduqdan sonra 2021-ci ilin 03 noyabrında Cavabdeh1 tərəfindən evdən zorla, iddiaçının iradəsinin ziddinə çıxarılmış, bundan sonra bir müddət qardaşının evində müvəqqəti olaraq, daha sonra isə kirayədə yaşamağa başlamış, hazırda yaşaya biləcəyi əmlakı yoxdur. Mübahisəli yaşayış evinin hüquqi vəziyyəti ilə bağlı məhkəmə ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci bəndinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndində həmçinin kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışından məlum olur ki, Babək rayon Babək şəhərinin (Babək qəsəbə sovetinin və ya Təzəkənd kənd sovetinin) 1977- 1979-cu illərə dair Təsərrüfatbaşına kitablarında X3 adına 1970-ci ildən yaşayış evi qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş digər yazılı sübutlar və tərəflərin üst-üstə düşən izahatlarından həmin evin ünvan 4 ünvanında yerləşdiyi bəlli olur. Fərmanın məzmunundan göründüyü kimi sözügedən sənədlər daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən sənədlərdir və vətəndaşların həmin fərmandan irəli gələn qanuni gözləntisi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak kimi mübahisəli yaşayış evi üzərində hüquqlar əldə edildiyindən iddiaçının həmin yaşayış evinə köçürülməsi üçün əsasların mövcud olubolmamasının araşdırılması məsələsinə keçilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Sözügedən qanunda hüquq münasibətini birbaşa tənzimləyən maddi hüquq norması mövcud olmadığından məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Eyni məzmunlu müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə hallar yarandığı zaman əvvəl qanunun analogiyasından istifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin analoji münasibətləri tənzimləyən 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Sözügedən analoji normaları mübahisənin faktiki halları və tərəflərin münasibətləri konteksində nəzərə alan məhkəmə belə hesab edir ki, iddiaçının icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparması mübahisəsiz olaraq müəyyən edildiyindən o, icarədarın ailə üzvü kimi yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmuşdur. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin 6 ay və daha uzun müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə araşdırması gedişində mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı 2021-i ilin 3 noyabr tarixində Cavabdeh1 tərəfindən 30 ildir yaşadığı ünvan 6 ünvanında yerləşən evdən iradəsinin ziddinə olaraq zorla çıxarılmışdır. Yəni iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməmiş, cavabdehin təzyiqi ilə evi tərk etmək məcburiyyətində qalmışdır. Həmçinin İddiaçı evdən çıxarılmasından 5 aydan az müddət keçmişdir. Yəni qanunvericiliyin yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsi üçün müəyyən etdiyi minimum müddət də keçməmişdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki iş üzrə məhkəmə araşdırması gedişində iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməsini göstərən bu kimi hallar müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar iddiaçının mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Məhkəmə onu da nəzərə alır ki, birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və keçmiş əri onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın və ya məhrumetməyə yol verən şəxsin mənzil üzərində hüquqları olsun. Məhkəmə belə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yarandığından və itirilmədiyindən həmçinin cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar (mülkiyyət, icarə, istifadə hüququ və digər) məhkəməyə təqdim edilmədiyindən məhrumetmə qanunsuz olmuşdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri isə hazırda davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə cavabdehin əsaslandığı mübahisəli daşınmaz əmlakın rəsmi qeydiyyata alınmaması və bu səbəbdən də həmin daşınmaz əmlaka istifadə hüququ tanınmaqla köçürülmənin qeyri-mümkün olması barədə dəlilinə münasibətdə həmçinin qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, daşınmaz əmlakın dövlət reyestri haqqında qanun qüvvəyə minənədək yaranmış daşınmaz əmlak üzərində hüquqların mövcudluğunu təsdiq edən sənədlər əsasında qanuni istifadədə olduğu müəyyən olunur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin rəsmi reyestrdə qeydiyyata alınmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Beləliklə, məhkəmə yekun olaraq o nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı Babək rayon, Babək şəhərinin 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitabda X3 adına 1970-ci ildən qeydə alınmış, ünvan 4 ünvanında yerləşən yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. İddiaçı Babək rayon, Babək şəhərinin 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitabında X3 adına 1970-ci ildən qeydə alınmış, ünvan 4 ünvanında yerləşən yaşayış evinə köçürülsün. Cavabdeh1 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-67/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-67/2022
28.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver