Məhkəmə qərarları › İş №2(079)-702/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-702/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-702/2025 17.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “15” oktyabr 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum oğlu X3 ölümündən sonra miras qalmış Naxçıvan MR Babək rayonu, Çeşməbasar kəndində yerləşən torpaq sahəsinin onun yəni Ərizəçi tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 dekabr 1997-ci ildə anadan olmuş X1 09 aprel 2009-cu il tarixdə ölmüşdür. X3 adları aşağıda göstərilən vərəsələri vardır. 1. Ərizəçi (atası)

2. Maraqlı şəxs (anası). X1 09 aprel 2009-cu il tarixdə öldükdən sonra Babək rayon Çeşməbasar kəndində ona məxsus torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 21/54 nömrəli reyestr kitabının 10486 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mən mərhum X3 ölümündən sonra həmin miras əmlakı faktiki olaraq qəbul edib, torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərmişəm. Hal-hazırda digər vərəsə olan arvadım Maraqlı şəxs da miras əmlakın mənim tərəfimdən qəbul edilməklə adıma rəsmiləşdirilməsinə etiraz etmir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan MR Babək rayon Notariat Ofisinə müraciət etdim. Lakin Naxçıvan MR Babək rayon Notariat Ofisinin 24 sentyabr 2025-ci il tarixli, 243 nömrəli qərarı ilə vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyənu olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında oğlu X3 1997-ci ildə anadan olduğunu, xəstəliyə görə 2009-cu ildə Çeşməbasar kəndində vəfat etdiyini, ondan həyətyanı torpaq sahəsinin miras qaldığını, onun vəfatından sonra da həmin torpaqda özünün yaşadığını və hazırda da orada qaldığını bildirib sonda mərhum oğlu X2 miras qalan və Babək rayonu, Çeşməbasar kəndində yerləşən torpaq sahəsinin onun tərəfindən qəbulu faktının müəyyən olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında oğlunun xərçəng xəstəliyindən vəfat etdiyini, vəfatından indiyə kimi yoldaşı Nəsirulla ilə birlikdə Babək rayonu, Çeşməbasar kəndində həmin torpaq sahəsi üzərində yerləşən evdə yaşadıqlarını, həmin torpaqda qızları Babayeva Vəfa, Babayeva Gülnar, Babayeva Asimənin də payı olduğunu, oğlunun ölümündən əvvəl və sonra kommunal xərclərin yoldaşının adından ödənildiyini bildirib ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, X2 Naxçıvan MR Babək rayonu, Çeşməbasar kəndində yerləşən torpaq sahəsinin miras qalması, mirasın X3 09 aprel 2009-cu il ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə valideynləri Ərizəçi və Maraqlı şəxs daxil olması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışdan atası Ərizəçi, anası Maraqlı şəxs olan X3 xx.xx.1997-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınması; - Babək rayon Çeşməbasar kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı 675614 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 xx.xx.2009-cu il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/112262-25 nömrəli arayışdan X3 ailə üzvlərinə Ərizəçi və Maraqlı şəxs daxil olması; - JN-160B seriyalı, 10310005 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən Babək rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 82 nömrəli qərarı ilə Babək rayonu, Güznüt-Çeşməbasar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin Ərizəçi, Maraqlı şəxs, X8, X4, X5 və X3 ümumi birgə mülkiyyətində olması müəyyən olunur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon Notariat Ofisi tərəfindən Ərizəçi müraciətinə cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli, 243/2025 nömrəli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından xx.xx.2009-cu il tarixdə vəfat etmiş X3 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Çeşməbasar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli,01124 nömrəli arayışdan Ərizəçi Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatda olması və yaşaması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi övladı X2 miras qalan əmlakı, onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, Ərizəçi, Maraqlı şəxs, X8, X4, X5 və X3 ümumi mülkiyyətində olan Babək rayonu, Çeşməbasar kəndində yerləşən 0.15 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 01 mart 2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış hissəsinin atası Ərizəçi tərəfindən miras əmlak olaraq faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin olunsun. Ərizəçi, Maraqlı şəxs, X8, X4, X5 və X3 ümumi mülkiyyətində olan Babək rayonu, Çeşməbasar kəndində yerləşən 0.15 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 01 mart 2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış hissəsinin atası Ərizəçi tərəfindən miras əmlak olaraq faktiki qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar