Məhkəmə qərarları › İş №2(079)-705/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-705/2025

16.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-705/2025 16.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli 35 saylı əmrinin ləğv edilərək onun işinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh xx.xx.2011-ci il tarixli 83 nömrəli əmri ilə məşqçi-müəllim təyin edilmişdim. Həmin tarixdən xx.xx.2025-ci il tarixə kimi məşqçi-müəllim vəzifəsində işləmişəm. 01-08 sentyabr 2025-ci il tarixlərdə Türkiyə Respublikasının Bitlis şəhərində keçiriləcək X12 Şahmat Turnirində iştirak etmək üçün şagirdlərim X5, X6 ilə birlikdə Türkiyə Respublikasının Bitlis şəhərinə getmişdik. Mən şagirdlərimlə birlikdə Türkiyə Respublikasında olarkən məni qanunsuz olaraq bildiriş verilmədən əmək müqaviləmin güya vaxtı bitdiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixli 35 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Əslində müqaviləm iki ay müddətinə uzadılmışdı. Mənim on dörd il ərzində olan nailiyyətlərim əmr verilən zaman nəzərə alınmamışdır. İşdən çıxarılmağımı qanunsuz hesab edirəm və işimə bərpa olunmağım üçün köməklik göstərilməsini xahiş edirəm. İşdən çıxarılmağımla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə müraciət etmişəm. Həmin müraciətimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi baxmışdır. Cavab olaraq bildirmişdir ki, 01 oktyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin ştat cədvəlləri təsdiqlənmişdir. Bu səbəbdən sözügedən müəssisələrdə qrup saylarının azaldılması prosesi baş vermişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Siz əsas iş yeri olaraq yeni tədris ilində Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə 20 saat dərs ilə təmin edilmisiniz. Bununla yanaşı Babək Rayon Təhsil Şöbəsi tərəfindən verilən məlumata əsasən Sizin Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində işlədiyiniz müddət ərzində nailiyyət göstərən şagirdlər sırasında Babək rayonunda qeydiyyatda olan heç bir şagirdiniz olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq yeni tədris ilində Babək Rayon Təhsil Şöbəsi tərəfindən sizə əlavə olaraq Babək Rayon Uşaq- Gənclər Şahmat Məktəbində dərs saatının verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mən X1 müraciət etdim. Lakin mübahisə orada da öz həllini tapmadı. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ilk dəfə 28 noyabr 2011-ci ildə Babək Rayon Təhsil Şöbəsinin əmri ilə Cavabdehnə müəllim təyin olunduğunu, 2011-ci ildən Babək Rayon Təhsil Şöbəsinin əmri ilə Cavabdehndə məşqçi müəllim kimi işlədiyini, əvvəlcə müddətsiz müqavilə bağlanılmasına baxmayaraq sonradan bir illik müqavilə bağlanıldığını, müqaviləsinin hər il uzadıldığını, 2024-cü ildə sima imza ilə əmək müqaviləsinin bağlanıldığını, beynəlxalq yarışlarda mühüm nəticələri olduğunu, 2024-cü ilin tədris ilini yay tətilinə qədər işlədiyini, sonra 42 günlük məzuniyyətə çıxdığını, 14 avqust 2025-ci ildə işə qayıtdığını, 2024-2025-ci il tədris ilində əmək müqaviləsinin Sima vasitəsilə elektron imzalanan zaman müqavilənin 1 il olması barədə direktor ilə razılığa gəlmələrinə baxmayaraq direktorun onu aldadaraq əmək müqaviləsinin müddətini 9 ay göstərdiyini, bunu 2025-ci ilin iyun ayında ona bildiriş verərkən bildiyini, buna görə bildirişə imza etməkdən imtina etdiyini, Təhsil Nazirliyinə bununla bağlı müraciət etdiyini, lakin faydası olmadığını və ona “qanun imkan vermir” dediklərini, rəhbərliyin göstərişinə əsasən müqavilənin tarixinin 2 ay uzadıldığını, 01 sentyabr 2025-ci il tarixdə direktorun razılığı ilə şagirdləri ilə birlikdə Türkiyə Respublikasında şahmat turnirində iştirak etdiklərini, 09 sentyabrda oradan qayıdanda direktora zəng edən zaman onun artıq müqaviləyə xitam verildiyini bildirdiyini, 01 sentyabrda yarışda olduğu müddətdə bildiriş verilmədən tam qanunsuz olaraq əmək müqaviləsinə xitam verməklə işdən azad edildiyini, noyabr ayının 3də X4 tərəfindən işəgötürənə icrası məcburi olan göstəriş verildiyini və işə bərpa olunmağı üçün 25 gün müddət təyin edildiyini, əks halda müəssisənin cərimələnəcəyini, 26 noyabrda Babək rayon Təhsil şöbəsinə çağırıldığını, məqsədlərinin işə bərpa etmək yox, Əmək Müfəttişliyinin cəriməsindən yayınmaq olduğunu, həmin vaxt müddətli müqavilənin bağlanmasına etiraz etdiyini, etirazına baxmayaraq qanunsuzluğa yol verilərək hazırda mübahisələndirdiyi əmr ləğv edilməklə 1 aylıq müddətli əmək müqaviləsinin bağlanıldığını, cavabdehin nümayəndəsinin cərimədən yayınmaq məqsədilə işə bərpa barədə əmr verdiyini, beləliklə qanunsuz şəkildə işdən çıxarıldığına görə işə bərpa olunmağı və bununla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında İddiaçı 2011-ci ildən Cavabdehndə məşqçi müəllim işlədiyini, həmin vaxt onunla müddətli və ya müddətsiz əmək müqaviləsi bağladığını bilmədiyini, əvvəllər əmək müqavilələrinin kağız daşıyıcılarda olduğunu, 2022-ci ildə həmin məktəbə direktor təyin olunduğunu, məktəbdənkənar müəssisələrdə tədris ilinin 01 oktyabrdan 01 iyuladək olduğunu, əgər müəllim ikinci iş yeri olaraq işləyirsə onunla 1 tədris ili müddətində müqavilə bağlanılmalı olduğunu, 01 oktyabr 2024-cü ildə bağlanılan əmək müqaviləsinin tarixinin 01 iyul 2025-ci ildə bitdiyini, iddiaçının müddətsiz əmək müqaviləsinə Təhsil Nazirliyinin göstərişinə əsasən 2024-cü ildə xitam verildiyini və Təhsil Nazirliyinin ümumi əmrinə əsasən müəllimlərlə bu barədə razılığa gəlinərək onlarla sima proqramı vasitəsilə 1 illik müddətli əmək müqaviləsi imzalandığını, Hatəm müəllimin isə 01 iyulda etirazını bildirdiyini və bildirişi götürməkdən imtina etdiyini, müəllimin ərizəsini alıb müqaviləni 2 ay müddətində uzatdığını, ərizədə də iddiaçının özünün 01 iyuldan 01 sentyabradək olmasını göstərdiyini, 18 iyunda müqavilənin bitməsi barədə bildiriş versə də iddiaçının qəbul etmədiyini, həmçinin yaşayış yerinə rəsmi şəkildə məktub göndərildiyini, məktəbdən kənar müəssisələrdə optimallaşdırma getdiyini, bununla bağlı olaraq qrupların sayının azaldıldığını və 46 qrupdan 23 qrup qaldığını, bununla da Babək rayon sakini olan müəllimlərin hər birinə bir qrup düşdüyünü, işçi ilə bağlı 01 oktyabr 2024-cü ildə əmək müqaviləsinin təzələndiyini, əvvəl müqavilənin 1 illik bağlanılması bildirilsə də İddiaçı ikinci iş yeri olduğu üçün dərslərinin əvəzetmə ilə verildiyini, sonucu dəfə 01 iyulda əmək müqaviləsinin müddətinin 2 ay müddətinə uzadıldığını və müqavilənin müddətinin 01 sentyabrda bitdiyini, əmək müqaviləsinə müqavilənin vaxtının bitməsi ilə əlaqədar xitam verdiyini, iddiaçıya 18 iyun və 20 avqustda bildiriş təqdim etsədə, iddiaçının qəbul etmədiyini, Əmək Müfəttişliyinin onun barəsində tərtib etdiyi protokol ilə tanış olduğunu və şəxsin işə bərpa edilməsi üçün 25 gün vaxt verildiyini, vəzifəli şəxs olaraq Əmək Müfəttişliyi tərəfindən 1500 manat cərimə edildiyini bildirmişdir. Mülki iş materiallarında olan: - Babək Rayon Təhsil Şöbəsinin xx.xx.2011-ci il tarixli, 83 nömrəli əmri ilə İddiaçı 01 dekabr 2011-ci il tarixdən Babək rayon X11 Şahmat Məktəbinə müəllim təyin edilmiş; - Babək rayon X11 Şahmat Məktəbinin direktorunun 01 dekabr 2011-ci il tarixli, 75 saylı əmri ilə İddiaçı 01 dekabr 2011-ci il tarixdən Babək rayon X11 Şahmat Məktəbinə 1 stavka (12 saat) dərslə təmin olunmaqla məşqçi-müəllim vəzifəsinə təyin edilmiş; - Babək rayon UG Şahmat Məktəbinin direktorunun xx.xx.2025-ci il tarixli, 02 saylı əmri ilə Babək rayon UG Şahmat Məktəbinin İddiaçı da daxil olmaqla dərnək rəhbərləri ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətli müqavilə bağlanması qərara alınmış. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində İddiaçı xxxxxxx000303-Əmək müqaviləsinə dəyişiklik barədə çıxarışdan xx.xx.2024xx.xx.2025-ci il tarixə qədər Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanmış; - İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizəsində onunla bağlanılan əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmasını xahiş edilmiş və həmin tarixdə məktəbin direktoru Nümayəndə tərəfindən ərizə nəzərə alınaraq əmək müqaviləsi uzadılmış; - Cavabdeh direktorunun 01 sentyabr 2025-ci il tarixli, 35 saylı əmri ilə məktəbin məşqçi-müəllimi İddiaçı ilə bağlanan əmək müqaviləsinin vaxtı bitdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş; - Cavabdeh direktorunun 27 noyabr 2025-ci il tarixli, 17 saylı əmri ilə məktəbin məşqçimüəllimi İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixli, 35 saylı əmri ləğv edilmiş və İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa edilməklə onunla əmək müqaviləsi bağlanmışdır. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. Əmək Məcəlləsinin 11-ci maddəsinin (İşəgötürənin əsas hüquqları) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır) b bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 12-ci maddəsinin (İşəgötürənin əsas vəzifələri və məsuliyyəti) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:) c bəndinə əsasən işəgötürən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmağa haqlıdır. Əmək Məcəlləsinin 43-cü maddəsinin (Əmək müqaviləsinin məzmunu) 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 2-ci hissəsinin (Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:) d bəndinə əsasən əmək müqaviləsində əmək müqaviləsinin müddəti göstərilməlidir. Həmin Məcəllənin 45-ci maddəsi: 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin (Müddətli əmək müqaviləsi bağlanan hallar) “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir: 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı məşqçi-müəllim vəzifəsində işə başlamışdır. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli 35 saylı əmrdən aydın olur ki, Cavabdeh məşqçi-müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə ləğv edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Cavabdeh direktorunun xx.xx.2025-ci tarixli, 17 saylı əmri ilə X3 xx.xx.2025-ci il tarixli icrası vacib olan MN ******* nömrəli göstərişinin icrası məqsədilə məktəbin məşqçi-müəllimi İddiaçı işdən azad olunması haqqında xx.xx.2025-ci il tarixdə verilmiş 35 saylı əmr ləğv edilməsi və xx.xx.2025-ci lil tarixdən şəxsin işə bərpa edilməsi üçün onunla əmək müqaviləsinin bağlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarına götrə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi cavabdeh tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilməsinə dair 01 sentyabr 2025-ci il tarixli əmrin ləğv olunaraq işə bərpa edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində işçinin müddətli əmək müqaviləsinin sonu ilə işdən azad olunmasına dair 01 sentyabr 2025-ci il tarixli əmrin əmək qanunvericiliyinin tələblərinə zidd olduğu müəyyən edilmiş və işəgötürənə həmin əmrin ləğv edilməsi barədə icrası məcburi olan göstəriş verilmiş, eyni zamanda, əmək qanunvericiliyinin pozulmasına yol vermiş vəzifəli şəxs – məktəb direktoru Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq ediləcəyi, iddiaçının isə 27 noyabr 2025-ci il tarixindən əvvəlki vəzifəsinə bərpa olunması barədə müvafiq əmr verilmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının məhkəməyə müraciətinə əsas olmuş hüquqi akt – əmək müqaviləsinə xitam verilməsi barədə 01 sentyabr 2025-ci il tarixli, 35 saylı əmr ləğv edilmiş, iddiaçının pozulmuş əmək hüquqları tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, mülki məhkəmə icraatının məqsədi pozulmuş və ya mübahisəli hüquqların müdafiəsindən ibarətdir. Hazırkı iş üzrə isə iddiaçının iddia tələbinin predmeti olan hüquq pozuntusu aradan qaldırılmış, mübahisə predmeti mövcudluğunu itirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübut etmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb faktiki və hüquqi baxımdan artıq qüvvəsini itirmiş əmrin mövcudluğuna əsaslandığından, iddia predmeti olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən və iddiaçı işə bərpa olunduğundan, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar