Məhkəmə qərarları › İş №2(079)-735/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-735/2025

26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-735/2025 26.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “27” oktyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək X2 miras qalmış Babək rayon Zeynəddin kəndində yerləşən ümumi sahəsi 0.20 ha və ümumi sahəsi 0.23 ha olan torpaq sahələrindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Babək rayon Zeynəddin kəndində yerləşən ümumi sahəsi 0.20 ha və ümumi sahəsi 0.23 ha olan torpaq sahələri mülkiyyət hüququ ilə X4 məxsus olmuşdur. Əsgərova Gültəkin xx.xx.2012-ci il tarixdə Babək rayon Zeynəddin kəndində vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. X10 rayon Zeynəddin kəndində yerləşən ümumi sahəsi 0.20 ha və 0.23 ha olan torpaq sahələri miras olaraq qalmışdır. Qeyd edim ki, həmin mülkiyyətə mən sahiblik edirəm. Əsgərova Gültəkin həmin torpaq sahələrini 29 mart 2011-ci il tarixli vəsiyyətnamə ilə mənə vəsiyyət etmişdir. X11 məndən başqa vərəsəsi yoxdur. Babək rayon İcra Hakimiyyəti Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd olunur ki, X3 özündən başqa ailə üzvü yoxdur. Bununla bağlı Babək rayon Notariat Ofisinə ərizə ilə müraciət etdim. Müraciətimə cavab olaraq bildirilmişdir ki, müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram və həmin torpaq sahələrinə mənim adıma vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini istəyirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında X3 onun ögey nənəsi olduğunu, babası X8 ilk dəfə Xədicə Abbasova ilə ailə qurduğunu, nənəsinin 40 yaşında öldüyünü, anası Cəvahir Abbasovanın 2013-cü ildə vəfat etdiyini, babasının 1972-1973-ciü illərdə 60 yaşı olarkən X7 ilə ailə qurduğunu, Gültəkin Əsgərovanın dediyinə görə birinci dəfə Babək rayonu, Cəhri qəsəbə sakini ilə ailə qurduğunu, uşağı olmadığına görə ərinin onu evdən qovduğunu, babası ilə Gültəkinin rəsmi nikahda olmadığını, X3 tək qadın olduğunu, uşağının olmadığını, Babası Həmidin 1993-cü ildə vəfat etdiyini, babası öləndən sonra Gültəkinin tək qaldığını, həmin vaxtlar bir torpaq sahəsi üzərində ayrı evlərdə yaşadıqlarını, daha sonra Gültəkinin 1997-ci ildən onunla qalmağa başladığını və 10-12 il birlikdə yaşadıqlarını, sonra xəstələndiyindənm Babək Rayon Notariusunda onun adına vəsiyyətnamə yazdığını, notariusda Babək rayonu, Zeynəddin kənd bələdiyyəsindən bir şəxsin və Şahid2 adlı şəxsin şahidlik etdyini, notariusun Gültəkindən miras qalmış əmlakı öz iradəsi əsasında verməsini yaxud ona təzyiq edildiyini soruşduğu zaman Gültəkin Əsgərovanın “qoca adamam, bu gün sabah ölüb gedəcəyəm, mənə aid əmlakı verirəm, nəvəmindir, mənə o baxır” dediyini, 2012ci ildə Gültəkinin vəfat etdiyini, vəsiyyətnamənin istədiyi vaxt açıla biləcəyini düşündüyünü, 6 ay ərzində açılmalı olduğunu bilmədiyini, Gültəkin öləndən sonra vaxtı olanda gedib həll edəcəyini düşündüyü üçün vəsiyyətnamə üzrə əmlakı qəbul etmək üçün vaxtında müraciət etmədiyini, müraciət etdikdə isə 6 ay müddətin keçdiyini bildirdiklərini, bu səbəbdən məhkəməyə müraciət etdiyini, Gültəkindən Babək rayonu, Zeynəddin kəndində yerləşən torpaq sahələrinin miras qaldığını, birinin çöl torpağı olduğunu, miras qalmış torpaq sahəsində hazırda da yaşadığını, Gültəkin vəfat etdikdən sonra orada və hətta o, vəfat etməmişdən öncə də 1980-ci ildən orada yaşadığını, çöl torpağına da özünün nəzarət etdiyini, 2015-ci ilədək əkin işləri apardığını bildirirərək miras qalmış torpaq sahələrinin onun tərəfindən qəbulu faktının müəyyən olunmasını xahiş etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçinin babası ilə qonşu olduqlarını, Gültəkinin ərizəçinin babası Həmid kişinin ikinci arvadı olduğunu, Həmid kişinin yoldaşı vəfat etdikdən bir-iki il sonra Gültəkinlə ailə qurduğunu, Gültəkinin Həmiddən uşağı olmadığını, Frandilin Həmid və Gültəkinə baxdığını, Həmidin Frandilin ana babası olduğunu, Frandilin valideynləri vəfat etdikdən sonra da Gültəkinə ərizəçi Frandilin baxdığını, vəsiyyətnamənin nə zaman yazıldığını xatırlamadığını, həmin zaman yalnız şahid kimi iştirak etdiyini, Gültəkini Babək notariusuna özünün aparıb gətirdiyini, Gültəkinin yasına getsə də, onun nə zaman öldüyünü unutduğunu, onun ölümündən sonra və hazırda miras qalmışda əmlakda Frandil və onun ailəsinin yaşadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə həmkəndli olduqlarını, Şahid2 ona Gültəkinin vəsiyyətnamə verəcəyini və buna görə şahid lazım olduğunu dediyini, vəsiyyətnamə yazılan zaman orada şahid kimi iştirak etdiyini, həmin zaman ərizəçinin orada olmadığını, Babək notariusunda vəsiyyətnamənin yazıldığını, Gültəkinin Frandilin doğma nənəsi olmadığını, Frandilin babasının onu sonradan gətirdiyini, Gültəkinə Frandilin baxdığını, Gültəkinin kənddə başqa yaxını olmadığını, Gültəkinin Frandil və ailəsi ilə birlikdə Zeynəddin kəndinin mərkəzində yerləşən evdə birgə qaldıqlarını, Gültəkinin ölümündən sonra da Frandilin həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X2 Babək rayonu, Zeynəddin kəndində yerləşən ümumi sahəsi 0.20 ha və 0.23 ha torpaq sahələrinin miras qalması, mirasın X3 xx.xx.2012-ci ildə vəfat etməsi ilə açılması, miras qoyan X3 qanun üzrə vərəsələrinin olmaması və iş üzrə vəsiyyətnamənin mövcudluğu mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İİ-JQ seriyalı, 41963 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X17.Həmzə oğlunun xx.xx.1993-cü il tarixdə vəfat etməsi, bunun ölüm haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ seriyalı, 493062 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 xx.xx.2012-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınması; - NMR Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 51 nömrəli arayışdan Babək rayon Zeynəddin kənd sakini mərhum X7 barəsində Babək Rayon dövlət arxiv idarəsinin 17 yanvar 2025-ci il tarixli arayışa əsasən ailə üzvünün olmaması; - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah akt qeydləri kitabından çıxarışdan X9 ilə X7 arasında xx.xx.1951-ci il tarixdə nikah bağlanması və bunun nikah akt qeydləri kitabında 120 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş "25" dekabr 2025-ci il tarixli, 3-16-5/8-15- 1202/2025 nömrəli məktubdan X7 ilə X5 nikahından övladlarının olması barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar olunmaması; - JN-278, 10308038 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin təsdiq olunmuş surətindən Babək rayonu, Zeynəddin kəndində yerləşən kənd təsərüffatlı məhsullar istehsalı olan 0.23 ha torpaq sahəsinin X3 tam mülkiyyətində olması; -JN-092A, 10308038 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin təsdiq olunmuş surətindən Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.20 ha torpaq sahəsinin X3 tam mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisi xx.xx.2024-cü il tarixli, 285 nömrəli məktubla şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi X2 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən vəsiyyət edilmiş əmlakı faktiki olaraq qəbul edib-etməməsinin müəyyən edilməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələri və mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.( Mülki Məcəllənin 1167-ci maddəsi). Həmin məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.( MM-nin 1179.2-ci maddəsi) Mülki iş materiallarına əlavə olunmuş miras qoyan X7 tərəfindən xx.xx.2011-ci il tarixdə, saat 12:00-da verilmiş və Babək rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə göstərilmişdir ki, X1 rayonu, Zeynəddin kəndində yerləşən bütün torpaq sahələrini oğulluğu Ərizəçi vəsiyyət etmişdir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı məhkəmə bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Vəsiyyət üzrə vərəsə Ərizəçi miras açıldıqdan sonra qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul edib-etməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İş materiallarına əlavə edilmiş NMR Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 52 nömrəli arayışdan Ərizəçi Babək rayonu, Zeynəddin kəndində yaşaması, həmçinin şahid ifadələri əsasında faktiki olaraq şəxsin miras açıldıqdan sonra və hazırda orada yaşaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X3 xx.xx.2012-ci il tarixdə vəfat etdiyi, onun ölümündən əvvəl xx.xx.2011-ci il tarixdə Babək rayon Notariat kontorunda Ərizəçi adına 2V-22 reyestr nömrəli vəsiyyətnamə qoyduğu, onun ölümündən sonra vəsiyyətnamə üzrə miras qalmış əmlakdan vərəsəlik yolu ilə Ərizəçi mirası qəbul etdiyi və adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (yazılı sübutlar və şahid ifadələri) əsasında müəyyən olunmuşdur ki, X2 vəsiyyət üzrə vərəsəlik əsasında keçmiş miras əmlakın Ərizəçi tərəfindən mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində fasiləsiz olaraq miras əmlaka yiyələnib yaşamaqla faktiki sahiblik etmək üsulu ilə vəsiyyət edilmiş əmlakı qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.20 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi və 0.23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.20 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi və 0.23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar