Məhkəmə qərarları › İş №2(079)-737/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-737/2025

28.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-737/2025 28.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi X1 Abbas Nəbi oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d im: İddiaçı «27» oktyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X2 ona, arvadı X6, övladları X7, X8, X3 məxsus Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0,1598 ha torpaq sahəsində mövcud olmuş onlara məxsus cavabdeh tərəfindən qanunsuz sökülmüş tikililərin dəyərinin cavabdehdən alınaraq ona verilməsi, onun həyətimdə qanunsuz olaraq inşa etdirdiyi tikilinin öz hesabına sökülməsi və cavabdehin bütün ailə üzvləri ilə birlikdə həyətindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, iddia ərizəsində özünün şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlarını (FİN nömrəni və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini) qeyd etməmişdir. Həmçinin də, iddia ərizəsində tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. MPM-in 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. İddiaçının sübut kimi qeyd etdiyi və qəbul etdiyi sənədləri cavabdehə göndərir. MPM-in mahiyyətindən belə məlum olur ki, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, ərizəni icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (MPM-in 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Həmçinin məhkəmə iddiaçıya izah edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qarışdırılmamalıdır. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə əlavə edilmiş bütün sənədlərin cəmini özündə ehtiva etdiyi halda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı mülki icraatın həyata keçirilməsinin əsas prinsipi olan çəkişmə prinsipinin ilkin təzahürü və tələbidir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin nəticə hissəsində iddianın qiymətini göstərməmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, iddiaçı cavabdeh tərəfindən qanunsuz sökülmüş tikililərinin dəyərinin cavabdehdən alınaraq ona verilməsini istəsə də, iddia etdiyi məbləği ərizəsində göstərməmişdir. Bununla da iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilərkən iddia qiymətləndirilməmiş və müvafiq hissədə iddianın qiymətinə uyğun dövlət rüsumunun ödənilməsi təmin olunmamışdır. Halbuki, MPM-in 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. MPM-in: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə olan halda ərizə geri qaytarılmalı olduğundan İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda İddiaçı “ASAN ödəniş” sistemi vasitəsilə ilə 18 oktyabr 2025-ci il tarixli, **********60 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “ASAN ödəniş” sistemi vasitəsilə ilə 18 oktyabr 2025-ci il tarixli, **********60 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar