Məhkəmə qərarları › İş №2(079)-751/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-751/2025

24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-751/2025 24.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “06” noyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək 04 may 2010-cu ildə ölmüş anam X2 miras qalmış Babək rayon Yarımca kəndində 0.2401 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 196.86 kv.m olan fərdi yaşayış evinin mənim tərəfimdən faktiki qəbulu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, valideynlərim X13 və X8 el adəti ilə kəbin kəsdirərək evlənib nikahlarını rəsmi olaraq 1960-cı ildə qeydiyyatdan keçiriblər. Onların bu evliliyindən 6 uşaqları doğulub. X1 doğulandan 2 ay sonra ölüb. Digər qardaşım Maraqlı şəxs4 1988-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra kəndimizə qayıtmış, lakin təxminən 2 aya yaxın müddətdə burada yaşadıqdan sonra Ukrayna Respublikasının Doneçk vilayətinə qayıtmış orada ailə quraraq yaşayır. Lakin son illərdə həmin vilayətdə qızğın müharibələr getdiyindən yaşayış yerlərini dəyişməli olmuşlar. X5 1968-cı ildə ölmüşdür. Onun ölümündən sonra anam X25 rayon Yarımca kəndində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və öldüyü 2010-cu ilə kimi orada yaşamışdır. Digər bacı və qardaşlarım ailə quraraq həmin evdən getmişlər. Mən isə ailə quraraq anamla birlikdə həm anamın sağlığında, həm də öləndən sonra orada yaşayıram. Fərdi yaşayış evinə aid sığorta pullarını mən ödəmişəm, evimizin qaz müqaviləsi mənim adıma bağlanılıb. Ödənişlər mənim tərəfimdən icra olunur. Yarımca kənd İcra Nümayəndəsinin arayışı ilə anamın vəfatından sonra mənim həmin əmlakda yaşamağım, kommunal xərclər ödəməyim öz təsdiqini tapır. Bacım və qardaşlarım da mənim anamdan qalan mirasın faktiki olaraq qəbul etdiyimi təsdiq edərlər. Mirasın faktiki olaraq mənim tərəfimdən qəbul edildiyindən adıma qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Babək rayon Notariat Ofisinə göndərdiyim ərizəyə vərəsəliyin açılmasından imtina edilməsi barədə cavab verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında atası X6 1968-ci ildə vəfat etdiyini, valideynlərinin birgə nikahından özü, qardaşları Firudin, Fəxrəddin, Nurəddin, Novruz və bacısı Küsünün dünyaya gəldiyini, qardaşı Firudunun 2 aylıq ikən vəfat etdiyini, digər qardaşı Novruzun isə Ukrayna Respublikasında yaşadığını, anasının isə 2016-cı ildə vəfat etdiyini, anasından 2401 m2 torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, anasının Babək rayonu, Yarımca kəndində onunla birlikdə yaşayıb və orada vəfat etdiyini, onun ölümündən sonra miras qalmış əmlakda özünün ailə üzvləri ilə birlikdə yaşadığını, anası vəfat etməmişdən öncə bacı və qardaşlarının həmin evdən çıxdığını, anası vəfat etdikdən sonra onlardan heç birinin miras qalmış evdə daimi və ya müvəqqəti qalmadığını, yas mərasimində iştirak etdikdən sonra onlarının öz evlərinə getdiyini, Babək rayonu, Yarımca kəndində yerləşən anasından miras qalmış torpaq sahəsinin onun tərəfindən qəbulu faktının müəyyən olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasında verdiyi izahatında anasından miras qalmış torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qardaşı Nəsrəddin tərəfindən qəbul edilməsinə heç bir etirazı olmadığını, hazırda həmin evdə qardaşı Nəsrəddinin yaşadığını, anası vəfat etdikdən sonra da Nəsrəddinin həmin evdə yaşadığını, özünün həmin evdə qalmadığını, qardaşı Novruzun yas mərasiminə gəldiyini və yas mərasimi bitdikdən sonra onun çıxıb getdiyini bildirmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında anasından miras qalmış torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qardaşı Nəsrəddinə hədiyyə etdiyini, miras qalmış evdə qardaşı Nəsrəddinin yaşadığını, ərizəyə etirazı olmadığını bildirmişdir. Maraqlı şəxs3 məhkəmə iclasında verdiyi izahatında qardaş və bacılarının dediklərini təsdiq etdiyini, hazırda miras əmlakda qardaşı Nəsrəddinin yaşadığını, həmçinin onunla qonşu olduğunu, anası vəfat etdikdən sonra həmin evdə ərizəçinin öz ailəsi ilə birlikdə yaşadığını, ərizəyə etirazı olmadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X2 Babək rayonu, Yarımca kəndində 0.2401 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 196.86 m2 olan fərdi yaşayış evinin miras qalması, mirasın X3 xx.xx.2010-cu ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Ərizəçi və Maraqlı şəxs4 daxil olması, birinci növbə vərəsələrdən X9 xx.xx.1957-ci il tarixdə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - xx.xx.1960-cı il tarixli, İ-İE seriyalı, 241197 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X13 ilə X8 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanması, bunun nikah akt qeydləri kitabında 12 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İİ-İE seriyalı, 204703 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X7 xx.xx.1968-ci ildə vəfat etməsi, bunun ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınması; - Babək Rayon Yarımca kənd İƏDN tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 332795 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 xx.xx.2010-cu il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/112457-25 nömrəli arayışdan xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 birinci növbə vərəsələrinə X13, Maraqlı şəxs1, Maraqlı şəxs2, X15, Maraqlı şəxs3, Ərizəçi və Maraqlı şəxs4 daxil olması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 234529 nömrəli çıxarışdan atası X16, anası Məmmədova (Azadova) Balabəyim Pəncəli qızı olan Maraqlı şəxs1 xx.xx.1949-cu il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeydə alınması; - Naxçıvan rayon Şəkərabad kənd Soveti tərəfindən verilmiş xx.xx.1954-cü il tarixli, İJ seriyalı, 173814 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X10, anası X8 olan Maraqlı şəxs2 xx.xx.1954-cü il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İJ seriyalı, 424251 nömrəli çıxarışdan atası X14, anası X8 olan X9 xx.xx.1957-ci il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 675616 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X9 xx.xx.1957-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 221 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İ-İE seriyalı, 734643 nömrəli çıxarışdan anası X8 olan Maraqlı şəxs3 xx.xx.1960-cı il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeydə alınması; - Naxçıvan rayon Yarımca kənd soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli, AZ seriyalı, 495318 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X10, anası Məmmədova (Azadova) Balabəyim Pəncəli qızı olan Ərizəçi Tahar oğlunun xx.xx.1963-cü il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeydə alınması; - Ukrayna vətəndaşının pasportunun təsdiqlənmiş surətindən Maraqlı şəxs4 Naxçıvan rayonu, Yarımca kəndində xx.xx.1968-ci il tarixdə anadan olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Yarımca kəndində 0.2401 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 196.86 kv.m olan fərdi yaşayış evinin X3 tam mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin 24 oktyabr 2025-ci il tarixli, 280/2025 nömrəli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarla şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon Bəbək bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 103 nömrəli arayışa əsasən X23 mərhum əri X4 ölümündən sonra ona məxsus Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən yaşayış evinin bütün vergi və digər xərclərini ödəyib və evi mütəmadi istifadə edib. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 605 nömrəli arayışdan aydın olur ki, Ərizəçi Babək rayonu, Yarımca kəndində qeydiyyatdadır və yaşayır. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 624 nömrəli arayışdan aydın olur ki, Ərizəçi mərhum anası X8 2010-cu ildə vəfat etdiyi zaman ailəsi ilə birlikdə ona məxsus əmlakda yaşayıb, hal-hazırda orada yaşayır və kommunal xərclərini özü ödəmişdir. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi. Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, xx.xx.2017-ci ildə Ərizəçi ilə qaz alqısatqısı müqaviləsi bağlanmış, həmin ildən ödənişlər Ərizəçi tərəfindən ödənilmişdir. Daşınmaz Əmlakın İcbari Sığortası haqqında BA seriyalı, 017277, 163118 və 014140 nömrəli şəhadətnamələrdən müəyyən olunur ki, Babək rayonu, Yarımca kəndində yerləşən daşınmaz əmlakın 15.000 manat məbləğində 2012-2013, 2017-2018 və 2020-2021-ci illərdə sığortalı Ərizəçi Tahar oğlu tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş və RTN Tərcümə xidmətləri mərkəzi tərəfindən tərcüməsinin düzgünlüyü təsdiq edilmiş 28 noyabr 2025-ci il tarixli ərizədə Maraqlı şəxs4 xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası - X3 vəfatından sonra miras payından könüllü olaraq imtina etdiyini, imtinanı şüurlu, könüllü, heç bir məcburiyyət və təzyiq olmadan verdiyini müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (yazılı sübutlar və izahatlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X2 miras qalan əmlakı miras qoyanın ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 0.2401 ha torpaq sahəsi və üzərində yerləşən 196.86 m2 fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 0.2401 ha torpaq sahəsi və üzərində yerləşən 196.86 m2 fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar