Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-78/2024 30.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddiaçının verdiyi vəsatətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin icraatına “27” dekabr 2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin etibarsızlığı tələbinə dair mülki iş daxil olmuşdu. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, mənimlə Cavabdeh1 arasında 10 oktyabr 2006-cı il tarixli bağışlama müqaviləsi imzalamışdı. Həmin müqaviləyə əsasən mən Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən, mənə məxsus 2 saylı hamamı (Naxçıvan MR Dövlət Əmlak Komitəsi, 24-Xİİ-1997-Cİ il, reyestr kitabı 4/30 və qeydiyyat nömrəsi 715 olan) Cavabdeh1 guya bəxşiş kimi əvəzsiz olaraq vermişəm. Əslində isə bu əqd görünüş üçün bağlanılmış müqavilə olmaqla yanaşı, tərəflərin iradə ifadəsini özündə əks etdirməyib. Çünki yuxarıda qeyd etdiyim hamam mənim xüsusi mülkiyyətimdə olub və mən həmin hamamı əslində satmaq istəməmişəm. Lakin cavabdehin qardaşı Cavabdeh2 məni aldadaraq əmin etdi ki, bu hamamı Məhərrəm Talıbov istəyir və onu bəxşiş kimi keçirərsən qardaşım Tofiqin adına və Məhərrəm də sənə ölkəyə un idxalı üçün şərait yaradacaq və mən də yaxşı pul qazanacağam. X2 bu obyekti ilk öncə məndən istəmişdi və mən ona razılıq verməmişdim. Çünki həmin vaxt hamama az pul təklif etmişdi və mən də ona bildirmişdim ki, ora xərcim çox çıxıb və mümkünsə real bazar qiymətinə uyğun razılaşaq. X3 özü gəldi, hamama baxdı və etiraf etdi ki, bura xərcim çox çıxıb və dedi ki, heç mən də istəmərəm ki, bu qiymətə hamamı səndən alım. Daha sonra isə cavabdehin qardaşı Natiq gəldi və mənə dedi ki, “sən belə düz etmirsən və hamamı qardaşımın adına keçir. Məhərrəm balaca adam deyil, sənə şərait yaradaq ki, yaxşı biznes qurasan, hamamı təmir edib sənə də (mənə) 3 dənə dükan verəcəyik və həm də niyə görə Məhərrəmlə problem yaşayasan” və sair və ilaxır. Mən Natiqin bu məsələdə işə qarışmasından narahat oldum əslində və fikirləşdim ki, etiraz etsəm obyektimi əlimdən alarlar və hər şeydən məhrum olaram. Əslində mən Məhərrəm Talıbovu pis adam kimi tanımıram. Bəlkə də onun bu məsələlərdən xəbəri belə yoxdur. Amma Natiqin hərəkətləri və dedikləri mənə öz əmlakımı tələb etməyə imkan vermədi. Bu yazdıqlarını həqiqətdir və bu günə kimi də öz əmlakımı hədə təhdidi ilə üzləşəcəyimlə bağlı tələb edə bilməmişəm. Amma indi məhkəməyə müraciət etməklə öz əmlakımı geri qaytara biləcəyimlə bağlı ümidlərim var. Əslində mənim əmlakımı hədə və təhdid yolu ilə əlimdən alan insanlar məsuliyyətə cəlb edilərək cəzalanmalıdırlar. Çünki mən bu adamların qanunsuz hərəkətləri nəticəsində nəinki, öz əmlakımdan məhrum olmuşam, eləcə də xəyallarım, gələcəyimə olan inamımı belə itirmişəm. Ailəm və mən olmazın çətinliklərlə üzləşmişik. Bu haqsızlığın qarşısını almaq iqtidarında olmamağım isə məmə ayrıca bir dərd olub. Amma eyni zamanda onu da bilirəm ki, məhkəmələr hər bir vətəndaşın pozulmuş hüquqlarını bərpa etmək üçün cənab prezidentimizin ölkəmizdə aparılan hüquqi islahatlarının qarantıdır. Çünki ulu öndər Heydər Əliyevin sözü ilə desək, "Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Bu iddia ərizəsini yazmaqda ən böyük məqsədim heç də təkcə mənə dəyən zərərin qaytarılmaması deyil, eyni zamanda ölkəmizdə belə halların olmasından bir daha utanc hissi keçirməməyim, belə hallarla üzləşdikdə qanunlarımızı heçə sayan, mənim kimi yüzlərlə vətəndaşın haqqını tapdalayan, dövlətimizi və prezidentimizi xalqın gözündən salmağa çalışan məmurların, vəzifəli şəxslərin, dələduzların qanunsuz hərəkətlərinə son qoymaqdır. Hesab edirəm ki, bu əqd görünüş üçün, hədə, qorxu, aldatmaq və təzyiq altında bağlandığı üçün etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilə üzrə mənə hər-hansı pul da verilməyib. Həmçinin cavabdeh mənim yaxın qohumum belə sayılmır. Niyə bağışlanma müqaviləsi olmalı idi? Adətən bağışlama müqaviləsi yaxın qohumlar arasında olur. Yəni, qardaş, bacı, oğul, qız, nənə, baba , ata və ana arasında. Bu əqddən isə görünür ki, tərəflər arasında yaxın qohumluq əlaqələri yoxdur. Bu baxımdan hesab edirəm ki, bu əqd hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər qrupuna aiddir. Mülki iş məhkəmənin icraatına daxil olduqdan sonra iş üzrə məhkəmə hazırıq iclası təyin edilmiş və iddia ərizəsinin məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun olmadığından bununla bağlı iddiaçıya göndərilmiş 27 dekabr 2023-cü il tarixli, 2(079)-691/2023 nömrəli məhkəmə bildirişində ona bunun aradan qaldırılması təklif edilmişdi. Mülki iş üzrə 30 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə müraciət edərək, səhhətində problem olduğundan Babək Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(079)-691/2023 nömrəli məhkəmə bildirişində qeyd edilən çatışmamazlıqları aradan qaldırıla bilmədiyini, səhhətində olan problemlər hazırda davam etdiyindən çatışmamazlıqların aradan qaldırılması üçün müəyyən vaxt aparacağını, buna görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş edərək, bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdi. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində İddiaçı iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinin mahiyyətinə görə tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Buna görə də İddiaçı iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 16 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia qaldırarkən İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 16 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə (və ya onların nümayəndələrinə) rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-78/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-78/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver